Rəşid Bərgüşadlıdan “Türkün məsəli”

Tarix:17-04-2015, 00:32 Baxış Sayı:1298

“Türkün məsəli”

(hekayə)

Tənha kərkincək vələmir sahəsinin üstündə qanadlarını yelpik kimi elə tez-tez yelləyirdi ki, sanki, üzümçü qızların alnından yanaqlarına, oradan isə sinələrinə süzülən təri sərinlədə biləcəkmiş. Hərdən manşırladığı siçan dəməyinə şığayır, növbəti uğursuz cəhddən sonra yenə caynağıboş öz yerinə qayıdırdı - biz tərəfin dağ siçanları da yaman diribaşdı. Tənəklərin arasında eşələnən üzümçülərin isə kimi dilinin altında zümzümə edib yorulmadan gündəlik normasını doldurmaq uğrunda əzabla çarpışır, kimi kölgədə gizlənib sərinləyir, kimi də şirin qeybətlərin kələfini yığıb yığışdıra bilmirdi. Amma ucadan danışan iki qadının səsini aydınca eşitmək olurdu...
- Ay qız Simavər, toba ağlım başımda gücəndi qaldı bu zəhrimar göydaşın iyindən. Görəsən bu hökumət niyə Azərbaycana göz verib işıq vermir. A başına dönüm, neft ifraz edirik, qaz ifraz edirik, gərək elə bu zəhərə qalmış çaxırı da biz ifraz edək? Bu zəhəri də ver canı çıxmış erməniyə, qoy onlar da bir kişi işinin qulpundan yapışsınlar dayna! Yeyib-yatmaqdan donuz kimi şişib qızarıblar. Çaxırı içə bilirlər, tənəyə baxa bilmirlər..?
- İfraz yox ey, külü qoyum təpənə, ixrac...
- Aaz, lap ixlac olsun! Dursun başına daş düşmüş də şeşələnir ki, - “Rayonumuzun üzüm ifrazı planını vaxtından əvvəl ödəməsəm nə deyirsiniz deyin!”... Bu çər dəymiş gədələr niyə gəlmədi görəsən?!
- Hansı gədələr, agız?
- Şagirdləri deyirəm dayna.
- Hələ tezdir axı.
- Səni başın get samovarı qala, bu zəhrimarın tozundan dilim-boğazım qurudu, dilim dişlərimə ilişir.
- Ağız, Tovuza de, mənim cızıma hələ çox var.
- Tovuz uşaq əmizdirir.
Simavər:
- Buy ayıb ola ağız! Bunun səyləri qırılsın, bu qız lap başını itirib ey. Qoşəllənin yanındamı əmizdirir?
- Nə olsun ağız, Qoşəllə də onun qardaşı kimi bir şeydi dayna...
- Ay qız, səyləmə sən allah! Adam qardaşının yanında da uşaq əmizdirməz. Vallah Dursun qağa görsə, bu dəfə Qoşəlləni iti qovan kimi briqadirlikdən qovacaq. Görəsən Allah-təala hərdən belə kişiləri niyə yaradır? Bu kənd yerində Qoşəllə kimi oğlan niyə belə qızbibi oldu?
- Aaz, şəhərdə oxuyan nə təhər olmalıydı ki! Boynu qırılsın uşağını şəhərə oxumağa göndərənin. Bir də hər şeyi Allahın boynuna yıxma - bu qədər yükdən Allahın da boynu qırılar. Allah neyləsin, boylu-buxunlu cavan gədədi, o qədər arvadların yanında oturub-durub ki, axırda arvadlaşıb dayna... Dursunu da heç salamat durmasın. Qovur, cəhənnəmə qovsun. Bu kəndin kişilərinin içində həya eləmədiyimiz bir kişi varsa, elə o da Qoşəllədir. Onu qovar, Qiceri briqadir seçərik. Amma, Qicer də, Qoşəllədə bax bu təs kimi eyni şeydilər, - yerdəki quru at təsini qaloşunun qırağıyla ikiyə böldü.
- A Kəklik, sən allah Qicerin anası yenə Göyərçinə göz verib-işıq vermir?
Kəklik:
- Ağız, bu Dalaverdinin ki nəsli var ha, bunlarda arvad saxlamaq haram sayılır. Göyərçin kimi qıza əl qaldıranın görüm əli qurusun. Vallah elə göyərçin kimi də qızdı. Gör adam da belə qızın yediyini-içdiyini zəhərə döndərərmi heç?
- Ay Kəklik, axı qız niyə doğmur ey, canı da yumruq-təpikdən qurtarsın.
- Başına kül töküm sənin, deyirəm “qısıram”, soruşursan ki, - “neçə uşağın var?”. Dogmur dayna, doğa bilmir - qısırdı.
Simavər:
- Düşükləmə sən allah, arvad da heç qısır olar?.. Amma, sən demişkən, bu göydaş, bu sahələrə səpilən zəhərlər çoxumuzu qısır qoyacaq. Yazıq qız, uşağa tamarzı qalmaq yəqin ki pis şeydi....
- Sənin nə dərdin var ağız, sən ki yeddisini doğub Cümşüdın öhdəlik planını artıqlamasıyla doldurmusan? Uşaqların əlindən əlataş qalmısan.
- Ağzına daş çalım sənin, bir nəmxuda de heç olmasa - uşaqlara bir şey olar... Cümşüdın boynu sınsın, gözü doyur ki? Deyir, - “biz 12 uşaq olmuşuq, sən də on ikisini doğmalısan”.
Kəklik:
- Doğ deyir, doğ da. Səndən nə gedir. Doğ, qoy canı çıxıb saxlasın. Onsuz da kolxozun işinə də yaramır. Qardaşı Xatayıra çəkib dayna. Deyir, Xatayır dünən yenə vurub gedəsinin birinin qolunu qırıb.
- O niyə ağız?
- Hər dəfə televizorda futbol göstərəndə uşaqlarından birinin qol-qıçını vurub sındırır dayna.
- Buy ayıb ola ağız... - Simavər şəhadət barmağını əyib üst dodağına qoydu.
- Hə dayna, bu ayağı əyri Maşallah Əhmədov topu hər dəfə qapıdan kənara vuranda birinin qolu mütləq sınmalıdır - oyunçu topu “qola” vura bilməyəndə sizin bu Xatayır da ona-buna şıllaq atır. Zalımın gədəsi, evin ortasında futbolçularla birlikdə stol-stulu, arvad-uşağı təpikləyir. Neçə uşağı var ay qız o başıbatmışın?
