Dərviş azadlığı - Zakir Məmməd

Tarix:9-03-2018, 13:18 Baxış Sayı:271

Dərviş azadlığı - Zakir Məmməd
(Osman Fərmanoğlunun yaradıcılığından)

Sözün ətəyində “namaz qılan” bir şairimiz Osman Fərmanoğludur. Osman Fərmanoğlunun altmış yaşı ilə şeir haqq-hesabı aparmağın, yəqin bir xeyiri ola biləcəyini düşündüyümüzdən onun qələmindən bu vaxtacan hasilə gələn poetik nümunələrə bir də nəzər yetirdik və şairin aşıb-daşan bir ilham ilə baş-başa olduğunu müşahidə etdik. Yəni Osman qardaşımız nəfəs dərmədən yazır. Şəxsən mənə elə gəlir ki, o yazdığı mətnə ikinci dəfə qayıtmır. Bəlkə də, bu, Osmanın “aşıqlığından” irəli gəlir. Şifahi xalq ədəbiyyatı onun yaradıcılığını “suyla” təmin edən çağlayan bulaqdır. O da xalq təfəkkürünə qaynayıb-qarışaraq bir növ dərviş libasına bürünərək, sufi-irfan bədii fikri xəzinəsindən bəhrələnərək təzə əsrin təzə “nəqşbəndliyini” etməklə məşğuldur. Amma bəri başdan demək lazımdır ki, Fərmanoğlunun ömründən keçən bu altmış ildə qələminin gürşadlığından sui-istifadə etdiyi məqamlar az deyil. Bunu onun yazdıqlarına əsaslanıb söyləyirik. Mətnin üzərində işləməmək şairi həmişə oxucuya borclu durumda saxlayır. Gəraylı, qoşma, təcnis birmənalı olaraq onun üslubunun şah damarını təşkil edir. Hərçənd onun bu müqəyyəd janrın sədaqətli davamçısı olaraq yazdıqları ənənəvi aşıq şeirini müəyyən parametrlərdə geridə qoyur. Ortodoks aşıq şeirinin kanonlarından kənara çıxaraq, mistik təsəvvürlərlə bahəm çağdaş ədəbi estetikaya meyillənməyi bir neçə istiqamətdə görsənir.

Biri odur ki, real həyatımızın cari və perspektiv qayğıları şeir misrasının poetik örtüyünün təkmilləşdirilməsi qaydası ilə nəzər-diqqətlərə yetirilir. Çox işlənmiş təşbeh və məcazlardan qaçılır və “dağıntı-söküntü” işləri alt qatda aparılır. Ona görə də Osmanın dilinin altındakı gizli nüansları tutmaq üçün onun fəlsəfi kimliyini bilmək lazımdır. Çox hallarda ilk misrasını “paşam” xitabı ilə başlayır. Bu da, təxminən, gedib on altıncı yüzilin üsyançı, sufi-bəktaşi şairi Pir Sultan Abdalın fəaliyyətinə bağlanır. İkinci yol onun yaradıcılığında görünən müasir layihələrlə bəlirlənir. Osman yaşadığı dövrün estetikasına biganə deyil və sərbəst şeirlər də yazır, gəraylısını da yeni düşüncənin tələblərinə uyğunlaşdıra bilir. Fəqət bu, hamısı deyil. Yazıçının öz üzərində işləməyinin vacibliyi qədər hər misrasını da zamanında döyüb düzəltməyi çox vacibdir. Bir hadisədən qoy indi danışım. Bu yaxınlarda Osman müəllim feysbukda bir təcnis paylaşmışdı. Dostlar orada kəm-kəsir olduğunu aşkar etdilər. Yaxşı ki, müəllif şeiri həmən yenidən işlədi və aşağıdakı təcnis alındı:

“İl gəlir yenə də ilin üstünə,
Di sən də təzələn,oyan, a baxdım.
Beşindən aşağı, beşdən üstünəm,
Boylandım bu yana, o yana baxdım.

Əridi günlərim, a yağa düşdü,
Qaradan adladı Ay ağa düşdü.
Baş duruş tutmadı, ayağa düşdü,
Ayağın altını oyana baxdım.

Gözün köməyinə yetə nəm indi,
Boynubüküklüyə yetənəm indi...
İndiki halımdan yetən əmindi,--
Analı zamana, oy ana... baxdım.

Girdi cin-şəyatin yuxu sınada,
Tərsinə yozular yuxu, sına da.
Su atdım, yarımçıq yuxu sına da,
Bəlkə, su üstündə oyana baxdım.

Adladı yanımdan birayaq, atdı,
Hərəsi üstümə bir ayaq atdı...
Osmanı eylədi bir ayaq -- atdı
Alışan ocağa,- o yana, baxdım.


12 yanvar 2017”.

