Yol verməyin, başı dumanlı dağlar.. - Mehman Qaraxanoğlu

Tarix:5-03-2018, 16:25 Baxış Sayı:706

Yol verməyin, başı dumanlı dağlar.. - Mehman Qaraxanoğlu
Azərbaycan Respublikasının Əməkdar Müəllimi, əziz dostumuz Hüseyn Şahbəndəyevin 60 yaşına

Dostlar haqda yazmağı çox zaman “sonra”ya saxlayırıq. Yolumuzu kəsən, əl-qolumuzu bağlayan, deyəsən, bu qədim arxetipdir: “Dostdur da, qaçmır ki?”. Həqiqətən, dostlar qaçmır... Bu, işin “xeyirli” tərəfi... (İnsanoğlu birinci xeyirli tərəfini düşünür!). Bəs “xeyirsiz” tərəfi?! Zaman-zaman yığılan, üst-üstə qalaqlanan, artıb çoxalan xatirələrin içərisindən ən mühümlərini “yaşın bu çağı”nda (Məntiqi vurğu altına saldığımız bu birləşmənin üstünə yenə qayıdacağıq!) seçib ayıracağımıza əmin ola bilərikmi?! Bu an biz o “xeyirsizliyin acısı”nı çəkirik. Haradan başlayaq?! Xatirələr sağı, solu, önü görməyə macal vermir. Bu, gur yağışın altında şüşətəmizləyənin hərəkətinə bənzəyir. O, yetirə bilmədiyindən görmə minimuma enir. Amma “irəliləməliyik”...

Qarşımızda nurlu simasıyla Müseyib əmi dayanıb, arxa tərəfində oğlu yaşında olan bir qonağın, yəni mənim yanımda az qala həyat yoldaşı ilə kəlmə kəsməyən, yaşmağı üzündən bir an belə düşməyən Güllü ana, onun sağında bacım, adıyla çağırmadığımız, yalnız “Bacı” söylədiyimiz, doğrusu, adını yadımızda heç bir zaman saxlamağa cəhd eləmədiyimiz, nədənsə hər dəfə görəndə Cavid əfəndinin xanım-xatun qızı Turan xanımı bizə xatırladan bacımız - özünü, səadətini ev-eşiyə, istəkli qardaşlarına fəda edən Səadət bacımız, solunda Hüseyndən kiçik oğlu Səhrad, evin, həyət-bacanın işıqlı fonu, divardakı xalçanın üstündən asılmış saz, Dəlidağdan dəli kimi enib gələn Barıtlının iki qolunun – Tutqu çayla Ağcanın bir göz qırpımında Başlıbelin tən ortasından azad sevgi simvolu kimi qol-boyun olub uçuşu, Dəlidağa salam salam verib cavab alan dəliqanlılar – sonralar məlum hadisələrin ağrı-acılarını büsbütün içinə hopdurub son anda tablaşa bilməyəcəyini hiss edərək üzünü yurda tutub “Ya çəki daşım ol, ya baş daşım!” deyib hayqıran Elman, (Bu hayqırışları elə zamanındaca baş redaktoru olduğu və 90-cı illərdə gənclərin azad düşüncə tribunasıa çevrilmiş “Gənclik” dərgisində başlığa çevirib diskussiya açan azadlıq mücahidlərimizdən olan şair Məmməd İsmayıla salamlar olsun!) qaya parşası kimi möhkəm, sakit və düşüncəli görünən Kazım, Nuşirəvan, kəndin ağsaqqal və ağbirçəkləri və bir də tələbəlik illərində nə üçünsə intiutiv olaraq “Başlıbelli Hüseynə” şeirimiz dayanıb:
Çal, dostum, qurbanam sazın dilinə,

Bəmində, zilində min Kərəm yanar.
Mizrabı asta vur Əsli telinə,
Kərəmin naləsi ərşə dayanar.
Sazın pərdəsində isti göz yaşım,
Əridər sazağı, əridər qarı.
Kərəmin külünə dəymə, qardaşım,
Əslinin külünə qarışsın barı...