- 14-dü deyəsən...
- Pah atonnan! Yazıq Bildirçin, Allah bilir nə günə düşüb...
- Abrını örtüm sənin! Deyirsən doğ, ağız doğmaqdan qarnım sallanıb topuğuma dəyir. 53 yaşım var, küpəgirən qarılara oxşayıram, hıqqanıb doğmaqdan saçım da tökülüb ey.
- Ay səni yerə soxum, sənin nə yaşın var ki, indidən saçın tökülür? Sənə neçə dəfə demişəm ki, saçını qıfşamış ayranla yu.
- Simavər, vallah Cümşüd deyir ki, - “qıfşamış ayranın qoxusundan sənə yaxın dura bilmirəm”. Yoxsa, ayranla yuyanda saçım elə qəşəng daranır ki, nə sirkə düşür başıma, nə də saçım dolaşır.
- Durmur, durmasın. Sənə lap yaxşı, gecələr dalını çöndərib rahat yatarsan.
- İy verib iylənim, o da getsin başqasına meyl salsın hı?
- Ay avam, kimdir sənin dırınqlet ərinə mehr salan, kənd yerində kimə mehr salacaq ağız? Camaatın qızı-arvadı o qədər namussuzdu ki, sənin ipləmə Cümşüdünə göz-qaş eləsin!?
- İpləmə niyə olur, az! İpləmə sənin öz ərindi.
- İpləmə dəyil nədi, dıra-dıraya oxşuyur.
- Səninki də.., arıquşuna oxşuyur.
- Sayaqlama ləçər, indi dolaşıq saçını biləyimə dolayajam yoxsa! Deyəsən maşın səsi gəlir, qalx qəlbiyə gör gədələrdimi gələnlər?
Simavər əlini alnına qoyub gözlərini qıydı, - “Hə, bir lapet oğlan-qızdır” - dedi.
Kəklik:
- Ömrübudanmışlar qoymurlar ki, gədələr dərslərini oxusunlar. Vallah kitab oxuyan uşağı kitabdan ayırmaq, namazdan adam durğuzmaq kimi günahdı.
- Ağız onlar olmasa biz bu üzümlükdə it kimi gəbərərik. Görən o gün tırığa düşən uşağın axırı nətər oldu?
- Qanmır ki, üzümə zəhər səpilib? Yeməyəydi!
- Ağız yazıq acıymış dayna, tamahsınıb yəqin, neyləsin?
- Tamahsınıb, sonra da yeyib pəndəm olub, daha neyləyəcək? A bala bura gəlin! - Kəklik maşından yerə tökülüşən şagirdlərə səsləndi, - gəlin üzümlükdə eşələnin, sonra da evlənəndə gözünüzü döyün ki, - “görəsən niyə uşağımız olmur - niyə qısır qalmışıq?”
- Az bəd gətirmə, allah eləməsin qısır olalar. Adam bu uşaqlara baxanda cavanlaşmağı gəlir.
- Sənin cavanlaşmağın qaldı qəbr evinə.
- Dilinə qarayaman çıxsın sənin! Deyəsən sədrimiz Dursun qağadır - Şeşpər atın səsi gəlir.
- Onu salamat durmasın heç! Sən allah belədən gəl, bizi görməsin. İndi yenə “şey-zad”layıb baş-beynimizi aparacaq. Ağız vallah ürəyim yaman bılanır, get gör termosda çayı olan varmı?
- Nədi ağız, bəlkə yenə hamiləsən?
- Sus ay qız! Ağzına qurğuşun əridim sənin, dilin qurusun elə! Sənin ağzın faldı, ağlıma salma, yoxsa uşağa qalaram. Bəlkə də elədi. Nə bilim vallah... Bu Dursun çər dəymişlə söhbət edən adamın hamilə qalmağı gəlir...
- Nədi az, yoxsa aranızda bir şey var? - söz atdı.
- A gay, elə yox ey, qara pişik kimi qabağıma çıxanda işlərim düz gətirmir. Vallah ürəyim ağzıma gəlir, bu saat çul kimi düşəcəyəm yerə. Sən demiş, deyəsən zayıllamışam yenə...
Kolxoz sədri şagirdləri cızlara paylayıb Kəkliyə yaxınlaşdı:
- Ay zad...
Kəklik:
- Zad yox, Kəklik.
- Sizə ad qoyanın dernəyi dağılsın, şeyi görməmisən?
Kəklik:
- Nədi ə! Birinci öz adına lağ elə, sonra bizimkinə söz atarsan. Nəyi pisdi adımızın, - Kəklik, Simavər, Durna, Bildirçin...
- Kəkliyin qanadı, simavarın da lüləyi olur. Sən qarğaya, Simavər isə allah bilir nəyə oxşuyur.
- Siz kommunistlərin də elə yarısı lüləksiz deyilsinizmi? Onda qızının adını niyə Sərçə qoyurdun - cik-cik civildiyir, ona görə?
- Nəhlət sənə kor şeytan! Ha deyirəm sənə baş qoşmuyum, yenə də olmur. Söz soruşduq, zibilə düşdük!
Kəklik:
- Qoşəlləni deyirdinsə, odur ey uşaq əmizdirir.
Sədr:
- Pah atonnan yeri get yeyəsi! Ə, vallah bu zadın oğlunu bir gün biabır eliyib iti qovan kimi işdən qovacağam. Bu kimə çəkdi belə arvadxasiyyətlikdə görəsən?
Simavər:
- Biz də elə bundan danışırdıq bayaqdan. A Dursun qağa, vallah Qicerdəndirsə, Qoşəllə daha münasibdir. Bacımız kimi şeydir. Arvadlarla işləməyə elə beləsi yarayır. Quran haqqı elə onun yanındaca paltarımızı dəyişib, uşaq əmizdiririk.
- Axırda şeyinizə - əmcəyinizə tamah salanda sizə deyəcəm!
Kəklik:
- Şeyimizin hay-hayı gedib, vay-vayı qalıb. Bir də ki ərlərimizin namusuna nə gəlib ki, durub Qoşəllənin şeyinə zad salaq.
- Məni yamsılayırsan!? Hərcayı olub getmisiniz! Sizi saxlayan kişinin zadına kül olsun!
