"İki dəfə əriyən şam" - Şamxəlil Nəsiboğlunun həyat hekayəsi

Tarix:14-02-2018, 13:49 Baxış Sayı:59

"İki dəfə əriyən şam" - Şamxəlil Nəsiboğlunun həyat hekayəsi
(Mərhum rəssam Şamxəlil Nəsiboğlunun dərc olunmasını görmədiyi həyat hekayəsi)

Hər il böyük həsrətlə, həyəcanla məktəbdə dərslərin başladığı günü gözləyirdik. Təqvimin 1 sentyabr səhifəsi həm də ad günüm olduğuna görə mənimçün əlamətdar idi. Üç ay çəkən yay tətili dövründə bir-birimizçün darıxırdıq. Kimimiz tətili rayon mərkəzində, kimimiz də şəhərdə keçirirdik. Mehriban sinif yoldaşı olduğumuza görə, görüşməyə can atırdıq. İlk dərs gününü eynən böyüklərimizin çox yüksək səviyyədə, kökü qədimlərə gedib çıxan milli adət-ənənəyə uyğun şəkildə keçirdikləri Novruz bayramı kimi sevirdik.

Budur, artıq dərslər başlamışdır!.. Dağlarda günlər isti keçirdi, yağış-yağmur yox idi. Səhər tezdən məktəbə yollanırdıq. Günorta dərslər qurtarırdı. Çox vaxt dərsdən sonra dağın ətəyinə qalxar, orada oynayırdıq. Hələ birinci sinifdə oxuyanda mağaraya oxşayan sakit bir yer kəşf etmişdik. İndi artıq üçüncü sinif şagirdləriydik və birincilərə yuxarıdan aşağı baxırdıq.

Bir gün yenə dərsdən sonra qızlarımız təklif etdilər ki, həmin yerə - Ləpikliyə gedək. Razılaşdıq. Evdən özümüzlə azuqə və başqa lazım ola biləcək şeyləri götürdük. Qızlar bioloji cəhətdən yetkinliyə oğlanlara nisbətən tez çatırlar. Bəlkə də bu dəfəki ekskursiyamızda "bəy-gəlin" oynamaq təşəbbüsünün onlardan gəlməsi məhz bu amillə bağlı idi.

Daşları gün qızdırmışdı, qayacıqların üstündə oturmaq bizə həzz verirdi, təbəssümlə bir-birimizin üzünə baxırdıq. Qızlar təklif irəli sürdülər ki, bəy Şam olsun. Uşaqlar gülüb əl çaldılar, mən razılaşdım. İndi gəlin seçmək lazım idi. Qızlardan kimi göstərdilər - biri utandı, digəri qızardı, üçüncüsü bir başqa səbəbdən geri çəkildi. Nəhayət, Güldən soruşdular: "Bəlkə gəlin sən olasan?" O, bayaqdan sakitcə kənarda durub baş verənlərə tamaşa edirdi. Qızlar fikirlərini qətiləşdirmiş, seçimlərini Gülün üzərində saxlamışdılar: "Yox, mütləq gəlin sən olacaqsan!" - deyə çığır - bağır edirdilər. Bağdagül bir az qızarıb başını aşağı saldı. Sonra özünü toparlayıb başı ilə razılığını bildirdi. Yəqin başa düşmüşdü ki, bu, yalnız oyundu.

Maya qızların çoxundan seçilirdi - hündürboy, dolubədən, sarışın, gözəl idi. Yaşından böyük göründüyündən, yuxarı sinfin qızlarına oxşayırdı. Bizim sinifdənxaric tədbirlərimizin də əsas təşkilatçısı, başbiləni o idi. O deyir, qalan uşaqlar da əl çalıb təkrarlayırdılar: "Bəy sağ olsun, gəlin sağ olsun! Şamla Gül xoşbəxt olsunlar!" Gülün əyninə toy paltarı geyindirmiş, başına kələğayı örtmüşdülər. Mənim də başıma milli papaq qoymuşdular. Bizi yanaşı əyləşdirib, əl-ələ tutmağa məcbur etdilər. "Toyunuz mübarək!" - deyib bizi alqışlayırdılar.

