Qaranlığın işığında-esse

Tarix:9-03-2018, 17:00 Baxış Sayı:193

Qaranlığın işığında-esse


Uzun zamandır ki, Spinozanı düşünürəm. Hər gün, hər an düşüncəmə hakim olan o şəxs haqqında yox, onun yaratmış olduğu təəssüratdan doğan düşüncələrimi paylaşmaq istəyirəm. Təbiətin içində əriyən qüvvələrlə rastlaşdıqca yatmış olduğum yuxuların haram olduğuna əmin oluram. Ona da əmin oluram ki, ölümün ətrini öz üzərimdə daşımışam. Mənəvi ölümün daxilə yansiyan ətrini. İndi isə bu ətrin daxilimdən yox olması üçün paylaşdığım ürək sözlərimi yazıya köçürürəm.
Əlindən telefonu bir kənara qoyub beynində milyonlarla əsəb hüceyrələrinin aram-aram, sakit bir şəkildə ölümünə icazə ver. İcazə ver ki, düşüncəndə yenilənən o hücreyə də özünü qoca sansın, səni tərk etmək istəsin. Ölümün beynindəki əsəb hüceyrələrindən tutmuş, mövcudatın özünə kimi davam etdiyini anlamağa çalış. Çalış ki, həyatın göz qırpımında keçən bir anını xatırlaya biləsən. Çətindir, elə deyilmi? Çətindir ona görə ki, hələ yuxumuz dağılmayıb. Xatırlamaq problem olur. Xatırlamaq həm də düşünmək üçün bir bəhanədi. Müxtəsər, bir az yorğun, əldən düşmüş, bəlkə də qocalmış bir canın ağır nəfəsinə oxşayan bir yazıdır bu. Tənbəllik etməyə meyillidir. Amma nə siqaret çəkməyə, nə də ki, spirtli içki içməyə vadar etməz. Qadın deyil bu yazı. Nakam məhəbbət də deyil. Bu barədə bir az arxayınam. Hisslərimi cümlələrin içində başlayıb bitirmək arzusu var bu yazıda. Spinozanın adını çəkdim ilk öncə. O təbiət içində əriyən şam kimi qaranlığın işığıdır, ağ rəngidir. Sual oluna bilər. Qaranlığın işığı nədir? Cavabı Spinozadadır, Spinoza da mənə deyib. Daha doğrusu mən ondan bu sualın cavabını oğurlamaq istəmişəm. Oğurlamaq deyərkən öyrənmək desəm daha doğru olar. Ağacların səma ilə çəkişən uzun və ağır mübarizəsində axtardım onu. Yağışla səhranın həsrətindən süzülən göz yaşlarında aradım onu. Küləklə buludların səmavi rəqsində görmək istədim onu. Görə bildimmi? Gördümsə, deyə bildimmi? Bax onu bu yazıda deməyə çalışacam. Hər ağacın göyə doğru mübarizəsində, qaranlıqdan qaçışında, işığa qovuşmaq istəyində cavabı gizlənir. Budur qaranlığın işığı... Budur qaranlığın ağ rəngi...
Bəs görəsən içimizdə hansı rəng var? Ağmı?! Qaramı?! Bəlkə qaranlıqda işıq rəngi?! Hər nə olsa, mütləq bir rəng vardır. Bu, çox vacibdir. Əgər yoxdursa, demək ölmüş bir cəsəddə rəng axtarışındayıq. O rəngin ürəkdə, o ali prinsipdə tapılması vacibdir. Ürək işıqlı olmasa, qaranlığın içində şər yuvasına dönər. Bəşəriyyətin gözü qan çanağına çevrilər. Xilas olmaq istəyənlər axirəti düşünər, ayaq saxlayar. Milyon kərə ölər, milyon kərə dirilər. Şübhələr içində didər özünü, paramparça olar. Qaranlığın işığında şübhələr nə deyir?!
