Sevgi quraqlığı - Romandan hissə

Tarix:29-12-2017, 14:18 Baxış Sayı:554

Sevgi quraqlığı - Romandan hissə

SEVGİ QURAQLIĞI
( Romandan hissə )


BİRİNCİ FƏSİL


Küçə qapımızın qabağında o, qarabuğdayı, qəşəng raraçı qızı qonaq kimi dayanmışdı.
Sözlə yox, baxışlarımla soruşdum, nə istəyir?
Məni başa düşdü və gülümsədi.
--Falınıza baxmaq istəyirəm, - dedi.
Təkrar gülümsəməklə demək istədi ki, məndə xoş xəbərlər var.
-- Mən fala inanmıram ,- dedim.
--Səni inandıracağam. – Ciddiliklə cavab verdi.-- Qorxma, pul istəmirəm, havayı baxacağam. Axırıncı sözlərindən sonra inamım çoxaldı. Həm də ki, qapıya gələn qadın xeylağını qapıdan boş qaytarmaq mənimçin çətin idi. Qırağa çəkilib yol göstərdim. O, içəri keçdi. Sonra mən qabağa düşdüm, dalımca gəldi. Alçaq evin eyvanında, uzun stolun böyründə ayaq saxladıq. Oturmağa yer göstərdim. O, çoxdan bu evə bələdmiş kimi ərklə oturdu.
-- Sən yaman fikir çəkirsən,- deyə söhbətə başladı.
--Bax, elə- belə şeylərə görə falçilara inanmıram. Ay qız, İndi fikir çəkməyən adam var?- deyə dilləndim.
---Olmağına fikir çəkməyən adam yoxdur.—Qiz gözünü məndən çəkmədən əlavə elədi:-- Siz gəmiləri dəryada qərq olan tacir kimi görünürsüz.
-- Kənardan necə görünməyimdən xəbərsizəm,- dedim.
-- Dayı, zəhmət olmasa bir stakan su olar?- dedi qiz.
-- İçməkçin?
-- Tafotu yoxdur, təmiz olsun.
Bir stəkan sərin bulaq suyunu gətirib qoydum qabağina.
Stəkandakı suya bir üstdən, bir yandan baxdı, baxdı, astadan dilləndi:
--Bu evdə səndən başqa adam görmürəm.—Dediyinə aydınlıq gətirdi:--Tək yaşayırsan.
-- Bəli,- deyə falçi qızla razılaşdım.
Falçı qız gözünü stəkana dikib ürəyində nələrsə danışdı, nələrəsə cavablar aldı, arada başını azacıq yırğalamaqla nələrisə təsdiqlədi, nələrləsə razılaşmadı. Qız gözünü stəkandan ayırmadan dedi:
-- Həyat yoldaşınızçın qaranlıq gəlir.
--Yoxdur, bir neçə gündür, ilini vermişik,- dedim.
Qıza marağım və rəğbətim çoxaldı

