İrəvanda milli maarifçilik mühiti

Tarix:16-02-2018, 13:04 Baxış Sayı:246

                                  İrəvanda milli maarifçilik mühiti
ADPU - nun professoru Cəfər Cəfərov və dosenti Cəlal Allahverdiyevin böyük tarixi əhəmiyyəti olan "İrəvanda Milli maarifçilik mühiti" adlı kitabı nəşr edilmişdir (Bakı: "Şərq- Qərb", 2017. 440 s.). Bu dəyərli kitabın elmi redaktorları: prof. Buludxan Xəlilov və tarix üzrə fəlsəfə doktoru, Dövlət Mükafatı laureatı Nazim Mustafadır. Rəyçiləri, prof. Əjdər Ağayev, prof. Rüfət Hüseynzadə, prof.Mahirə Nağı qızı və pedaqoji elmlər doktoru Həsən Bayramoğludur.

ADPU - da bu əsərin geniş təqdimat mərasimi keçirildi. ADPU -nun rektoru professor Cəfər Cəfərov elmi-tarixi faktlara əsaslanan bu kitabın maarifpərvər ziyalılarımızın həyat və fəaliyyətinin öyrənilməsi, tədqiq edilməsi üçün əhəmiyyətli mənbə olduğunu dedi. O, İrəvan maarifçilik mühitinin təmsilçilərinin xalqımızın mənəvi təkamülündə, ölkəmizin mədəni inkişafında sanballı xidmətlər göstərdiyini diqqətə çatdırdı. Kitabın əhəmiyyəti haqqında dəyərli fikirlər söyləyən rektor, kitabın geniş oxucu kütləsi arasında yayılmasını, tədqiqat işlərinin aparılmasını tövsiyə etdi.

Təqdimat mərasimini yüksək səviyyədə aparan filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov bildirdi ki, “İrəvanda milli maarifçilik mühiti” kitabı təhsil tariximizin ardıcıl tədqiqi baxımından böyük önəm daşıyır və təhsilimiz üçün layiqli töhfədir. İrəvan təhsil mühiti Azərbaycan təhsilinin bir parçasıdır. Bu baxımdan “İrəvanda milli maarifçilik mühiti” kitabı yeni axtarışlara, araşdırmalara, elmi-tədqiqatlara istiqamət verir. İrəvan təhsil mühitinin yetirmələrinin bir çoxu ADPU-da çalışaraq universitetimizin inkişafında mühüm rol oynamışlar.

Təqdimat mərasimində Professor Rüfət Hüseynzadə, Bakı Dövlət Universitetinin professoru Əyyub Əzizov, prof. Cəlil Nağıyev, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Vəli Əliyev, prof. Fərrux Rüstəmov və başqaları hərtərəfli elmi araşdırmalar, böyük əmək, fədakarlıq, milli təəssübkeşlik, vətənpərvərlik sayəsində ərsəyə gələn “İrəvanda milli maarifçilik mühiti” kitabını yüksək dəyərləndirib, müəlliflərə uğurlar arzuladılar.

Dəyərli fakt və məlumatlar, tarixi mənbələr, arxiv sənədləri, foto sənədlər əsasında böyük zəhmət hesabına başa çatdırılmış bu qiymətli əsər - İrəvan maarifçilik mühiti milli təhsilimizin, maarif və mədəniyyətimizin inkişafında xüsusi yeri və əhəmiyyəti vardır. İrəvan maarifçilik mühitinin öyrənilməsi pedaqoji fikir tariximizi, təhsil tariximizi yeni bilik və məlumatlarla xeyli zənginləşdirir və dəyərli ensiklopedik mənbəyə çevrilir.

Ümummilli liderimiz Heydər Əliyev haqlı olaraq deyirdi ki, gənc nəslimiz öz milli-mənəvi dəyərlərini öyrəndikcə, öz keçmişindən qürur duyur və onlarda öz soyuna, kökünə, millətinə bağlılıq daha da möhkəmlənir.

