Rəsulzadənin vaxtında dəyərləndirilməyən Nizamişünaslığı

Tarix:23-01-2018, 09:49 Baxış Sayı:52

 Rəsulzadənin vaxtında dəyərləndirilməyən Nizamişünaslığı
Dahi Nizami Gəncəvinin milliyyətcə türk olduğu barədə hələ Məmməd Əmin Rəsulzadənin Türkiyədə yaşadığı illərdə (1940-1941) yazdığı "Azərbaycan şairi Nizami" adlı dəyərli tədqiqat əsərində tutarlı bilgilər verib. M.Ə.Rəsulzadə Nizaminin türklərə münasibətini ümumiləşdirərək yazıbmış: "Gözəl ilə böyüyə - türk, gözəllik ilə böyüklüyə - türklük, gözəl və böyük sözə - türkcə, gözəllik və böyüklük diyarına - Türküstan deyən şairə hansı ağız "o, türk deyildir" deyə bilər?""

Lakin görünür, Azərbaycan Xalq Cümhuriyyəti rəhbərinin bu araşdırma kitabında gətirdiyi arqumentlər Nizamini Türkiyədə yetərincə tanıtmayıb. 1997-ci ildə Adanada Çuxurova Universitəsində qonaq olarkən, universitənin Ədəbiyyat bölməsinin rəhbəri, ədəbiyyat tarixçisi professor Mine Mengi xanımın müəllifi olduğu "Əski türk ədəbiyyatı tarixi" kitabında Nizami Gəncəvinin İran şairi kimi təqdim olunduğunu görüb məyus olan ədəbiyyatşünas alimlərimiz Şəmistan Mikayılov və Rüfət Hüseynzadə müəlliflə söhbətlərində öyrənirlər ki, Nizami o vaxtadək Türkiyədə fars şairi kimi tanınırmış, nədən ki, bütün əsərlərini fars dilində yazıbmış. Professor Ş. Mikayılov türkiyəli həmkarı Mine Mengi ilə söhbət əsnasında Xorasanda doğulan, Türkiyəyə sonra gedən, Konyada dəfn olunan Mövlana Cəlaləddin Rumini misal göstərir, onun da heç vaxt türk dilində yazmadığını xatırladır. Yada salır ki, o vaxtlar dövlət dili - ərəb dili, ədəbi yaradıcılıq dili isə fars dili olmuşdur. Türkü Nizami kimi qiymətləndirən ikinci adam tanımadığını söyləyən Ş. Mikayılov həmsöhbətinin diqqətini mərhum M.Ə.Rəsulzadənin məlum əsərinə yönəltməyə çalışır, "o kitab sizin əsaslanmalı olduğunuz mənbələrdən biri olmalı idi" deyir.

Professor Mine Mengi 1995-ci ilin nəşri olan "Əski türk ədəbiyyatı tarixi" kitabında Məhəmməd Füzulinin "Leyli və Məcnun" əsəri barədə yazıb: "Fuzulinin "Leyla vü Mecnun"u kendisinden önce ve sonra yazılmış olan Leyla vü Mecnun`ların en güzeli olup, Türk edebiyatının ünlü eserlerindendir. Mesnevi olan eser 3096 beyitten oluşmuştur. Latifi Tezkiresi`nde Fuzuli`nin ünlü İranlı Şair Nizami`nin hamsesine cevap olarak yazdığı 5 parça kitapı olduğu ve içlerinde en çok "Leyla vü Mecnun"un tanıdığı bildirilir. Daha sonrakı yüzyılların tezkirelerinden Kınalızade, Beyani ve Riyazi Tezkireleri Fuzuli`nin hemşehrisi Sadıki ve Künhü`l-Ahbar`da yalnız "Leyla vü Mecnun"dan söz edilmekte, hamsenin varlığına değinilmemektedir. Gerçekten de bugün Fuzuli`nin elde 5 mesnevisi bulunmayıp "Leyla vü Mecnun"un yanı sıra Beng ve Saki-name mesnevileri vardır. Fuzuli, "Leyla vü Mecnun"u 1535 tarihinde tamamlayarak, Bağdat valise Üveys (Veys) Bey`e sunmuştur".