Uşaqlardan biri iki ədəd əldəqayırma üzüyü bizə tərəf uzatdı. Bir-birimizin barmağına keçirdik, deyə-gülə xeyli şənləndik. Alqışların ardı-arası kəsilmirdi: "Oğullu -qızlı olsunlar! Allah bütün arzularınıza çatdırsın!" Uşaqlardan biri zurna, o biri çöpdən züy tutub ağızları ilə "vağzalı" havası ifa etməyə başladılar. Rəcəb isə hər əlinə bir balaca daş alıb altı boş olan ləpik qayacığı döyəcləyərək dəf kimi müşayiət edirdi. Lap Qobustandakı qayaüstü rəsmlərdə əks olunan ulu əcdadlarımız kimi.

Qızlardan biri dedi ki, bəylə gəlinin oynamaq vaxtı çatıb. Əlimizdən tutub ortaya çəkdilər, özləri də ətrafımızda çevrə yaradıb çəpik çaldılar. Rəqs edəndən sonra hamını əyləşdirib tamada seçdilər. Bu şərəf Rəcəbə nəsib oldu. O, əlaçı idi, uşaqlar arasında nüfüzu vardı. Satqınlıq, qorxaqlıq təbiətinə yad idi. Tamada ayağa qalxıb limonadla dolu stəkanını yuxarı tutaraq böyüklərdən görüb-götürdüyü ədayla tost dedi: "Arzum budur ki, bəylə gəlin xoşbəxt olsunlar, bu dağların adını uca tutsunlar!" Sonra da "toy" iştirakçıları badələrini toqquşdurub içdilər. Hamı deyib - gülürdü. Qızlardan biri dedi ki, anasına evə gec qayıdacağını söyləməyi unudub, yəqin bu saat evdə onunçün narahatdılar. Uşaqlar onu təsdiqlədilər: "Düzdür, qalxın gedək evimizə." Beləliklə, yavaş-yavaş dağılışdıq.

Ertəsi gün dərsə gələndə uşaqlar "Şam ilə Gülün toyunda" iştirak etməyən yoldaşlarına da dünənki günün necə maraqlı keçdiyini birinin üstünə beşini qoyaraq söyləyirdilər. Tədricən pıçıltı ilə söz yayıldı ki, Şam ilə Gül bir-birini sevirlər. Mən özüm də oğlanlardan hansısa biri Gülün xətrinə dəyəndə qeyri-ixtiyari olaraq cırnayırdım.

Beləcə vaxt keçirdi, dərslər başımızı qatırdı, bir-birimizin bəhsinə hər kəs istəyirdi ki, əlaçı olsun, yaxşı oxusun. Hiss etmədik ki, oktyabr ayının 13-ü necə yetişdi, həmin gün dağlara birinci qarın yağması ilə əlamətdar oldu. Qar yağanda isə biz sevinirdik bütün uşaqlar kimi. Atalarımız, böyük qardaşlarımız bizimçün taxtadan xizək düzəltmişdilər. Qar ətrafdakı bütün palçığı, zibili örtüb gümüşü rəngə boyamış, gözəl mənzərə yaratmışdı. Qar yağan axşamlar elə bilirdik göydən altı-səkkiz guşəli bəzəkli mirvarilər yerə tökülür. O qədər sakit yağırdı ki, adamı sevinc bəxş edən düşüncələrə qərq edirdi. Qışda qarın hündürlüyü 70 santimetrə çatırdı, bu isə bəzilərimizin boyundan uca idi. Valideynlərimiz qarı təmizləyib bizim məktəbə gedə bilməyimiz üçün yol-cığır açırdılar.