Bu dəqiqə, bu an bu kiçik mətn bizi istər-istəməz daha qədim və məchul bir mətnin içərisinə “itələyir”. Sanki dərəyə yuvarlanırıq. “Əsli və Kərəm” dastanında Mahmudla Məryəmin ilk görüşünü xatırlayırsınızmı? Ova çıxan Mahmudun tərlanı gözəl bir quşu qabağına qatıb qovur. Quş gəlib qonur Məryəmin qucağına. Tərlan da özünü quşa yetirib tutmaq istəyir. Qız tərlanı da tutur. Mahmud özünü yetirir və qızı görüb ağlı başından çıxır. Qızın: - Oğlan, kimsən? İznsiz bu bağa niyə girmisən? – sualına Mahmud görün nə deyir:

Ay gözəl qız, səd afərin əslinə,
Alagözlüm, tərlanımı gətir ver.
Mənəm o tərlanın ovçu səyyadı,
Alagözlüm, tərlanımı gətir ver.


İlk görüşündə tanımadığı, əslinə, nəslinə bələd olmadığı adamın kökünə, soyuna, əslinə “afərin” demək nəsə absurd görünür. Amma reallıqdır! Beləcə, Məryəm Əsliyə dönüşür. Biz Məryəmləri ilk baxışdan Əsli edənlərik. Bəlkə də bu, geniş ürəkliliyimizdən, reallığı olduğundan daha gözəl görməyimizdən dolayı bir nəsnədir, amma bu hal məhz özümüzü “yandırıb”.

Yurdumuzun başına gələn məlum hadisələrin bir səbəbini də burada axtarmaq gərəkir. Ən azından, qara keşişin sözlə ifadə olunmayacaq qəddar xislətini deşifrə edə bilsəydik, baş verəcəklərə “ ruhən” hazır ola bilərdik. Külfətini götürüb qaçan qara keşişin kediyi yerlərin coğrafiyasına fikir verin: Gəncə, Tiflis, Ərzurum, Qars, Bayazıd, Van, Ərdahan, Qeysəriyyə, Alviz dağı, Hələb... Qara keşişlərə qucaq açan da doğma məkanlarımız olub. Bəlkə də, dostumuz Hüseynə yazdığımız o şeir olmasaydı, bu düşüncələr də olmazdı. Bugün qara keşişlərin keçib getdiyi və xülyalarında daimi sığınacaq hesab elədikləri yerlər yenə də həmən həməndir. Biz, deyəsən, Əbu Turxanın (Fərabinin) söylədiyi bu fikirlərin yanından çox “yeyin” ötüb keçmişik: “Tarix iki halda təkrarlanır: ibrət götürəndə – yaxşı məqamlar, götürməyəndə pis məqamlar təkrar olunur”.

İnsanoğlu da təkrarlar arasında var-gəl edir... Məhz belə çətin məqamlarda ayaq üstə dayanmaq, özünü, ailəni və doğmalarını tufanların içərisindən sağ-salamat keçirib qabaqcadan müəyyənləşdirilmiş hədəflərə çatdırmaq ağır zəhmət, səbr və qətiyyət tələb edir. Ailənin böyük övladı kimi əziz tələbə dostumuz Hüseyn bunları bacardı. Nəinki bacardı, gözəl Vətənimizin ona bəxş etdiklərinin üstünə gözəl “əlavələr edib” borcundan çıxmaq istəyir. Həyat yoldaşı Xuraman müəllimə ilə əl-ələ verib övladlarını - Elməddini, Sənanı və Cavidi doğma ocağa, torpağa, yurda cevgi ruhunda böyütdü...