Bu gün İrəvan maarifçilik mühiti ilə tanış olan müasir oxucu, xüsusilə gənclərimiz bizim qədim, ulu torpaqalrımızın Qərbi Azərbaycan dediyimiz məkanda, əzəli Azərbaycan torpaqlarında xalqımızın necə zəngin maarif və mədəniyyətə sahib olduğunun, necə dəyərli məktəblər, texnikumlar, ali məktəblər yaratdıqlarının, bu təhsil ocaqlarında necə fədakar, səriştəli, peşəkar pedaqoji kadrların, elm xadimlərinin yetişməsini öyrəndikcə milli iftixar hissi keçirir və qürur duyurlar.

Ölkə Prezidenti cənab İlham Əliyev YAP-ın VI qurultayndakı nitqində demişdir: "Onu da qeyd etməliyəm ki, biz tarixi torpaqlarımızı da unutmamalıyıq və unutmuruq. Bu da gələcək fəaliyyətimiz üçün istiqamət olmalıdır, necə ki, biz bu gün də bu istiqamətdə iş görürük. Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır. Bunu gənc nəsil də, dünya da bilməlidir. Mən şadam ki, bu məsələ ilə bağlı - bizim əzəli torpaqlarımızın tarixi ilə bağlı indi sanballı elmi əsərlər yaradılır, filmlər çəkilir, sərgilər təşkil olunur. Biz növbəti illərdə bu istiqamətdə daha fəal olmalıyıq və dünyanın müxtəlif yerlərində sərgilər, təqdimatlar keçirilməlidir. Çünki İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq. Bu, bizim siyasi və strateji hədəfimizdir və biz tədricən bu hədəfə yaxınlaşmalıyıq" (1).

Azərbaycan ərazilərinin də daxil olduğu ön və orta Asiyada mövcud olmuş dövlətlərdə Avropa təhsili və elmi dəyərlərinin dominantlıq təşkil etdiyi dünyəvi maarif sisteminin yaranıb bərqərar olması bir neçə əsr davam etmişdir ki, bu ilklər arasında, Ön Şərqin qapısı sayılan Naxçıvan və Böyük İpək Yolunun üstündə yerləşən, əsası 1500-cü illərin əvvəlində qoyulan müstəqil xarici diplomatik siyasəti olmuş qüdrətli dövlətə çevrilmiş İrəvan xanlığı liderlik etmişdir.

Mənbələrdən məlum olur ki, İrəvanda dünyəvi məktəblər açılana qədər hələ XIII, XIV əsrlərdə Novruzəli bəy məscidi, Abbas Mirzə məscidi, Şah Abbas məscidi və digər adlarla məscidlər inşa edilmişdir ki, bu məscidlərin nəzdində mollaxana və mədrəsələr fəaliyyət göstərmişdir. XVIII əsrdə İrəvan xanı Hüseyn Əli xanın əmriylə 1766 -cı ildə burada möhtəşəm Göy Məscid inşa edilmişdir ki, bu İrəvan şəhərində o dövrdə inşa edilən məscidlərin ən böyüyü hesab edilmiş və onun nəzdinə məktəb və mədrəsələr fəaliyyət göstərmişdir (3, 14).

Daha sonralar xanlıqlar Rusiya tərəfindən işğal olunduqdan sonra İrəvanda Qəza məktəbləri, progimnaziyalar, gimnaziyalar, realni məktəblər və s. məktəblər yaranmışdır.
XIX əsrin sonlarında pedaqoji kadr hazırlığında Qori Müəllimlər Seminariyasının və İrəvan Müəllimlər Seminariyasının azərbaycanlı məzunlar yetişdirməsində böyük rolu olmuşdur. 1879 cu ildə Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsi yaradıldı ki, burada 40 il müddətində 300-ə qədər azərbaycanlı məzun təhsil almışdır. Onların arasında Nəriman Nərimanov, Firudin Bəy Köçərli, Rəşid Bəy Əfəndiyev, Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyov, Süleyman Sani Axundov, Səfərəli bəy Vəlibəyov, Mirzə Əliməmməd Xəliov, Məmmədəli Sidqi Səfərov, Əlirza Rasizadə, Əli Səbri Qasımov, Fərhad Ağazadə və başqaları olmuşdur (4, 45).

