Putyovka - HEKAYƏ

Tarix:25-01-2018, 17:14 Baxış Sayı:285

Putyovka - HEKAYƏ

Manera.az Aləm Kəngərlinin yeni hekayəsini təqdim edir:

"Putyovka"

Həsən kişi üç il dalbadal növbəyə dayansa da “Şəfa” sanatoriyasına putyovka ala bilmirdi. Təqaüdə çıxmasına altı ay qalırdı. Bilirdi ki, işi ilə vidalaşandan sonra putyovka barədə düşünməyə belə dəyməz. Yerli təşkilatın sədri söz versə də, hər dəfə yay fəsli gələndə putyovka yuxarılarda “yoxa çıxır”, aşağılara qədər gəlib çatmırdı. Həsən kişi də səbrini basaraq növbəti yay fəslini gözləməli olurdu.

Gedəcəyi sanatoriya dəniz kənarında, təmiz, narın qumlu çimərlik sahəsi olan ərazidə yerləşdiyindən, yay vaxtı ora düşmək həqiqətən də çox çətin məsələ idi. Elə Həsən kişinin yayda getməkdə məqsədi də müalicə olunmaqla bərəbər həm də qumlu sahildəki çimərlikdə xanımlarla bir arada istirahət etmək idi. Lakin oxu üç dəfə daşa dəyəndən sonra aprel ayı üçün idarələrinə verilən yeganə putyovkaya sahib olmaq qərarına gəldi. Məzuniyyətinin vaxtı çatmasa da ağsaqqallığını və tezliklə təqaüdə çıxacağını nəzərə alıb, müdir aylıq məvacibini ödəməklə onun sanatoriyaya getməsinə icazə verdi. Son vaxtlar ara-sıra ürəyinin ağrıması, şıltaqlıq etməsi Həsən kişini bu fürsətdən yararlanmağa məcbur etdi. Qorxurdu ki, birdən ürəyi dayanar, həyata vida etmiş olar. Sən deyən, ölümdəndə də qorxan deyildi. Hərdən söz düşəndə “Süleyman peyğəmbərə qalmayan dünya kimə qalacaq ki? Heç kim bu dünyanı tutub durmayacaq, əvvəl-axır hamı getməlidir...” – deyə söhbətlər edərdi. Lakin uşaqlarını evləndirə bilmədiyi üçün içində bir narahatlıq var idi. Oğlanlarından o qədər də nigaran deyildi. “ Bircə, qızı ərə verib yerbəyer eləsəydim...Oğlanlar öz köçünü sudan birtəhər çıxardar” – deyə fikirləşərdi. Tez vaxtda işlərini sahmana salıb lazimi göstərişlərini verdi. Uşaqlarının üzündən öpdü. Arvadı ilə görüşüb evdən çıxdı.

Sanatoriyada sakitlik idi. Həyətdə gəzişən üç-dörd adamdan başqa kimsə gözə dəymirdi. Giriş qapısını açıb içəri daxil oldu. Qeydiyyatda oturan qıza salam verib atasından qalma balaca çamadanını yerə qoydu. Sonra döş cibindən şəxsiyyət vəsiqəsi ilə putyovkanı çıxarıb qıza uzatdı:
- Ay bala, deyəsən, Şəfaya düşmək bizə də nəsib oldu.
- Əlbətdə, dayı. İnşallah, müalicə alıb sağ-salamat evinizə qayıdarsınız, - deyə qız cavab verdi və az sonra əlavə etdi: - Bəs, arayışınız, həkim kağızınız, diaqnozunuz hanı?
- Ay bala, kənd həkiminin kağızı sizin nəyinizə lazımdı? İstəsəniz tapşıraram evdən tapıb göndərərlər, - deyə kişi cavab verdi.
- Ürəyini sıxma, ağsaqqal. Məgər mən ölmüşəm ki?! Özüm hamısını düz-qoş edəcəyəm. Təki sənin canın sağ olsun.
- Sağ ol, bala, - deyə kişi öz minnətdarlığını bildirdi. Qalacağı otağın açarını alıb:
- Qızım, qeydiyyat üçün pul ödəməliyəmmi? – deyə soruşdu.
- Ay dayı, ürəyin necə istəyir elə də elə. Biz heç kimi məcbur eləmirik. Beş də verən olur, on da. Əgər məndən narazısınızsa, heç onu da verməyə bilərsiniz.
