Ögey kitabları yandırın- Tural Turanın hekayəsi

Tarix:13-03-2018, 12:28 Baxış Sayı:246

Ögey kitabları yandırın- Tural Turanın hekayəsi

...Erməni belə qırmamışdı
bu köyü,
Heç belə hənirtisiz
qalmamışdı
Qartmış mamırdan daş
salmamış "öy"ü...
Hara küylədiniz
adamları?!.
Bu kəndə kitab yaraşmır,
demişdi atam,
Kitablar sətir - sətir işlədi,
Boşaltdı evləri dam -
dam...
Oxumuşlardan bizə nə
xeyir gəldi,
nə nam!
Apardı qaşıq - qaşıq,
qocaltdı işıq - işıq....
Otel otağına bənzəyir,
indi kəndimiz...
(Göycənin başdaşına
yazılmış şeirdən)


Allah heç kimə yatarkən bircəciyinin intiharını, ayılarkən anasının əlində göz
yaşları içərisində bir parça kağız uzatmasını göstərməsin. Hələ yarıyuxulu halda
göz yaşının rəngini aydınlaşdıra bilməməyi bir yana. İlk sevginin intiharının adamı
kitablara tiryaki düşmən etdiyinin fərqinə isə çox sonralar varırsınız:
- Anası ölmüş sənə yazıb, al oxu, bədbəxt balam.
Cijimin əlindəki məktubun rəngi bozarmağa başladı. Onun adəti idi. Cəmi bircə
cümlə yazılmışdı:
“Məni bağışla Çolpan, səni bu cümləni oxuyanda məni əzraillə qoşulub qaçmış
görəcəksən. İmza: Sənin Göycən. Saat 04:28...”.
Dörd ildən sonra qəbristanlığa tələsirdim. Səhərin alaqaranlığında qatardan Ağstafa
qatarından düşüb Gəncədən oturduğum taksini düz kəndin ayağına – qəbristanlığa
sürdürməkdə məqsədim əlimdəki əmanəti sahibinə təcili çatdırmaq idi. Taksi
sürücüsünə on manat uzatdım:
- 17 kilometr. 9 manat. Amma xırdam yoxdur. Əvəzində çantana kömək edə
bilərəm.
- Sağ olun, özüm daşıyaram.
- Qəhrəman adamsınız. İlk dəfədir qəbirlərin arasında yaşayan bir ailəyə rast
gəlirəm...
- Bir yox, iki ailədir.
Məzun günündə sinvolik diplom təqdimatında adımın bir neçə dəfə çəkildiyini
eşitməmişdim. Mən Göycə Alpansoy adını gözləyirdim. Dörd ilin illikovan
xəyalından məzun günündə belə qopa bilmirdim. Dörd il idi ki, diplomalma
mərasimini Göycə Alpansoy adına xəyal edirdim:
“Yekun ortalaması 99,8 bal. Çolpan Dəmirli. Universitet birincisi (gurultulu
alqışlar)”.
Silkələdilər, oyandım. Belə bir məqamda gözlərin açıq ya bağlı olmasının nə fərqi
var axı. Ayağa qalxdım. Rektorun əlindən diplomu qapıb öpdüm. Alnımın üstünə
qoyub saxladım. Diplomunu aldım, Göycə - dedim. Doğrudan da bu dörd ili o,
oxumuşdu və qırmızı rəngli kağız parçasının əsl sahibi Göycəm idi.
Qəbiristanlığa çatanda çaıb qalmışdım. Qəbir ikiləşmişdi; mərmərin yanında
mərmər rəf də inşa edilmişdi. Kitablar isə mərmər deyildi. Mərmərin arxasında isə
məktəb direktorumuz Alpı müəllimin qəbiri. Ötən il rəhmətə getmişdi. Doğrusu,
heç kim deməmişdi öldüyünü, xəbərim yox idi. Ətim ürpəşdi. Diplomu Göycənin
qəbrinin üstünə qoydum. Yerdən bir kərpic qırığını götürüb sinə daşını
taqqıldatdım:
- Gətirmişəm – səhərdir, oyan a tənbəl, götür. Bir azdan gün çıxacaq, heyfdi,
saraltmasın. Əziyyətinə hayıfın gəlsin. Dörd ilin əziyyəti var.
Mayın səkkizi günü Şuşanın işğalının növbəti ildönümü tədbirindən sonra dərsimiz
boş idi. Aybəniz müəllimin tarix dərsinə neçə müddət idi ki, analıq məzuniyyəti
səbəbi ilə qayıb düşürdü. Göycə ilə birgə qayıtdıq evə. Onun qalaqapıdan –
darvazadan içəri girdiyini görüb evimizə gəldim. Çəpər qonşusu idik. Elə indi də
eləyik.
Yarım saatdan sonra anam yarpaq dolmasına sarımsaqlıq qatıq almaq üçün məni
təzədən Sona xala gilə yolladı. Göycənin atası ilə qışqıra-qışqıra danışdığını
eşitdim:
- Mənim arzularımın, xəyallarımın üstündən xətt çəkə bilməzsən, ata. Jurnalist
olacağam, vəssalam. Oxumağıma razı olmasan öldürərəm özümü, eşidirsən,
öldürərəm.
- Kəs səsini! Dörd uşaq göndərmişəm Bakıya. Heç biri qayıtmadı. Hərəsi bir