XIX əsrin 1880-ci illərin əvvəllərində İrəvanda kadr hazırlayan üç böyük tədris müəssisəsi yaranıb fəaliyyət göstərmişdir. Onlardan biri 1881-ci ildə açılmış İrəvan Kişi Gimnaziyası, ikincisi yenə həmin il - 1881-ci ildə yaranmış İrəvan Müəllimlər Seminariyası və üçüncüsü 1884-cü ildə yaranmış İrəvan qız progimnaziyasıdır. İrəvan Müəllimlər Seminariyası 1881-ci ilin 8 noyabrında açılmış və 37 il fəaliyyət göstərmiş bu təhsil ocağı 1918-ci il avqustun 6-da İrəvan gimnaziyası və Uluxanlı məktəbi ilə eyni vaxtda bağlanmışdır.

Qori Müəllimlər Seminariyasını bitirən məzunların bir çoxu İrəvan Müəlimlər Seminariyasında da dərs demişlər ki, onlardan Firudin Bəy Köçərlini, Cəlil Məmmədquluzadəni, İsmayıl bəy Şəfibəyovu və başqalarını göstərə bilərik. Ümumiyyətlə İrəvan Müəllimlər Seminariyasının müəllimlərindən aşağıdakıların adlarını çəkə bilərik: Axund Məmmədbağır Qazızadə 1883-cü ildən Seminariyada Azərbaycan dili və şəriət dərslərini tədris etmişdir. Mirzə Məmmədvəli Qəmərli, Rəhim Xəlilov, Məmməd Axundov, K.Şulgin, Mixail Klopov, Mirzə Abbas Məhəmmədzadə, İsmayıl bəy Şəfibəyov, Cabbar Məmmədzadə və başqalarını göstərmək olar (5, 35).

F.Köçərli dərs deyərkən İrəvan mədəni mühitinin köhnə ənənələrdən uzaqlaşması, yeni müasir elmi dünyagörüşünün formalaşması uğrunda mübarizə aparırdı. Yeni dünyagörüşünün yayılması qarşısında xüsusilə cəhalətpərəst din xadimləri dururdular. İrəvana gəldikdə mühitlə yaxından tanış olan F.Köçərli öz təəssüratlarını belə bölüşürdü: “İrəvan 202 üləmaları çox geridə qalmış, onlar o dərəcədə cəhalətə qapılıblar ki, hətta “Tərcüman” qəzetini oxumağı, mühəriri sünni olduğu üçün qadağan edirlər. Bunlar başa düşmürlər ki, inkişaf üçün nəinki Şərqdən, hətta xristian Qərbindən də kitab, qəzet gətirmək vacibdir”.

İrəvan Müəllimlər Seminariyasının məzunlarından isə aşağıdakıların adlarını çəkə bilərik: Həbib bəy Səlimov, Nəcəf bəy Vəzirov, Haşım bəy Vəzirov, Mirzə Abbas Məhəmmədzadə, Cabbar Məhəmmədzadə, İbadulla bəy Muğanlinski, Vahid Musabəyov, Həmid bəy Şahtaxtinski, Hüseynəli bəy Rüstəmbəyov, İbadulla bəy Muğanlinski, Tağı bəy Səfiyev, Mirzə Cəlil Şürbi, Eynəli bəy Sultanov, Sadıq Xəlilov, Vahid Musabəyov, Fərrux Ağakişibəyov və başqaları olmuşdur (5).

İrəvan Kişi Gimnaziyasının məzunları sırasında isə Mustafa bəy Topçubaşov, Abbasqulu bəy Şadlinski, Yusif Məmmədəliyev, Hüseyn Şahtaxtinski, Miryusif Mirbabayev, Əsədulla bəy Kəngərlinski, Teymur Makinski, Hüseynağa Şahtaxtinski, Məmməd bəy Qazıyev, F.Ordubadski və başqaları olmuş, Əziz Əliyev isə 1917-ci ildə İrəvan Kişi Gimnaziyasını qızıl medalla bitirərək Sankt Peterburq Hərbi Tibb Akademiyasına qəbul olunmuşdur (5). 1890-cı ildə İrəvanda dünyəvi Avropa təhsili verən müsəlman-rus qız məktəbi də yaradılmışdır.