***

Günlər keçdi. May ayı da yetişdi. Dərslər qurtardı. Məktəb bağlandı. Yenə hərəmiz bir yana dağılışdıq. Bir neçə gündən sonra gördüm ki, evimizdə yır-yığış gedir. Anamdan nə olduğunu soruşdum. Dedi: "Çox danışma, gəl kömək et, biz köçürük. Bundan belə rayonda yaşayacağıq". Mən isə başa düşmürdüm niyə, nə səbəbə köçürük. Heç ürəyimdən deyildi köçmək.

Maşına minib yavaş-yavaş kəndimizdən uzaqlaşırdıq. Geridə buraxdığımız dağlara baxdıqca ürəyim sıxılırdı, az qalırdım ağlayım, elə bilirdim ki, bir daha o dağları görməyəcəm.

Axşamçağı gəlib rayona çatdıq. Maşın bir evin qarşısında saxladı. Düşdük. Böyük qardaşlarım əşyaları boşaltmağa başladılar. Anladım ki, bura - bu evə köçürük. Evlər bir-birinə çox yaxın idi, beş - altı metr araları olurdu. Qonşular başa düşmədiyim dillərdə danışdığından bildim ki, burada başqa-başqa millətlər yaşayır.

Səhəri gün küçəyə çıxdım. Çoxlu uşaq gördüm. Hamısı maraqla mənə baxırdılar. Biri mənə yaxınlaşıb dedi: "Gəl tanış olaq, mənim adım Manulikdir". Digərləri də bir-bir gəlib tanış oldular. Çoxu rus dilində danışırdı.

***

Yay gəlib ötdü. Yeni dərs ili başladı. Mənim artıq xeyli təzə dostlarım var idi. Riyaziyyat dərsində müəllim məni qaldırıb vurmanı - bölməni soruşdu. Çox yaxşı cavab verdim. Məni uşaqlara göstərib dedi: "Görürsünüzmü? Kənddən indi gəlib, necə də yaxşı bilir dərsini!.."

Kəndimiz indi mənə yuxu kimi, əlçatmaz, müqəddəs məkan kimi gəlirdi. Rayon izdihamlı idi, darıxmağa vaxt olmurdu: çoxlu dükanlar var idi, dərsdən sonra karuselə minir, parkda oynayırdıq. Bazar günləri dərs olmurdu, stadionda futbol oynayırdıq. Amma kəndimiz heç yadımdan çıxmırdı. Getmək istəsəm də, məni aparan yox idi. Böyük qardaşlarıma kəndimizi istədiyimi deyəndə, "kənddə nə var, buralar yaxşıdır" deyib boyun qaçırırdılar. Vaxtaşırı bizi Pioner Evinə dəvət edir, orada şahmat, dama oynamağı öyrədirdilər. Rəssamlıq dərnəyinə də gedirdik. Mənim rəsm çəkməyə böyük həvəsim var idi.

Beləcə məktəbi də bitirdik. Sinif yoldaşlarımdan bəzisi əsgərliyə, kimisi də oxumağa getdi. Mən də hərbi xidməti çəkib qayıdandan sonra Böyük Torpağa (Rusiyaya) oxumağa yollandım. Ali rəssamlıq məktəbinə qəbul olundum. Əziyyətin nə olduğunu duydum, çətinliklərə qatlaşdım. Üçüncü kursu bitirəndən sonra tətil vaxtı bir aylığa evə buraxdılar. Gəlib Vətənə çıxdım. Çatandan bir neçə gün sonra rayonda dostum Camalla görüşdük, ondan xahiş etdim ki, gəlsin, səhər tezdən çıxaq dağlara. Razılaşdı. Pendir-çörək, çaxır götürüb qalxdıq. Orada yeyib-içərək keçmiş günləri xatırladıq. Dağların zirvəsindən aşağı baxdıqca adamın qəlbini qürur hissi bürüyür... Sonra yavaş-yavaş endik aşağı. Gəldik çıxdıq xingəlxanaya. Yeyib-içməyimizi davam etdirdik. Xingəlxanada həmişə adam çox olurdu. Camal dedi: "Şam qardaş, qonşu stoldakı oğlan bayaqdan diqqətlə bizə tərəf baxır. Gör, o sənə tanış gəlmir ki!?" Neçə ildi bu yerlərdə olmadığımdan həmin adamı da ilk baxışda tanıya bilmədim. Axırda özü dözə bilməyib bizim stola yaxınlaşdı. Salamlaşandan sonra məndən soruşdu:

- Bağışlayın, mənə çox tanış gəlirsiniz, elə bil Sizi haradasa görmüşəm. Sinif yoldaşıma oxşayırsınız.