Ümumiyyətlə, şübhənin yeri nədir qaranlıqda? Şübhəsiz keçən hər gün həqiqətin itdiyi gündür, şübhəsiz keçən ömür, yalandır... Həqiqət şübhədən sonradır. Çünki şübhədən axtarış, axtarışdan nəticə, nəticədən qənaət meydana gəlir. Kimin üçünsə həqiqət günəşin qürubunda yaranan sarı rəngində, kimin üçünsə gecələr ayın heç də tənha olmamasında, kimin üçünsə sadəcə olaraq ilk sevginin heç vaxt unudulmamağındadı. Yəni həqiqət fərqlidir şübhələr kimi... Kimi dostundan, kimi özündən, kimi də həyatından şübhələnir. Kimi də insan kimi doğulub, lakin adam olmamağından... O zaman daxili rəngin qorunması vacibdir. İnsan daxili rəngini görmək istəyir. Əgər sadəcə olaraq həzm sistemi insanı maraqlandırırsa, bu zaman daxili rəngin bulanıq qaraya yaxın, yox əgər isan qanadlarının da olmağını istəyirsə və bununla da könlündən göyə sarı uçmaq keçirsə, o zaman o işığın ağ rənginə yaxındır.
Qaranlığın işığında toz içində itib-batan neçə-neçə ümidlərə, arzulara, xəyallara rast gəlmək olar. Bəzən kor olub, ürəyinin gözlərini yoxlamaq istəyirsən. Axı düşünürsən ki, həqiqət gözü odur. Axı qaranlığın işığı ondadı. Günəş şüalarının qamaşdırdığı gözlər baxa bildiyini dəqiq necə görə bilsin? Amma ürəyin gözündə yayınan nəyinsə olması inandırıcı deyil. Orda qaranlığın işığından doğan bir ağ rəng var, o ağ rəng ki içində qaraya bəslənən nəvazişi qəbul etmir, onu rədd edir.
Təəssüf ki, ürək bəzən qan dolu bir kisəcikdən başqa bir şey olmur. İşi motor kimi olur. Xırda işlərlə başını qatır. Axı ürək ali prinsipdir. Ürək Allahın bizimlə gizlincə, xəlvəti heç kimə agah olmayıb danışdığı yerdir. Gecələr o tənhalığın yeganə carçısıdır. Ürək tənha bir yolun yolçusudur. Onun bələdçisi yoxdur. O yolu tanıyır, getdiyi yola bələddir. Ona kömək lazım deyil. O gözlərini iri açıb, ayağının altını da görür, üstünü də... Hər səsi qəbul etməz, hər səsə inanmaz. Lənətlənmişdi bəlkə ürək. Xəyanətlərə, satqınlara məhkum olunmuşdu bəlkə də. Bəlkə də sadəcə olaraq belə olmalıdı. Belə olmalıdı ki, əlini ürəyinin üstünə qoyanda göyün üzünə baxmaq keçsin ilk öncə ağlından.
Zamanın ağuşunda axıb gedən ömür giley etməsin, neyləsin?! Hər anın bir bəxşiş, hər günün bir hədiyyə olmasını yəqin etmək çoxmu çətindi?! Axı zaman insan deyil ki, səhv etsin, yanılsın. Zaman təcrübə deməkdir həm də. Zamanla öyrənirsən, zamana dolğun düşünürsən, zamanla unudursan...
