Təranə Vahiddən 3 HEKAYƏ

Tarix:13-02-2018, 22:07 Baxış Sayı:133

Təranə Vahiddən 3 HEKAYƏ
Manera.az tanınmış yazıçı Təranə Vahiddən 3 hekayə təqdim edir:

AXŞAMÜSTÜ

Səhər gülümsədi, günorta heyrətləndi, axşam çıxıb getdi...

Bir müddət çəliyinə söykənib - şikarını gözləyən qurbağa kimi - nəfəsini içinə çəkdi. Sonra tor görən gözləri ilə ətrafına boylandı. Dayandığı yerdə üç yol kəsişirdi. Biri dərəyə uzanırdı. Orda sarı-qırmızı gillərin arasından bulaq qaynayırdı. Kəndin qız-gəlinləri axşam-səhər bu bulaqdan su daşıyırdı. Kimi səhənglə, kimi vedrə ilə.

Qoca, çal qaşlarının altındakı xırda gözləri ilə bu durna qatarına biganə qala bilmirdi. Vaxtaşırı çolaq ayağını sürüyə-sürüyə bu dikdirə qalxır, dolu bədənli qadınlara, incə belli gəlinlərə, qu quşu kimi zərif boyunlu qızlara dişi tökülmüş canavar quzuya baxan kimi baxırdı.
Amma onun qığılcımı sönmüş ölgün baxışları heç kimi ürkütmürdü. Arvadlar fikirləşirdi ki, qoca kişidi, hay-hayı gedib, vay-vayı qalıb. Gəlinlər onu görəndə özlərini yığışdırırdılar ki, qoy qoca necə abırlı gəlin olduqlarını görsün. Qızları kəndin dəliqanlı gədələrindən başqa heç kəs maraqlandırmırdı. Qocaya da keflərinə düşəndə salam verirdilər, keflərinə düşməyəndə yox. Bu da qocanın xətrinə dəyirdi. Dodağının altında mızıldanırdı ki, Allahın altında cavan vaxtım olaydı. Onda görərdiniz ki... Bu sözləri deyəndə dodağı əsirdi. Bilirdi ki, day bundan sonra cavan olası deyil ha... Həqiqəti zəqqum kimi xirtdəyindən içəri ötürürdü.

İkinci yol üzümlüyə gedib çıxırdı. Üzüm yığını çoxdan başlamışdı və qoca yaxşı bilirdi ki, bu kənddə bineyi-qədimdən belə bir adət var. Cavanlar üzüm yığanda kanistrdən çaxır süzüb içə-içə məst olub kəndin qızlarından danışırlar. Məsələn, filan qızın gözəl gözlərindən, filankəsin biçimli ayaqlarından, filan qızın qızılı rəngli saçlarından o qədər danışırlar ki, o gecə hamı yuxuda o ayaqları, o gözləri, o saçları görürdü.
Səhər də kəndə xəbər yayılırdı ki, o sevimli ayaqların, gözlərin, ya da saçların yiyəsini qonşu kənddən filankəsin oğlu qaçırıb. O gün üzümlük yasa batırdı. Özünü toxtaq tutan cavanlardan neçəsi həmin gecə gizlicə gözünün yaşını əlinin dalı ilə silib, qıza ürəyini açmadığına görə özünü söyür, ürəyində balaca bir çala qazıb körpə məhəbbətini oradaca basdırırdı. Sonra burnunun suyunu balışa silir, elə o balışı da qucaqlayıb yatırdı.

Üçüncü yol gedib qəbiristana dirənirdi. Kənddə ölüm-itim olanda camaatın yadına düşürdü ki, belə bir yol da var. Gediş-gəliş az olduğundan bu yolu həmişə ot basırdı, bu da yuxa ürəkli qadınların dilində çox kədərli ağıya çevrilirdi. Mənası da belə olurdu ki, yolda qaratikan, sarıtikan olmasaydı, hər gün görüşünə gələrdim. Qadınların uydurduqları bu bəhanə hamının xoşuna gəlirdi.
Qoca diksindi. Elə bil, gözünə Əzrail dəydi. Əyilib yerdən qara bir daş götürüb qəbiristana uzanan yola qolazladı.
Hələ də bulaqdan qız-gəlinlərin qaqqıltısı, üzümlükdən cavanların hayqırtısı gəlirdi...
Səhər qocanın öldüyünü eşidəndə hamı mat-məəttəl qaldı. Kəndə qəribə sakitlik çökdü. Elə bil, hamı qocanın ruhunu incidəcəyindən ehtiyat edib səsini içinə saldı.