Dedim:

- Ola bilər.

O, bir az da diqqətlə baxıb soruşdu:

- Sən Şam deyilsən ki? Səhv etmirəmsə, biz kənddə dördüncü sinifə qədər bir yerdə oxumuşuq.

Diqqət edib gözlərindən tanıdım. Dedim:

- Sən də Rəcəbsən?

Bu sözdən sonra o, böyük sevinclə, göz yaşları ilə məni qucaqladı:

- Neçə ildir görüşmürük. Tanıdım səni. Siz rayona köçəndən sonra heç görmədim səni. Amma unutmurdum. O müqəddəs uşaqlıq günlərini unutmaqmı olar? Onda uşaq idik. İndi isə mənim böyük uşağım 7-ci sinifdə oxuyur. Şam, sən özündən danış, hardasan, necəsən? Eşitmişdim ki, neçə ildi oxuyursan. Ailən, uşağın varmı?

- Yox, vaxtım olmayıb evlənməyə, oxumaq başımı qatıb. Əsas arzuma çatdım, ali məktəbi bitirdim. Qalanı düzələr - deyib Rəcəbə baxdım. O isə dedi:

- Heç yadımdan çıxmaz - dağın ətəyində, Ləpiklikdə səninlə Gülün toyunu elədiyimiz. O gözəl günlər yadındamı? O vaxtlar milli adət-ənənəylə, sazla, qara zurnayla toylar olurdu. İndi isə xarici mahnılara hoppanıb - tullanırlar. Xatırlayırsanmı, qara zurnanın səsini eşidib qonşu kəndlərdən toyda oynamağa gəlirdilər. Şabaş verib milli rəqslər sifariş edir, şənlənirdilər...

Bağdagülün adını eşitcək başım gicəlləndi, ürəyim döyündü, axı birinci, müqəddəs, dağların suyu, havası kimi təmiz məhəbbət hisslərim onunla bağlı idi. Həyəcanla, qorxu ilə Rəcəbdən soruşdum:

- Güldən nə xəbər var? Ailə qurubmu? Necədir?

Rəcəb dedi:

- O çoxdan ailə qurub. Bir neçə oğlu-qızı var. Düzdü, uşaq vaxtından çox arzu edirdi ki, ali təhsil alsın, həkim olsun. Amma onun arzusunu gözündə qoydular. Mayanı xatırlayırsan? Qızlarımızın içində ən gözəli, boylu-buxunlusu, deyib-güləni idi. 7 - ci sinfi əla və yaxşı qiymətlərlə bitirmişdi. Həyatda onun da bəxti gətirmədi.

Rəcəb köks ötürdü. "Söylə, söylə!" - deyib diqqətlə, həyəcanla ona qulaq asırdım. Rəcəb söhbətinə davam elədi:

