Salam, Xocalı dərdim...- Xocalılı şairin şeirləri

Tarix:26-02-2018, 10:12 Baxış Sayı:423

Salam, Xocalı dərdim...- Xocalılı şairin şeirləri

Manera.az Xocalılı şair Ələmdar Quluzadənin şeirlərini təqdim edir:

SALAM, XOCALI DƏRDİM

Mən qoynunda doğuldum, sən içimə köçmüsən,
Nağıl dili olmasın, qıl körpüdən keçmisən,
Nəyinə güvənmişəm, nəyimə and içmisən?
Toyuna, bayramına bir vaxt salam verərdim -
Salam, Xocalı dərdim!

Qırxqız mehi mizrabın, Qarqar qopuzun idi,
Çölün də, çınqılın da şəkərin, duzun idi,
Qoynuna qısılanda qolların uzun idi.
Sənə ana deyərdim, mənə oğul deyərdin -
Salam, Xocalı dərdim!

Əlim ətəyə çatmır, əlim göylərə dəyir,
Ələyənlər ələyib əyilməzləri əyir,
Yetim uşaq görəndə yaralarım göynəyir.
Bu dərd tək mənim olsa ürəyimdə çəkərdim -
Salam, Xocalı dərdim!

Qara, qərib daşı var hər əyilən xurcunun,
İstəyi gizli deyil burnumuzun ucunun,
Sağlığım istəyir axı borclu borclunun.
Sənin dərdin olmasa bəlkə çoxdan ölərdim -
Salam, Xocalı dərdim!

Məni daştək kündələ, məni qum kimi yoğur,
Bu dünyanın havası məni dördəlli boğur,
Üzümə bahar doğmur, üzümə payız doğur.
Əlim əlinə dəysə ayağını öpərdim -
Salam, Xocalı dərdim!

Mən qanımı görmüşəm düşmənin qaşığında,
Eşqim dəli olubdur həsrət yaraşığında,
Tonqal çatacağam mən bu dərdin işığında.
Sevincim inciməsin, mən dərdimə güvəndim -
Salam, Xocalı dərdim!

Ürəyin ülkər qızı, idrakın nizəsi var,
And mənə köhnə dostdur, sözümün təzəsi var,
Sevincin sirri bəlli, dərdin möcüzəsi var;
Pencər kimi biçilib, xəncər kimi göyərdim -
Sağ ol, Xocalı dərdim!
Sağal, Xocalı dərdim!
Salam, Xocalı dərdim!

GÖZLƏ, XOCALI, GÖZLƏ

Sinəmizdən vurulub, gözümüzdən batmışıq,
Xumarlanan fillərin qulağında yatmışıq,
Adına küçə verib, abidə ucaltmışıq –
Gözlə, Xocalı, gözlə.

Bir məslək qulu deyil sözümüz, söhbətimiz,
Gözünü döyə-döyə dözəcək millətimiz.
Ha deyirik birləşək, tutmur məsləhətimiz –
Gözlə, Xocalı, gözlə.

Vəzifələr mübarək, işdah diş altındadır,
Əlimiz, ayağımız ağır daş altındadır.
Şuşa - Laçın düyünü deyən Daşaltıdadır –
Gözlə, Xocalı, gözlə.

Sökülüb tökülübdür çoxumuzun çuxası,
Çoxları kabinetin komendantı, koxası.
Əlimizə keçməyir bir xainin yaxası -
Gözlə Xocalı, gözlə.

Hərə birtəhər çəkir evinin çax-çuxunu,
Adına ehsan verib yozmadayıq yuxunu.
Şəhidlərin ruhuna hələ yasin oxunur –
Gözlə, Xocalı, gözlə.

Başımda töhmətim var, başıma kül tökülmür,
Evin yıxılan eldə mənə çadır tikilmir.
ATƏT-də, BMT-də Şəhid adın çəkilmir –
Gözlə, Xocalı, gözlə.

Cəbrdən nə bilirdik, cibdə üst-üstə gəldik,
Ötməyə, ötürməyə bir-birdən ötə gəldik.
Ümidim üzülməyib, bəlkə qeyrətə gəldik –
Gözlə, Xocalı, gözlə.

Adam var barmağına bircə tikan batmayıb,
Mürgülü vicdanını yuxudan oyatmayib.
Dərdini danışmağa hələ növbən çatmayıb –
Gözlə, Xocalı, gözlə.

Tarın ürəyindəki nağarada çalınmaz,
Xəyanətlə verilən siyasətlə alınmaz.
Gözlədik, gözümüzdə göyərdi neçə Araz –
Gözlə, Xocalı, gözlə.

QADAN MƏNƏ,QARABAĞ

Araz üstə bir zaman od tutub buz yanardı
Səsini kökləyəndə tarında söz yanardı
İçində qış donanda çölündə yaz yanardı
Baş girlədik başına dönə-dönə Qarabağ
Qadan mənə Qarabağ

Söz əlimdə açılıb sinəmi güllələyir
Əllərim yelpənəkdi dizimi şillələyir
Dərdim yetim quzudu sinəm üstə mələyir
Mələklər süd verməyir mələyənə Qarabağ
Qadan mənə Qarabağ

Niyə buludun ötmür, niyə göyün açılmır?
Gərdəyinmi tutulub toy düyünün açılmır?
Falçının əli ilə kor düyünün açılmır
Fələyin əli dəyib bu düyünə Qarabağ
Qadan mənə Qarabağ

Qədəhdəki qanımdı, əlimdəki qədəhdi
Soyunduğum zirehdi, geyindiyim qədəhdi
Sənin dastanın uzun, mənim dilim gödəkdi
Mənim gödək dilimi bük kəfənə Qarabağ
Qadan mənə Qarabağ

Əkildiyim torpaqda cücərmirəm, bitmirəm
İtirdiyim dağların göylərində ötmürəm
Ad çəkib kişilərin ruhunu incitmirəm
Piyadayıq kəhərə minə-minə Qarabağ
Qadan mənə Qarabağ

Dəllal bazarımızın bezindən keçməmişik
Cibimizin bir çürük qozundan keçməmişik
Biz qızanda kafərin qızından keçməmişik
Gah dosta dost olmuşuq, gah düşmənə Qarabağ
Qadan mənə Qarabağ

Azərbaycan yağ olub, tavalarda əridi
Nə ölməyin vədəsi, nə gülməyin yeridi
Sabahki qisasımız evimizin sirridi
Nə gedənə söz denən, nə gələnə Qarabağ
Qadan mənə Qarabağ.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