Hüseyn Şahbəndəyev bu gün ölkənin ən qabaqçıl maarif işçilərindən biridir. Uğurları o qədər çoxdur ki, adam bilmir haradan başlasın. O, Azərbaycan Respublikasının “Əməkdar müəllimi”dir. “Ən yaxşı müəllim müsabiqəsi”nin qalibidir. 100-dən artıq elmi-pedaqoji-metodik və publisistik məqalənin müəllifidir. Təhsil Nazirliyinin 2015-ci ildə “Kiçikyaşlı məktəblilər üçün bədii əsərlər” Respublika müsabiqəsinə təqdim etdiyi 20-dən çox şeir və mənzum hekayədən ibarət toplu 3-cü mükafata layiq görülmüşdür. “Başlıbel” etnoqrafik məlumat kitabının və “ Əli və Nino romanının təhlili” adlı metodik vəsaitin müəllifidir. 2010-cu ildən “Ədəbiyyat” (11-ci sinif üçün) dərsliyinin rəsmi rəyçisidir. Bir çox beynəlxalq konfransların iştirakçısı və məruzəçisi olub.

Şagirdlərinin nailiyyətləri də saysız-hesabsızdır. Respublika olimpiadasında müxtəlif illərdə 4 nəfər 1-ci yer, 1 nəfər 2-ci, 1 nəfər 3-cü yer, 1 nəfər Ümumdünya Poçt İttifaqının inşa-müsabiqəsində 3-cü yer, 1 nəfər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş şifahi təqdimat müsabiqəsində 3-cü yer tutmuşdur.
Yol verməyin, başı dumanlı dağlar.. - Mehman Qaraxanoğlu
Qazandığı və bundan sonra da qazanacağı uğurları öz yerində, amma biz Hüseyni daha çox tələbəlik illərindən bu yana Dəlidağsayağı yerində qürurla dayanan, mərd, dəyişilməyən Kişi xasiyyətinə, həssas və həssas olduğu qədərincə kövrək, pak Uşaq xarakterinə görə çox sevirik. “Zəmanə ancaq dayazda olanları dəyişir; dərin qatlara nüfuz edə bilmir”. (Əbu Turxan)

Xırda bir detal da onu təsirləndirə bilir. Bu hal ən çox şairlərə xasdır. Tələbəlik illərində Hüseynin şeir yazdığını dostlarımızdan heç kəs – nə Avdı, nə Adil, nə Şakir, nə Şahid, nə Əsgər, nə Murad deyə bilər. Hacı demişkən: “Tooba, biz onun şeir yazdığını bilmişik”. Amma bu günlərdəki telefon danışığımız Hacının və hamımızın heyrətinə son nöqtəni qoydu: “Kəlbəcərdə kəlbəcərlilərdən, Bakıda da sizlərdən zəif yazdığımı görüb şeirlərimi gizlədirdim”. Bu, sözün bitdiyi yerdir! Əsl Kişi etirafıdır. Amma bu sözlərdə təvazökarlıq daha çoxdr. Hüseyn heç də xalq üslubunda yazan şairlərdən zəif yazmır, lap bəzi hallarda onları da geridə qoyur. Çünki o, təşbeh və metaforalar üzərində variasiyalar eləməklə şeir yazmır, özünü ifadə edir, öz həyatını, taleyini yazır:

Yorulub dağların səssizliyindən,
Düşüb maşınların dalına, gəlib.
Darıxıb insansız, tənha dərədə
Sığınıb yolların ağına, gəlib,
Bu duman yolunu azıb, deyəsən.
... Gəlib yaddaşları oyandırmağa,
Ölən yurd həsrətin canlandırmağa,
Gəlib sinəmizi odlandırmağa,
Üşütməmi düşüb canına, gəlib?
Bu duman yolunu azıb deyəsən.


O dumanın yolu azıb o qədər yolu keçib gəlməsinə inanmırıq. O dumanı əziz dostumuz özüylə gətirib şəhərə. Bu, çox-çox əvvəl olub, heç onun da yadında qalmayıb... Bu, sadəcə, bir qarabasma, bir yuxudur. Amma bu yuxunu Hüseynin yaddaşdankənar yaddaşı görüb. O yaddaş həmişə oyaqdır, diridir.