On manat Həsən kişiyə bir az çox göründü. Bilmirdi qarşıda onu daha hansı xərclər gözləyir. Axı, yenicə gəlmişdi. Geri dönənə kimi əli cibində olamlı idi. Müalicəyə əsəbi başlamamaq üçün beş manat çıxarıb qıza tərəf uzatdı:
- Al, bunu sənin şirin dilinə görə verirəm.
Nahar fasiləsinə üç saat qalırdı. Vaxt itirməmək üçün Həsən kişi tez əynini dəyişib müayinə olunmaq üçün həkimin qəbuluna getdi.
50-60 yaşlarında ortaboylu, qarasaçlı həkim Həsən kişini gülərüzlə qarşıladı, səhhəti və hardan gəldiyi ilə maraqlandı. Sonra sanatoriya kitabçasını stolun üstünə qoyub dedi:
- Kənddə nə var, nə yox? Uşaqlar necədi, yaxşıdımı?
- Sağ ol, qardaş. Hamısı yaxşıdı. Salamları var. – Kişi cavab verdi.
Həkim Həsən kişini diqqətlə dinləyib bəzi suallar verdi. Fonendoskopla qurşağa qədər soyunan xəstənin ürəyinə və ciyərlərinə qulaq asdı. Təziyqini ölçdü. Tibb çarpayısına uzadıb kardioqrafiya etdi. Ətraflı müayinədən sonra təyinatları yazıb səbirsizliklə gözdəyən Həsən kişiyə dedi:
- Bəs, sən səhhətindən xəbərdar ola-ola niyə bu vaxta qədər əməlli-başdı müalicə almamısan?
- Nə bilim, ay qardaş. O qədər sıxıntımız, maddı çətinliyimiz var ki - Həsən kişi gileyləndi.
- Ağsaqqal, can sağlığı pula baxmır, ha! Sağlamlığının təkcə sənə yox, həm də ailənə aidiyyəti var. Əgər sən olmasan kim onların əziyyətini çəkib qulluğunda duracaq? – Deyə həkim etirazını bildirdi.
- Orası elədir, həkim. Oğlanlarım iş tapa bilmir deyə bütün ailə mənim üstümdədir. Çatdıra bilmirəm. Yığıb-yığışdırmaq olmur. Bir problemdən yaxa qutarmamış digəri baş qaldırır. Dava-dərman da ki od qiymətinə.Çoxu xarıcdən gəlir. And olsun Allaha, həkim, bəzən başımı elə itirirəm ki, nahar yeməyini belə unuduram. Neynim, görünür, mənim ki də belə gəlib...
- Narahat olma, kişi, səni elə müalicə edəcəyəm ki, heç olmayan kimi. Əsas odur ki, yazdığım təyinatlara vaxtı-vaxtında dəqiqliklə əməl edəsən. Gəzintini də yaddan çıxarma, çoxlu hərəkət elə. Yaxşı haldır ki, siqaret çəkmirsən.
Həkim Həsən kişiyə tapşırıqlarını verib əlavə etdi:
- Get, dediklərimə əməl elə. Biz hələ səninlə görüşəcəyik. Bir narahatlığın olsa, yaxınlaşarsan.
- Sağ olun, çox razıyam. – Bir az ara verib sözünə davam etdi – Bağışlayın, həkim, sizə nə qədər hörmət etməliyəm?
- Vallah, nə deyim, ağsaqqal? Özünüz dünyagörmüş adamsızınız. Bilirsiz ki, heç bir həkim 180 manata bura gəlib getməz. O, heç yol pulu eləmir. Mən hələ işıq pulunu, qaz pulunu, su pulunu demirəm. Ancaq məcbur da deyilsən. Bilirəm ki, sən də mən günlüsən. Yaxşı ki, yenə kənddə təsərüffatla, toyuq-cücə ilə başınızı birtəhər dolandırırsınız. Buralarda o imkan da yoxdur, yaşamaq olmur. Bir iş olsaydı, vallah, elə mən də köçüb kənddə qalardım. Nə var ey şəhərdə? Nə düz-əməlli havası var, nə də ki suyu.
- Məzənnə nədir? - Həsən kişi həkimi həddən ziyadə dil tökməyə qoymadı.
- Vallah, bax da. Onda verən olur, iyirmi də. Mən nə deyim ki?
Kişini tər bassa da bir söz deməyib söhbəti çox uzatmadı. Ürəyində “Allah, sən özün kömək ol” deyib, on manatı stolun üstünə qoydu. Həkim xəstənin davranışına, qırımına baxıb sözünə davam etdi:
- Bax ha, ağsaqqal, yoxdursa, heç o da lazım deyil. Halal xoşun, geri götürə bilərsən.