Cənazəni qəbiristana aparanda gün günorta olmuşdu. Qara-qura paltar geyinmiş arvadlar əllərini dizlərinə çırpa-çırpa qaratikanlı yollar, ayrılıq və ölüm barədə qəmli nəğmələr oxuyur, qəbiristana uzanan yol tanış oxşamaları eşitdikcə cana gəlib dirilirdi...
Axşamüstü kənd yenidən canlandı. Qız-gəlinlər bulağa səmt aldı, cavanlar kluba bitişik çayxanada laqqırtı vura-vura domino oynadı, kölgə səssiz-səmirsiz hər tərəfi basdı. Sonra heç nə olmamış kimi bütün kənd şirin yuxuya getdi...

QIRMIZI QUYU

... Bu dünyada irili-xırdalı çoxlu yuvalar var. Qarışqanın öz yuvası, sərçənin öz yuvası, insanın öz yuvası. Yuva həm də Vətəndir. Sən hər gün yuvadan çıxıb yem dalınca gedirsən. Əminsən ki, Tanrı ruzini bir yarpağın altında, bir gölün qırağında, bir daşın altında, bir insanın yaddaşında gizlədib. Yazıqlar olsun ki, ruzi oğruları dünyanı bürüyüb...

... Axır vaxtlar yuxusuna dərin, dibsiz. dar, qıpqırmızı köhnə bir quyu girirdi. Quyunun içinə baxmağa ürək eləmirdi, amma hərdən quyu oyanıb inişil rəhmətə gedən nənəsinin kal səsi ilə onu səsləyirdi. Qorxusundan yaxına getmirdi. Quyu, özü də qırmızı quyu bu çağacan kimə xeyir gətirib ki?

Onsuz da dövran onu gözüqıpıq edib dar, yöndəmsiz, çirkli bir quyuya tullamışdı. Nə illah eləsə də, quyudan çıxa bilmirdi. Dişiylə, dırnağıyla cəhd edib çıxanda da, nəfəs dərməmiş guppultuyla başqa bir quyuya düşürdü. Zəhrimara qalsın, elə bil hər yan quyu idi. Hərdən fikirləşirdi ki, görəsən bu quyuları kim qazır, nə vaxt qazır, niyə qazır? Bir-iki dəfə quyu barədə ərki çatan adamlardan soruşmuşdu da. Boğazınacan quyunun içində olanlar düz gözünün içinə baxıb boz-boz “nə quyu, hansı quyu?” - demişdilər. Dili-dodağı əsə-əsə “Fikir verməyin, axır vaxtlar gözüm yaxşı görmür, hamısı ondandı. Quyu nə gəzir, hər yer dümdüzdür” – demişdi. Bu həngamədən sonra bir də quyu sözünü ağzına almamışdı. Hamı necə, o da elə...

Arvadının səsi onu quyudan çıxardı:
- Çay içirsən?
- Hə.
Ardınca da:
- Uşaqlar yatdı? – deyə soruşdu.
- Fəridə elə ağlaya-ağlaya yatdı. Deyir sinif yoldaşlarım venetka üçün 30 manatdan pul yığır. Nə vaxtacan sinfin gözü qarşısında “yox mən istəmirəm” – deyəcəm. Guya uşaqlar bilmir niyə istəmirəm?
Səlim əsəbi şəkildə əlini tüklü üzündə gəzdirdi:

- İşlərim düz gətirmir, hara ayaq atıramsa, quyuya... tezcə də sözünü dəyişdi, hara əl atıramsa, boşa çıxır - dedi.
Yır-yığış eləyən Səlimə əl saxlayıb ərinə baxdı:

- Axşam vaxtı nəs gətirmə, ay pir olmuşun oğlu, şükür Allaha, bu ay kirayənin pulunu vermişik, həmişəki kimi alababat da dolanırıq. Fəridə də qələt eləyir, ağlayıb-sızlayıb oturacaq yerində. Məktəb də gündə bir hoqqa çıxarır, “ver. ver, ver! Hanı? Boş ovcunu havada oynatdı. Qonşumuz Nəzirəyə and vermişəm, nə iş olsa mənə desin, görək nə olur. Maşallah, zirək gəlindi, şəhərin altından vurub, üstündən çıxır, o olmasa heç bilmirəm necə dolanarıq – dedi.