Doğrudan da, bu gözəllikdə təcnis yazmaq indiki vaxtda hər oğulun işi deyil. Ancaq onun elə şeirləri var ki, orada hər hansı bədii nailiyyətdən danışmaq olmur. Qafiyənin, səthi düşüncənin güdazına getmək şair üçün yaxşı hal deyil. Ümumilikdə, Osman Fərmanoğlu poeziyasında dərvişanə məslək, sufiyanə davranış, ürfani bilik nizam, ölçü vahidi olaraq diqqəti cəlb edir. Yunus İmrə ruhuna yaxınlığı, türkçülük, islamçılıq dünyagörüşünə sadiqliyi onun qələminin xarakterik cəhətləri, əsas cizgiləri olsa da, bunlar hamısı yeni dövrə, yeni fikrə xitmət eləyir. Osmanda “gəlmək” doğuluş, yaranış kimi səslənir. Şairin gəlməyi, şübhəsiz, sözdə, sənətdə həm də yerini, mövqeyini mökəmlətməyi deməkdir.

“Əl-ətəkdi, ətəkdə mən,
Əlborcu allam ömürdən.
Dəyişən yoxdu ki, həmən
Çağdı, çağdan keçər oldum”.

Bu, soykökə bağlılığın birinci əlamətidir. Şairin təbirincə ədəbi ruh, ərkan bütövdür, gələnlər, gedənlər tamın zərrələridir. Gəldiyi məlum olduqca, ədəbi dəyərlərə, eşqə, təriqə tapındığı məqamda nağıl və dastanlardan, atalar məsəllərindən, el adətlərindən törəmə duyumlar, istinadlar geniş yer tutur.

“Paşam, yağış havasıyam,
Daman buluddan gəldim.
Dağda qurut nəmləndi,-
Aranda tutdan gəldim...”


“Yağış havası” haqq sevənlər üçün haqqın vegisi kimi müqayisəyə gəlir. Adamı da şairlik tuta bilir. Yağış, qar havası kimi. Yəni necə? Yağışa, qara düşmək kimi. Buna da vergi deyirlər. Yağışın, qarın bir yerdə adamı qəfil haqlamasından dastan poetikasında söz açılır. Şairlik də belədir, taledir, bəxtdir. Şeirin bu bəndində haqqı görən şair fəhmi buludun dammağından özünü nişan verir. Məsələn, “yağışdan gəldim” yazmır. Bu, bir halda “buludun” yağışdan daha poetik ilgincliyi ilə, bir halda şeirin texniki qayda-qanunları ilə bağlıdır. Orada b, l, d, m samitlərinin doğurduğu fonetik emosionallığı nəzərdən qaçırmaq olmaz. Şeir boyu söz və ifadələr ilk ağıla gələn mənanın deyil, əsil poeziya ünsürü kimi götürülə bilən fonetikanın, sintaksisisn materialı olaraq seçilibdir.

Haqqa doğru yol gedənlərin mərifət sarıdan dolu olmağı lazımdır. Siratdan keçmək eşq əhlinin yetə biləcəyi əsas sufi-irfan keçidlərdən axırıncısıdr.

“Osman, yarıdan döndüm,
Bir az anrıdan döndüm...
Gedib Tanrıdan döndüm,
Keçib siratdan gəldim”.


Osmanın oddan, sudan, külək və torpaqdan poetik səviyyədə söz açması qədim soykökümüzdəki inanclarımızla bağlıdır. Qurd totemizmi ilə bağlı əski inanc və kultdan gəlmə fikirlər şeirlərində tez-tez yer alır. Dərviş azadlığı ilə “gəzib-dolanmaq”, eyni zamanda, dərviş səliqəsizliyi, pəjmürdə saçlar, çirkin üst-baş yada salındıqca şairin “məqsədləri” həyata keçmiş, kreativ mülahizələri təsdiqini tapmış olur və eyni zamanda ruh azadlığına qovuşaraq yeni bir əbədi, ədəbi həyat qazanmış olur.

Verər verdiyini Tanrı bəndəyə,
Bəs nədən əlimi salar kündəyə?!
Başdan-ayağacan kir içindəyəm,
Çirklənmiş şəhərin havası kimi.

Bax burada şair gizli kodla söyləyir ki, onun şəhəri elə əsil dərvişlər yurdudur və ya dünya özü köhnə bir dərvişdir, payını vaxtında vermək lazımdır. Şeyxliyin, sufiliyin ağrı-əzabları çox olduğu kimi, çətin, məşəqqətli yolları da bitməz-tükənməzdir. Abdallıqdan Şah İsmayıl kimi şahlığa da ucalmaq olar, mürşidi-kamil yolunda dara da gedib çıxmaq olar. Məsələn, Pir Sultan Dədə kimi.