Bundan sonra alimlərimizin Türkiyədə istər mütəxəssislər qarşısında, istərsə də televiziyada çıxışları olur. Bakıya gələn türk ziyalılarından Süleyman Doğana "Nizami yaradıcılığında hökmdar surətləri və müasir dövlət başçıları" adlı namizədlik mövzusu verilir, o da öz növbəsində dissertasiya işini müvəffəqiyyətlə müdafiə edir. Sonrakı iki il ərzində Süleyman Doğan Türkiyə mətbuatında Nizami Gəncəvi haqqında 10 məqalə çap etdirir.
Ş.Mikayılov "Bir alimin ömür salnaməsi" kitabında türk ziyalılarının Nizamiyə münasibətinin dəyişdiyi həmin hadisələri belə xatırlayır: "Türkiyədə - müxtəlif təhsil müəssisələrində, mətbuat orqanlarında çıxış etdim, həyəcan təbili çaldım. Nizami əsərlərindən söhbətin axarına uyğun misallar gətirdikcə, türklər "Allah, Allah, biz bu şeyxi nə üçün tanımayıb günah işlətmişik" deyə təəssüf edirdilər".

Yeri gəlmişkən xatırladaq ki, professor Ş.Mikayılov İran İslam Respublikasının Azərbaycanda səfiri olmuş cənab Əhəd Qəzzainin "Space" televiziyasına verdiyi müsahibəsində Nizaminin Azərbaycan şairi olmasına şübhə ilə yanaşdığını deməsindən sonra diplomata Açıq Məktub yazmışdı. "Təhsil problemləri" qəzetinin 31 oktyabr 2002-ci il tarixli nəşrində yer almış həmin məktubdan bəzi sitatlara göz ataq:
"...Hind ədəbiyyatının görkəmli nümayəndəsi Əmir Xosrov Dəhləvini (1253-1325) Nizami Gəncəvidən ayıran təxminən yarım əsrdir. Yəni, zaman etibarilə Nizamiyə yaxın dövrdə yaşamışdır. Dəhləvi "Şitrin və Xosrov" əsərində yazır:
Nizami hər sözü demiş birinci,
Qoymamış cilasız qalsın bir inci...
Gəncədə yaranmış elə xəzinə,
Keçib qənimət tək ələ xəzinə
Parlaq inciləri seçib içindən,
İndi öz xəznəmi bəzəyirəm mən...
Verilən misralar qeydsiz-şərtsiz təsdiq edir ki, Nizami Gəncəlidir. Görəsən, Əmir Xosrov Dəhləvi niyə başqa bir yerin adını yox, Gəncənin adını çəkir, Nizami xəzinəsinin orada yarandığını deyir? Əmir Xosrov Dəhləvinin zaman etibarilə Nizamiyə yaxın olması onun gəncəli olmasına yaranan şübhəni alt-üst edir...
"Sirlər xəzinəsi" əsərində şair türkləri belə səciyyələndirir:
...Şan - şöhrəti dünyaya sığışmazdı türklərin,
Ölkəsi ədalətlə güllü yazdı türklərin.
Zalımlığın bəllidir, işin - peşən talandır,
Sən ki, hindli quldursan, türk olmağın yalandır...
Görəsən, Nizami Gəncəvini - türkü belə ədalət təcəssümü kimi təqdim etməsinə hansı qüvvə təhrik edir? Əlbəttə ki, belə bir qüvvənin xalqına məhəbbət, vətən sevgisi olması şübhəsizdir.
"Leyli və Məcnun" poemasında şair Axsitanın məktubundakı

"...Bu təzə gəlinə çəkəndə zəhmət,
Fars-ərəb diliylə vur ona zinət...
Kamal cövhərinin xəzinəsindən,
Gör, kimin sapına inci düzürsən.
Türk dili yaramaz şah nəslimizə,
Əskiklik gətirər türk dili bizə.
Yüksək olmalıdır bizim dilimiz,
Yüksək yaranmışdır bizim nəslimiz".
- misralarından nə üçün mütəəssir olur, halı dəyişir,
"Qulluq həlqəsinə düşdü qulağım,
Qan vurdu beynimə, əsdi dodağım..." deyir?

Nizami Gəncəvinin bu misralarının mənasını anlamaq üçün heç bir mənbəyə müraciət etməyə ehtiyac qalmır. Oxuyan özü bunlardan nəticə çıxarmalıdır. Əgər Nizami farsdırsa, hökmdarın "fars-ərəb diliylə vur ona zinət" sözləri nəyə görə onun xoşuna gəlməməliydi? Əgər Nizami türk (azərbaycanlı) deyildisə, şah niyə başqa bir dilin yox, "türk dilinin şah nəslinə yaramadığını" deyir: Şairi "qan vurdu beynimə, əsdi dodağım" deməyə vadar eyləyən nədir? Axı, hər cür təklif elə müdrik adamı bu fikrə gətirə bilməzdi. Heç bir şübhə yoxdur ki, şairi bu qənaətə gətirən doğma ana dilinə şahın həqarətlə baxması, bu dilin - türk dilinin "şah nəslinə yaramaz" deməsi olmuşdur".

Pünhan Şükür,
MANERA.AZ



Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