Arvadının yad qapılarda işləməsi Səlimə ağır, çox ağır gəlirdi. Hansı kişi istəyər ki, gözəl-göyçək arvadı bir tikə çörəkdən ötrü tanımadığı qapıları döyüb yun çırpsın, döşək salsın, xəstəyə baxsın? Özü də dünyanın belə baş-ayaq vaxtında...
Səlim Səlimənin gətirdiyi çaydan bir qurtum aldı.

Səlimə əri ilə üzbəüz köhnə kresloya çöküb qurama tikə-tikə bir sürü ehtiyaclarını ipə-sapa düzdü. Ehtiyaclardan cana doymuş Səlim arvadına qulaq assa da, əslində öz aləmində idi.

Neyləsin, yağ-bal içində böyüməmişdi ki, uşaqkən evlərinin bacasından həmişə ehtiyac tökülərdi, amma sovet hökuməti ehtiyacı ümidlə kompensasiya edirdi. Hamı gözləyirdi ki, bu gün sabah çörək, kibrit, duz pulsuz olacaq, kommunizm cənnət qapılarını taybatay açıb kasıba deyəcək: canım kasıb, gözüm kasıb, daha bəsdir, üst-başını çırp, keç içəri. Sən də insansan, barı ömründə bir gün gör.

Amma bu boz uçuşun axırı yaxşı qutarmadı, kommunizmə beş-on kilometr qalanda, fələk bu arzu ilə yaşayanları barmağına dolayıb kasıbın son arzusunu da əlindən aldı. Xəyaldan ayılanda hamı özünü quru yurdda gördü. Səlimin işlədiyi kimya zavodu bağlandı. Günlərin birində gözünü açıb özünü azad ölkənin qul bazarında gördü. Bir müddət adamlardan utansa da, sonda qul bazarına alışıb əməyini su qiymətinə satmağa başladı. Əvəzində nə qazandı? Yoxsulluq və bir sürü xəstəlik...

Son iki həftədə də bəxti daşa dirənmişdi. “Xozeyn”lərin qabağına hamıdan əvvəl qaçsa da, “ağalar” iş üçün onu yox, başqasını seçirdilər. Bəlkə ona görə ki, bu cansız adamın işi yarıdacağına inanmırdılar, ya da gördürəcəkləri ağır işləri belə çəlimsiz adama yükləməyə ürəkləri gəlmirdi. İkinci güman sabun köpüyü idi. Hər şeyin bazar qiyməti ilə ölçüldüyü bir vaxtda vicdan və humanizmdən dəm vurmaq dənizdə boğulan adamın “sudan zövq alıram” – deməsinə bənzərdi. Birinci güman isə dübbədüz idi. Hörümcəkdən can istəyən adam nəyə yarıyacaqdı. Neyləsin ki, anası onu Spartak doğmamışdı.

Səlim fikirlərinə ara verib gözlənilmədən dilləndi:
- Bəlkə sabah getməyəsən, yaxında, qonum-qonşuda iş olsa gedərsən.
Səlimə yuxa ürəkli ərinə təsəlli verdi:
- Təki iş olsun. Yenə üçdən-beşdən alaram. Sən də çox fikir eləmə ha, vallah inciyərəm səndən, elə deyil ki, əlindən iş-güc gəlməsin, yaxşı ustasan, barmaqların qızıldır, heç vecinə də alma, bugün-sabah oğlumuz böyüyəcək, qollarını çırmalayıb bizə dayaq olacaq.
Səlimin qırışığı aşıldı, bükülmüş çiyinləri düzəldi, arvadının sözlərindən toxtaqlıq tapdı:
“Allaha pənah” – deyib televizoru açdı. Qulağına dəyən ilk xəbər bu oldu:
“Dünya bazarlarında bir barell neftin qiyməti...
...Səhər evdən çıxanda Səlim sevimli arvadına “Bu gecə yuxuda yenə o lənətə gəlmiş qırmızı quyunu görmüşəm” – dedi. Səlimə zarafatından qalmadı:
- Axır vaxtlar quyudan başqa bir şey görmürsən a kişi, ehtiyatlı ol, bir gün quyu fontan vurub bizi ağ günə çıxaracaq – deyib ürəkdən şaqqanaq çəkdi.
... Yolları ayrıldı, hərəsi bir səmtə getdi....

