Qızılbaş fəsli - Balayar Sadiq

Tarix:10-03-2018, 21:47 Baxış Sayı:342

Qızılbaş fəsli - Balayar Sadiq
POEMA

Proloq

İtkindi ömrümün təbəssüm günü,
Sözün dodağında donubdu laylam.
Varaqlar önümdə Çaldıran düzü,
Qoşunu dağılan Şah İsmayılam.

Mənim öz qanıma bələnib səsim,
Alnımdan yıxılıb qiblə yolları.
Əyilib qoxlayır qərib yaddaşım,
Bənzədir bir qönçə gülə yolları.

Səbri çiliklənən qızılbaş kimi,
Dağılıb çöllərə, düzlərə ahım.
Bu gün uca adın qılıncdan keçir,
Qılıncı topları doğrayan şahım.

Üşüyür alnımda bu qara yazı,
Allah xatirinə, bir yarpaq susun!
Qalxır məqamına Piri-Mürşidim,
Deyin həqiqətlər ayağa dursun!

Üzərlik çevirin sözün başına,
Bayram xonçasıdır köksümdə ürək.
Babək qalasında tonqal yandırın,
Qızılbaş ruhları isinsin gərək.

***
Ərdəbil yolları doluxsunubdu,
Alnına qar yağır həqiqətlərin.
Zamanın qızılbaş çəmənlərindən
Durub çiçək-çiçək həqiqət dərin.

Dili topuq çalır qoca tarixin,
Səbrimin heyrətdən çatılıb qaşı.
Könlünü qanadır misralarımın -
Arxamca atılan fələyin daşı.

Gözümdən tökülür döyüş yolları,
Ümidi paslanmış qızılbaşam mən.
Qarabağ, Zəngəzur, Göyçə ağrılı
Aynası qırılmış bir yaddaşam mən.

Boyu bölgə-bölgə əlçimlənmişəm,
Yenilmiş bayraqdı içimdə səsim.
Uzat qılıncını Piri-Mürşidim,
Qardaş əlin kəsən əlimi kəsim.

Zaman güzgülənir göz yaşlarımda,
Fələyin güzgüsü gözündən düşür.
Götür kirpiyimi nərdivan eylə,
Tənha göz yaşımı gözümdən düşür.

Üşüdür varağı xəcalət təri,
Söz-söz ləpələnir içimdə kədər.
Hələ də yellənir yaddaş bayrağım,
Dərbənd qalasından Təbrizə qədər.

Dərir nəfəsini qızılbaş çölü,
Ruhuma dar gəlir sözün köynəyi.
Üzü Ərdəbilə baxan misranın
İçində bir misra ümid göynəyir.

Çaldıran düzündə dəstəmaz alıb,
Oxu sətir-sətir qan yaddaşını.
Soruş ürəyindən, soruş qanından,
Qeyrət bu yerlərdən hara daşınıb?!

***
İnam bayrağını görməsə gözlər,
İman fəth edərmi könül şəhrini?!
Basıbdı bağrına qızılbaş ruhu
Xətai yurdunun acı qəhrini.

Açıb yaxasını qoca Ərdəbil,
Sevgi məktubudu hər daş, hər divar.
Qızılbaş eşqinin şəfəqlərində,
Əli şərafəti, Zəhra ətri var.

Pir yolun quluyuq Piri-Mürşidim,
Yolların içində uca yoldu bu.
On iki mövlanın şərafətindən,
Üzü haqqa sarı uçan yoldu bu.

Könlün "Dəhnamə"ni sevgi meyi tək,
İçdi misra-misra Əli eşqinə.
Haqqı anlamayan hardan anlasın
Əli sevdası nə, Əli eşqi nə?!

İşığı Kəbəyə düşdüyü gündən
Düşdü ürəklərə Kəbə işığı.
Zülmətin alnında möhür yeridi
Axirət yolunda kəfən işığı.

"Bir"i anlamayan Piri anlamaz,
Pirə varan yollar "Bir"dən başlayır.
"5"-lərin eşqidir "7"-lər, "40"-lar,
İlahi sevdalar birdən başlayır.

Bir misra içində qurubdu bardaş,
Tarixin özü tək qoca səfəvi.
Ərdəbil yolları qəzaya saldı -
Bu uca aşiqi, bu uca "səhv"i.

***
Şeyx Heydər ocağı çiçəkləyən gün
Güldü qucaq-qucaq Aləmşah Bəyim.
Mən haqqa varmadım, haqqa enmədim,
Haqqa ucaldım ki, haqqa baş əyim.

Söz var ki, mətləbi mənadan böyük,
Mətləb var yıxılır sözdən aşağı.
Çoxdandır həqiqət gözünü qırpır,
Doğrudan aşağı, düzdən aşağı.

Götür mətləbimi qoy gözün üstə,
İman işığını çırp gözlərindən.
Elə xəta etdin, elə xəta ki,
Gözəllik utandı gözəl yerindən.

Gəl, Piri-Mürşidim, pir məqamıdı,
Alnından gün doğur pir olanların.
Könlümün içində söz gülümsəyir,
Yağır misralardan sirr narın-narın.

Qızılbaş çölləri alın yazımdı,
Qoxla bu yazıda iman ətrini.
Haqq öz dərgahına özü qaldırıb,
Sevgi bayrağı tək sənin xətrini.