Kəklik:
- Bir ehmal ol görüm ey! Neçə ildi sədrsən?
- 11... Nədi ki?
- Bu 11 ildə briqadalarının hansı sənin üzünü qara eliyib raykomun yanında? Medalların əlindən məhsul bayramında yaxanda iynə taxmağa yer tapmazsan. Bizim də barəmizdə düşünsənə bir! Gümanımız bir “qəhrəman ana” adınadır, doğmaqdan “Cin kahası”na dönmüşük. Odu ey, “Komsomol” kolxozunda qabaqcıllara göy “Moskviç” bağışlayırlar. Bir sənin də dilin-ağzın olsun raykomun yanında, sən də bir drınqlet maşından-zaddan al dayna bu kəndə. Təzə qız-gəlinlərimiz siftə doğanda yenə rayon xəstəxanasına aparmağa miniyimiz olsun. Elə cöngə kimi belimizə qalxmağı bacarırsınız. Bala salmaqdan qırıldıq batdıq. Bu zəhərə qalmış zəhərlər bizə bala saldırır. Gör neçə-neçə komsomol, kommunist olacaq uşaqlarımız dərədə-təpədə qurd-quşa yem olur. Oyrəli Məhişin gəlini yenə “Arpa çuxuru”nda bala saldı.
- O döyülməkdən bala salır. “DDT ”-nin bir təsiri yoxdu bu zad salmaqda. Onun dalına şəllədiyi ot yükünü görsən, sən də bala salarsan. Min dəfə demişəm ki, qız, bir az usluf ol şəllənəndə. Nə vaxt da baxsan qarnı çənəsinə dəyir.
- Nə bilim vallah, görək sənin qızın Sərçə doğanda nəylə aparacaqsan xəstəxanaya...
- Canı çıxacaq evdə doğacaq. Nənələrimiz xəstəxanada doğublar, bəlkə sən xəstəxanada doğulmusan?
- Elə mamaça Qirbişim bizi belə bequrum doğuzdurub dayna. Hamımızın bir gözü aya, o biri gözü çaya baxır. Beisbat küpəgirənin nə gözü görür, nə də qulağı eşidir. Adamı heç gücənməyə də qoymur. Zalım qızı kirli əllərini soxub içəridən dartıb çıxarır bədbəxt uşağı.
- Sizə Qirbişim arvad da çoxdur. İt kimi küçükləməkdən əl çəkin. Kolxozun işi tökülüb qalıb, sizsə, doğmaqdan başqa dərdiniz yoxdur.
- Vallah sənə söz deyəndədir günah. Bir gün allah haqqı bu arvadları yığıb başıma kəsdirəcəm raykomun qabağını. Deyəcəyəm ki, - “Yoldaş raykom, bax sizin bu sədr Dursun bizi doğmağa qoymur, partiyamızın, qəhrəman analarımızın zadına zidd gedir...”
- Səni bildiyin qədər çəkəsən qız, sən nə od-yalovsanmış! Səndən nə desən gözləmək olar, sən hər şey eliyərsən. Höyürə gələn camış kimi, doğmaq beyninizə batdısa, gözünüz heç nəyi görmür. Nəysə, çox zəvzədin. Şeyə denən, zadımı bağlamışam şeyinin qırağına, hərdən baxsın ki, şeyinə girməsin.
- Oppala! Gəl indi başa düş görüm bizim “şey-zad” sədrimiz nə demək istəyir. Vallah burasını ta mən də qanammadım ay sədr. Deyirsən nə deyim..?
- Atımı buruntaxlayıb, cidarlayıb buraxmışam üzümlüyün zadına, gözləsin, birdən üzümlüyə zad eliyər... Mən gedim. Bu şagirdlərdən də özün göz-qulaq ol.
- Yaxşı. Amma sədr, zadına dönüm, şeyi yadından çıxartma - maşın məsələsini deyirəm. Yoxsa bax gedəcəyəm raykoma ha..!
- Beynimi mıcıxlama. Dedim ki, baxarıq. Əldən iti olun, yağış deyiblər. Elə eləyin ki, məhsul zay olmasın. Zad hanı bəs?
- Qumrunu deyirsənsə, odey, iki cız o tərəfdədir.
Sədr ucadan:
- Ay Qumru, zadın nətərdi!
Qumru o yandan:
- Sağ ol Dursun əmisi, o gün məktub yazmışdı, hamıya duavsana deyirdi.
- Şeyinə nə qədər qalıb?
- Dörd aya qayıdır inşallah! Sercant veriblər.
- Allah zad eləsin, sənin uşağın yaxşı baladır. Gələn kimi onu zadın yerinə briqadir qoyacağam.
- Allah köməyin olsun sədr, ancaq Kətman balam instituta girməyə qərar verib.
- Ağız neynir institutu? Oxuyub nə olacaq ki? Gəlsin kəndinə - elinə. Ona bir toy eliyək ki, zurnanın zadı Urusiyətdən gəlsin.
- Sağ ol Dursun əmisi. Allah səndən razı olsun. Sən olmasan biz qırılıb batarıq.
Kəklik səsini qaldırdı:
- Az yaltaq ol ağız! Neyliyib ki bizə Dursun qağan! Bütün günü eşşək kimi üzümlükdə ağnamaqdan ələngəyə dönmüşük.
Qumru:
- Dilini dinc saxla ay qız! Adam naşükür olmaz! Kəndimizin başını rayonda uca eliyibsə, o da bəsimizdir. Hökumətə üzüm lazımdır, onu da yığmaq bizim öhdəmizə düşür.
Kəklik:
- Hökumət də üzümdən araq-çaxır düzəldib satsın, sonra da içənləri tutub damlasın eləmi! Gündə eşşək kimi anqırtın düşüb kəndə ey, - “Ay Hətəm, az iç bu zəhrimarı!” - deyə. Bu zəhrimarı yığmasan, o da içməz. Hökumətin beli qırılsın elə! Onsuz da sədr nə qədər pripiska eləsə də bizə bir qara qəpik çatan deyil. Bu urus ayısı gəbərməyincə biz öz üzümümüzün doşabına, bəhməzinə həsrət qalacağıq...