-Yazıq Bağdagülün heç on dörd yaşı tamam olmamış elçilər qapını döyməyə başladılar. Ata-anasını bezdirirdilər ki, bəs biz imkanlı ailəyik, qızı yağ-bal içində saxlayacağıq, onu tək oğlumuzçün istəyirik, oğlan deyir qızı mənə verməsələr, onu da, özünü də öldürəcək. Deyirdilər ki, lazım gəlsə, qızı lap oxudarıq da. Qızın atası ha desə də ki, o hələ uşaqdı, uşağın əlindən bezməmişik ki. Gendən baxan bizə nə deyər, oğlan tərəf hey israr edirdi. Gah da hədə-qorxu gəlirdilər ki, yaxşılıqla verməsəniz, qızı götürüb qaçıracağıq. Oğlan dörd bacının bir qardaşı idi, üstündə hamı əsirdi. Qızdan on beş yaş böyük idi. Yaxın qohumları milisdə böyük vəzifələrdə işləyirdilər. Belləri bağlı idi, o səbəbdən də qorxusuz-hürküsüz Gülü məktəbdən qayıdanda ağ "Volqa"ya basıb qaçırdılar. Hara apardıqlarını əvvəlcə heç atasıgil də bilmirdi. Atası nə qədər o yan-bu yana qaçdısa, hara şikayət etdisə də, ona "çalışıb taparıq" dedilər, amma axtarmadılar. Qızın valideynləri çox həyəcan keçirirdilər. Vaxt keçdi, bir aydan sonra kənddə söz yayıldı ki, oğlan evi toya hazırlaşır. Günlərin birində oğlanın qohumları qızın atası evinə gəlib onları toya çağırdılar və xeyir-dua istədilər. "Olan olub, keçən keçib, gənclərə gələcəkdə xoş günlər arzulayaq" dedilər... Bağdagülün xoş günləri cəmi üç ay çəkdi. Bütün ailənin ağır yükü gəlinin belinə yükləndi - mala-heyvana baxmaq, toyuq-cücə saxlamaq, yer belləmək, əkmək-biçmək, evdə böyüklərə quluq etmək, xörək bişirmək, paltar yumaq, ev süpürüb-döşəmə silmək, bir sözlə, hər şey onun üzərinə düşdü. Sutkada cəmi üç-dörd saat dincəlməyə vaxtı olar, ya olmazdı. El dilində belə bir "istismarçı" deyim vardı: "Filan ailəyə qaçaq gəlin düşüb, bir dəqiqə belə dincəlmir, o ailənin bəxti gətirib". Gəlin tozsoranı, paltaryuyan maşını, hətta traktoru da əvəz edirdi. Yer belləyir, torpaq becərir, kartof, göy-göyərti səpirdi. Gül dörd uşaq anası olanda qaynatasını işdən çıxardılar, ailə maddi cəhətdən çətinliklə üzləşdi. Belə olanda cavanlar Böyük Torpağa işləməyə üz tutur, orada sovxoz və kolxozlarda tövlə, ev, kontor, hasar tikir, hörgü hörür, mala vurur, döşəmə düzəldir, bir yolla məşğulluqlarını təmin edirdilər. Aprel ayında yola düşür, bir də oktyabrda vətənə qayıdırdılar. Bağdagülün həyat yoldaşı da briqada düzəldib Rusiyaya işləməyə gedirdi. O biri kişilərdən seçilmirdi - qışda növbə ilə evlərdən birinə yığılıb nərd, domino, kartla qumar oynayırdılar. Oyun qurtarandan sonra şam yeməyinə otururdular və mütləq stol üstündə araq-çaxır da olurdu. Gülün həyat yoldaşı heç vaxt soruşmazdı ki, sənə nə lazımdı, nə alım. Yaxud deməzdi ki, haran ağrıyır, səni həkimə aparımmı. Görəsən hara uçmuşdu o sevgi-məhəbbət, necə olmuşdu hörmət-mərifət?..

Rəcəb danışır, mən də fikirləşirdim ki, məhəbbət incəsənət kimidir, dərin, müqəddəs, yüksək məqamda qərar tutmalıdır. Sevən sevdiyinə yalnız xoşbəxtlik arzulaya bilər, onunla, ya onsuz - dəxli yoxdu. Kişi olan kəs sevdiyi qadına əl qaldırmaz. Bu, acizlikdir. İnsan insana öz iradını, narazılığını da sivil üsulla, şüurlu, ağıllı şəkildə çatdırmalıdır. Kənddə isə cahiliyyə qanunları hökm sürürdü, arvadını döyməyənə "kişi" demirdilər...