XIX əsrin əvvəllərindən başlayaraq 1920-ci ilə qədər İrəvan sürətlə inkişaf etmiş və bu bölgə böyük mədəniyyət mərkəzlərindən biri olmuşdur. İrəvan şəhəri Bakı, Təbriz, Naxçıvan, Xoy və başqa şəhərlər kimi Azərbaycanın aparıcı elm və mədəniyyət mərkəzi olmuşdur. Buna görə də Şərq elmi tarixində xeyli “İrəvani” təxəllüslü məşhur şəxslərə rast gəlmək olur. Məsələn, Mirzə Qədim İrəvani (1825-1875) məşhur rəssam və nəqqaş olmuşdur. Hacı Sülеyman ibn Salman Qacar İrəvani - XVIII əsrdə yaşamış görkəmli Azərbaycan həkimi və alimi olmuş, 600-dən çox dərman bitkisi haqqında məlumat vermişdir. İrəvanın ruhani ziyalıları içərisində dövrün məşhur ülamələrindən olmuş, eyni zamanda incə ruhlu şeirlərin müəllifi kimi tanınmış Fazil İrəvaninin xüsusi yeri olmuşdur.

1782-ci ildə İrəvan şəhərində anadan olmuş Fazil İrəvani ilk təhsilini ənənəvi molla məktəbində almış, 20 yaşında Qahirəyə gedərək buradakı məşhur “Əl-Əzhər” mədrəsəsində təhsil almışdır. İsfahan və Təbriz şəhərlərində axundluq edən Fazil İrəvani doğma şəhərinə qayıtdıqdan sonra Göy məscidin axundu olmuş və bu illərdə müctəhid rütbəsi almışdır. 1843-cü ildə Qafqaz müsəlmanları Şiə Ruhani idarəsi sədrinin müavini, 1846-cı ildə isə şeyxülislam olmuşdur.

ADPU -nun Filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov prof. Cəfər Cəfərovun və Cəlal Allahverdiyevin "Təhsil tariximizdən": İrəvan Pedaqoji məktəbi" (Bakı:Orxan, 2017, 240 s.) adlı bundan öncə nəşr olunmuş kitabına rəydə yazır: "Təsadüfi deyil ki, pedaqoji kadrlara olan ehtiyacı ödəmək üçün XX əsrin 20-ci illərindən başlayaraq İrəvanda hazırlıq kursları təşkil olunmuşdur. 1923-cü ilin sonlarında təşkil olunmuş bu hazırlıq kurslarında 1926-cı ilin sonlarına qədər 143 müəllim hazırlanmışdı. İrəvanda hazırlıq kurslarının təşkilində Bala Əfəndiyevin, Mehdi Kazımovun, Mustafa Hüseynovun və digərlərinin xidmətləri böyük olmuşdur. Bu texnikum müəllim kadrlarına olan ehtiyacı ödəmək üçün xeyli iş görmüşdür. Texnikumun direktoru Mehdi Kazımov, ictimaiyyət müəllimi Bala Əfəndiyev, ana dili müəllimi Əsgər Əsgərzadə, təbiət müəllimi Cəmil Əliyev olmuşdur"(6).

Bu dəyərli məlumatlardan məlum olur ki, 1924-cü il, 15 oktyabrda İrəvan Türk Pedaqoji Texnikumu adi ilə açılmış və texnikum 1949 - cu ilə qədər fəaliyyət göstərmişdir. Bu texnikumun yaradılmasının ilk təşəbbüskarı Mehdi Kazımov (1890-1954) olmuş və özü də buranın ilk direktoru olmuşdur. O İrəvan Kişi Gimnaziyasını bitirmişdi. Bu qocaman pedaqoq ömrünün 50 ilini İrəvanda Azərbaycan maarifinin, mədəniyyətinin inkişafına sərf etmişdi. Kitabda İrəvan Türk Pedaqoji Texnikumunda fəaliyyətə başlayan Yusif Məmmədəliyev, Ələşrəf Bayramov, Əsgər Əsgərzadə, Bülbül Kazımova, Miryusif Mirbabayev, Məhəmməd Əzimzadə, İsmayıl Babayev və digər ziyalılardan bəhs olunur. Pedaqoji Texnikumda “Mədəniyyət ocağı”, “Mədəni hücum”, “İrəli” adlı divar qəzetlərinin çap olunmasından, texnikumun ilk məzunlarından (Əmir Abasquliyev, Adil Axundov, Nəriman Əliyev, Rübabə Bağırbəyova, Nəsir Əliyev, Nəzər Paşayev və s.) söhbət açılır. Orada, həmçinin 1936-cı ildə Pedaqoji Texnikumun Pedaqoji Məktəb adlanmasından və s. məsələlərdən bəhs olunur. İrəvan Pedaqoji Məktəbinin 1948-ci ildə Azərbaycanın Xanlar (indiki Göygöl) rayonuna köçürülməsi və 1972-ci ilə qədər ¬orada fəaliyyət göstərməsi bir daha təsdiq edir ki, bu təhsil müəssisəsi Azərbaycan təhsilinin tarixində silinməz iz qoymuşdur.