Saza, sözə bağlılıq Hüseynin fitrətindədir. O, sazda çox gözəl ifa edir. Özünün də gözəl səsi vardır. Bunu Adilin 60 yaşına yazdığımız mətndə vurğulamışdıq: “Gərgin polemikalardan sonra aramızda sülhəbənzər bir istilik yaranardı. Və bu istiliyin təmasından Hüseynin səs telləri elə yumşalardı ki: “Bir pərdənin iki səsi, Biri sənsən, biri mən, Bir almanın iki üzü, Biri sənsən, biri mən...”. İslam Rzayevin oxuduğu bu mahnını Hüseynin ifasında sevdik. Biz bir pərdənin iki səsi və bir almanın da iki üzünün olmasına inanmışdıq. O üzlərdən biri biz idik. Bəs o birisi?! Hətta çox zaman “liberal” mövqeyi ilə seçilən tələbə dostumuz Şahid də bu sualın əlində əsir-yesir qalardı. Sentimental Murad bu sualın gerçək cavabının siqaret tüstüsünə yazıldığını bildiyindən bayıra cumardı...”.

Evinə düşdünmü, vay sənin halına. Çöldə, dışda, bir sözlə, evdən kənarda meydan geniş olduğundan “müqavimət” göstərə bilərsən! Doğma divarlar arasında isə... Açdığı sürfədə bütün (Məhz bütün!) təamların dadına baxmasan, səni buraxdı yoxdu. Desə: Otur!- oturmalısan, “dur!” durmalısan. Əgər qoltuq cibindən biletini çıxarıb desən ki, bax, qardaş, qatarımız 23-15 dəqiqədə qalxır, yüzə yüz əmin ol ki, o, səni 23-16-dəqiqədə buraxacaq.

Bu Adil Həsənoğlunun Hüseynə ünvanladığı ürək sözləridir: “Hərdən mənə elə gəlir ki, Azərbaycanın fiziki coğrafiyasını orta məktəbdə, mənəvi coğrafiyasını isə tələbəlik illərində öyrənmişəm. Bəxtimdən də qrupda sinif yoldaşım Cahandan başqa hərə bir regionu , bir obanı təmsil edib. Cəmi dördcə ildə bu gözəl insanlar doğulub boya-başa çatdıqları regionları mənə necə tanıdıblarsa, sonrakı illər düşüncəmdə elə də ciddi bir dəyişiklik yarada bilməyib. İllər boyu hər bir astaralıya Mehman, qubadlılıya Hacı, cəlilabadlıya Şakir, qəbələliyə Şahid, qazaxlıya Avdı, naxçıvanlıya Əskər, imişliliyə Murad, bakılıya Afaq, şəkiliyə Sevda, göycalıya Aybəniz və s. kimi baxmışam. Xoşbəxtlikdən həmin regionlardan sonradan tanıdığım insanlar da tələbəlik illərimin mənəvi dünyasını zədələnməyə qoymayıb. Bu tələbəlik illıərimin yadigarlarından biri olan, soyadından Şah bəndəsi kimi bəllirlənən Hüseyn Şahbəndəyev də mənə Kəlbəcəri sevdirən, onun mənəvi dünyasını tanıdan Haqq bəndəsidir. Hərdən mənə elə gəlir ki, Kəlbəcəri, İstisuyu, Dəlidağı, Aşıq Şəmşiri, ordakı insanlara məxsus sədaqəti, etibarı, qonaqpərvərliyi, kişiyənəliyi Hüseyndən öyrənmişəm. Dörd ildə tanıdığım Hüseyn qırx ilə yaxın müddətdə dağ boyda Kəlbəcər itkisinə rəğmən nikbinliyin, pozitivliyin, qürürluluğun itirməyib. Dostyana məclislərimizdə sazı dilləndirən Hüseynin gözlərində bir fərqi sezmişəm: Ketsxoveli 108-dəki auditoriyalarda dil-dil ötən Hüseynin gözləri, daha işıqlı, daha parlaq, daha sevgi dolu idi. İndi titrək barmaqları saza toxunan Hüseynin gözlərindən bir kədər, bi Başlıbel, Dəlidağ, Kəlbəcər ağrısı boylanır. İndi Hüseyn səbri, dözümü, rəftarı yerində olan ailə başçısı, nağılı, payı bol baba, şagirdlərini ucalda-ucalda özü ucalan Əməkdar müəllim, yaxınlarını unutmayan, arayan, axtaran etibarlı dostdur. İndi Hüseyn mahiyyətcə çox şeyə sahibdir. Bu bolluqda Hüseynin gözlərinə kədər rəngini hopduransa Kəlbəcər itkisidir, ata-anasının uyuduğu müqəddəs torpağın yağı düşmən əlində olmasıdır. İçimdəki inam mənə pıçıldayır ki, yaxın zamanlarada Hüseynin gözlərindəki o kədərin itdiyini görəcək və heç vaxt olmadığım Kəlbəcər torpağında onunla birgə addımlayacağam. 61 yaşını Kəlbəcərdə qeyd edək, qardaşım!”