... Gün yaxşı başlamışdı. Səlimə qonşuları Nəzirənin dediyi ünvana çatanda başını qaldırıb göyə millənən 16 mərtəbəli binaya altdan yuxarı bir az heyrət, bir az heyranlıq, bir az da qorxu ilə baxdı. Adamların ağzına sığışmayan “novostroyka”nın blokundan içəri girib liftlə 11-ci mərtəbəyə qalxdı. Qapını arıq, əzgin, üz-gözündən narazılıq yağan bir qadın açdı. Səlimənin üst-başına baxıb yuxulu-yuxulu:
- Nəzirə deyən sənsən – keç içəri – deyib kənara çəkildi.
Səlimə sıxıla-sıxıla içəri keçdi. Bir anda evə göz atıb ürəyində “evin nəyini yığışdıracam, gül kimidir” – dedi.
Ev sahibi:
- Hər şey vanna otağındadır, şüşələri silmək lazımdır – dedi.
Səlimə udqundu. O, heç vaxt hündürmərtəbəli binanın pəncərəsinin şüşəsini silməmişdi. İstədi “bacarmaram” – desin, ərinin əyilmiş çiyinləri gözünün qabağına gəldi, ürəyi sıxıldı.
Ev sahibi sanki onun ürəyindən keçənləri oxudu:
- Pəncərələri yaxçı-yaxçı silsən, əlli manat verəcəm – dedi.
Əlli manat əlli min işıq kimi Səlimənin gözlərində parıldadı.
- Silərəm xanım, niyə silmirəm – deyib qollarını çırmalayıb ürəklə işə başladı. Ürəyində özü-özünə təskinlik verirdi: “Ağciyər olma, bu nədi ki, yeri gələndə unitaz təmizləyirsən, xəstəyə baxırsan, kiminsə sözünü götürürsən. Aşağı baxma, vəssalam. İşimi bitirib birbaşa marketə gedərəm, uşaqlara yağdan, çaydan, qənddən alaram.
Otaqların birinin pəncərəsini qurtaranda dər vurub dabanından çıxmışdı. Əskiləri yuyanda marketə getməkdən vaz keçdi. Ürəyində:
- Axşamüstü yaxınlıqdakı bazara gedərəm. Axşambazarı ucuz olur. Kartof-soğan, bir az da uşaqlara mer-meyvə alaram.
İkinci otağın pəncərəsini silmək çətin başa gəldi. Min dəfə ölüb, min dəfə dirildi. Toz elə bil yapışqanla şüşəyə yapışmışdı.
Qonşu otaqdan diktorun cır səsi gəlirdi:
- Dünya bazarlarında bir barrel neftin qiyməti....
Özü də hiss etmədən: artsın, artsın, yeyəsinə qismət! - dedi
Qonşu otaqdan qadının səsi gəldi:
- Nə dediniz?
Səlimə:
- Heç, elə-belə... – dedi.
İkinci otağın pəncərəsini də gül kimi təmizlədi. Vanna otağına gələndə hiss elədi ki, yorulub. Ürəyində özü ilə danışdı: “Bir azdan Fəridə dərsə
gedəcək, Fəridlə Ləman da dərsdən gələcək”.

