Əbülfət MƏDƏTOĞLU: ZAMAN YÜKÜ

Tarix:6-04-2018, 17:05 Baxış Sayı:253

Əbülfət MƏDƏTOĞLU: ZAMAN YÜKÜ


Hər zamanın öz yükü var. Bu yük zamanın boynunda olmur... ovcunda olmur.. Heç onun harda yerləşdiyini, harda əyləşdiyini də bilmək mümkün deyil. Bircə o bəllidir ki, zaman öz yükünü bizlərə yükləyir. Və biz də bu zamanın içərisində olduğumuzdan o yükü daşıyıb aparmaq zorundayıq nəfəsimiz çatan yerə qədər... O yerin özündə də zaman var... O zamanın da yükü başqa bir məsafəyə qədərdir. Onu hər adam daşıya bilmir, yəni hər bəndəyə nəsib olmur. Və beləcə, biz çiynimizdəki zaman yükünün altında yaşlaşırıq, qocalırıq, əriyirik. Deyə bilərsiniz ki, hamı yaşlaşmır axı, hamı qocalmır axı. Razıyam, amma bir şərtlə. Kim harda ömrünü tamamlayırsa, elə onun yaşı ora qədərdir. Deməli, o artıq qocalıb, o artıq yaşlaşıb. Və bir də ki, qocalığın özü, yaşlaşmağın özü biz insanların durumumuza verdiyi adın ifadəsidi. Yəni əslində qocalmaq, yaşlaşmaq bir söz olaraq bizim əynimizdə illəri görüntüləyir. Ona görə də siz razı olsanız da, olmasanız da, hər ötən yaşla o yaş sahibinin yaşlaşdığına, qocaldığına daha çox inanıram. Və inandığım çox şeylərdən biri kimi bu məqamın özündə də müəyyən ştrixlər axtarmağa, müəyyən impulslar tapmağa çalışıram. Elə bilirəm ki, o duyumlar mənim həm də dünyayla anlaşmama bir körpüdü, bir vasitədi. Ona görə də üzümü zamanın sahibinə tuturam və deyirəm:




Hələ də bağlı tutmusan

Açmırsan sirli qapını...

Sirlə birgə unutmusan -

Bu tozlu, kirli qapını...




İçimdən külək də əsib

Könlümü xışlayıb, əzib...

Ruhumun damarın kəsib -

Suvardım sirli qapını...




Hər yerə havam tək getdin

Axır ki, arzuna yetdin...

Sən mənə and yeri etdin -

Ocaqlı, pirli qapını!..



Bəli, bax, o dediyim zaman bu qənaəti, bu inancı formalaşdırıb məndə. Və mən bütünlüklə əmin olmuşam ki, hətta artıq bütünlüklə güvənirəm ki, bu dünyanın sənə olan hər nöqtəsi pirdi, ocaqdı... bu dünyanın hər bir qarışına toxunduğun yer yenə müqəddəsdi, yenə əzizdi. Və mən bu müqəddəsliyin içərisində tapdığım ümidi, inamı sənə borcluyam, səni yaradana borcluyam...

İndi həyatın kirkirəsi zaman yükünü əritməkdə biz insanlara müəyyən mənada köməkdi, dəstəkdi. Təbii ki, o kirkirənin sapından tutmağı bacarana, onu işlətməyi bilənə bu məsələ bir az asan gəlir. Onun əzabı da sevinci də, dözümü, etirazı da bir az fərqli olur. Bir anlıq gözünüzün önünə gətirin, naşı bir adam ilk dəfə gördüyü kirkirənin sapından yapışıb onu bütün gücüylə, özü də ikiəlli fırlatmağa çalışır. Dərhal da yorulur, təngnəfəs olur. Amma onun dilini bilən yaşlı bir qadın elə astaca fırladır ki, o kirkirəni. Özündəki dən üyünüb qovuda çevrilir. İndi ağzının dadını bilənlərdən soruşun, görün qovud barəsində sizə nələr deyəcəklər. Onda biləcəksiniz kirkirəni işlətməyin nə demək olduğunu. Və onda biləcəksiniz ki, kənd yerlərində o kirkirəni asta-asta işlədən nənələrimiz, analarımız qollarının gücüylə ömürlərini də, həyatlarını da üyüdürlərmiş şirinliyini qovuda qatmaq üçün.

