Yuxu - Felyeton

Tarix:1-02-2018, 14:59 Baxış Sayı:386

Yuxu - Felyeton

Manera.az yazıçı Etibar Etibarlının "Yuxu" felyetonunu təqdim edir:

Siz allah, məni qınamayın. Son zamanlar "Qılınc Qurban" kimi yuxum ərşə çəkilib. Hərdən məcbur olub, yuxu dərmanı içirəm ki, bəlkə 5-10 dəqiqə yatam. Onda da əcaib-qəraib yuxular görürəm...

Bu gecə də belə oldu. Gördüm ki, "Dil idarəsi"nin yekə bir zalında, arxa cərgədə oturmuşam. Zal dopdolu idi – zığ vururdu. Səhnədəki rəyasət heyətinin uzun stolu arxasında ağ saçlı, çal saçlı alimlər əyləşmişdilər. Aralarında dazbaşlıları da var idi. Alim adamdırlar, dayna...

Nəhayət, iclasın sədri ayağa qalxıb, müasir dövrdə dilin mühüm və müstəsna rolundan, onun inkişaf perspektivlərindən danışıb, sözü təntənəli surətdə təptəzə, hələ işıq üzü görməmiş "Lüğət kitabı"nı tərtib edənlərin başçısına verdi.

Küncdəki tribunanın arxasına keçən seyrək saçlı alim əlüstü bir sətəkan su hörtdədib başladı sözə:

– Hörmətli xanımlar və cənablar! Əziz həmkarlarım, əziz dilçi alimlər və idarəmizin istedadlı əməkdaşları! Mənim mövqeyim sizə məlum olsa da, yenə lüğət fondumuz barədə nəzərinisə bir-iki kəlmə çatdırmağı özümə müqəddəs borc bilirəm. Məlumunuz olsun ki, uzun illərdir dilin başına oyun açıblar, yəni bir dildən bir neçə forma düzəldiblər. Məsələn, ədəbi dil, ədəbi işlək dil, kargüzarlıq dili, bədii dil..nə bilim daha neçə əcaib formalar, cürbəcür vecsiz qrammatika qaydaları . Balam, bu dili yaradan xalq deyil? Məgər xalq danışanda ədəbi dillə, bədii dillə danışır? Elə biz danışdığımız kimi yazsaq, dünya dağılar? Bu, nə biabırçılıqdır axı? Sözü bir cür tələffüz eləyib, başqa cür yazmaq kimə lazımdır? Ona görə də biz lüğət tərtib eləyəndə bir çox sözlərəki lazımsız hərfləri ixtisar eləmişik. Dilimizə keçən əcnəbi sözləri elə özümüz bir neçə dəfə tələffüz eləyib, hansı formada dilimizə yatıbsa, elə də yazmışıq.. Bizim təkliflərimizin mahiyyətini qanmayanlar da var. Hələ onlar başa düşmürlər ki, biz nə böyük navatorluq edirik. Diqqət elədinizmi? Mən "navatorluq" dedim. Əşşi, bunu niyə biz "novatorluq" yazmalıyıq axı? Əsas məsələ budur.

Natiq nəfəsini dərib, bir stəkan da su içdi, zala göz gəzdirib yenə sözə başladı:
– Əziz həmkarlarım! Biz öz kökümüzə qayıtmalıyıq. Balam, Novruzəli necə danışırdı, hə? Elə danışaq da!..
Birdən bərk bir xorultu eşitdim. Sən demə, məndən üç adam o yanda oturan Mirzə Cəlil mürgüləyibmiş.
Zal ani canlandı...və yenə sükut çökdü. Gözlər zilləndi tribunaya.
Natiq üdüləyib özünü didirdi, – Ona görə də mən təklif edirəm ki...

1. Təzə lüğətimiz bütün təhsil ocaqlarında, xırdadan böyüyüə – bütün müəssisələrdə, elmi idarələrdə, icra hakimiyyətlərində...və s. stolüstü kitaba çevrilsin. Əlbəttə, kitab havayı olmayacaq. Rəsmi müqavilələr bağlanacaq. Dövlətdən aldığımız da duru yerindən qalacaq fondumuzda.

2. Təklif edirəm ki, təcili bir krematoriya tikdirək. İndiyədək bütün bədii və elmi kitabları – istər kiril, istər latın qrafikalı olsun, fərq eləməz, həmçinin dərslikləri də həmin krematoriyada yandıraq. Hər şeyi təzədən başlayaq. Lüğətimizin bütün tələblərinə uyğun kitablar yazılsın. Bu məsələ ilə əlaqədar hökumət qarşısında məsələ qaldıraq!.. Nə deyirsiniz?

Arxadan bir cavan ürkə-ürkə ayağa qalxıb söz istədi, deyəsən aspirant idi, – Hörmətli prafessır, deyirəm bəlkə kitabları yandırmayaq? Dilə-dişə düşərik e. Bəlkə kitabları yığıb makulatura kimi göndərək kağız fabriklərinə, məsələn, Rusiyaya, əvəzində kağız alarıq. Həm özümüz işlədərik, həm də mediyaya satarıq, olar ikitərəfli qazanc.

Yer-yerdən dilləndilər, – Düz deyir! Ağıllı təklifdir! – təklif hamının ürəyincə olmuşdu.
Üzünə məmnunluq təbəssümü qonan natiq, arxa cərgəyə səsləndi: – Mirzə, necə fikirdir?..
Əlini eşmə bığına çəkən Mirzə Cəlil handan-hana dilləndi, – Xob! Mən bir şey anlamadım. Anlamağa da vaxtım yoxdu. Gedirəm...
Yerdən dilləndilər, – Mirzə, hara?

– Ölülərin yanına. Qəbiristanlığa! Orda belə iclaslar olmur. Sakitlikdir, – durub asta-asta zalı tərk elədi.
Elə bil buna bənd imişlər kimi qabaq cərgədən dilçi alim Əbdüləzəl Dəmirçizadə başındakı naxışlı təsəyi gözünün üstünə endirib qapıya tərəf getdi. Dalınca o biri alimlər – Həmid Araslı, Muxtar Hüseynzadə, Məmmədağa Şirəliyev, Mirzağa Quluzadə, Afat Qurbanov, Ağamusa Axundov, uzaqdan seçə bilmədiyim daha kimlər, kimlər zaldan çıxdılar.

Natiq tövrünü pozmadı, – Əşşi, fikir verməyin! Geridəqalmış adamlardır. Biz burda yenilik eləyirik. Dildə tarixi "islahat " aparırıq. Özünüz deyin, hansı yenilik birdən-birə qəbul olunub?

Gurultulu alqış qopdu. Zal titrədi!.. Səsdən dik atıldım. Qan-tər içində idim. Şükür, demə, yuxu imiş. Şəksiz, qrip tutacaq məni. Viruslar daraşacaq canıma. Bu virus deyilən nəsnə də yaman şeydir ha. Hara düşsə, oranı yaman günə qoyur. Deyirəm bəlkə, alimlərin də arasına virus düşüb?! Adam qızdırmalı olanda sayıqlayır, ağzı dediyindən ağlının xəbəri olmur?! Nə deyim. vallah?! Yenə gözəgörünməz bilən yaxşıdır...

Etibar ETİBARLI
31 yanvar 2018-ci ilБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