Qeyd edim ki, İstiqalal" ordenli, Əməkdar müəllim, dosent atam Lətif Hüseynzadə 1930 -cu illərdə bir müəllim, pedaqoq olaraq Azərbaycan dili və ədəbiyyatdan Azərbaycan Dövlət Universitetinin 1930 -cu il məzunu kimi təyinatla İrəvan pedaqoji məktəbində və daha sonralar isə İrəvan Pedaqoji İnstitunun Azərbaycan şöbəsində dərs demiş, pedaqoji kadrların hazırlığında dəyərli xidmətlər göstərmiş və İrəvan yazıçı və şairlərinin ədəbi orqanı olan "Ədəbi Ermənistan" almanaxının redaktoru vəzifəsində də çalışmışdır. İrəvan Pedaqoji Məktəbinin məzunları olmuş sonralar yüksək elmi dərəcələrə nail olmuş, uzun illər elm və təhsil sahəsində çalışmış, akademik Budaq Budaqov, akademik Zərifə Budaqova, prof. Əli Fərəcov, prof. Yusif Yusifov, prof. Cəfər Cəfərov, prof. Süleyman Məmmədov, prof. Nəriman Əliyev, prof. Fərhad Fərhadov, prof. Qasım Mustafayev, prof. Tapdıq Əmiraslanov, Əməkdar müəllim, filologiya üzrə fəlsəfə doktoru, dosent Nəcəf Nəcəfov, ictimai xadim Qəşəm Aslanov, dosеnt Zəhra Əliyeva və ADPU-nun professoru olmuş Kövsər Tarıverdieva və başqaları da bu məktəbin fəal məzunları olmuş, xalqımızın fədakar, peşəkar müəllimləri, elm adamları, ictimai xadimləri kimi xalqa, vətənə ləyaqətlə xidmət etmişlər. Azərbaycanın bir çox görkəmli ziyalıları - Cəlil Məmmədquluzadə, Əli Nazim, Mir Cəlal Paşayev, Səməd Vurğun, Mikayıl Rəfili, Yusif Məmmədəliyev və başqaları bu pedaqoji məktəbdə olmuş, tələbələrlə görüşmüş, müəyyən dövrlərdə dərs də demişlər (2, 25).

Kitabdan məlum olur ki, 1936 -cı ildə İrəvan Dövlət Qiyabi Pedaqoji İnstitutu, 1937 -ci ildə iki illik Müəllimlər İnstitutu daha sonra isə 1945-1988 -ci illərdə isə İrəvan Pedaqoji İnstitutunun Azərbaycan şöbəsi fəaliyyət göstərmişdir. Bu qiymətli əsərdə burada dərs deyən müəllimlər haqqında oranın tələbələri, məzunları haqqında dəyərli məlumatlar verilmişdir.

Bu kitabın müəllifləri hörmətli Cəfər müəllim və hörmətli Cəlal müəllim çox gərgin əmək, zəhmət sərf etmiş, diqqətlə araşdırmalar aparmış və çalışmışlar ki, heç kim, heç nə yaddan çıxmasın. Mən bu kitabda öz adıma da rast gələndə sevindim. Mən də İrəvan Pedaqoji İnstitutunda oxumuşam. Kitabda bu institutun adlı sanlı məzunlarının adları çəkilir: Akademik Zərifə Budaqova, prof. Mirəli Seyidov, prof. İbrahim Bayramov, prof. Hüseyn Əmirov, Zəhra Əliyeva, Aidə Salahova və başqaları.