Hər bir halda, hər bir yerdə sözün təsir gücü var. Üstəlik, sözün o təsir gücü təkcə sahibinin yox, onu dinləyənin də düşüncəsinə, məntiqinə və bir də içində olduğu zamana uyğun gəlməlidi. Belə olan halda söz havada qalmır. Çox təəssüf ki, zaman yükü bəzən boynumuzun ardından üzü aşağı elə basır ki, deyəcəyimiz söz də şikəst olur, ağrılara bələnir. Bax, belə bir zamanda mənim də ağlımdan gəlib keçir ki:




Mən çırpıb tökürəm fikir yükümü

Kağız üzərinə, qələm üstünə...

Hər gün də gedirəm gözüyümülü -

Fərqinə varmadan ələm üstünə!..




Qapını üzümə bağlayıb mənim

Ürəyim kökündən laxlayıb mənim...

Əlimi havada saxlayıb mənim -

Daş qoyur o mənim şələmin üstə...




İçimdə qarıyır vüsala xiffət

Azalır, sozalır, tükənir ülfət...

Nə də adam kimi ölmür Əbülfət -

Yığışıb dost kimi gələm üstünə...




Bəli, indi özünüz fikirləşin. Bu dünyanın hər üzünə bələd olub və sonra qara daşının göyərmədiyini bəyan edən böyük söz xiridarının söylədiyi kimi, zaman yükünü daşımağı boynuna çəkmiş bizləri nə vaxtsa bütün arzularımızla qol-boyun olacağımıza, yəni göyərəcəyimizə inanmaq, güvənmək olarmı? Məncə yox! Çünki bizim arzularımızın, istəklərimizin hüdudu yoxdu. Amma Yer kürəsi hüdudludu. Bütün insanların hüdudsuz arzularını, istəklərini hüdudlu Yer kürəsinə necə sığışdırmaq olar?! Təbii ki, bu bir az iddialı, bir az da sərsəm sualdı. Neyləyim, içimdən gəlib keçdi, deməyə bilmədim. Necə deyərlər, susmamaq haqqımdan istifadə etdim. Axı mən də bu zamanın hər üzünü yavaş-yavaş tanımağa başlamışam. Düzdür, bu tanışlıq deyəsən gecikib, daha doğrusu, qatar kimi ötüb keçib məndən. Amma heç tanınmamaqdan az tanınmaq da fərqlənir. Özü də müsbət mənada. Ümumiyyətlə, isə zamanın bütün üzlərini, cizgilərini tanımaq özü böyük bir elmdi. O elmin sahibləri də bu missiyanı Tanrıdan alanlardı. Yəni demək istəyirəm ki, müqəddəslərlə özümü bir cərgədə görmək istəyim heç iynə ucu boyda da deyil. Sadəcə, az-çox oxuduqlarımdan çıxardığım nəticə budur ki, bu dünyayla baş-başa gəlmək kölgə ilə vuruşmaqdı!..

Doğrudan da mən hər bir anla, hər bir günlə özümdə belə bir yəqinlik hasil edirəm ki, insanın şəxsi həyatı, şəxsi yaşamı özü bir kitabdı. Və o kitabın müəllifi də hər kəsin özüdü. Və hər kəs də öz kitabını özü yazdığından orda kənar izləri, kənar sözləri görməyə o qədər də maraq göstərmir. Bax, elə mənim bu məntiqimlə razılaşsanız, onda bir az nəşə gətirəcək, əhvalı xoş ovqata kökləyəcək misraları pıçıldayaram. Bax, belə:




Dan yeri ləng sökülür

Mən necə görüm səni...

Günəş yatanda Ay ol -

Mən gecə görüm səni...




Ürək seçmiş sərvətə

Bir ümid qat, şərbətə...

Bu sevgidə hər vədə -

Heç-heçə görüm səni...




Tanrımsan, həm pirimsən

Əbədi dipdirimsən...

Birsən, birsən, birimsən -

De, neçə görüm səni!..



Doğrudan da lap dərindən, necə deyərlər, yerin yeddinci qatından əl uzadıb fikir götürüb çözəndə belə adam öz içini başqalarından daha yaxşı görür, öz ürəyini digərlərindən daha çox vərəqləyir, səhifələyir. Və bu gerçək olan həqiqətin hər bir anı reallığın özü olmaqla yanaşı, həm də o əvvəldən dediyim zaman yükünün ağırlığı altında necə qıvrıldığını, necə bir-birinə pərçim olduğunu yaşayıb susmaq zorunda qalırsan. Yəni bir az da sadə formada ifadə etsəm. Daxilindəki dünyayla səni əhatə edən dünyanın bir-birinə tərs münasibəti bütün vurma, çıxma, toplama əməliyyatlarına baxmayaraq, yenə sənin uduzmağınla, sənin iç dünyanın məğlubiyyətiylə başa çatır. Bunun da səbəbi əvvəldə dediyim kimi arzuların, istəklərin hüdudsuz, Yer kürəsinin isə hüdudlu olmasıdı.

