Bir dəli həsrətdir yaşadan məni - Şeirlər

Tarix:6-04-2018, 17:31 Baxış Sayı:443

Bir dəli həsrətdir yaşadan məni - Şeirlər
Aləm Kəngərli imzası 80-ci illərin oxucusuna yaxşı tanışdır. Mütəmadi olaraq şeirləri, hekayələri, esseləri, oçerkləri ilə qəzet və jurnallarda dərc olunardı. Uzun müddət bu imza nəzərə çarpmadı.Tanınmış yazıçı son vaxtlar bir-birindən maraqlı hekayələri ilə yenidən oxucularının görüşünə gəlib.Manera.az Aləm Kəngərlinin bu dəfə şeirlərini oxuculara təqdim edir:

***
Dar günün ömrü az olar,
Darıxma, yarım, darıxma.
Qış ömrün dönüb yaz olar,
Darıxma, yarım, darıxma.

Xatirələr xoşqılıqdır,
Gah soyuqdur, gah ilıqdır.
Səni sıxan ayrılıqdır,
Darıxma, yarım, darıxma.

Fikir səni qəmə bələr,
Kirpiklərin yağış ələr.
Köməyinə yavrum gələr…
Darıxma, yarım, darıxma.

Canına qor dolsa belə,
Ümidlərin solsa belə,
Yaşamaq zor olsa belə,
Darıxma, yarım, darıxma.

Soruşsalar, qürur ilə
De hardayam, gülə-gülə.
Üzülsən də gilə-gilə,
Darıxma, yarım, darıxma.

Vətən darda-mən əsgərəm!
Xalqım gülsə, mən gülərəm.
Şəhid olsam, tez gələrəm,
Darıxma, yarım, darıxma!

Sən bu şeirləri kimə yazırsan?

Artıq məndə taqət, dözüm qalmayıb,
Ürəyim kül olub, közüm qalmayıb.
Deyiləsi yeni sözüm qalmayıb,
Sən bu şeirləri kimə yazırsan?

O, məndən şirinmi, məndən gözəlmi,
Məndən vəfalımı, məndən əzəlmi,
Məndən mehribanmı, məndən özəlmi,
Sən bu şeirləri kimə yazırsan?

Mən necə gizlədim, mən necə danım,
Sən keçən yollardır mənim ünvanım.
Sirrini açsana, ay gözəl xanım,
Sən bu şeirləri kimə yazırsan?

Yazırsan, çəkisi, boyu bilinmir,
Milləti bilinmir, soyu bilinmir,
Nə vaxt olmalıdı toyu, bilinmir,
Sən bu şeirləri kimə yazırsan?

Saçları, gözləri, qaşı necədir,
Ağıllı, mədəni, naşı, necədir,
Varmı bir iş-gücü, yaşı neçədir,
Sən bu şeirləri kimə yazırsan?

Ağırmı, yüngülmü aparır özün,
Mənim tək sadiqmi, tuturmu sözün,
Cavab ver, qalmayıb canımda dözüm,
Sən bu şeirləri kimə yazırsan?

Təvəllüdün, günün, ayın gizləyib,
Oxunu atırsan, yayın gizləyib.
Səni sevənlərin sayın gizləyib,
Sən bu şeirləri kimə yazırsan?

Nə vaxtsa incidib, döz demişəmmi,
Sənə güldən ağır söz demişəmmi,
Məndən ümidini üz demişəmmi,
Sən bu şeirləri kimə yazırsan?

Bilirəm,dalınca sürünən çoxdur,
Dil tökən,yüzcildə bürünən çoxdur.
Ancaq mənim qədər sevənin yoxdur,
Sən bu şeirləri kimə yazırsan?

Bəlkə elə mənəm, nişan versənə,
Xoşbəxtlik, səadət gətirim sənə.
Qoyma, sevirsənsə, ürəyim sönə,
Sən bu şeirləri kimə yazırsan?
Söylə, söylə mənə, kimə yazırsan?!

Neynim

Səni sevdim, alın yazım,
Ürəyim köz oldu, neynim.
Həzin nəğməm, xoş avazım
Bölünüb söz oldu, neynim.

Yorulmadım izləməkdən,
Usanmadım özləməkdən,
Gecə-gündüz gözləməkdən
Ümidlərim soldu, neynim...

Keçmir gecəm, gəlmir səhər,
Günüm-qara, aşım-zəhər.
Ayrı düşdük, qüssə, qəhər
Gözlərimə doldu, neynim.

Dedi-qodu üzdü bizi,
Dərd sındırdı dizimizi,
Tikan tutub izimizi,
Bu da belə yoldu, neynim.

Könül verdim, aranmadım,
Oxşanmadım, daranmadım,
Sevinməkçün yaranmadım,
Məndə kədər boldu, neynim.