Görkəmli təhsil işçisi, təhsil mətbuatımızın tanınmış nümayəndəsi, İrəvan təhsil mühitinin yetişdirməsi, "Azərbaycan məktəbi" jurnalının" Baş redaktoru, Əməkdar Müəllim, dosent Nəcəf Nəcəfov İrəvan maarifi haqqında dəyərli məqaləsində yazır: "İrəvan Pedaqoji İnstitunda dərs demiş Əkbər Yerevanlı, Lətif Hüseynzadə, Əli Dalqılıcov, Adil Süleymanov, Sabir Əsədov, İsrafil Məmmədov, Mehdixan Erivanski, Fərrux Rzayev, Hüseyn İsmayılov, Məhərrəm Hüseynov, Arzuman Qəmbərov kimi tanınmış pedaqoq alimlər pedaqoji fəaliyyətlə bərabər elmi-tədqiqat işləri aparmış, yaradıcı işlər görmüşlər. Prof. Fərhad Fərhadov 1942-43 -cü illərdə İrəvan Pedaqoji Texnikumnda və İrəvan Pedaqoji İnstitutnda dərs demiş və 1945 -ci ildə İrəvanda "Qədim və orta əsrlər ədəbiyyatına dair oçerklər" kitabını nəşr etdirməyə nail olmuşdur(8). 1960 -cı illərdə Amerikada yaşayan bir eməni 270 ədəd Şərq əlyazmalarını İrəvan Mətndaranına bəxşiş olaraq göndərmişdir. Lətif Hüseynzadə İrəvanda çalışdığı müddətdə bir çox Azərbaycan klassiklərinin əlyazmalarını əldə etmiş və XV əsr Qaraqoyunlu dövlətinin başçısı Cahan Şah Həqiqinin 500 il itmiş hesab edilən, bir çox ölkələri "gəzmiş" şeirlər Divanını Mətndarandan əldə edərək, çətinliklə də olsa onun mikrofilmini çıxarmağa nail olmuş və ilk dəfə olaraq "Həqiqi" divanını İrəvanda 1966-cı ildə 12.500 tirajla nəşr etdirərək Həqiqinin həqiqi varislərinə çatdırmışdır(9). Daha sonralar isə Həqiqinin farsca Divanını tərcümə edərək Bakıda 2000-ci ildə nəşr etdirmişdir.

İrəvan elmi, mədəni və pedaqoji mühitinin formalaşmasında, inkişafında Azərbaycanın görkəmli şəxsiyyətlərinin o cümlədən- M.S.Ordubadinin, M.Müşfiqin, Mehdi Hüseynin, Cəlil Məmmədquluzadənin, Mir Cəlal Paşayevin, Əziz Əliyevin, Yusif Vəzir Çəmənzəminlinin, Əziz Şərifin, Hacı Kərim Sanılının, Mirzə Ələkbər Elxanovun və başqalarının böyük xidmətləri olmuşdur ki, kitabda bunlar haqqında da ətraflı yazılmışdır (3).

İrəvanda "Sovet Ermənistanı" qəzeti nəşr olunurdu ki, bu mətbuat orqanı da İrəvanda maarif və mədəniyyətin, əverişli pedaqoji mühitin yaranmasında böyük rol oynamışdır ki, bu qəzetin redaktoru o zaman professor Teymur Əhmədov olmuş, bu gün də o "Respublika" qəzetinin baş redaktoru kimi peşəkarcasına uğurla fəaliyyət göstərir.

Kitabda İrəvan Pedaqoji mühitinin yetişdirmələri olmuş, "Əməkdar müəllim" və digər fəxri titullara layiq görülmüş müəllim, ziyalıların, həmçinin 1930 -cu illərdə represiyaya məruz qalmış azərbaycanlı ziyalılarının siayhısı verilmişdir ki, bu da kitabın məlumatlılıq baxımından əhəmiyyətini xeyli artırmış və bir növ ensiklopedik xarakter daşımasına səbəb olmuşdur.
İrəvan pedaqoji İnstitutunda dərs demək üçün müxtəlif illərdə Bakıdan da müəllimlər dəvət olunmuşdur: Prof. İnayət Bektaşi, prof. Firudin Hüseynov, prof. Əkbər Bayramov, prof. Əhməd Seyidov, prof. Hüseyn Əhmədov, prof. Xalid Əlmirzəyev, prof. Cəfər Cəfərov, prof. Abbas Zamanov, prof. Mürsəl Həkmov, prof. Nizami Xudiyev, prof. Cəlil Nağıyev, Bəxtiyar Vahabzadə və başqalarının xalqa, millətə fədakar xidməti unudulmazdır.

