“Mən dünyaya həmişəlik gəlmişəm...”

Tarix:6-04-2018, 13:38 Baxış Sayı:170

“Mən dünyaya həmişəlik gəlmişəm...”


XIX əsrin görkəmli fransız yazıçısı Frederik Stendal öz yaradıcılığı haqqında belə bir fikir söyləyirdi: “Mənim yazdıqlarımı ya XIX əsrin sonlarında, ya da XX əsrin əvvəllərində anlayacaqlar”. Doğurdan da, dahi yazıçının sağlığında adı çoxlarına məlum deyildi, əsərləri böyük şöhrət qazanmamışdı, Stendalın sağlığında ondan yeganə söz açan tanınmış insan Balzak idi, ədəbi tənqid isə hələ onu şərh etməkdən uzaq idi. Zaman gəldi, Stendalın öncəgörməsi çin çıxdı, onu oxumağa, anlamağa və ondan öyrənməyə çalışanların sayı artdı.
Nədənsə, XX əsr poeziyamızın dəyərli isimlərindən olan Arif Abdullazadənin yaradıcılığı haqqında düşünərkən həmişə Stendalın bu fikrini xatırlayıram. Geniş yaradıcılıq diapazonuna, orijinal deyim və ifadə tərzinə, ən başlıcası, olduqca zəngin fikir dünyasına malik bu müəllif də düşünürəm ki, hələ də nə ədəbi fikirdə, nə də oxucu kütləsi arasında özünə layiq olduğu diqqəti qazana bilməmişdir. “Açılmaz sirrə döndüm” deyən şair öz qələmi ilə anlaşılması o qədər də asan olmayan biri olduğunu dəfələrlə dilə gətirməkdən çəkinmir. Şeirlərindən birində o yazır:

Mən bir az tərs yolla gedənlərdənəm,
Axına qarşıyam deyirlər guya,
Bir az qeyri-adi insan çiynində
Bərqərardı,
günahkardı bu dünya.

Misralardan göründüyü kimi, şairə görə, dünya məhz bu qəribəliyin, qeyri-adiliyin “çiyinlərində bərqərardı”, adilik, yeknəsəqlikdən uzaq olan insanlardı dünyaya rəng qatan. Qəribəliyinin, qeyri-adiliyinin fərqinə varan şairi bu dünya, maddiyyat, ad-san, şöhrət və titullar o qədər də maraqlandırmır, müasirlərinin yaşam idealı ilə öz dünyasını beləcə müqayisə edir:

Bir uçuq sarayın həndəvərində
Neçəsi ad tutub, san toplayanda,
Mən bir kor misranın dar orbitində
Fırlana-fırlana təkcə özümə
çata bilmişəm.

Dünyanın, insanlığın və sözün taleyindən nigaran şair “Anasız dünyam” silsiləsindəki anasına gecikmiş etirafında yaradıcılıq və şöhrətin arasında necə seçim etməsini maraqlı poetik dillə ifadə edir, tapdanmamış cığırlarla getsə də, şeirlərinin yad dillərdən, yad nəfəslərdən yox, anasının qanından, baxışından, fikirlərindən, sözlərindən qaynaqlandığını yazır :

Həmişə deyərdin: “Nə tərs balasan,
Elə yaz ki, sən də məşhur olasan”.
Mənsə istəmədim elə yazmağı,
elə olmağı,
Bir səsdə, bir adda daş misraların
Dəmir barmaqlıqlı çərçivəsində
Qolları zəncirli kölə olmağı,
Məni bağışla.
Hardan biləydin ki, ömrüm uzunu
Cığırsız, ləpirsiz yollar boyuca
Qanından rəng alan izləri yazdım,
Baxışından axan su saflığını,
Süzülən sözləri yazdım.

Nədənsə, Arif Abdullazadənin yaradıcılığı və şəxsiyyəti haqqında yazan dəyərli qələm sahiblərimiz (qeyd etmək yerinə düşər ki, onların əksəriyyəti şairi sağlığında şəxsən tanıyanlardır) çox vaxt onun qəribəliyini dünyadan küskünlük kimi izah edirlər. Yaradıcılığı boyunca dünya və insanın mahiyyətindəki qəribəliyi bədii sözlə, müxtəlif bədii formalardan istifadə etməklə mənalandırmağa çalışan şairin misralarını küskünlükdən daha çox, yorğunluqla izah etməyimiz daha doğru olardı. Bu yorğunluq isə onun həyatı boyu birmənalı şəkildə cavablandırılması mümkün olmayan “bitməz suallar”a cavab axtarmağın ağır yükünü çəkməyindən yaranmışdı. Arif Abdullazadəyə görə, poeziya “daha çox həyatın insan qarşısında qoyduğu çoxsaylı suallara cavab axtarmaqdan ibarətdir”. Elmi fəaliyyətinin əsas istiqamətini poetika məsələlərinə həsr etmiş alim-şairin “Bitməz suallar” adlı şeirində bu fikir belə səslənir:

Mən hardan gəlmişəm, hara gedirəm,
hardan başlamışam, harda bitirəm,
niyə gəlmişəm ki, niyə gedirəm,
niyə başlamışam, niyə bitirəm?

Şair çiyninə götürdüyü yükün ağırlığını dərk edir, hər yükün qoyulduğu çiyinə uyğun seçilməsi həqiqətini dilə gətirir:

Böyüklərin gücü ölçüyə gəlməz,
Böyüyün dərdi də çox böyük olur.

Lakin bu da bir həqiqətdir ki, tale heç də bütün istedadların üzünə gülümür, uyğun zaman və məkanda, sözə, gerçək istedada dəyər verməyi bacaranların arasında istedad parlayır, qəbul olunur və “xoşbəxt olur”, əks halda ölüb-gedir:

Ən xoşbəxt adam
Hələ öz sağlığında
görülüb tapılandır,
Ən bədbəxt adam
Hələ öz sağlığında
unudulub atılandır.

Lakin şair nə unudulacağından nigarandır, nə də ətrafın onu dərk edə bilməməsindən gileylənir. Axı onun maraqları, dünyaya baxışları sərhədsizdir, maddi dünyanın hüdudlarından kənara çıxır, dəfələrlə bu mövzuya qayıdan ədib şeirlərinin birində “Məni bu dünyada tapmaq çətindi...” deyərkən ruhun sərhədsizliyini dilə gətirir. Ruh isə ölməzdir. Düşünürük ki, böyük ürəyin və böyük istedadın daşıyıcısı olan Arif Abdullazadə dünyadan heç də küskün getmədi, çünki özünün və sözünün dəyərini yetərincə qiymətləndirməyi bacaran bir qələm sahibi idi və yazırdı ki:

Mən dünyaya həmişəlik gəlmişəm,
Öz oxumun ətrafında gərdişəm,
Qollarımı sonsuzluğa gərmişəm,
Beşcə günlük sərvət ilə işim yox.....

Ümid edirik ki, bu yazı ilə Arif Abdullazadənin sonsuz fikir dünyasını az da olsa açmağa nail olduq.



Pakizə ZAKİROVA
AMEA Şəki Regional Elmi Mərkəzinin əməkdaşı

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