Tələbə dostu Şakir Paşayev: “...Bizi bir-birimizə bağlayan düşüncələrimizin yaxınlığıdır. O vaxtkı günlərimiz birlikdə keçər və bundan heç zaman usanmazdıq, ən mübhəm sirlərimizi etibar edərdik, bəzən bir sözlə, bir baxışla bir- birimizi anlardıq.Düz deyirlər içdən yaxın bir dostun varsa, qalanı təfərrüat. Tez-tez görüşürük, buna içdən gələn bir ehtiyac duyuruq təbii, və mən hər dəfə təkrarən Hüseynin necə bir Dəyər olduğunu anlayıram...Həyatımdan o qədər adam gəlib keçdi ki, heç biri ürəyimdə qala, yanımda dura bilmədi, amma Hüseynin yeri heç dəyişmədi, harada idisə, elə orada qalmışdı öz vaxtını, məqamını gözləyənlər kimi. Varlığı mənim üçün həmişə dəyişməz qalan, yeri hər zaman görünən, mənə sevinc, göz yaşı, qürur, təsəlli hissini bir arada yaşadan, həyatıma rəng qatan İNSAN...Özümə belə etiraf edə bilmədiyim sirrimi deyə bildiyim, səni özündən əvvəl düşünən DOST...Qarşıda gözəl işlər görmək və məqsədyönlü həyat sürmək üçün imkanlarla dolu gözəl günlərin olduğuna inamını itirməməyi, güclü, cəsarətli olmağı, onlardan qorxmamağl ondan öyrəndim. Çəkdiyin əzablar dözülməz olanda belə həyata nikbin baxışını itirmədin, ruhdan düşmədin və inanırsan ki, bir gün yuxularında getdiyin yerlərə dönəcəksən və mən də Kəlbəcərdə - Başlıbeldə Hüseynlə görüşəcəyimin xəyallarını qurmaqdayam. Yuxuların çin olsun, həsrətin vüsala çevrilsin, əziz DOST.... Nə yaxşı ki, sən bizim həyatımızda varsan...”

Şakirlə Hacını burda da ayırmağa cəsarət etmirəm və Şakirin ardınca Hacı Nərimanoğludan sitat əlavə edirəm: “Hüseynin biz tələbə dostlardan üstünlükləri var; Allah ona həzin, ürəyəyatan səs verib, tələbəlikdən indiyədək bu səsin istisinə çox qızınmışıq, o səs də bizi birləşdirən, doğmalaşdıran amillərdən olub. Kəlbəcərli olasan, sazla həmdərd, həmsöhbət olmayasan-bu qabililiyyəti də var. Duyğulu, kövrək notlu şeirlərinin dadı, tamı son illər getdikcə daha da şirinləşmədə, müdrikləşmədə. Dostumuz sazı, sözü, səsiynən, təpədən dırnağa bağlı olduğu müəllimliyi ilə, ailəcanlığı, dostluğa, duz-çörəyə sədaqətiynən bütövdür. Hüseyn tələbəliyimizə ən çox bağlı olanımız, içimizin ən yanımlısı çıxdı; tam bir qərinə sonra 108-ci qrupumuzu qızlı, oğlanlı (kişili, qadınlı!) Bakıya topladı, mənalı, xoş bir gün yaşatdı bizə. Ağlı, savadı, halal zəhməti - mahir repetitorluğu ilə maddi təminatını da qurub, gözəl ailəsi, ata-analarına layiq qədirbilən övladları var dostumuzun, başacan olsun. Məni Hüseynlə son 25 ildə daha da doğmalaşdıran, yaxınlaşdıran bir ümumi dərd var-yurdsuzluq. Bu dərdi bölüşə bildiyim 3-5 nəfərdən biri Odur. Çatışmayanın diləyirəm dostuma-Ulu Yaradan səni Kəlbəcər, Adili Zəngilan, məni Qubadlı, xalqımı Bütöv Azərbaycan həsrətinə qovuşdursun, qardaş!”