Dursun:
- Ay qız sənin ağzından vallah qan iyi gəlir. Bir gün səni demoqoqluq üstündə damlasalar, məəttəl qalmaram. Sizin bu qeybətlərinizə qulaq asmaqdan mən də Qoşəllə kimi arvadlaşaram. Qoy mən gedim işimin dalınca. Şeyini dinc saxla, əlinə güc ver.
- Get! Get yoldaş sədr, bu hökumətin də bir gün səndən xəbəri olacaq. Bir gün sovet hökumətinin özü bu dağlara gələndə sənin dərinə saman təpəcək.
- Neyləmişəm ağız hökumətə, belə yanıqlısan məndən?
- Kəndə maşın al!
- Dedik yaxşı da!
- Dedin, amma eləməsən gələn dəfə gəlib sənin evində doğacağam.
- Öz xarabanda su çıxıb?
- Sən sən ol, mən də mən!
- Lənət şeytana, işə düşmədik! Bax bu il də “Komsomol” kolxozundan geri qalsaq, maşın yox ey, bax bunu görərsiniz - baş barmağını iki barmağının arasından göstərdi.
Kəklik:
- Onu apar arvadına göstər, tərbiyəsiz!
- Bu il nə olursa olsun, “Komsomol”a çatmalıyıq və hələ ötməliyik də!
Kəklik:
- Çatmağa çatarıq, ancaq ötməyi ağlım kəsmir.
- Niyə ötmürük ki!? Nəyin əskikdir?
Kəklik:
- Ötsək, iştanımızın dalındakı qırmızı yamağı görünəcək, ona görə. Anladın!?
Dursun:
- Sənin dilinin zadını...
Bu heynidə üzüm sahəsinin başında sarı “PAZ” avtobusu tozanaq qaldırıb saxladı, içindən kostyum-qalstuklu 8-9 kişi düşdü. Dursun nimdaş, düyməsiz pencəyinin yaxasını qaydaya salıb avtobusa tərəf cumdu.
Kəklik Simavərə səsləndi:
- Yoxlama görən kimi gör altına necə batırır. Qaç qabaqlarına! Gopla ki, - “Hər hektardan filan sentner üzüm gözləyirik, əməkçilərimiz sovet xalqına öz töhfəsini vermək üçün gecə-gündüz əlindən gələni edəcək...”. Görüm qırılsın elə bu sovet xalqını - bizi diz üstə qoydu. Ağız nə qədər yeyirmiş bu sovet xalqı! Eşşək kimi işləyirik, yenə də qarnı doymur bu gözü çıxmış xalqın! Gör nə qədər çiçəyi burnunda qız-gəlinimiz qısır qaldı bu üzümlüklərdə...
Simavər:
- Aaz dilini dinc saxla, vallah səni qazamata salacaqlar. Qız, deyəsən bu gələnlər yoxlamaya oxşamır axı. Əllərində nəysə yekə çamadanları var... Bəlkə yenə tilvizordandılar ?
Məktəblilərdən kimsə görünür üzüm yığımına ilk dəfəydi gəlirdi. Tənək yarpağının üstündəki göydaş tozunu Kəkliyə göstərib soruşdu, - “Xala, bu göy şey nədir?”
Simavər önlüyü ilə uşağın əlini silib, istehza ilə:
- Baldı dayna bala, dürməklə ye! Zəhərdi, zəhər! Yesən, evlənəndə uşağın olmayacaq! Üzüm yemə! - dedisə də, bir gözü gələn qonaqlarda idi. Kəklik cızdan çıxıb üzüm dolu vedrəni sahənin başındakı badyaya töküb gələnlərin yanına dartındı.
Sədr gələn qonaqlara çatıb, - “Ay xoş gəlmisiniz, buyurun, buyurun...” - əl uzadıb bir-bir görüşdü.
Gələnlərin içində şux geyimli olanı qaşqabağını salladı:
- Cərə gəldik, cəhənnəmə gəldik... Ver vedrələri görək! Hardan başlayaq?
Dursun çaşdı:
- Zad eləginən.., nə verim dedin?
- Vedrə!
- Şeyi neynirsiniz?
- Burda neyləyərlər, çalıb-oxumayacağıq ki! Üzüm yığacağıq!
- Qanammadım...
- Əşşi yoldan tutub göndəriblər ki, üzüm yığaq!
Sədr işin nə yerdə olduğunu indi anlayıb bağırdı, - “Kəklik, ay Kəklik!”
Kəklik düz sədrin arxasında dayanmışdı, - “Çığırma, burdayam” - dedi.
- Bu gədələrin hərəsinin əlinə bir şey ver - vedrə, hərəsinə də bir cız, qoy üzüm yığsınlar.
Kəklik:
- Bu kostyumda, qalstukda da üzüm yığarlar heç?
- A sənin zadın qurusun! Sənə nə var olar, ya olmaz! Yoldaş Səlimov “olar” deyirsə, demək olar!
Sonra üzünü qonaqlara tutub, - “Kimsiniz, anışdıra bilmədim sizi...”
- Qara yola, qara saata rayonunuza toya gəlmişdik - musiqiçilərik. Ağdamdan gəlmişik. Yolda milislər bizi tutub basdı avtobusa ki, - “prokurorun göstərişi var - rayonda üzüm yığımı vaxtı toy eləmək qadağandır, gedin üzüm normanızı yığın, axşam isə gedib toyunuzu çalarsınız”...
Sədri gülmək tutdu, - “Ay alım ağrını belə prokuror. Ə.., ə, kişi belə olar ey!”. Vallah yoldaş Əzizov kimilər olmasa, Kəklik kimilərin qaqqıltısı bu hökuməti çoxdan yıxıb dağıt-mışdı.
Kəklik:
- Nəyi qalıb ki daha, saxta “pripiska”larla elə özünüz yıxacaqsınız bu dövləti.
Dursun:
- Səni yıxıb yerə, ağzına-ağzına zad eləmək lazımdır!
Kəklik:
- Mənim ağzıma zad eliyən hələ anasından doğulmayıb!
Musiqiçilərdən biri:
- A kişi, ağsaqqal adamsan, danışığına bir fikir ver, qadınla da belə danışarlarmı heç!
Kəklik:
- Bala, o “zad” dediyi, “beş nömrə qaloşla ağzına-ağzına döymək lazımdır” demək istəyir.
Musiqiçi sədrə:
- Heç olmasa bir “türkün məsəli” de!