Nə isə, uzun sözün qısası, Rəcəbdən öyrəndim ki, Gülü görsəm - tanımaram, binəva çox əziyyətə qatlaşır, on adamın işini təkcə görür.

- Hələ nə yaxşı ki, o yazıq indiyədək sağ qala bilib, - dedi Rəcəb: - amma eşitdim ki, arada xəstələnir, heç həkimlər də baş aça bilmirlər onun xəstəliyi nədir. Yazıq özünü qurban etdi balalarına. İndi heç kim bilmir o nə qədər yaşayacaq.

Rəcəbə qulaq asdıqca qanım qaraldı. Onunla sağollaşıb bikef halda gəzə-gəzə parka gəlib çıxdım. Təkcə oturub dərin fikrə getdim. Tənhalıq məni sıxırdı, özümü dünyanın bədbəxti sanırdım. Gül üçün dua edirdim: "Ey bir olan Allah, Özün kömək et!"

***

Bir tərəfdən də evdə də məni hey bezdirirdilər: "Hansı vaxta kimi subay gəzəcəksən? Axı yaşın otuzu adlayıb, gərək bu il evlənəsən! Vaxt ötür, ömürdən, gündən gedir..."

Qohumlar - əmiqızı, xalaqızı əl-ayağa düşmüşdülər ki, qız tapıb məni evləndirsinlər. Uzaqdan bir neçə qız göstərdilər, amma onların heç birini ürəyimə yaxın hiss etmədim. Bir dəfə bazar günü idi. Əmiqızı təklif etdi ki, bazara gedək, orada seçim çoxdur, analar qızlarını özləriylə hər yerə aparırlar. Bir müddət keçdi, əmiqızı bazardan sevincək bir halda gəlib dedi ki, mənə qız göstərmək istəyir. Getdik. Dedi sən burda dur, bazarda heç kəs heç nəyə fikir vermir, bir məqsədləri alış-veriş etməkdir. Mən bazarın bir kənarında durub gözlədim. Bir gördüm əmiqızı bəyəndiyi qızla söhbət edə - edə mənə tərəf gəlirlər. Dayanıb mənə sarı baxdılar. Bir neçə dəqiqədən sonra aralandılar. Əmiqızı mənə yaxınlaşıb soruşdu:

- Hə, necədi, qız xoşuna gəldimi? - Cavab gözləmədən əlavə elədi: - Amma sən onun xoşuna gəlmisən.

Bəli, ilk baxışdan qız mənim ürəyimə yatmışdı. İncə, ağbəniz idi. Əmim qızına dedim:

- Ay bacı, qızla söhbət etməmiş heç nə deyə bilmərəm.

Əmiqızı bizi görüşdürəcəyini vəd etdi:

- O qız sənin doğma, seydiyin kənddəndir. Yəqin ki, onun ata-anasını da tanıyacaqsan.

Qız söhbət etməyə razılıq verdi. Təyin etdiyimiz yerə gəlib salam verdim. Başını qaldırmadan işarə ilə salamımı qəbul etdi. Bir neçə saniyə sükutdan sonra mən dilləndim:

- İyirminci əsrin axırlarıdır, indi gərək insanlar qapalılıqdan qurtulsunlar. Bildiyimə görə Siz tibb bacısısınız, qədim və müqəddəs peşədir. Mən də bir ildən sonra ali məktəbi bitirəsiyəm...

Qız iri, qara, nəmli gözləri ilə diqqətlə üzümə baxdı. Onun olardı ən çoxu on yeddi yaşı. Mən sözümə davam elədim:

- Həkimlər fiziki gözəlliyin, sağlamlığın keşiyində dururlar, biz isə mənəvi gözəlliyi qoruyuruq. Həkimliklə rəssamlıq doğmadı.

O, balaca uşaq kimi güldü. Soruşdum:

- Siz niyə heç bir sual vermirsiniz, susursunuz?