Həsən kişi verdiyini geri alan kişilərdən deyildi. Üstəlik qabaqda həkimlə üz-üzə gələcəkdi. “Olmadı elə, oldu belə. Götürüb elə bir resept yazar ki, vayıma uşaqlarım axışıb gələr” düşüncəsi Həsən kişinin başını dumanlandırdı.
- Yox, ay qardaş, halal xoşun olsun. Götür, qoy cibinə.
Həsən kişi məsuliyyətli adam idi. Səhər tezdən yataqdan qalxıb yuyundu. Sonra sanatoriya kitabçasını götürüb ona lazım olan otaqları dolanmağa başladı. Əvvəlcə 1 saylı qapını döyüb içəri keçdi. Şüşə qabdakı sidiyi qoymaq üçün yer soruşdu.
- Ağsaqqal, sənə qurban, narahat olma. Özüm yerbəyer edərəm. Yüksək səviyyədə analiz eləyib nəticəsini sizə çatdırarıq. – Sonra əlavə etdi – Özündən muğayət ol, sən yaxşı kişisən...
Həsən kişi “qiyməti” soruşmadan qız geydiyi xalatın yan cibinə beş manat qoyub çıxdı.Qan analizi vermək üçün növbəti otağın qapısını döydü.
- Adam var, gözləyin, çağıraram, - deyə labarant səsləndi.
Xəstə çıxan kimi Həsən kişi qapını yenidən döyüb içəri daxil oldu. Orta yaşlarında, səliqəli geyinmiş ağ xalatlı xanım salamı alıb yer göstərdi:
- Buyurun, əyləşin. – Sonra əlavə etdi – Zəhmət olmasa sol əlinizi mənə verin.
Qan götürülən adsız barmağı incisə də Həsən kişi səsini çıxarmadı. Bilirdi ki, bu analiz ürək məsələsində mühüm amillərdən biridir. Qan götürüləndən sonra Həsən kişi soruşdu:
- Nə qədər verməliyəm?
- Baxın da. Problem deyil, imkanınız nəyə çatırsa, verin. Məcburi deyil ki...
Həsən kişi duruxdu: “Beş az olar, on çox”. Hazırlıqlı gəlmişdi. Stolun üstünə yeddi manat qoyub çıxdı. Arxasınca deyilən “sağ ol, ağsaqqal” sözünü də eşitdi.
Həsən kişi əlinə düşən imkandan yararlanıb həkimin bütün göstərişlərinə əməl etməklə evinə - ailəsinin yanına gumrah qayıtmaq fikrində idi. Odur ki, yubanmadan masaj otağına yollandı. Hələ nahara qədər vanna da qəbul etməli idi.
40-45 yaşlarındakı gülərüzlü, sarışın xanım Həsən kişini çox mehriban qarşıladı:
- Xoş gördük, cavan oğlan. Necəsən?
- Sağ ol, babatam, - kişi gülümsəyərək cavab verdi – sən yaxşı ol.
- Həsən kişi, ürəyini heç sıxma. Səni elə sazlayacağam ki, olacaqsan on beş yaşında cavan bir oğlan.
- Görək da, qəşəng qız – deyə Həsən kişi də ilişməyindən qalmadı.
- İnanmırsan? Evə qayıdanda biləcəksən. Arvad səndəki enerjini görüb gözlərinə inanmayacaq – deyib, qəşş elədi. Sonra masaj çarpayısını göstərib dedi: – Zəhmət olmasa, paltarınızı soyunub bura uzanın.

Xanım yumşaq, zərif əlləri ilə bədəninə sığal çəkib ovxaladıqca bu, ömründə masaj görməyən Həsən kişinin canına yağ kimi yayılırdı. Bu vaxt yadına arvadı Gülsənəmin onun kürəyinə banka qoymağı düşdü. Ancaq bu əllərin ləzzətini Həsən kişi indiyə kimi həyat yoldaşında hiss etməmişdi. Masajçı xanım işini qutarıb dedi:
- Ay oğlan, vaxt bitdi. Davam edimmi?
- Mən bilmirəm axı, gözəl qız. Qayda necədir?
- Əlavə yarım saatı on manat, - deyə xanım bildirdi.
- Elə, qadası, elə. Sənə halaldır. - Həsən kişi fikirləşmədən cavab verdi.