Bu payız

Ürəyimə xal salıbdır neçə göz,
Bəzən baldan şirin gəlib mənə söz,
Çox demişəm: ürək, səbr et, ürək, döz,
Mən o qızı tapmalıyam bu payız.

Girməliyəm artıq sevgi gölünə,
Axı anam həsrət qalıb gəlinə.
Dəyməlidir başım bir bəy əlinə,
Mən o qızı tapmalıyam bu payız.

Niyə gərək könlüm oda salına,
Qızlar baxa rahatlığım alına?
Vay, sevgili tapmayanın halına,
Mən o qızı tapmalıyam bu payız.

Dözməliyəm çətinə də, dara da,
Yetməliyəm qəlb dolusu nura da.
Yaşıdlarım çoxdan çatıb murada,
Mən o qızı tapmalıyam bu payız.

Qara saçım ağ izlərə bürünür,
Qəlbim boyu min bir fikir sürünür.
Cavanlığın son zirvəsi görünür,
Mən o qızı tapmalıyam bu payız.

Qızlar məni dilə-dişə salıbdır,
Söz-söhbətlər düz-dünyanı alıbdır.
Ümid kəndin toylarına qalıbdır,
Mən o qızı tapmalıyam bu payız.

Öldür məni

Ətrafına çox dolandım,
Gecə-gündüz səni andım.
Baxışından alovlandım,
Bas bağrına, söndür məni!

Eşqə çapan bir at verdin,
Ümid verdin, həyat verdin,
Qollarıma qanad verdin,-
Ulduzlardan endir məni!

Könlüm sevib, lal qalmayıb,
Ürəyimdə xal qalmayıb.
Vallah daha hal qalmayıb,
İstəyirsən, öldür məni!

Hər sıxıntın qəmim olub,
Nə dərdin var, mənim olub.
Bu eşq çoxdan qənim olub,
Qovur neçə ildir məni.

İnsanlara qarışmaram,
Sənsizliyə alışmaram.
Taleyimlə barışmaram,
Məcnun sanan kimdir məni?..

Qarabağlar

Dağlarının zirvələri göy dəlir,
Buz bulaqlar dil-dodağı göynədir.
Dur, seyrə gəl, büllur göllər gör nədir,
Kim bu yurddan ilham almaz, güc almaz?!

Minarələr bütün yolu izləyir,
Govurqala yenə yürüş gözləyir.
Tunc bəzəklər öz yaşını gizləyir,
Duyğusuz kəs bu torpaqda ucalmaz.

Asnı çayı kəməridir belində,
Pələngqaya qılıncıdır əlində.
Qalacıqsa bir dastandır dilində,
Qonaq gəlsə varın verər-bac almaz.

Qayalar var, tarix dolu sinədir,
Qaya da var, üstü çiçək, nanədir.
Qoynu cənnət, şeiriyyətmi, ya nədir?
Görən deyir, burda qalan qocalmaz!

Ayrılıq

Vətən qan içində, millət kölədir,
Yuxuya həsrətdir hər qaya, hər daş,
Düşmənin qurduğu qurğu belədir,
İncimə Arazdan, incimə, qardaş.

Qırıldıq halayla, qırıldıq tək-tək,
Hələ seçəmmirik ağı qaradan.
Gəlmişdik qul kimi, gedirik qul tək,
Necə bağışlasın bizi Yaradan?!

Boğduq səsimizi, heyrətimizi,
Vətən paralandı, ömür talandı.
Gərək alçaltmayaq qeyrətimizi,
Biz gəldi-gedərik, tarix qalandı.

Tək qalan odunla alışmaz ocaq,
Yağışda güc olmaz dönməsə selə.
Möhtəşəm ordular basılar, ancaq
Fələk də batammaz bir olan elə.

Əzilsən, güc yığıb yenidən yaran,
Havayı verilmir sevinc bir kəsə.
İnsan zəhmət çəkir, əlləşir hər an,
Görürsən yenə də çatışmır nəsə.

Kimin əlindədir ixtiyarımız?!
İnsan əsarətə qatlaşa bilməz.
Bir ikən əlçatmaz olub yarımız,
Millət parçalanar-yadlaşa bilməz!

Gəzmə qərib kimi, fikrini bildir,
Öz doğma elində yalqızlığına.
Susmaq cinayətdir, günah deyildir,
Əyilmə zamanın haqsızlığına!!

Haqqımız alınıb əllərimizdən,
Dünya bazarında hələ ki düz yox.
Əsir sərt küləklər ellərimizdən,
Dərdimiz sonsuzdur, ölməyə üz yox.

Bir dəli həsrətdir yaşadan məni,
Təsəllim ümiddir ağır günümdə.
Məzarım od tutub alışacaqdır,
Vətən birləşməsə axır günümdə.

Qırın, parçalayn bəd tilsimləri,
Haraay, bu millətə yurda qıymayın!
Keçin ürəyimdən, sərhəd simləri,
Həsrətli gözləri yolda qoymayın!
1989Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