Səlimə bir anlıq fikrə getdi, balaları üçün darıxdı, əskiləri təmiz-təmiz yuyub başını qaldıranda gözü iri güzgüdə özünə sataşdı. Həyat onu nə qədər sıxsa da, bərkə-boşa salsa da gözəlliyi hələ tamam itməmişdi. Ağlı kəsəndən gözəlliyi ona yol-yoldaşı olmuşdu. Biçimli bədəni, sarışın saçları, ala gözləri, çox qadınların həsəd apara biləcəyi ağ, sağlam, düzümlü dişləri bir qadın kimi onun xoşbəxtliyi idi. Neyləsin ki, yaşadığı ağır həyat, kasıblıq bu gözəlliyə gözgörəti kölgə salırdı. Özünü bir anlıq ev sahibəsinin yerinə qoydu. Sifətindəki vaxtsız qırışlar çəkildi. Xəyalında saçının düzümünü dəyişdi. Əynindəki köhnə xalatı firuzə rəngli, ömrü boyu arzusunda olduğu ipək paltar əvəz etdi. Hələ ağ ayaqqabıları demir. Bir cüt ağ tufli...
Toyları olanda Səlimgil ona bir cüt ucuzvari qırmızı ayaqqabı gətirmişdilər. Ucuzluğuna nə sözü olacaqdı, amma bərk dursaydılar o qiymətə ağ ayaqqabı da ala bilərdilər...

Səlimə alışıb-yanan güzgüdəki əksinə baxa-baxa daha nələr düşünmədi. Bu evə ayaq qoyandan onu bihuş edən ətrin qoxusunu saçlarında hiss etdi. Qəşəng gözləri güldü. Belə aydın hisslərə, saf təbəssümə həsrət qalan güzgü sevincindən çiçək açdı, Səlimə arzularını güzgüyə tapşırıb getdi...
Bu dəfə pəncərəyə könülsüz yaxınlaşdı. Elə bil hansısa hiss ona “getmə” – deyib yalvarırdı. Ayaqlarının titrədiyini hiss etdi. Öz-özünə təskinlik verdi: “Az qalıb, lap az...”

Elə bil vaxtdan daş asılmışdı. Pəncərə ona əl vermirdi. Ayaqları əsirdi, qolları ağırlaşıb qurğuşuna dönmüşdü. Pəncərənin çöl üzündəki ləkəni də silə bilsəydi.... Bir də, bir də cəhd elədi, bədəni dartıldı və vahiməli bir səs yerə qədər uzandı. Yol boyu əvvəlcə anasını, sonra uşaqlarını, ərini çağırdı. Bu gün marketə gedəcəyini, bazarlıq edəcəyini, evlərinə ilk dəfə belə böyük məbləğdə pul aparacağını söylədi. ...Yol uzanırdı, Səlimə bu dar macalda Allahın ətəyindən tutub heç olmasa babalarını ona tapşırmaq istəyirdi. Demək istəyirdi ki, ey dünyanın sahibi, niyə bəndələrini tərk etmisən, onsuz da aşağılarda heç kim heç kimin səsini eşitmir, bəs yuxarıya nə olub, xətt işləmir? Tanrı susurdu...
Yerə lap az qalmış televiziyaların hər gün bar-bar bağırdığı sözləri kəkələdi:
- Eşidirsiz, dünya bazarlarında bir barel neftin qiyməti...

QORXU ÇİÇƏKLƏRİ

Adam, ağac, dozanqurdu, paxla, balina - hamısı bir-birinə oxşayır...

Qarlar əriyib dağ yuxarı çəkiləndə qoca Bağban elə bil ilan ağzından qurtardı. Dəhrəsini, dırmığını, bağ qayçısını, çalğusunu qoltuğuna vurub bağa yollandı. Payızda bağdan çıxanda fındıq çubuğundan hördüyü qapını məftillə möhkəm-möhkəm düyünləmişdi. Bir xeyli əlləşəndən sonra məftilləri açdı, bununla sanki həm də ömrünün səksəninci baharının qapısını itələyib içəri keçdi. Ürəyində “Şükür Allahın kərəminə!”- dedi. Düzdü, bu sözləri hər il deyirdi, amma bu dəfə lap ürəkdən dedi. Səbəbsiz də deyildi.

Bu qış ömründə birinci kərə Əzraillə qarşılaşmışdı. Əzrail olanda noolar, birinci dəfədir deyib güzəştə getmişdi. Kəndçiləri Çırttaqoz Veysəl olmasaydı, heç başına bu həngamə də gəlməyəcəkdi. Çırttaqoz Veysəl durub-durub kiçik çillədə öldü. Camaat daş atıb başını tutdu: bu qiyamətdə gərək canından keçəsən ki, qəbir qazasan. Bağban onlarla razılaşmadı. Dedi, yekə kişisiz, ölü ortada qalmayacaq ki; külüngünü belinə taxıb Veysələ kefin istəyən bir qəbir qazdı. Tər dabanından süzülə-süzülə kəndə qayıdanda nəfsini saxlaya bilmədi, dərədəcə ağzını buz kimi suya söykəyib doyunca içdi.