Davamı Həsən kişi üçün daha maraqlı oldu. Gülərüzlü xanım kişidəki həvəsi görüb putyovkanın müddəti qutarana kimi ondan faydalanmaq fikrinə düşdü. Odur ki, danışa-danışa kişinin bədənini sığallayır, ikibaşlı sözlərdən istifadə edib söhbətə şirinlik qatırdı. Xanımın əl hərəkətləri isti bir gizilti şəklində Həsən kişinin bütün bədəninə yayılır, vücudunu lərzəyə gətirirdi. Axıra yaxın kişinin budlarını fərqli şəkildə əlləşdirib tumarladı. Hətta, bir-iki dəfə əli ilə “təsadüfən” kişinin həsas yerinə də toxundu. Həsən kişi “siqnalı” qəbul edib dostu Vəli kişinin təlimatını xatırladı: “İmkan düşsə, əldən buraxma”. “Yaxşı şeydir, girişməyə dəyər” deyə özünə toxtaqlıq verdi. Xanımın gözəlliyi, geniş ağ sinəsindən boylanan girdə, yumru döşləri, gözəl bədən quruluşu Həsən kişini valeh eləmişdi. Haradan, necə başlamağı götür qoy edirdi ki, arvadı Gülsənəm əzrail xofunda gəlib durdu gözlərinin qabağında. Həsən kişinin kefi bir az pozuldu. “Lənət şeytana” deyib bu işi müvəqqəti də olsa, təxirə salmaq qərarına gəldi. Xanım işini tamamlayıb dedi:
- Bu günlük bəsdi, cavan oğlan. Geyinə bilərsən. Adım Zemadır.
- Qasan, - deyə Həsən kişi cavab verdi. – 57 nömrəli otaqda qalıram.
Geyinib qurtarandan sonra Zemaya on manat uzatdı.
- Elə bu? – Xanım nazlanaraq soruşdu.
- Darıxma, Zema. Biz hələ görüşəcəyik. Məndən razı qalacaqsan, - deyə Həsən kişi gülərək ondan ayrıldı.
Növbəti müalicəni almaq üçün kefi kök halda vanna otağına yaxınlaşdı. Yerdən təbii şəkildə çıxan zəngin mineral tərkibli bu suyun insanın əsəb sisteminə, ürəyinə çox faydalı olduğu deyilirdi. Növbədə adam olmadığından qapıdakı gənc tibb bacısı Həsən kişini içəri dəvət etdi. Vanna su ilə dolana kimi kişi də paltarını soyunub qutardı. Qız dedi:
- Zəhmət olmasa, vannaya buyurun. - Əlindən tutub kişinin qalxmasına kömək etdi. – “Ni boysya”, suyun isti olması sizi narahat etməsin. İnşallah, sağalıb evinizə qayıdarsız.
Həsən kişi vannada uzanıb on dəqiqə gözlədi. Vaxtın tamamında ehtiyyatla qalxıb paltarına yaxınlaşdı. Bədənini qurulayıb əynini geyindi. “Sağ ol” deyib otaqdan çıxmaq istəyəndə tibb bacısı məlun baxışlarını ona zilləyib yavaş səslə dedi:
- Bəs, hörmət etmirsiz?
- Məgər “sağ ol” demək hörməsizlikdir? – Deyib, Həsən kişi hirsli halda qızdan ayrıldı. Sonra “nə etdi ki ey, ona da pul verim?” deyə öz-özünə deyindi. Ancaq qızdan ayrılsa da, onun narazı baxışlarından yaxa qurtara bilmədi. Elə bil qız arxasınca düşüb onu təqib edirdi.
Bu gün axırıncı müalicə prosesi elektroforez idi. Həsən kişi hələ sanatoriyaya gəlməmişdən özünə söz vermişdi ki, həkimin bütün göstərişlərinə diqqətlə əməl edəcək. Saata baxıb 12 nömrəli qapıya yaxınlaşdı. Saçları çiyninə tökülmuş mavi gözlü, ortayaşlı tibb bacısı Həsən kişini incə navazişlə içəri aldı. Sonra mehribanlıqla dedi:
- Zəhmət olmasa, qurşağa qədər soyunun.
Tibb bacısı üstünə naqillər pərçimlənmiş balaca dəmir listləri nəm əskilərin arasına yerləşdirdikdən sonra Həsən kişinin sinə və bel nahiyələrinə qoyub, arxası üstdə çarpayiya uzatdı. Tərpənməməyi xahiş edib, üstünü adyalla örtdü. Aparatı işə salan kimi aşağı gərginlikli elektrik cəryanının giziltisi Həsən kişinin bədəninə yayıldı.
