Yadıma sən düşürsən - Əliağa Kürçaylının şeirləri

Tarix:20-02-2018, 17:01 Baxış Sayı:334

Yadıma sən düşürsən - Əliağa Kürçaylının şeirləri

Manera.az çağdaş poeziyamızın böyük şairlərindən biri Əliağa Kürçaylının şeirlərini təqdim edir:

YADIMA SƏN DÜŞÜRSƏN

Hər çiçəyin öz ətri,
hər gülün öz rəngi var,
Hər qəlbin öz istəyi,
öz sözü, ahəngi var.

Hər insan öz ömrünə
dost seçir, həmdəm seçir.
Mənimsə ürəyimdən
qəmli bir nisgil keçir,
Yadıma sən düşürsən.

Göydə bulud dolaşır
axşam düşür, yel əsir,
Heç bilmirəm nədəndir
könlüm belə tələsir.
Yollarına baxıram,
nə gələn var, nə gedən.
Qəlbimdəki intizar
nədir, düşünürəm mən.
Yadıma sən düşürsən.

Təklik üz verir mənə,
çıxıram otağımdan,
Sevgililər küçədə
deyib-gülür mehriban...
Onları belə xöşbəxt
belə məsud görəndə
Duyğular dalğa kimi
çırpınır bu sinəmdə,
Yadıma sən düşürsən.

YADINA DÜŞÜRƏMMİ?

Qaldı arxada artıq ömrün xöşbəxt illəri,
İndi mənim əlimə dəyməz sənin əllərin.
Söylə hərdən əsəndə soyuq payız yelləri,
Dağılanda üzünə o pərişan tellərin,
Deyirsənmi olaydıq eşqin gənclik yazında?
Heç olmasa xəyalın dumanlı aynasında
Səninlə bir anlığa gəlib görüşürəmmi?
Yadına düşürəmmi?

Səadət fürsətini qaçırtdıq sən də, mən də,
Onu köhlən at kimi salmalıydıq kəməndə,
Hərdən sevda yolunu azıb dumanda, çəndə,
Sənə ümid verəcək bir işıq görməyəndə
Bələdçi olurammı cığırlar arasında?
Heç olmasa xəyalın dumanlı aynasında
Səninlə bir anlığa gəlıb görüşürəmmi?
Yadına düşürəmmi?

Gəl indi xatırlayaq bütün olanları biz,
Özümüz yazmalıykən hökmü biz, qərarı biz,
Taleyin əllərinə verdik ixtiyarı biz,
Günah kimdədir görən? Mən bilmirəm! Barı biz
Bir nişanə qoymadıq xatirə dünyasında.
Heç olmasa xəyalın dumanlı aynasında
Səninlə bir anlığa gəlib görüşürəmmi?
Yadına düşürəmmi?

HƏSRƏTİN

Getdin,həsrətinə tapşırdın məni,
Tək qala bilməzdim qəmlə, kədərlə.
Həsrətin danışdı olub -keçəni,
Məni ovundurdu xatirələrlə.

Sənli günlərimi anıb danışdı,
Canlandı qarşımda sürətin sənin.
Mənim əvəzimə yanıb danışdı,
Səndən vəfalıymış həsrətin sənin.

Həsrətin sinəmdə illəndi qaldı,
Mən ondan alıram sənin ətrini,
Həsrətin gözümdə gölləndi qaldı,
Yaman istəyirmiş mənim xətrimi.

Onundur ya sənin sinəmdəki dağ?
Bəhsə giribsiniz dağ çəkməkdə siz.
Həsrətin yaxındır, sən özün uzaq...
Gərək yerinizi dəyişərdiniz..

VƏTƏN

Mən səndən bir yaşıl budaq istədim,
Sən mənə bəxş etdin zümrüd meşələr.
Mən səndən kiçik bir otaq istədim,
Sən mənə bəxş etdin dilbər güşələr,

Mən səndən adicə həyat istədim,
Sən məni çıxartdın min-min səhərə.
Mən səndən kiçik bir qanad istədim,
Sən məni uçurdun ənginliklərə.

Mən səndən bir dəstə çiçək istədim,
Mənimçün dörd fəsil yaz elədin sən.
Mən səndən ilhamlı ürək istədim,
Sən mənə təb verdin minyon ürəkdən.

Mən səndən kiçik bir sevinc istədim,
Sən mənə bəzş etdin bütöv səadət.
Mən səndən bir parça bürünc istədim,
Sən mənə bəxş etdin xəzinə,dövlət.

Mən səndən istədim açıq biralın,
Sən mənə bəxş etdin əzəmət,vüqar.
Məndə başı açıq ayağı yalın
Yolunda can qoysam, yenə az olar.

Bəlkə,buna görə əzəmətlisən-
Nəyin var vermisən əsigəmədən!
Sən bir ana kimi səxavətlisən,
Anam Azərbaycan, Vətən, can Vətən


***
Sən mənə lazımsan su tək, hava tək,
Sən mənə lazımsan öz canım qədər.
Səni arzulayır sinəmdə ürək,
Bu böyük həsrəti duymursan məgər?

Qəmli günlərimdə lazımsan mənə,
Qovasan qəlbimin kədərini sən.
Xoşbəxt günlərimdə lazımsan yenə
Böyük sevincimi yarı böləsən.

Kef üçün, zövq üçün, nəşəyçün deyil,
Xəstəyə dərmantək mənə gərəksən.
Həyatın yolları tufanlıdır, bil,
Ona gərmək üçün sinə, gərəksən.

Sən ümid, təsəlli, sən şirin arzu,
Sən ömür yelkəni dumanda,çəndə!
Bir az yaxşi düşün, gülüm,doğrusu,
Sənə bunlar üçün lazımam mən də.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