Hara gedirəmsə, sonunda divar görürəm... hara üz tuturamsa, sonunda sərhəd var. Bax, bu dediklərimin hüdudsuzuluğu, sərhədsizliyi yalnız iç dünyamda gerçəklikdi. İnsan isə bir varlıq olaraq əzəldən hüdudsuzluğa meyl göstərib. Hətta böyük Səməd Vurğun özünün məşhur "Vaqif" dramında da Vaqifin diliylə deyib ki: "Əzəldən hüdudu yoxdu kamalın!" Zənnimcə, elə o hüdudsuzluqdu bizləri yaşadan, bizləri yaşamağa həvəsləndirən, inandıran. Təbii ki, inamsız, həvəzsiz yaşamaq sadəcə mövcud olmaqdı. Yaşamaq tamam fərqli bir şeydi. Onun parametrlərini hər kəs özü cızır, özü çəkir. Mənim yaşadığım dünyanın layihəsi də, karandaşı da, fırçası da bir əldədi. O əl də sahibinin ixtiyarında. Hə, nə demək istədiyimi yəqin ki, anladınız. Ona görə də bu əlin sahibindən başqa kimsənin iç dünyama üz tutması mümkünsüzdü. Və mən də məhz bu yanaşmayla demək istəyirəm:




O qədər dərddən danışdım

Dərd hopdu canıma, Allah...

Mən bir günahkar aşiqəm

Göndərmə yanıma, Allah

heç kimi!




Hər kəsə uzağam, yadam

Tüstüsü boğulan odam...

Dirəyi əyilmiş odam -

Cəlb etmir şanıma, Allah

heç kimi!




Ürəyim qurd tək ulasın

Gözüm üzümü sulasın

Qoyma, əlinə bulansın

Qaşığı qanıma, Allah

heç kimi!




Deyəcəm düşüb tinimə

Ömür yaraşmır sinimə

Mənim eşq adlı dinimə

Öyrədib qınama, Allah

heç kimi!




Hər görüntü ülfət deyil

Hər çəkilən xiffət deyil

Heç kəs də Əbülfət deyil

Tay bir də sınama, Allah

heç kimi!




Hə, demək içərisində olub yükünü daşıdığım zamanın mənim həyatımdakı yeri, izi elə heç kim olmağımdı. Yəni mənim heç kimliyim Allahın da, elə Sənin də necə deyərlər, umrunda deyil. Əgər olsaydı, bu qədər daxili sıxıntıların içərisində sozala-sozala qaralmağa üz tutan bir ömrün sonunu kənardan seyr etməzdin.

Mən yazımın əvvəlində bu zaman yükünün müəyyən işartılarından söz açmağa çalışdım. Bilmirəm, aldıra bildim, yoxsa yox, amma tam səmimi deyim ki, hər kəs öz yükünü necə çəkməyi daha yaxşı bilir. Və mənim dediklərim sizlər üçün, eləcə də hər kəs üçün qəbul olunmaya bilər, hətta bu yazını oxumağı da kənara qoyub digər işlərlə məşğul olmaq mümkündür. Ancaq hər bir halda bilmək lazımdır ki, biz bir-birimizə söykək, dayaq olmalıyıq... bir-birimizə haqqını yemədən bir-birimizin yoluna işıq salmağa çalışmalıyıq. Bax, onda ömrümüzdə zamanın bütün diqtələrinə, bütün sıxıntılarına, bütün yüklərinə baxmadan korlanmalar, qaralamalar az olacaq. Biz iç dünyamızın işığını vaxtsız sönməyə, öləziməyə daha çox vaxt ayırıb cəhd göstərəcəyik. Və heç biriniz mənim indi söylədiyi misralardakı duyğuların təsirsiz yazıldığını düşünməyəcəksiniz.




Günlər lap namərdlik edir

Bir aylıq kefi korlayır...

Qışda xəyalın qurduğum -

Bir yaylıq kefi korlayır...




Tuş eləyib qərib yerə

Üzü üstə sərib yerə...

Atıb kimsə dərib yerə -

Tapdayıb nəfi korlayır...




Tökülür üstümə ələm

Qoymur ki, özümə gələm...

Bəxtəvər qırmızı qələm -

Düzü, həm səhvi korlayır...




Bəli, indi nəyin düz, nəyin səhv olduğunun seçimini edə-edə, ələyini istədiyiniz səmtə fırladıb özünüz zamanın yükünə verdiyiniz çiyninizin dözümü barəsində də düşünün. Axı, düşünmək heç vaxt gec deyil!..

Manera.azБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