- Narahat olmayın, buralardayam. Əgər incitsə çağırarsınız, - deyə xanım kişini xəbərdar etdi.
Həsən kişi bədəninə yayılan giziltinin əhəmiyyəti barədə heç nə soruşmadı. Sakitcə uzanıb vaxtın bitməsini gözlədi. Proses başa çatandan sonra tibb işçisi ləvazimatları yığışdırdı. Əl verib xəstənin qalxmasına köməklik etdi. Xanımın qayğıkeşliyi, göstərdiyi nəvaziş Həsən kişiyə çox xoş gəldi. Paltarını geyinib qurtardıqdan sonra sakitcə dayanıb onu gözləyən gülərüzlü tibb bacısına beş manat verib “sağ ol” dedi. Bu vaxt, nədənsə, yenə də pul vermədiyi gənc qızın məlun baxışları, narahat görkəmi yadına düşdü. Fikirli halda qaldığı otağa gəlib əlindəki salafan torbanı çarpayının üstünə atdı. Otaqda səliqə-sahman yaradıb təmizlik işlərinə baxan nisbətən yaşlı, bəstəboy qadına beş manat uzadıb dedi:
- Sağ olun, gedə bilərsiniz.
Sonra hazırlaşıb yeməkxanaya nahar süfrəsinə yollandı. Yemək stolunun arxasında da narazı qalan qızın baxışları Həsən kişini rahat oturmağa qoymadı. “Mən də qəribə adamam. Niyə hamıya pul verdim, ona çatanda əlim gəlmədi? Guya ki, beş manatla dövlətli olacaqdım?!” Birlikdə nahar etdikləri daha yaşlı adam Həsən kişinin narahatlığını hiss edib soruşdu:
- Ağsaqqal, gözümə birtəhər dəyirsən. Problem-zad yoxdur?
Həsən kişi “problemin” nə olduğunu anladandan sonra stol yoldaşı dedi:
- Paho! Heç yaxşı iş görməmisən. Evdən çıxanda bilirdin ki, kurorta gəlirsən. Beş manat nədi ki, yazıq uşağa qıymamısan? Düşünmədinmi bəs, birdən qarğış-zad edər, dalınca danışar. Kişi, bəs sənin ad-sanın, ağsaqqalığın harda qaldı?
Daha təcrübəli stol yoldaşının izahatından sonra Həsən kişinin narahatlığı daha da artdı. “Biabır oldum. Söhbət yayılsa, yəqin ki, sanatoriyada hamı məni barmaqla göstərəcək, tibb işçiləri isə gözümçıxdıya salacaqlar. Düz eləmədim, heç düz eləmədim!” deyə Həsən kişi özünü danlayır, fikirdən ayrıla bilmirdi.
Gecəni yata bilməyib səhərə qədər yerində vurnuxdu. Elə bil bədəninə gicitkən bitkisi doldurmuşdular. Səhər yeməyinə gedəndə üz-gözündəki yorğunluq, yuxusuzluq aydınca sezilirdi.
Saat doqquz tamamda vanna otağının qapısında növbə gözləyən xəstələrdən üzr istəyib, iki dəqiqəliyə içəri daxil oldu. Dünənki gənc qıza bir ədəd on manatlıq uzadıb dedi:
- Qızım, məni bağışla. Dünən üstümdə pul yox idi, sənə hörmət edə bilmədim. Bir az da kobud danışdım. Üzr istəyirəm.
Gənc qızın gözləri güldü:
- Allah sizə can sağlığı versin, övladlarınızın xeyir-bəhərini görəsiniz!
Həsən kişi sevinə-sevinə otaqdan çıxdı. Çox məmnun görünürdü. Elə bil üstündən ağır bir yük götürülmüşdü. Bəlkə heç müalicədən sonra özünü belə yaxşı hiss etməyəcəkdi. Qarğışdan, dedi-qodudan özünü “sığortaladığı” üçün kefi kök idi.
Ağsaqqal düşdüyü bu anlaqsız vəziyyəti beynində xeyli təhlil etdi. Ancaq heç cür anlaya bilmədi ki, rüşvət vermədiyinə görə niyə yuxusu ərşə çəkildi, gecəni yata bilmədi. Borclu olmadığı adama pul vermək nə qədər önəm daşıyırmış ki, bu qədər əzab çəkdi...”Milləti kimlər bu günə saldı” deyə düşündü. Çox çək-çevirdən sonra “lənət şeytana deyib” kefini pozmaq istəmədi. Axı, sabah saat on birdə onu Zema ilə maraqlı bir görüş gözləyirdi.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