--Bax, görüm, mənimçin nə gəlir?- Gülümsəyərək soruşdum.—Qaranlıq gəlsə, demə.
Qız stakana yenə fəhmlə baxdı, baxdı, stakanın içindən çıxardığı xəbəri gülümsəyərək dedi:
- Bir cavan xanıma vurulmusuz. Həyatında ilk dəfədir belə eşqə düşmüsən.
-- Düz deyirsən, qızım, istəyirəm onu, --deyə utana-utana cavab verdim.—Bax, görüm, o qız üçün nə gəlir?
Adini soruşdu, mən dedim. Axırıncı sualdan qızın əziyyətə düşdüyünü gördüm.Axtarışı uzun çəkdi. Burnunun qıraqları tərlədi. Nəhayət dilləndi:
-- Böyük vəzifə sahibidir. Yaşda səndən çox balacadir.
-- Vallah, mən səni belə bilməzdim. Heyrətimi ifadə eləməyə əməlli söz tapmadım. Mənimçin həyati əhəmiyyəti olan axırıncı sualımı da verdim:
--Deyə bilərsənmi, qız məni sevər, ya
sevməz?
Qız axirinci sualın cavabını asan tapdı
-- Sevəcək,-dedi.
--Axı, yaşim coxdur.
-- Sevənlər yaşa baxmırlar.
Qiza nə verəcəyim haqqında düşünərkən cibimdəki pulun azlığına görə xəcalət çəkdim. Ondan eşitdiklərimin qiyməti pulla ölçülməz idi. Cibimdə nə var, çıxardım, qoydum qabağına.
-- Dayı, siz fala inanasız deyə bu pulları götürməyəcəyəm.
Qiz ayağa durub qətiyyətli addımlarla uzaqlaşarkən stolun üstündəki pullari götürüb dalinca qaçdım. Götürmürdü, çətinliklə yan cibinə ötürdüm.
-- Sənə halaldır,- dedim.
-- Halallıq o bir stakan suya düşür ,- dedi.

İKİNCİ FƏSİL


Hər iki sahilin arasıyla dolu və lal axan çayın kənarındayam. Bir parça qoyun dərisini altima qoyub oturmuşam. Yenə tilovu suya buraxmışam. Əsas məqsəd balıq tutmaq deyil, suya tamaşa eləməkdir. Adamlar bilsələr, suya tamaşa eləməkdən doymuram, su ilə əməlli-başlı söhbət eləyirəm, su məni, mən suyu başa düşürəm, deyəcəklər havalanib bu kişi. Bəzən bu çayda, suyun üzündə uzanmaq,lap yuxuya getmək istəyirəm. Ah, suda olan rahatlıq harada var? Yox, suyun hər sirrini, sehrini öyrənəm gərək. Bu marağın, bu istəyin axırına çatmalıyam, nöqtəsini də mən qoymalıyam. Su insanların indiyədək kəşf eləyə bilmədikləri köhnə dünyadır.
Bax, bu gün çayın qırağına dilxor gəlmişəm. Səhər- səhər bir pis adam çıxdı qabağıma. Elə bir söz dedi, o söz büsbütün qaraltdı qanımı. İndi bir mənəm, bir də ki, içimdəki o pis adam. Hər ikimiz axan suya tamaşa eləyirik. Hərdən mənə elə gəlir, biz də su ilə gedirik. Yox, suyun apardıqları tək-tük yarpaqlardır, meşə çör-çöpləridir. Sonra görürəm, içimdəki pis adam da suyun üstündədir. Yarpaqlara, çöplərə qarışıb gedir. Yalnız başı görsənir. Gah batır, gah qalxır, uzaqlaşa-uzaqlaşa gözdən itməkdədir. Üfüqdə yoxa çıxır. Onu belə asan itirməyimdən sevinirəm. Sonra bu sevinc görünməmiş bir rahatlıqla əvəzlənir. Bu da həqiqətdir , o pis adam içimdəykən səmada süzən quşlari, çayın üstündə alçaqdan uçan kəpənəkləri görmürdüm. Çayın həzin şırıltı səsini də təzə-təzə eşidirəm.