Oğrun-oğrun gözaltı məni süzürdü. Sanki sinif yoldaşlarıymışıq kimi söhbət edirdik. Mənim o vaxt otuz üç yaşım olsa da, xeyli cavan görünürdüm, baxan uzaqbaşı iyirmi iki - iyirmi üç yaş verərdi. Heç kəs yaşıma inanmırdı. Qız dedi:

- Sənin sözün, hərəkətin heç bizim tərəfin cavanlarına oxşamır.

- Yox, - dedim, - mən siz oxuduğunuz məktəbdə oxumuşam, üç il. O gözəl eldə yaşamışam, ən çox sevdiyim öz doğulduğum kəndimizdir, Ana Vətənimdir.

Qız təəccüblə mənə baxdı, gizli bir sevinc hissi keçirdiyi duyulurdu. Kimlərdən olduğumu soruşdu. Doğmalarımı sadaladım, tanımadı. Daha başqa sual vermədi, görünür, fikirləşdi ki, atası-anası tanıyar bizimkiləri. Bir az sakitlik yarandı. Bir də onu harada, nə vaxt görə biləcəyimi soruşdum. Dedi:

- Gələn bazar anamla gələcəyəm. Elə burada, günorta görüşərik saat 12 - də. Alma-armud gətirəcəyik, satasıyıq, onda sizi tanış edərəm.

Qəlbim sevinc, inam hissi ilə doldu. Fikirləşdim ki, o, əgər məni anası ilə tanış etmək istəyirsə, demək məni bəyənib.

- Sağ olun! - deyib gülümsədim. Evə qayıdarkən özümü çox xoşbəxt hiss edirdim, ürəyim sevincdən döyünürdü. Özümü göyün yeddinci qatında hiss edirdim. Elə bil, Allah mənə qanad vermişdi, sanki uca dağların üstündən uçurdum. Bir həftə gözləyəsi idim onunla görüşü. Yeddi gün mənimçün yeddi ilə bərabər oldu. Həmin ərəfə əmiqızı gəlib evimizdə məni qızla necə tanış elədiyini danışıb, onu da sorğu - sual ediblər ki, bəs qız haralıdır, kimlərdəndir. Qardaşlarımdan biri bir para sözlər danışıb ki, bəs qızın anası xəstədir, özü də həmçinin. Məni də çəkindirməyə çalışdılar: "Qız qəhətliyidir? O qədər qız var ki. Ondan da yaxşısını taparıq səninçün". Mən otağımın küncünə çəkilib qapını bağladım, fikrə getdim: "Böyük Torpaqda tanış həkimlər var, onlar qızı müalicə edərlər. Mən onunla həqiqətən xoşbəxt olaram, qəlbimə yatmayan başqa birisi ilə könülsüz ailə qurub özümü bədbəxt etməkdənsə, istədiyimin yolunda əziyyətə qatlaşmağım yaxşıdır. Bir də ki, bəyəm şikəstin, topalın, lalın xoşbəxt olmağa haqqı yoxdur? Allah onları da elə yaradıb". Düşünüb qərar verdim: "O qızla evlənib aparacağam Rusiyaya!"

Bazar gününü isə səbrsizliklə gözləyirdim, günləri, saatları sayırdım. Həmin gün vədələşdiyimiz vaxtdan bir az da tez getdim bazara. Çox həyəcanlı idim. Elə bil, başımın üstündə qara buludlar asılıb qalmışdı, onların dağılacağı anı gözləməyə səbrim çatmırdı.

Qız gəldi görüşə. Salamlaşıb mehribanca ona baxdım. Onun günəş kimi parlayan gözlərində inam var idi, sevincdən yanaqları allanmışdı. Ötən bir həftənin içində elə bil qönçə gül kimi açılmışdı. Görünür, o vaxtadək heç vaxt görüşə çıxmamış, heç bir oğlan onun əlindən tutmamışdı. O, dağların başında bitən, yalnız küləyin öpüb sığal çəkdiyi çiçəyə bənzəyirdi. Ürəyim çırpınır, sanki yerindən qopacaqdı. Qız balaca cüyür balası kimi xəfif bir külək səsinə, ot xışıltısına ürküb qaçmağa hazır idi. Nəsə demək istədim, o, işarə etdi ki, anam bura gəlir. Anası gəlib yetişən kimi qızdan soruşdu:

- Bu oğlandır?