Veysəldən sonrakı qəbir onunku olacaqdı, amma arvadı Güləbətin özünü ölümə qoydu ki, Bağban ölməyəcək. Bilirdi ki, dünyada görüb-görəcəyi yeganə kişi Bağbandır, o da ölsə vay halına. Qonşu kəndə həkim dalıycan adam göndərdi. Nəvəsinin sünnətinə saxladıqları toğlunu kəsdirib Bağbanı dəriyə bükdü, umacı bişirib isti-isti ərinin boğazına tökdü, təkgöz Zəriyə nəzir-niyaz dedi, axır ki, ərini Əzrailin əlindən zorla dartıb qopartdı. İndi budu, Bağban qıpqıvraq əvvəl özünə, sonra bağa xeyir-duasını verib içəri keçdi. Əlindəki dəhrə ilə kolu-kosu qırıb-çatdı, küləyin qovub gizlətdiyi xəzəli dırmıqladı, çəmənləri çalğuladı. Bağbanın bu qayğıkeşliyindən bağın üzü güldü. Yaz günəşi ağacların çılpaq budaqlarından süzülüb çoxdan isti dəyməyən kökləri qıdıqlayıb oyatdı. Günəşin istisi Bağbanın qartımış kürəyini də yumşaltdı. Quluncunu qırıb dərindən nəfəs aldı. Sonra qolunu çırmayıb ağacları budadı. Belə vaxtlar Bağban cəllad kimi soyuqqanlı olur, lazımsız zoğları bağ qayçısı ilə üsulluca üzüb atırdı.

Alma ağacına çatanda duruxdu. Altdan-yuxarı incik-incik ağaca baxdı. O biri ağaclara dediyini alma ağacına deyə bilmədi. Bayaq armud ağacını budayanda ağacın qulağına heç kəsin eşitmədiyi sözlər demişdi. Demişdi ki, səndən bu bağda, heç bu kənddə, belə baxanda heç bu dünyada yoxdur. Keçən il özünü əsl kişi kimi apardın. Dolu da yağdı, tufan da qopdu, payızın axırlarında dəli bir külək yeri-göyü oynatdı, bircə meyvənin də burnu qanamadı. Nə belin əyildi, nə budaqların sındı. Kökünlə torpaqdan elə yapışdın ki, olmayan kimi. Bu isti sözlər armud ağacına budanan qollarının ağrısını unutdurdu. İlıq sözlərdən elə utandı ki, ən uca budağının ən uca zoğu qızarıb düymələdi. Amma bunu Bağban görmədi. Görə də bilməzdi. Birincisi boyu boy deyildi, ikincisi, sol gözü axır vaxtlar ancaq qaraltını seçirdi. Bu sözləri armud ağacına demişdi. İndi o mayıf gözünü qıyıb salamat gözü ilə alma ağacına baxırdı. Sonra əlinin içi ilə ağacın gövdəsinə bir-ikisini ilişdirdi. Səsini alçaltdı. Heç kəs eşitməsin deyə pıçıldadı:

- Mənim də səbrimin həddi-hüdudu var axı. Boynuna al ki, qocalmısan. Üç ildir nə çiçəyin olub, nə də meyvən. Bu yaz da çiçək açmasan vay halına!!!
Alma ağacının kötüyə dönmüş gövdəsi bağbanın sözlərindən çat verdi. Bal kimi şirə çatdan torpağa süzüldü. Bağban ağaca dediyini deyib, ötüb keçdi. Heç saya salıb ağacı budamadı da. O yaz bağda bütün ağaclar çiçək açdı. Alma ağacından başqa. Qonşu ağaclar qanadlarını barsız ağacın boynuna dolayıb könlünü aldılar. Həm də istəmədilər ki, bu biabırçılığı kimsə görsün. Sonra bağbanın başı qarışdı. Ərik kefini açdı, armud ağzında yağ kimi əridi, şaftalının tükləri üz-gözünü daladı. Yediyini yedi, yemədiyini pay verdi. Qonşunun yük maşını üç dəfə bağın meyvəsini bazara daşıdı. Bağbanın kefi kökəldi, arvad-uşağın əyni-başı təzələndi, qohum-əqrəbaya baş çəkdi, toylara nəmər saldı. Həm öz könlü xoş oldu, həm də özgələrin.
Yaxındakı dağın başına qar düşən gün Bağbanın meyvələrini bazara daşıyan qonşu xəbər gətirdi ki, bazardakılar alma istəyir, bilirsən də hansı almadan?