Bir dərviş ömrünü ziyarət üçün,
Tarixdən neçə min sənə boylanır.
Hər gün on səkkiz min aləmin əksi
"Qunut" aynasından sənə boylanır.

Allahı dəfn edib dodaqlarında,
Qılıncla dindirdi qardaşı qardaş.
Ürək daşa dönsə, mənası yoxdu -
"Həcərül-əsvat"dı, ya bir qara daş.

Qızılbaş qanında yanan ocağı,
Bir misra üşütməz topların səsi.
"Xeybəri" fəth edən "təkbir"dən doğub,
Topları susduran qılınc zərbəsi.
"B"-nin altındakı nöqtədir zatın,
Allahın sirri bu nöqtədən keçir.
Nöqtənin durduğu o ucalıqdan
Nə millət adlayır, nə Vətən keçir.

Mərifət elminə varmayan könül
Hikmətin ətrini hardan anlasın?!
Yandırın Çaldıran həqiqətini,
Külünü göynəyən yarama basın.

Üz-üzə durmuşdu "təkbir" nidası,
Allahın təkliyi yaralanırdı.
Şəhadət camını içən qızılbaş,
Kərbəla-Kərbəla yarpaqlanırdı.

Yaralı yaddaşım köynəkdən çıxır,
Aşır Ərzurumun qarlı yolunu.
Sinəmdə bir qərib arzu üşüyür, -
Bükün ürəyimə Anadolunu.

***
Gəzir yaddaşımın küçələrini
Xətai sevdalı bir qoca dərviş.
Öpür gözlərini misralarımın,
Könlü yaz qoxulu bu qoca dərdiş.

Bir vaxt bayraq idi qızılbaş adı,
Vətən ətri verən torpaqlar üstə.
Qızılbaş xiffəti hopub qanına -
Misralar yıxılır varaqlar üstə.

Ümıd çiçəkləyir sətirlər boyu,
Qurumuş arxlara yenə su gəlir.
Gözü aydın olsun arzularımın,
Vətəndən qızılbaş qoxusu gəlir.

Yerdə dəstəmaz al göz yaşlarımla,
Göyləri arzuna eylə canamaz.
Bir bəyaz varaqdı qızılbaş ömrü,
Şahım, fərmanını bu varağa yaz.

Dur gəl, öz-özünü ziyarət eylə,
Qızılbaş ruhuna bir salavat çək.
Sənin qədəminlə Piri-Mürşidim,
Yolların gözünə işıq gələcək.

***
Döyüş meydanında ömürdaşıyla
Əcəl çiçəyini dərənə bir bax.
Qeyrətin erkəyi, dişisi olmur, -
Hünər qapısından girənə bir bax.

Sevgisi qızılbaş doğuran qadın,
Önündə diz çökür fələklər sənin.
Zəhra həyasına bürünüb üzün,
Enir salamına mələklər sənin.
Min ildi qanında çiçəkləyibdi,
Fatimə qoxulu bir eşq nəğməsi.
İman duaları pıçıldamısan
Qoynunda körpənə layla əvəzi.

Şəhadət namazı qılan qızılbaş,
Öpdü alnındakı möhür yerindən.
Qızılbaş eşqinin şərafətinə,
Qalxdı təbəssümlə möhür - yerindən.

Adın camalınla qolboyun olub,
Misranın içində söz ilhamlanır.
Elə qalamısan eşq ocağını,
Alovu müşk qoxur, köz ilhamlanır.

Dilin çiçək dərir Zəhra adından,
Ürəyin bələnir iman ətrinə.
Mələklər məlahət işığı səpib
Alın yazısının hər bir sətrinə.

Epiloq

Sükutun dilində danışan babam,
Harayın qaralmış ocaq yeridi.
Adınla bir misra ocaq qaladım,
Odu şahə qalxdı, ocaq - yeridi.

Özümü özümdə görə bilmirəm,
Çatlamış güzgüdü sözün yaddaşı.
De, hansı misrada gizlədim indi,
Qardaşın qardaşa atdığı daşı.

Həyadan pörtmüşdü Çaldıran düzü,
Sevgi qoxuyurdu qızılbaş qanı.
Üzü Kərbəlaya düşən şəhidin,
Eşqi çağırırdı Şahi-Mərdanı.

Sərdim misralara qaysaqlanmadı,
Sızlayır ruhumun vətən yarası.
Təbrizdən Dərbəndə uçan harayım
Təntiyir Astara-Qazax arası…

Vətən sevgisinin gözü yaşlıdır
Qızılbaş yolları öldüyü gündən.
Gəl, sarı qanımla yaralarını, -
"Vətən" kəlməsindən yıxılan Vətən.

Qanım gülümsıyir damarlarımda,
Ətrini duyuram gələn zəfərin.
Piri-Mürşidimin qədəmlərinə
Qızılbaş qəlbimi xalça tək sərin.

Sıxma ürəyini, sonuncu misram,
Dünyanın qızılbaş fəsli gələcək.
Yollar yurd yerində qalxar ayağa, -
Bir əlində qılınc, birində çiçək.

Balayar SADİQ
"Ədəbiyyat qəzeti"Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