küncdə ilişib qaldı. Səni ölsəm də buraxmaram.
- Niyə yanında qalsınlar ki? Böyütdün, oxutdun, sağ ol. Qoy öz karyeralarını
qursunlar. Öz həyatlarını bildiyi səmtə yönəltsinlər ata. Bir mən qalmışam.
Buradakı evimizi satıb gedib oradan bir ev alarıq. Mən də, qardaş-bacılarım da bir
yerdə qalarıq. Daha kirayələrdə özgə evi isindirməzlər. Ana ütüsü, ata kölgəsinə
sığınarlar.
- Bu ev atamdan qalıb, a qızım (səsi xırıldadı). Məndəmi Aruzun beyvej gədələri
kimi ata ojağımının damını mamırradım? El qınayar məni. Bilmirəm kim yazır o
kitabları. Görünür siz oxuyan kitabları bizimkilər yazmır, başqa daşın altından
çıxırlar. Evdə nə qədər ögey kitab var yandıracağam hamısını. Qurd yağı sürtülüb
elə bil hamısına. Yoxsa evə-ailəyə bağlı olardınız. Mənim tərbiyəmdən çıxıb o
kitablara göz kəsiləndən cığırınızdan çıxdınız hamınız. İki oğuldan biri gəlmədi
yanıma. Ölsəm də qoymaram, vəssalam.
Söhbətə nə qədər qulaq kəsildiyimi xatırlamıram. Şüşəbəndin altından dinləyirdim.
Yəqin ki, məni görməmişdilər.
Qatığı üzbəüz qonşumuz Sayalı xaladan alası oldum. Evə qayıdanda qatığı anama
verib, tirtrədə-titrədə yatdım. Yuxuya getməmişdən əvvəl özüm-özümə həkim,
sonra jurnalist kimi göründüm...
Göycəni - adının mənası “mələk”dir – lüsturun burğac keçirmələrinə ilişdirilmiş
ipindən atam endiribmiş. Alpı müəllimi isə dəfndən sonra “özünü öldürmə həddinə
çatdırma” maddəsi ilə həbs etmişdilər. Qolları qandalsız minmişdi maşına. Üç il
sonra həbsdə qəfil ürəyi tutub, keçinmişdi. Alpı müəllimin üçü günü atam
mağarda eşdib ki, Göycə ilə bir-birimizi sevirmişik. Gəlib rəflərimi eşələyib. Dörd
il əvvəlki gündəliyimi vərəqləyib. Birdən belə bir nota rast gəlib:
“28 iyun 2006 – cı il.
Tanrıköydə çərşənbə günü – od axşamıdır. Bu gün Göycə ilə qərara gəldik ki,
universiteti bitirdikdən sonra mən həkim, o, da jurnalistika ilə bağlı kitabları bir
yerə yığıb kənddə kitabxana açaq. Uşaqları həkimliyə və jurnalistikaya
yönləndirmək üçün... Kitabxanaya nəzarəti isə atalarımıza tapşırarıq  ...”.
Atam gündəliyi anamdan xəbərsiz Sona xalaya göstərib, Göycənin bütün
kitablarını gecə ikən bizə daşıyıb. Alpı müəllimin baş daşını düzəldənlərə min
manat verib. Mərmərdən 500 kitablıq rəf yığdırıb. Keçirmə qapaq qoydurub,
kitabları yağışdan qorumaq üçün...
Qəzaya düşəndən sonra Alpı müəllimin böyük oğlu Altay ailəsi ilə birlikdə kəndə
qayıtdı. Bir ona sevinirəm ki, Göycənin can verdiyi evin kirəmitini mamır
basmayacaq.
Diplomu Göycənin rəfində gizlədiyim günün səhəri bütün Tanırköy əhli bizim
onunla sevgimizdən danışırdı. “ANS”-in məzun günündən hazırladığımız
reportajda məni göstəribmişlər. Orada dediklərimi ilk dəfə eşidirdim:
“Mayın 9 – u səhər Göycə məni də, özünü də məğlub etdi. Bir ayın içində havalı –
havalı dördüncü ixtisas qrupunu üçüncüyə dəyişdim. Ortabab balla jurnalistika
fakültəsinə daxil olsam da, universiteti birinci olaraq bitirməyimin qarşısında özüm
də aciz idim. Əlimdəki bu kağız parçasının iki sahibi var”.
Özüm haqqında danışmağı sevməsəm də, dörd ildir ki, onlayn xəbər saytında
işləyirəm. Səhiyyə bölməsinin redaktoruyam. Ögey müəllifləri isə ümumiyyətlə
oxumuram.
Bir daha deyirəm, Allah heç kimə yatarkən bircəciyinin intiharını, ayılarkən
anasının əlində göz yaşları içərisində bir parça kağız uzatmasını göstərməsin.
P.S: Yəqin nə vaxtsa atamın tikdirdiyi evin damını mamır basacaq. Qırx ya əlli
iləmi bilmirəm... Çünki Alpı kişidən fərqli olaraq atamın ehtiyatda topal oğlu belə
yoxdur.
Ögey müəllifli kitabları yandırmağa baş qoşan bir adam düzələrmi sizcə?

Tural Turan
Manera.az
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