Dursun:
- Türkün zadıyla, bizim şeyimizin nə fərqi var ə! İndi dağ başında mənə tərbiyə verəcəksən? Beqom üzüm yığmağa!
Musiqiçilərin eyinləri yolboyu çəkdiyi əzabdan sonra yəqin ki birinci dəfəydi açılırdı. Sədr də onlara qoşuldu, - “Dayan bir... Deyirsiniz zad çalansınız.., bəlkə bir çalasınız baxaq?”
Bayaqkı musiqiçi:
- A kişi “türkün məsəli” de!
- Nədi çalmaq da pis sözdü? Zurnanı zad eləməyə - püləməyə sizin irayonda nə deyirlər?
- Elə sən deyəni.
- Di çalın dayna! Zurnaçıyla, nağara çalana - hərəsinə bir göy beşliyi özüm verəcəm. Bəs bu qədər adamın hamısı zurnaçıdır?
- Yox a dayı. İçimizdə gitara, sintezator, ionika, qarmon çalan da var.
Dursun:
- Əgər qarmondan başqa dediklərinizin birinin adını eşidib, üzünü görmüşəmsə, atam zad olsun.
Kəklik tez:
- “Gorbagor olsun” demək istəyir.
Musiqiçilərdən biri:
- Xalacan, sən bu kişinin yanından ayrılma. Əməllicə tərcümə edə bilirsənmiş. Yoxsa bu ağsaqqal vaxtında kişini yalnış anlama ucbatından öldürəcəklər.
Xanəndə:
- Kişi, onsuz da üzüm yığan deyilik. Bəlkə, doğrudan elə üzüm yığmaqdansa, burda bir konsert verək? Zurnanın səsini salaq bu dağlara? Həm də toyqabağı məşq eləmiş olarıq. Hı, nə deyirsən?
Dursun:
- Hı....? Olsun! Camaatın da şeyi qalxar.., - könlü açılar, əlli olarlar bir az.
Müğənni öz dəstəsinə, - “Çıxardın ə alətlərinizi.., - türkün məsəli...”
Simavər tənəklikdən Kəkliyə çığırdı:
- Az, nooldu, kimdilər?
Kəklik:
- Manıslardır, indi çalajaxlar... A Simavər, Göyərçini, Qumrunu, Tovuzu da çağır gəlin bura...
Müğənni:
- Ə bunların hamısı quşdu ki...
Kəklik ona çəpəki baxıb üstünə cöjüdü, - “Quş sənin anandı!”
Müğənni iki addım geri çəkildi, - “Xala, türkün məsəli...”
- Ə, belə türkün də, lap sənin də...
- Hamınızın adı quş adıdır, elə demək istəmişdim...
Dursun araya zarafat qatdı, - “Ağız, dədə sərçə kimi nə cöjüyürsən xalxın zadının üstünə, düz deyir dayna. Bu dağda-dərədə quş qalmayıb, hamınız birinin adını şeyinizə götürmüsünüz. Bircə dıra-dırayla, gart-gart quşu qalıb”.
Kəklik lap özündən çıxdı:
- Nədi, ot-ələf adı qoysunlar? Bəlkə yemilik, quzqulaq, xincilovuz, çiriş qoyaq adımızı?! Yoxsa, inək, keçi, qoyun..?
Dursun:
- Qudurma ay qız! Həddini bil! Kişilərdən ayıbdır. Amma Çiriş, yaxşı oğlan adıdır...
- Onda nəvən olanda adını Çiriş qoyarsan!
Nağaraçı ağ kapron dərili nağarasını açanda nəzərlər günəş şüasından parıldayan nağaraya yönəldi. Dursun əlini əlinə vurdu:
- Bu nə nağaradı əyə, burdan baxanda, o yanı görünür. Buna zopa vursan ortadan bölünər.
Nağaraçı:
- Əmi bu rus nağarasıdır, bunu əllə çalırlar, çubuqla yox.
- Bir şapalaq vur görüm ə o urvatsız rus zadına. Deyirlər onların elə hər zadı belə nazik olur.
Nağaraçı ritmik bir nömrə nümayiş etdirdi. Sədr çönüb, - “Aaaz Qumru, şeyin səsi ora gəlir!?” - qışqırdı.
Qumru:
- Yox a sədr, elə-belə bir dıppıltı gəldi. Kəklik ayaqyoluna gedəndə bundan gur səs çıxarır, - üzümlükdəki qız-gəlinlərin hamısı şaqqanaq çəkib gülüşdülər.
Sədr:
- Uşaqların birini yolla o uşaqəmizdirən Qoşəllədi, nə zibildi, onun yanına - atla gedib nağaraçı Canbaxışı ayıq-dırsa diri tutub gətirsin bura.
Qumru:
- Baş üstə Dursun qağa!
Musiqiçi, başqa sənət yoldaşını istəməz. Odur ki, nağaraçı nigarançılıqla soruşdu:
- Əmi sizin bu qoşalülə dediyiniz də nağaraçalandır?
- Yox, Qoşəllə briqadirimizdir - əl buyruqçumuzdur. Bax Canbaxış, özün görəcəksən necə nağaraçalandır.
Aradan bir xeyli keçdi. Musiqiçilər çalğı alətlərini yerbəyer raxlayıb bitirənədək dəstəyə iki atlı yaxınlaşdı - biri Qoşəllə, digəri isə Canbaxış idi. Sədr Qoşəlləni görcək üstünə çımxırdı:
- Ə lülə, sən yenə arvadların tumanının yanını kəsdirib durmusan! Ədə vallah bu kənddə sənə oxşayan bir uşaq doğulsa ha, səni xıncım-xıncım edəcəklər. Camaat qız-gəlini, arvadlarını etibar edib işə göndərir, sən də bütün günü onların tuman soyunmağına, uşaq əmizdirməyinə baxırsan ay ütük!?
Qoşəllə:
- Yoldaş sədr, Tovuz bacı xahiş elədi ki, yemək yeyənə qədər körpəni saxlayım...
- Əyə, səni uşaq saxlamağa götürmüşəm işə, yoxsa briqadirliyə! Qarnı yırtılsın Tovuzun, elə əndamı yansın onun. A qadan alım, insan bir gündə nə qədər yeyər! Axırda yeməkdən zadı yırtılacaq.
Qoşəllə:
- Yoldaş sədr, yeməsə südü olmaz, südü olmasa uşaq tələf olar axı...