Bağbanı od götürdü. Kötüyün üstünə taxdığı baltanı götürüb bağa cumdu. Yol boyu alma ağacının keçmiş-keçəcəyini, kökünü-köməcini, yedi arxa dönənini söyüb buladı. Bağa girəndə ilk məhəbbətini uzun illərdən sonra görən adam kimi sir-sifəti çiçək açdı. Bu bağ onun Güləbətindən əvvəlki məhəbbəti idi. Ancaq bunu heç açıb-ağartmazdı. Xəzəli yara-yara ağaclara tərəf yeridi. Ağaclar barını yerə qoyub yüngülləşmişdi. Birdən Bağbana elə gəldi ki, ağaclar birtəhərdir. Elə bağ da gözünə birtəhər dəydi. Alma ağacının yanına çatanda gözlərinə inanmadı. İlin bu vədəsində ağac başdan-başa çiçək açmışdı. Bu ağlı-çəhrayılı çiçəklər gözlərini geniş acıb günəş axtarırdı.

Qoca bağban ömründə belə sarsılmamışdı. Birdən heyrətini qorxu üstələdi. Yaxınlaşan qar havasının soyuğu qocanı səksəndirdi. Qorxudan çiçəkləmiş ağacın dərdi onu götürdü. Amma neyləyə bilərdi... Bu boyda ağacı evə aparası deyildi ha. Heç bükmək də mümkün deyildi. Bağban xəcalətdən əlindəki baltanı arxasında gizlətdi. Gözləri dolmuşdu, başdan ayağa tir-tir titrəyirdi. Elə titrək səslə də pıçıldadı:
- Sən yaxşı ağacsan. Yaxşılığına heç söz olmaz. Yadındadı, Qaraş oğlu Vəlinin uşaqları acından ölən il sən bolluca bar verdin, külfəti ölməyə qoymadın. Çox illər karımıza gəldin. Görünür mən səndən də çox qocalmışam. Rəhmətlik babam deyərdi ki, bağban bağın üstünə əlibaltalı gedəndə göydən daş yağar.

O gecə göydən daş yağmadı, qar yağdı. Bağban çiçəklə qarı bir yerdə qoyub hara gedə bilərdi... Qar lopa-lopa yağdıqca hər ikisi üşüyür, Bağban xəcalətdən özünə yer tapa bilmirdi.

Gecə yarıdan keçəndə Bağbanın son ümidi də boşa çıxdı. Xırda qar başladı. Bağban ağacın necə qorxduğunu, titrədiyini aydınca hiss edir, dünyanın bərkindən-boşundan çıxmış əlləri ilə gövdəni sığallayır, nəfəsi ilə isidir, arabir ağacı qucaqlayıb ana balasına layla deyən kimi kal səslə alma ağacına layla deyirdi.

Gecəynən kənd bir-birinə dəydi. Bağban yoxa çıxmışdır. Nə qədər axtarsalar da xeyri olmadı. Səhər kiminsə ağlına gəldi ki, bağa baş çəksin. Qarı yara-yara gəlib Bağbanın cəsədini ağaca söykəli vəziyyətdə tapdılar. Cəsəd buz bağlamışdı. Səlim kişi bağbanın cəsədini belinə alıb kəndə tərəf yönəldi. Qar altında şaxta vurmuş çiçəkləri isə kimsə görmədi...

Bağbanın müəmmalı ölümünün sirri uzun illər kənd camaatı üçün açılmadı və gün gəldi ki, bu hadisəni kənddə xatırlayacaq daha kimsə qalmadı...Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