Hüseynin 60-ı da təkrarolunmazdır, heç kəsin 60-na bənzəməz. Onu bənzərsiz edən naxışlardan biri özündən kiçik qardaşı Səhradın da martın 5-də 55 yaşının tamam olmasıdır...

Biz yenidən “yaşımızın bu çağı”na qayıdırıq... 60-ı keçən, 60-a yetən və 60-a yetməkdə olan tələbə dostlarımız vardır. 60 çox qəribə bir yaşdır. Bəlkə də, sağ tərəfində duran sıfırdır onu qəribə edən?! Bütün tərəfləri hasarlanmış o sıfır sanki bir çıxılmazlıq fonu yaradır. Elə bil, tək xəfiyyə gözü ilə nəyəsə göz qoyur. Amma nəyə?!

Bəlkə dostumuzun yazdığı kimi, o sıfır da o duman kimi yolunu azıb gəlib? Yox! O rəqəm öz halalca yerində qərar tutub. Hər şey sıfırdan başlanır. Ondan sonra isə əvvəlin, başlanğıcın müjdəçisi 1 gəlir. Əvvəlin, başlanğıcın mübarək, əziz dost!

Mehman Qaraxanoğlu


Hüseyn Şahbəndəyevin şeirlərindən:

Dəlidağ yuxuma girib bu gecə

Dəlidağ yuxuma girib bu gecə
Baş alıb dağlara getməyim gəlir.
Uca dağ başında bir alaçıqda
Çətəni çubuğa düyməyim gəlir.

Elə darıxıram yaylaqdan ötrü
Şehli çəmənində narın iz salım.
İyulun sonunda soyuqdan donub
Çoban yapıncısın çiynimə salım.

Azım dumanında, itim çənində,
Zərrəcə dağlardan incik qalmayım.
İsti sac üstündə bişən kətədən
Bircəsini yeyim, 100 il yaşayım.

Atılım havalı bir at belinə
Qarışım dağların yelinə, gedim.
Dərəni ağzına alan çayların
Sinəmi bənd edim selinə, gedim.

Dənizə bənzəyən pak səmasının,
Qaş-qabağın tökən vaxtına düşüm.
İlahi, möhlət ver ömürdən barı
Qibləm o dağlardır, ora yetişim

İmran oxuyanda

O səs qulağımda gəncliyin səsi,
O səs Başlıbelin buz bulağıydı,
İmran oxumurdu, onun nəfəsi,

Güllü yaylaq idi, qarlı dağ idi...

O səs itkin düşən Növrəs İmanın
Elindən, yurdundan nigaran ruhu,
Kəlbəcər elində aşıq Qurbanın,
Bu günə yetişmiş sorağı idi.

İmranın nəfəsi toyda özgə bir toy
Gözəllər mağarda çiçək çələngi.
Gənclər yar müştağı, qızlar intizar
Toyxana elə bil bəxt ocağıydı.

Ay aşıq axtaran,o səsi tut get,
Dərənin dibindən ərşə ün apar,
Telli saz əlində oxuyana bax,
Müdrik ozanların ozanı idi…

Elə bil milyon il keçib o vaxtdan
Haradan könlümə düşüb bu səda?
Dəlidağ nəfəsli bir ustad aşıq
Bu gecə Hüseynin qonağı idi


Məhəbbət
(əməkdar artist Məhəbbət Kazımova)


Ölüm haqq borcudur, yaranan gedər,
Hamını yandırıb-yaxdı Məhəbbət.
Laçın həsrətilə bülbültək ötdü,
Behişti gəzməyə çıxdı Məhəbbət.