- Ədə, sən zootexniksən!? Vallah səni fermaya feldşer göndərəcəyəm, sənin əsl yerin oradır. Get quzu əmizdir, qoyun-keçiylə başını qat. Ə, Canbaxış, şeyini aç görüm.
Canbaxış:
- Nəyimi sədr?
- Nə tupoy adamsan ə! Yenə içmisən!? Şalvarının qabağını demiyəcəm ki, nağaranı deyirəm!
Canbaxış nağaranı kisəsindən çıxarıb çubuğun iplərini barmağına keçirdi.
Sədr:
- Vur görüm ə zadına...
Canbaxış aşılanmış qoyun dərisindən olan nağarasına bir-iki çubuq vurdu. Səs dərələrdə əks-səda verdi. Sədr yenə arxaya çöndü:
- Aaz, indi eşidilirmi?!
Qumru:
- Bax bu başqa məsələ, adamın lap qulağının pərdələri cırılır!
- Cırılmaz... Doğmaqdan cırılmamısınızsa, qulağınıza da heç nə olmaz - Kəkliyə yandıq verdi.
Dursun üzünü zurnaçıya tutdu, - Ə, pülə görüm şeyini. Heç mahnı-zad bilirsənmi?
- Bilirəm.
- Onda bir diret “Gödək donlu” havası çal.
- Baş üstə.
Dağın döşündən dərələrə doğru axan musiqi, az keçməmiş elə dərədən dağların zirvəsinədək yayılırdı. Simavərin səsi üzümlüyü başına götürmüşdü, - “Ağız urreyy! Ağız tullayın səbətləri. Süzün, bir az sümüklərinizin duzu tökülsün!” - özü də əl götürüb quş kimi əldə səbət tənəklərin arasında süzürdü. Məktəblilərin hamısı musiqiçilərin başına toplaşdı. Əvvəldən də tanıdıqları Qoşəlləni zorla tutub ortaya çəkdilər, dövrəyə alıb oynadılar. Qoşəllə yazıq-yazıq sədrə baxdı. Arıq, çəlimsiz və qaytan kimi əyri bədəninə abır və yazıqlıq çökmüşdü. Oynamağa utanırdı. Dursun isə, - “Oyna əyə!” - deyib onun üstünə çımxırdı. Amma özü də dayana bilmədi - yerində dövrə vura-vura üzügöyə ağır-ağır fırlanır, musiqinin ritmini çiyinləriylə tuturdu. Oynayanlar bir-birinə qarışmışdılar. Üzümlüyün qırağında bir vur-çatlasın vardı ki, gəl görəsən. Üzümlükdə adam qalmamışdı - hamı mərəkəyə toplaşmışdı. Üzüm dolu səbətlər, vedrələr yerdə tullanıb ağzıgünə qalmışdı.
Amma, “mərdimazar axtarmaqnan deyil ki”... Qəfildən arvadlardan birinin bağırtısı oynayanların bədənindən ildırım kimi keçdi, - “İraykom!!!”. Əllər göydə qurudu, ayaqlar yerə mıxlandı. Gələn “UAZ” mühərriki söndürməyilə Dursunun qıyya çəkməyi bir oldu, - “İş başına, beqommm!!!”. Sədr maşına doğru qaçdı. Maşından düşən katibin qarşısında ikiqat əyilib onun könülsüz uzanmış əlini böyük şərəflə sıxdı.
Hamı raykomun qorxusundan özünü verdi üzümlüyə, - yığan da, yığmayan da.
- Xoş gəlmisiniz yoldaş Səlimov. Buyurun. Necəsiniz?
Katib:
- Toy eliyirsən Gülcamalov?
- Yox yoldaş katib, prokuror yoldan tutub göndərib bura, kolxozçuların zadın bir az qaldırmaq üçün...
- Ə zayıllama yenə, ədəbli danış. Sən öl bu dəfə də səni iş üstündə görməsəydim, səhər partbiletini əlindən alıb dalına da bir təpik vurub qovacıqdım sədrlikdən.
- Sizi verənə şükür! Vallah ürəyiyuxa adamsınız, qıymazsınız mənə.
- Xoroşo... Kak dela Gülcamalov?
- Hər şey normalno yoldaş sekretar. Üzüm sobirayem, əgər dojd ne budet, onda üzüm mnoqo budem sobirat...
- Səndə harda boş sahə qalıb?
- Nə üçün yoldaş katib?
-Yuxarıdan göstəriş veriblər ki, pustoy mestalarda qoz, gavalı ağacları əkilsin. Sonra..., kəndinizdə hamam var?
- Yoox...
- Tikmək lazım olacaq, Sekanın göstərişidir.
- Başım üstünə. Neçəsini tikməliyik?
- 3-4 dənə xvatit.
- Zavtra tikərik. Kakraz, Qoşəllə inşaat texnikumunu bitirib, onu ayıraram tikintiyə özü rəhbərlik edər.
- Dövlət əhəmiyyətli işləri uşaq-muşağa həvalə eləmə, özün üstündə dur. Bu musiqiçilər bir şey bacarırlar? - katibin gözü bir əlində vedrə, o birində alətlərini tutub yerbəyer eləmək istəyən musiqiçilərə sataşdı.
- Hələ şeyləri... - vedrələri indi əllərinə vermişik.
- Ə, üzüm yığmağı demirəm, bir şey çala bilirlər, onu soruşuram. Başımız gecə-gündüz qarışıb işə-gücə, nə vaxtdı qulağımız xoş səs də eşitmir.
- Hə... Pis deyillər. Camaatın şeyini qaldırmaq üçün bir-iki dəfə çaldırdım - babatdırlar.
- De bir şığal yaxşı şey çalsınlar, yolboyu qulağım batıb UAZın səsindən. Sürücüm - avaranın oğlu elə sürür ki, elə bil lafetlə peyin daşıyır.
Dursun yüyürək musiqiçilərə yanaşdı, - “Ədə tez ol, bayaqkından birini də əndər gəlsin. Ə Canbaxış, sən də çubuğu bir az yavaş zolla şeyinə, katibin zadı ağrıyır...”. Səs yenidən ucalanda üzümlüyün cızlarından arvadlar gizlincə boylanırdılar ki, görsünlər katib də oynayacaqmı. Qoşəllə bayaqkı yerində mıxlanıb qalmışdı. Katib ona yaxınlaşıb əl verəndə güclə özünə gəldi. Sədr onlara yaxınlaşıb briqadirini katibə təqdim etdi:
- Tavariş katib, bax texnikom qurtaran oğlan budur, bizim briqadirdir. Çox istedadlı, intizamlı işçidir. Adı Qoşəllədir.
