Hər gecə qandallanır ürəyim darıxmağa... - QİSMƏT

Tarix:15-03-2018, 09:58 Baxış Sayı:744

Hər gecə qandallanır ürəyim darıxmağa... - QİSMƏT
Bu gün tanınmış şair, esseist, tərcüməçi Qismət Rüstəmovun doğum günüdür.Manera.az bu münasibətlə şairin seçmə şeirlərini təqdim edir:

Bir qadın var hardasa

Bir qadın var hardasa
tələsir mətbəxə, dükana, işə
gözləri razılaşmaq dilində susur həmişə.
Metroda əlləri yaxasına,
çantası dizlərinə səngər...

Bir qadın var hardasa
xoşbəxtlikdən sinifdən qalan,
ciyəri qayğılara qurban
mətbəxə zəncirli Prometaya...

Bir qadın var hardasa
sevmədiyi kişiyə arvad,
sevdiyinə çin səddi.

Bir qadın var hardasa
qara günlərin qırmızı diplomlusu,
iki uşaq anası.
Hər şeyi yerindədi
əri,uşaqları,şubası,
biş-düşü.
Bir qadın var hardasa
kibrit çöpündən tez sönür gülüşü...

Bir qadın var hardasa
qadın deyirəm sizə
gecələr ağlar səssizcə
haram qatar yuxusuna.
Ağlar bir qırmızı qalstukun xorultusuna,
qara bir kostyumun tütün qoxusuna,
ağlar yatağındakı üzütəraşlı HEÇ KİMƏ.

Bir qadın var hardasa
soruşsan xoşbəxtsənmi ?
bədbəxtəm deməz
deyər : çox mətbəxtəm...

Vətən

Yaxşı danışıram maşından, qızdan,
Mövzu sən olanda susuram vətən.
Qoy yazım qurtarsın şeir birazdan,
Yenə sanacağam cəsuram vətən.

Gülürəm elə bil nifrətim yoxdu,
Canımçün heç nəyə taqətim yoxdu.
Şuşaya getməyə qeyrətim yoxdu,
Bulvara getməyə hazıram vətən.

Mən sənin qədrini bilmirəm hələ,
Pul varsa qaçıram lap gülə - gülə.
Səninçün yazdığım bu şeiri belə,
Mükafat naminə yazıram vətən.


***
... Bir də var səssiz ağlamaq
durduğun yerdəcə.
Qapıları bağlamaq,
adamsız bir gecə.

... Bir də var eləcə susmaq,
susmaq eləcə.
Sükuta qulaq asmaq,
ev-ev, küçə-küçə.

... Bir də var it kimi darıxmaq,
Bir də var it kimi darıxmaq,
Bir də var it kimi darıxmaq,
Bir də var it kimi darıxmaq...


***
Əvvəlcə axşam düşər, sonra mənim ürəyim...
Küləklər dənizlərin üzünü qırışdırar.
Qapını cırmaqlayar səni görmək istəyim,
Səbrimin pişiyini divara dırmaşdırar.

Əllərimi yandırar soyuq, quru fotolar
Axtararam, tapmaram otağımda ölməyi...
Külqabıda dəfn olar siqaretlər, qutular,
Qədəhlərə boşalar şüşələrin ürəyi.

Mən bu sevgi testini istəmirəm yoxlayım,
Qorxuram üç doğrunu silər yanlışın biri.
Başın çiynimdə yoxdu, səni necə qoxlayım?
Əllərimdə darıxır əllərinin boş yeri...

Mən bir az öz-özümdən, bir az səndən gedirəm
Mən hamıdan gedirəm gəlib sənə çıxmağa...
Hər səhər darıxmağı parça-parça edirəm,
Hər gecə qandallanır ürəyim darıxmağa...

əvvəlcə axşam düşür, sonra mənim ürəyim...


***
Daha son ümidə ümid qalmayıb,
Qalsa yollarına baxardım, olmur...
Soyuq əllərimi üzük yerinə,
Qaynar əllərinə taxardım, olmur...

Yanında, elə bil, yersiz qonağam,
Mən sənə günaham, suçam, yasağam.
Sən güllə deyilsən, mənsə qorxağam...
Səni öz başıma sıxardım, olmur...

Neyləyək olmadı, çatmadı gücüm,
Elə bil, tutmadı bürcünlə bürcüm.
Səni ürəyimdən çıxarmaq üçün,
Gərək ürəyimi çıxardım, olmur...


***
Səndən xəbərsizcə mənim gözlərim,
Səni sizə qədər ötürdü, gəldi.
Səni qabaqlayıb ayaq izlərim,
Sizdən gözlərini götürdü, gəldi.

Düşdü aralığa tətil- ayrılıq,
Dinamit ucunda fitil- ayrılıq,
Səssiz tapançayla qatil- ayrılıq,
Ümidin işini bitirdi, gəldi.

Mən cavan, can vərən ümüdüm qoca...
Bir dostdan bir ümüd istədim borca.
Tutdum ayrılığı döydüm yaxşıca,
Getdi böyüyünü gətirdi, gəldi.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