Yox, əslində zamanla unutmursan. Zamanla unutmağı öyrənirsən. Öyrənirsən ki, zaman daha çox xatırladır, təkrar edir yaşananları... Əvvəl 3 ay, sonra 1 ay, daha sonra 5 gün unuda bilmirsən. Nəhayətdə unutduğunu unudursan və ya nəyi unutmaq lazım olduğunu xatırlayırsan... Sonralar bu bir alışqanlığa, siqaret çəkmək kimi pis bir vərdişə çevrilir. Həqiqəti isə yalnız sən bilirsən. Həm də bilirsən ki, unutmağı da da məşq etmək lazımdır. Necə ki, idman edirsən, əzələlərin möhkəmlənir, unutmağı da məşq edirsən, ürəyin daşlaşmağa başlayır. Beton olana kimi. Daha sonra ya metroda, ya dayanacaqda, ya da ki, avtobusda qarşılaşırsan onunla... Və o zaman hiss edirsən ki, içində boşqab kimi nəsə sındı, parça-parça oldu. Səsindən diksinirsən onun. Ətrafındakılar də sənin böyrəyində daşın tərpəndiyini düşünür. Ən böyük daş isə sənin ürəyində əriməkdədi. Gözlərindən əks olunan işığı enerjiyə çevirmək olsaydı bir kəndi, bəlkə də bir şəhəri elektriklə təmin etmək olardı. Bax o işıqda neçə-neçə ümidlərin hayqırtısı, neçə-neçə xəyalların qulaq batıran naləsi var. Yer sənin ətrafında fırlanmağa başlayır o zaman. Sən isə onun... Gülüşlərin buza dönər, kədər üzündən pərdə asar... Bəs məşq necə oldu? Zaman nə işə yaradı? Unuda bildinmi? Unutmuşdunsa xatırlamağı necə bacardın? Bəlkə də gülməlidir, amma sən sanki bu gün üçün, bu an üçün məşq edirdin ki, o görüşün təsirindən yıxılmayasan, özündə güc tapasan, adam içində biabır olmayasan, biabır niyə olursan, sadəcə olaraq qürurundan geri qalmayasan deyə bunu edirsən. Axı qürurun sənin soyuq silahındı. Buna görə səni həbs etməzlər, mühakimə etməzlər... Sən qürurunda azadsan. Necə ki, sevməyində azad idin...
Əgər bu yazını oxuyub hələ də yorulmamısansa, yuxun gəlmirsə, qaranlığın işığından sənə də pay düşür demək... Qaçmaq istədiyimiz yuxudan həmişəlik xilas ola bilirikmi? O yuxudan ki, bəşəriyyəti gerilədən, günəşin qabağında çin səddi kimi dayanan qəflət yuxusundan...
Allah heç kimi cahil yaratmayıb. Bu sadəcə olaraq bir xəstəlikdir. Vərəm kimi, xərcəng kimi, son zamanlar məşhurlaşan quş qripi kimi. Öldürücüdür, lakin müalicəsi var. Dərd verən Allah dərmanını da vermiş çox şükürlər... Dərmanı nədir bəs? Çox sadə bir dərmanı var onun: Fəlsəfə... O fəlsəfə ki, Şərqdən Qərbə doğru uzun bir yol getmiş, hər fəsildə çiçəkləmiş, payızda xəzan töküb, qışda sərt əsmiş... O fəlsəfə ki, Spinozanın təbiətdə əritdiyi qüvvənin təsirindən məni bu yazını yazmağa vadar etmiş. Bəzən dəli kimi görünən fəlsəfənin taleyində bir yazıqlıq, bir tənhalıq, tərk edilmişlik var sanki... Sanki onu aldadıblar, uşaq kimi. Əslində isə onun ürəyində bir inam, bir ümid var. O inam, o ümid ki, hələ yüz illərin istisinə, soyuğuna tab gətirə biləcək. Qaranlığın işığında gülümsəyən o simanı görmək xoşbəxtliyinin kimə nəsib olması isə bəlkə də tale işidir. Bəlkə də sadəcə olaraq istək, arzu, həvəs işidir. O simanın təsirindən ayılan ürəyin nə unutmaq kimi bir dərdi, nə də xatırlamaq kimi bir istəyi olacaq. O zaman sən də qaranlığın işığında gizlənən simanın marağından, fəlsəfəni öyrənmək, fəlsəfəni sevmək, ona dəlicəsinə aşiq olmaq istəyəcəksən...

Tural Cəfərli
Manera.az
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