Katib:
- Nə!
- Qoşəllə...
- Bu nə addır ə..!
Qoşəllənin əvəzindən sədr dilləndi:
- Atası rəhmətliyin əlində qoşalülə tüfəngi partlayıb iç-içalatını dağıtmışdı. Elə o gedən getdi. Yaman ovçuydu rəhmətlik. Yatanda da zadın əlindən, - tüfəngini qucağından yerə qoymazdı. Anası da dirəşdi, o zadın adın qoydurdu buna...
- Ha, ha, ha... Qəribə kəndsiniz ey. Elə bil orta əsrlərdə yaşayırsınız. Ada bax, - “Qoşalülə”! - yox bir TOZ-8! Niyə partlayıb ki tüfəng?
Qoşəllə:
- Əsgərlikdən avtomat patronları gətiribmiş. Avtomatın barıtını götürüb doldurub tüfəngin gilizlərinə. Normanı düz tutmadığına görə lülə partlayıb.
- İnteresni ölümdür. Bəs sonra tutdular atanı?
- Yox. Ona qədər ölmüşdü.
- Dursaydı bir-iki il iş verərdik gedib yatardı... Zemlya poxam budet.
- Sizinkilərə də....
Katib:
- Axmaq-axmaq danışma ə..! Tak, Qoşalülə, bax o düzənlikdəki kol-kosu nemedlenna ubrat, zdes budet gavalı bağı! Ponyal!?
- Tak toçna, tovariş Salimov!
- Malades... Harda oxumusan ə rus dilini?
- Sumqayıtda - texnikumda.
- Çox malades. Ə Dursun, bunu partiyaya keçirtmisənmi?
Dursun:
- Yox hələ yoldaş katib, hələ şeyi zad olmayıbdır.
- Şey-zadı özünə saxla əyə, bir kitabdan-zaddan oxu, savadın artsın. Nə vaxtadək belə köntöy danışığınla camaatı özünə güldürəcəksən! Toje mne!
- Oxuyuram yoldaş Səlimov.
- Nə oxuyursan?
- “Aldanmış kəvakib”i.
- Kto napisal? Şto takoy kəvakib?
- Ne znayu. Kto napisal eto toje yadımda deyil.
- Oxu. Tovariş Lenin otliçno skazal, - “Oxumaq, oxumaq, seravno yenə də oxumaq”. Acmağa başlayıram, uşaqlara de günortaya yemək hazırlasınlar. Canımı güclə götürüb qaçmışam rayondan. Bu məhsul yığımı vaxtı müxbirləri iti zincirindən açan kimi açıb buraxırlar rayonların canına, lap boğazım quruyub müsahibə verməkdən.
Dursun:
- 5-6-sını gətirəydiniz bura biz də zad verəydik dayna. O qədər deyiləsi sözümüz, onlara veriləsi şeyimiz var... Heç olmazsa, gəlib 5-10 vedrə üzüm yığaydılar. Ə, Qoşəllə, fermaya adam göndər, bir toğlu yendirsinlər şeyin.., - bulağın başına. Özün də süfrəyə zada nəzarət elə. Şeyim qaldı zadın arasında, get onu da götür.
Katib:
- Tobəstəfurulllah..! Ə düz əməlli danış!
Dursun yenidən asta-asta izah etdi:
- Əməkgünü cədvəli xurcunda papkanın arasındadır onu da götür.
Katib:
- Bax belə deyə bilmirsənmi!?
Sədr:
- Nə bilim ey, bitib dilimə da...
Qoşəllə “baş üstə” deyib qaçdı. Sədr katibin soluna yanaşıb astaca soruşdu:
- Yoldaş Səlimov, bu qoz-hamam məsələsi hardan çıxdı belə? İndi məhsulu tullayıb qoz-gavalı əkməyin mənası nədir?
- Mən atkuda znayu ədə! Deyirlər ək, əkək da.
- Əkməyinə əkək ey, amma, bu dağlarda - örüş yerində qoz, gavalı bitməz axı, həm də ilin-günün bu vaxtında.
- Bəs nə bitər?
- İtburnu, dağdağan, qarellə, çaqqala...
- Sən də onlardan ək. Lijbi yaşıl ağaclar görünsün. Bitməsə, yerə çubuq basdır, yaşıl rəngdə kraskala - sən ki bu işdə pərgarsan...
- Bitirərik, siz narahat olmayın.
Katib:
- Bilmirəm bu ruskoyazıçnını hardan tapıb gətirdilər respublikaya. O günləri bizi yığıb 5 saat dayanmadan danışdı. Denən kişinin danışdığından bir şey başa düşdümmü? Özümü lap kənd çuşkası kimi hiss elədim. İndi oturub rusca öyrənirəm bu yaşdan sonra... “Qırxında öyrənən, görunda çalar” - bu vaxtdan sonra zırt da öyrənə bilmərəm. Rus dilini bilməyənləri yəqin ki katib saxlamaz... Sənin “şey-zad”ın mənimkinin yanında toya getməlidir. Ə, toy demişkən, bu muzıkantları da göndər bulaq başına. Burda səsləri yaxşı gəldi qulağıma, görək meşədə dərənin dibində nə qələt eliyəcəklər. Özün də işini bilirsən də, ötən dəfəkindən olsun, başıbağlıdan. Bu gün gərək bir az yorğunluğumu alım, neçə vaxtdı gecəm-gündüzüm yoxdur.
Sədr və katib UAZa minib yola düşəndən sonra Kəklik Səmavəri yanladı:
- Ağız bu katibin zəhmindən adamın bağrı yarılır. Görəsən buna desək ki, - “bizə maşın ver”, verər?
Simavər:
- Sənin də fikrin-zikrin elə maşın olsun! Külü qoyum təpənə! Ağız görmürsən kolxozları gəzməkdən yazıq əldən düşüb? Heç insafdırmı ki, belə ağır yükün altında inildəyən adamın vaxtını boş bir şeydən ötrü alasan? Ağız, eşitmisən katibin təzə lətifəsini?