- Hə.

Bu dəfə məndən soruşdu:

- Bala, bizim kənddə kimlərdənsən? Kimin oğlusan?

Mən yerli-yataqlı cavab verəndən sonra qız anası diqqətlə məni süzüb növbəti sualını verdi:

- Sizlər çox qardaşsınız, sən hansısan?

Dedim:

- Şam.

- Ola bilməz. Şam mənimlə bir sinifdə oxuyurdu. - dedi qadın. Onun solğun çöhrəsinə diqqətlə baxdım, gözləri tanış gəldi.

- Siz... Bağdagülsünüz? - deyə ehtiyatla soruşdum. Cavab verəndə səsində qəhər hiss olundu. Bunun sevincdən, ya kədərdən olduğunu ilk əvvəl kəsdirə bilmədim.

- Hə, - dedi: - Şam, maşallah, sən mənim oğlum yerində görünürsən, heç inana bilmirəm.

Sonra da üzünü qızına tutdu:

- Bir vaxtlar biz uşaq idik. 3-cü sinifdə oxuyanda uşaqlar yığışıb dağın başında mənlə Şamın "toyumuzu" keçirdilər...

Artıq onun solğun, həyatdan küskün, inamsız, ümidsiz gözlərindən yaş sel kimi tökülürdü. Mənim təpəmə elə bil böyük bir daş endirmişdilər. Qız isə yerində quruyub qalmışdı.

... Oradan necə uzaqlaşdığım yadımda deyil. Yolda kim mənlə görüşüb, salam verib, xatırlamıram. Bir də gördüm ki, parkdayam. Yağan yağış saçlarımı isladıb üzümə axmış, göz yaşlarıma qarışmışdı. Dəli kimi olmuşdum. Heydən düşdüyümdən, axşama kimi parkdakı skamyalardan birində oturdum. Axşam evə çatanda suyun içindəydim. Evlənmək qərarımı eşidən - bilən qohum - qonşu evimizə yığışıb şadyanalıq edirdilər. Məni də çağırıb içməyə dəvət etdilər. Onlarla bir-iki badə içib yatmaq bəhanəsilə sağollaşıb ayrıldım. Ertəsi gün səhər tezdən tələbə çemodanımı götürüb bircə anamla vidalaşdım. Digərləri yuxudan oyanmamış düzəldim yola.

***
Dərslər başlamağa az qalmış evdən məktub gəldi ki, bəs anan naxoşlayıb, amma narahat olma, həkimə göstərmişik, sağalacaq. Yazıq arvadı nigaran buraxmışdım, ayrılarkən ona nəsə izah etməyə gücüm çatmamışdı. Sözsüz, evi məyus halda tərk eləməyim ona pis təsir eləmişdi. Aradan iki ay daha keçəndən sonra Rəcəbdən məktub gəldi. Açıb oxudum: "Salam, Şam! Sənə bir bəd xəbər deyəcəm, özünü toxtaq tut, möhkəm ol. Çox əziyyətdən sonra, neçə aydı ki xəstə yatan Bağdagül vəfat etdi. Yazığın təzəcə 34 yaşı tamam olmuşdu. Heyf, özünü vaxtsız qurban verdi..."

Əvvəlcə Rəcəbə, sonra da evə məktub yazdım: "Anama deyin, gedib kimin qızını istəyir nişanlasın, üç-dörd aya kimi diplomu alıb gələcəyəm. Təki mənim evləndiyimi görmək qisməti olsun. Seçdiyi gəlini bəyənməyimi gözləmək lazım deyil, düşər-düşməzi olar. Sağ olun!"


"İki dəfə əriyən şam" - Şamxəlil Nəsiboğlunun həyat hekayəsi Şamxəlil Nəsiboğlu ,
MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