Şaqraq zəngulələr bulaqtək axır,
Səs deyil yanıqlı, alovdur, oddur,
"Laçınım" oxunur, kainat susur,
Laçın laçın yurdu, tərlan yurdudur.

Düşmənin canını alır vəlvələ,
Dayana bilərmi ər savaşına,
İgidlər silahı alacaq ələ
Alacaq, vay onda yazıq halına...

Əcəl öz yanına apardı onu,
Məhəbbət itkisi xalqı dağladı,
Bu dərdə dağlar da səssiz qalmadı.
Dəlidağ ağladı, Murov ağladı.

Ölüm haqq borcudur, borcunu verdi,
Hamını yandırıb-yaxdı Məhəbbət.
Laçın həsrətilə bülbültək ötdü,
Behişti gəzməyə çıxdı Məhəbbət.

Dilqəm və Şahbaza

Atama deməyin əsirlikdəyəm,
Vətən havasını udub dözürəm.
Allahın verdiyi ömür nədir ki…
Adımı daşlara yazıb dözürəm.

Geymişəm əynimə bez kəfənimi,
Vermərəm yağıya öz vətənimi,
Öyünmə, sevinmə, gözlə dəmini,
Qisas günümüzü anıb dözürəm.

Arxasız igidəm, yoxdur köməyim,
Hər gecə qanıma batır köynəyim,
Erməni önündə niyə göynəyim?!
Ruhumu salamat görüb dözürəm.

Məhbəsdə olmağım icitmir məni,
Təsəllim yurdumda nəfəs almaqdır,
Tənhalıq, yalqızlıq sıxır qəlbimi,
Dustaq harda olsa, yenə dustaqdır.

Atama desəniz inanmaz, vallah,
O elə bilir ki, dördböyrəyəm mən,
Bir gün bu qapını açacaq Allah,
Yenə Kəlbəcərə gələcəyəm mən.

Atama deməyin əsirlikdəyəm…

Xatırla məni

Hər bahar gələndə xatırla məni,
Çiçəklər açanda xatırla məni,
Ağaclar gecənin ayrılığından
Gözünü sıxanda xatırla məni.

Arılar çiçəyə, gülə qonanda,
Qərib bənövşələr boynun buranda,
Torpağın ahından buxar qalxanda,
İldırım çaxanda xatırla məni.

Baharda gəlmişəm bu dünyaya mən,
Xınalı daşlarda səsim var hələ.
Güneydə dərələr səsimi udub,
Moruqlu sinədə izim var hələ.

Kəlbəcər yağıdan alınan gecə,
Bilirəm, yenidən doğulacağam,
Əlimə gərməşov ağacı alıb,
Başlıbelə sarı yollanacağam.

Bircə yaddaşını qoru, amandır,
Küncündə balaca bir yer ver mənə.
Unudanı dünya yaman unudur,
Qayıdıb gələrəm öz məskənimə…

Hər bahar gələndə xatırla məni,
Çiçəklər açanda xatırla məni,
Ağaclar gecənin ayrılığından
Gözünü sıxanda xatırla məni.

Nəvəm Hüseynə

İki Hüseynin arasındayam,
Nəvəm Hüseyndir, babam Hüseyn.
Birinin borcundan heç çıxmamışam,
Birinə qurbandı canım, Hüseyn.

“Düşmən toxmağıdır oğul” ,-deyiblər,
“Oğul, noğul”,- deyib boyun öyüblər,
Ataya oğluyla qiymət veriblər,
Ucalsın adınla oğlum, Hüseyn.

Şirin gülüşlərin əskik olmasın,
Ömrün bahar olsun, daim solmasın,
Dünyada heç nədən qəmin qalmasın,
Mən sənin ağrını alım, Hüseyn.

Sən mənim babamsan, mən sənin baban,
Sevinsin adınla, nəslin, oban,
Kimdir bu dünyada əbədi qalan,
Yaşasın adınla adım, Hüseyn.
21.04.2017.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