- Yox az, hansıdı, danış görək! - vedrəni ağzıüstə çevirib donunu altına yığdı və üstündə oturdu.
- Deyirlər ki, keçən qış bizim katib kabinetdə oturmaqdan bezibmiş. Sahələri gəzmək könlünə düşüb. Sürücüsünü çağırıb ki, - “A gədə, tüfəngləri sazla, çıxaq həm sahələri gəzək, həm də görək kəklikdən, dovşandan nə var?”. Nəysə, UAZa minib qışın oğlan çağı çıxırlar bizim dağlara. Maşın bunları o qədər atıb-tutur ki, - axı katibin də böyrəklərində daş var, - Səlimovun ayıb olmasın çişi gəlir. Maşını saxladıb düşür çişə. Üzü şüşə kimi hamar qarın üstündə başlayır öz adını çişiylə yazmağa, -“S.., Ə.., L.., İ..” - kişinin çişi birdən qurtarır. Sürücüsünü çağırır ki, - “A gədə bura gəl!”. Sürücü qaça-qaça gəlir katibin yanına. Katib deyir, - “Bax adımı yazırdım, yarımçıq qalıb, dalını sən davam elə”. Sürücü utana-utana deyir ki, - “Yoldaş Səlimov, vallah uşaqlıqdan mənim xəttim pis olub, gəlin verim sizə, özünüz yazın”...
Kəkliyin qaqqıltısı üzümlüyü başına götürdü.
- Ağız toba olmuş şeydir ey! Deyir özü də tut arağından doymur, bir gün içəndə iki gün pəndəm olub yerindən qalxa bilmir!
Kəklik güclə özünə gələndə, - “Az camaatın şeyini.., buy ayıb ola ağız, bu “şey-zad” mənim də dilimə bitdi ey..!” - yenidən qəşş edib vedrədən aşdı.
Səsə Qumru gəldi. O da lətifəni təkrar eşidib dedi:
- O günləri kolxozun iclasında Dursun qağam yaman coşmuşdu. Amma allah saxlamış ağzından bir “zad”, “şey” qaçıran kimi hamı üzünə hırıldıyır. Lafetləri vaxtında gön-dərməyən MTS-in işçisinin üstünə qışqırırdı. O qədər coşmuşdu ki, az qala gözləri hədəqəsindən çıxacaqdı. Birdən qağam bir “quş buraxdı”. Dedi ki, - “Səlimov yoldaş sizə nə qədər tapşırıb ki, biz üzümçülərin şeyiylə çox oynamayasan! Bilirsən ki, şeyimiz üzümə qarışıb. Bu zəhrimar lafet nə olan şeydir ki, vaxtında göndərə bilmirsən! İndi mən ispalkoma xəbər verim, onda görərsən sənin zadını necə burub eşirlər.., - yəni qulağını...” Qorxusundan tir-tir əsən MTS-n mühəndisi pıqqıldayıb gülən kimi zaldan bir uğultu qopdu gəl görəsən...
Kəklik:
- Az, vallah bu kişininki lap sikəpərdilikdir ey, heç düşünmür ki, bir yad adam olar, tutar ağzını cırıb qoyar ayağının altına? El içində biabır olmuşuq. “Harda işləyirsən?” - soruşanda, - “Çərəli kolxozunda” - deyən kimi üzümüzə hırıldayırlar, - “Hə, şey-zad Dursunun kalxozunda...”. Belə də binamusluq, arsızlıq olar? Bəs bizim kişilər hara baxır görəsən. Dursun ağzına gələni “şey-zad”layacaq bizimkilər də zad olan namuslarına baxıb güləcəklər?
Qumru:
- Sənə nə oldu ay qız birdən-birə? Dursundur dayna, qoy nə qədər istəyir “şey”ləsin, durub ondan küsəsi deyilik ha...
Kəklik:
- İndi bir gün də Qoşəllə lüt soyunub qaratikan kolunun dalına keçəndə deyəcəklər ki, bu kənddə bir kişi yoxdur. Arvadın üstünə gərək erkək milçək də qonmaya, qondusa, kişinin namusu əldən gedər.
Qumru:
- Düşükləmə sən allah! Sən lap gerçəklədin ey..! Qoşəlləyə kimdir təməsiyanlayan ?
Kəklik:
- Namussuz ləçərə dönmüsən dayna. Qulağın o qədər biədəb sözlər eşidib, hərcayı kişi görüb ki, artıq namus da vecinə deyil.
Qumru:
- Ləçər özünsən az, ağzını təmiz saxla!
- Sən öl dürüb ağzını “cart” deyib cırajam indi, həyasız!...
- Səni ayağıma geyinərəm, qancıq!
- Kimə deyirsən ay qız!
- Lap sənin gözlərinin içinə!
- Mənə ha..!!
Saçlaşma düşdü, nə düşdü...
Simavərin cingiltili şivəni üzümlüyü başına götürdü:
- Ay camaat qoymayın, bu dəliləri aralayın..!
Elə bil balış yırtılıb, toyuğun da tükləri göydə yellənə-yellənə aşağı tökülür. Səs-küyə hamımız dava yerinə tökülüşdük. Onları ayıranda
hər ikisinin yanaqlarından qan axırdı. Söyüşün biri bir qəpik. Yazmalı da deyil də ki, vərəqə yazasan..
Axşam barışıb televizora birlikdə baxacaqdılar, sabah səhər yenə bir yerdə işə çıxacaqdılar, üzüm yığacaqdılar. Hələ bir: – “Ağız, a qancıq, dünən niyə üz-gözümə əl atırdın, deməmişəm dalaşanda sifətimi cırmaqlama?” – deyəndə, cavabı da bu olacaqdı ki, – “Ölənlərimi qəbirdən çıxarıb yuyub sərəndə bilmirdin payını qanınla ödəyəssən”... O da deyəcəkdi ki, – “Neynim, onların iylənmiş cəsədlərini, sür-sümüyün çıxardıb qabağına tökməyəndə hirsim soyumur dayna”.
Hələlik isə acıqların, hirs-hikkələrin bir-birinin üstünə töküb yüngülləşirdilər. Bu yerlərdə küsü saxlamaq sadəcə mümkünsüz idi, hamının işi, sözü bir-birindən keçirdi. Bir də, kənd yerində küsüb-barışmaqdan başqa maraqlı nə vardı ki...

Manera.azБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