Ay Osman, çox işlər yolunda gedər,
Küləyə verməzsən illəri hədər...
Gözəl söyləmişdi Pir Sultan Dədə,
Ya şaha gedərsən, ya dara sarı.


Burada “mürşidi-kamilim, Şeyx oğlu Şahim” yazan Şah İsmayıl Xətai ilə ruhən yaxın görünür. Bütün bu keyfiyyətlər Osman Fərmanoğlunun ədəbi dəyərləndirmələrini qədim ortaq türk bədii qaynaqlarına bağlayır. Hər halda bəlli ideyalarla zəngin bir ədəbi sistemin daşıyıcısı olmaq qələm müdriklərinin məsuliyyətini dərindən-dərinə artırır. Üstəgəl burda “söz qədri bilmək” də var ki, zənnimcə, Osman Fərmanoğlu ləyaqətlə o ilginc vəzifənin öhdəsindən gəlməyi bacarır. Gəraylı, qoşma üstündə özünü fasiləsiz kökləyən şairin “ağır” yazıları da çoxdur. Bu silsiləni Osman bəy “Ağır şeirlər” adı ilə təqdim edir. Bu sırada on dördlük, on beşlik, on altılıq onun nəfəsinin daha diapazonlu olduğunu göstərir.

Osman, yenə oturmadıq ağ baxtların ağ atına,
Azadlıq yaxşıdı, pisdi, nə vaxt baxdıq ki, dadına?
Ocaq korun-korun yanar, qızınan yoxdu oduna,
Üstümüzə gələn qarmı qara qapının dalında?!


Şairi, həm də oxucunu həyatın bu üzündə ləngidib saxlayan bu cür bədiiyyatın doğurduğu ovqata bürünərək uzun-uzun düşünməyə fürsət yaranır. Doğru bir ictimai-siyasi əhvalatın poetik dəst-xətlə qələmə alındığının gözəl nümunəsi olaraq aşağıdakı bəndi də əlavə edək.

Ağac özünə ar bilməz yarpaq- yarpaq tökülməyi,
Birdaş-birdaş qurulanın zamanladı sökülməyi...
Osman, nəfəs alan bilər, qabarmanı, çəkilməyi,-
Bir şərəfli ölüm də var yaşamaqdan o tərəfdə.


Osman Fərmanoğlu kimi şair-vətəndaşların bu tərəfdə də şərəfli yaşamağı hər şeyə dəyər. Xalq şeiri üslubuna bu qədər geniş masştabda bağlı olan bir sənətkarın həm də sərbəst vəzndə yazıb-yaratması bir daha onun üslubundakı yeniləşmə meyillərinin ardıcıllığını, davamlılığını sübut edir. Bu baxımdan, şairin divaniləri ağır təhkiyəsi, orijinal epitetlərin əlvanlığı ilə diqqəti cəlb edir. “Elçibəy divanisi” adlı şeirində milli lider, demokratik dəyərlərə adı və əməlləri ilə sayğı və rəğbət qazandıran Əbülfəz Elçibəyin bir dövlət adamı və şəxsiyyət kimi əsas keyfiyyətləri obrazlı şəkildə qələmə alınır. Əbülfəz bəyi “Tanrının bu millətə son lütfü” kimi dəyərləndirir.

Həyatda kimin nəyi təqdir etdiyini öyrənincə, insanlar haqqında daha səhih məlumatlar əldə etmək mümkündür. Osmanın bütöv görünmək yox, bütöv təşkil olunmaq niyyəti onun şəxsiyyətinin saflığından, kamilliyindən xəbər verir. Yuxarıda qeyd etmişdik. “Mürşidi-kamilim...” Şair qardaşımız lap alınmaz qədim qalalar kimi köklü, dayanıqlı, əsatirli-dastanlı, necə deyərlər, dev tutumlu görünəndə, bu həm də bizim qazanacağımız bir işdir.

Ürəyində boy atan arzuydu bütöv olmaq,
Alınmaz qala olmaq, basılmayan ev olmaq.
Özünə sahib çıxan gen sinəli dev olmaq,-
İsaq-Musaq quşutək çağırar, ötər ömrü.

Əzrayıl təngnəfəs, kəsilməz hələ nəfəs,
Azadlıq axtarana dar gələr sinə - qəfəs...
Ümid işartısıdı işığa çağıran səs --
Cahillərin əlindən qoparar qədər ömrü.


Osman Fərmanoğlunun ömrünə qədərdən, ilahi ehtiyacdan, arzulardan, istedaddan, ilhamdan gələn şairlik taleyi, qisməti başqalarının da həyatından keçəcəksə, arzuları, taleləri ilə üst-üstə düşəcəksə, bu, ədəbiyyatımızın uğurlarından sayılacaqdır. Güvəndiyi haqqın yolu, gedəcəyi yolun kəraməti ümidləri, işıqları onun əlindən almasın.

Zakir Məmməd Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