Bu əsərdə verilən maraqlı xatirələr xüsusi yaradıcılıq məharəti ilə işlənmişdir ki, onların da tarixi əhəmiyyəti yüksəkdir. Burada professor Cəfər Cəfərovun İrəvan Pedaqoji məktəbində oxuyarkən tələbəlik illərindən xatirələri, tanınmış elm xadimləri professor Həsən Mirzəyevlə, professor Mirabbas Heydərov, professor Qasım Müstafayevlə, professor Budaq Budaqovla bağlı xatirələri elmi ictimaiyyətimiz üçün böyük maraq kəsb edir.
Həmçinin kitabda İrəvan pedaqoji mühitinin yetişdirdiyi görkəmli elm xadimlərinin, tanınmış ziyalı alimlərimzin adları çəkilir ki, onların sirasında ADPU - nun Filologiya fakültəsinin dekanı professor Buludxan Xəlilov, tanınmış ictimai xadim Mehdi bəy İsmayılov, tanınmış aktyor Rza Şeyxzadə, Milli maarif və mədəniyyətimzin inkişafında böyük xidmətləri olan Əkbər Rzayevin və onun oğlu, sənətşünaslıq doktoru, Sabir Rzayevin, dosent Nəcəf Nəcəfov və başqalarının adları böyük hörmətlə çəkilir onlar haqqında dəyərli tarixi məlumatlar verilərək ictimaiyyətə tanıtdırlır.

İrəvan elm və təhsil mühtinin yetişdiridiyi akademiklər var ki, onların da adlarını çəkmək yerinə düşər: Faiq Bağırzadə, Budaq Budaqov, Zərifə Budaqova, Hüseyn Həsənov, Heydər Hüseynov, Tağı Paşayev, Əhməd Rəcəbli, Mustafabəy Topşubaşov, Abel Məhərrəmov, Yəhya Məmmədov, Surxay Əkpərov, Bəhmən Axundov, Rafiq Qasımov və başqaları.

İrəvan elmi, pedaqoji, mədəni mühtini formalışadıran, onu inkişaf etdirən yeni nəsillərə dövr etdirən fədakar elm xadimləri, təhsil işçiləri, pedaqoq və müəllimlər ziyalılar olmuşdur ki, onların da adlarını qeyd etməkdə şərəf duyarıq: Bu sıradan, Azərbaycan Respublikası Milli Məclisinin spikeri Oqtay Əsədov və onun babası, Əməkdar müəllim Cəlal Zeynalov və atası Əməkdar müəllim Sabir Əsədov uzun illər İrəvan maarif mühitinin mərkəzində olmuş, İrəvan təhsil sisteminin ən yüksək pillələrində çalışmışlar. AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov və atası Cumayıl Mərdanov, BDU-nun rektoru akademik Abel Məhərrəmov və valideynləri, Əməkdar müəllimlər Məmmədəli Məhərrəmov və Şəfiqə xanım Avşarova-Məhrrəmova, habelə akademik Budaq Budaqov və digər bir çox ziyalılar, həm Qərbi Azərbaycanda, həm də müasir Azərbaycanın elm və maarif sisteminə fədakarcasına xidmətlər etmiş və və etməkdədirlər.

"İrəvanda milli maarifçilik mühiti" təhsil tariximiz, pedaqoji fikir tariximiz, maarif və mədəniyyətimizin inkişaf tarixi üçün dəyərli, ensiiklopedik bir əsərdir. Bu əsərin tələbə auditoriyalarında, pedaqoji tədqiqat sahələrində, maarif və mədəniyyət tariximizin tədqiqində davamlı öyrənilməsini, elmi-tədqiqat işlərinin yazılmasını xeyli faydalı və əhəmiyyətli hesab edirəm.

Rüfət Lətif oğlu Hüseynzadə
Pedaqogika üzrə elmlər doktoru, professor, Əməkdar müəllim

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