Dalğalar köpüklənə-köpüklənə bir-birini qovmaqda, harasa tələsməkdədirlər. Mənə elə gəlir, onlar da diridir, öz ömürlərini yaşayirlar.
O falçı qız düşür yadıma. Onun su ilə danışmağına qibtə qarışıq heyrətlənirəm.—“Bir stakan su gör nələr dedi?”—Sual verirəm özümə.—“ Bir stakan su eşqimdən xəbər verdi”- deyirəm.
Çaya baxa-baxa durmuşkən dünyanın falına baxmaq keçir könlümdən. Bundan sonra mənə elə gəlir, bu çanli, diri suya hər şey danışmaq olar:
-- Sən də bir dünyasan, ey su, -deyə başlayıram.—Səndə də həyat var, canlı aləm var. Bizim dünya ilə sənin dünyan arasında böyük fərqlər var. Bizim dünya özü özünü bədbəxt eləyib,eşqini itirə-itirə
qocalib, əldən düşmüşdür. Dünyamiz indi soyuq dünyadir, insanlar daha
əvvəlki kimi sevmirlər bir-birini. Mərhəmət hissini itiriblər. Dünyamızın əlacı Allha qalıb. İndi dünyamıza təzə peyğəmbərlər yox, Allahin eşqi və sevgisi gərəkdir.
Tilovumun ucunu yirğalamaqdan usanmayan suya fəhmlə baxa-baxa davam etdirirəm:
---Ey sular,- deyirəm,- vallah sizə ümüdüm böyükdür. Bizim dünyamiz mənə inanmaz, məni qəbul eləməz, eləcə bu dünyanın min illərlə tapılmayan dərdlərinə də əlac tapılmaz.
-- Ey çay,bir milyard stakan su var canında,- deyirəm. – Bir qız bir stakan suda eşqimi gördü, hətta nə boydalığından da xəbər verdi. Sən bir stakan su deyilsən, dağlarin dibindən, yerin dərinliklərindən süzülüb, bəs qədər durulub gələnsən. Mənim sonsuz, ilahi eşqimi payla dünyaya.Bunu bacarsa, bacarsa, yenə
sən bacararsan. Qoynunda yaşatdıqlarına sən necə lazımsansa, bizim quru materikə də eşq-sevgi hava və su kimi lazımdır.
Su ilə danışarkən özümdə olmayıb tilovu əlimdən buraxmışam, tilov daha mənim deyil, yarpaqlara, çör-çöpə qarışıb uzaqlaşmaqdadır.
--Ey su,- deyə söhbəti yarimçıq qoymuram.—Mənim sözüm, söhbətim tükənməzdir. Bəsdir, o quru yarpaqları, çör-çöpü, ağ köpükləri daşidiniz, mənim eşqimi aparin, daşiyin, çatdirin dənizlərə , okeanlara. Sonra bulut halında qayıtsın,yağış kimi səpələnsin dünyaya. İnsanlar eşqsizlikdən əziyyət çəkirlər. Lap sudan çıxan, havası çatmayan balıqlar vəziyyətindədirlər.
Çayın suları qırçın-qırçın dalğalara dönüb qovmaqdadırlar bir-birini. Köpüklənməkləri sevinməkləridir. Gedirlər, dənizlərə tələsirlər. Dəniz onların axirət dünyalarıdır. Cəhənnəmi olmayan bir dünyaya gedirlər. Əbədi dünyaya, “axır zaman” olmayan bir dünyaya gedirlər...

ÜÇÜNCÜ FƏSİL


Adamlar “Məndə sığar iki cahan, mən bu cahana sığmazam”,- deyən insanin dərisini diri-diri soymuşdular. O vaxt insanların insanlaşmasına hələ varmış. Əsrlər ötdü, nəhayət insan insanlığa çatmağın yolunu tapdı. Yalnız bundan sonra o, dərisi soyulmuş sələfinin dediyi gerçəkləşdi. Onda ki, insanliq Allahın köməyilə tərəqqinin zirvəsinə çatdı. İnsan dünyanln özünə bənzər dünyasını yaratdı. Adını da qoydu Elektron. Dünyamız sığışdı bu balaca “dünyaya.” Hətta peyqəmbərlərin kitablarina da yer tapıldu burada.
İnsanlar Allahı həmişə çətin başa düşüblər, çətin qəbul eləyiblər. İndi də bilmirlər ki, Allah Elektronla neyləmək istəyir?
Hərdən dodaqlarımın ucunda Allahla danışmağım var:
-- Ey Allahım,-- deyə başlayıram.—Deyirlər, sən istəyəndə bəndələri eşidənsən. Deyilənlər doğrudursa, inidicə Sən də məni eşidirsən yəqin ki. Ey Allahım, insanlar içindən insanlar içinə yüz iyirmi dörd min peyğəmbər göndərmisən, bu dünya, düzəlmədi ki, düzəlmədi. Sən özün görürsən nələr baş verir indi. Dünya idarə olunmaz bir varlığa çevrilmişdir. Ey əziz Allahım, hərdən mənə elə gəlir, bizləri unutmusan. Allahsız dünya olar? Allahsız yaşayış var?
Yox, biz hərdən asiləşib hər nə olsa deyirik. Amma həmişə bizimlədir O.Bunu ondan bilirəm ki, suallarımıza ətrafımızdakıların dililə, yuxularımıza girməklə, vəhylə, ilhamla, həyan və ürəyə dammalarla çox şeydən agahlayır bizləri.
Dünən gecə o falçi qiz yuxuma girmişdi. Bəlkə də Allah göndərmişdi onu. Allahin adindan danışırdı. Nə vaxtsa mənə həyan olanları onun dilindən eşidirdim:
-- Yüz iyirmi dörd min peyğəmbər göndərmişəm, biriniz eşitdiniz, biriniz eşitmədiniz, biriniz inandınız, biriniz inanmadınız. Bu dəfə sizə bir Elektron, bir də Adəm və Həvva eşqində iki adam göndərirəm. Onlar Adəm ilə Həvvanın eşqini təzədən yaşayacaqlar, insanlar onlara baxib sevsinlər bir-birini.
-- Ya Rəbbi, niyə Peyğəmbər yox, eşq-sevgi göndərdin?—Soruşuram.
Falçi qizdan daha bunlari eşidirəm:
-- Ona gərə ki, insanlar bir-birindən çox soyuyublar. Səbəbi eşqi, sevgini itirməklərindədir. Bütün fənalıqların kökü də bundadır. Sİzin dünyanı peyğəmbər yox, eşq-sevgi xilas edəcək.
Daha nələrisə eşidəcəkdim, yuxudan ayılıram.
--Bu yuxu nə yuxuydu?—deyə fikrə gedirəm. Sonra bu yuxunu belə yozuram:
--Bu yuxu şeytani yuxu deyildi. O falçi qiz da falçi qiz deyildi, məlakə idi, falçi qiz surətində gəlmişdi.
Bəli, mən indi həzrəti Adəmin eşqini yaşayan adamam. Həzrəti Həvvanin eşqini gətirən xanimi bilirsiz neçə min xanimin içindən seçmişəm? Elektronda ər axtaran qadinlarin, arvad axtaran kişilərin sayi-hesabi yoxdur. Elektronun da özünə məxsus “tilovu” var. Burda da neçə baliq gəlib ilişəcək tilovun qarmağına. Qismətdən asılıdır. Mənim tilovuma düşən “balıq” da Qərənfil adındadır.. Foto obyektivin hər fokusundan baxdim ona. Niyə bu xanım bir belə xoşuma gəlir? Cavab yoxdur.
Duyğularimin qanadinda keçmiş illərə, uzaq əsrlərə gedib çixiram. Sanki bir-birimizi ibtidai zamanlardan tanıyırıq. İnsan qəribə məxluqmuş. Birdən o uzaq illərə qayıtmaq keçir könlümdən. O xanima qovuşmağın mümkünlüyünü o illərə qayitmaqda görürəm. İnsan keçmiş günlərin xatirələrinə dalarkən büsbütün durulur, mülayimləşir. Bu xanim çox cavan olduğundan keçmişlə işi olmaz. Buna da çətin inanar ki, çox-çox əvvəllərdə, keçmiş əsrlərin birində bu dünyaya gəlmişik,birgə günlər keçirmişik. Onda dünya indiki kimi deyildi. Yadimda qalani budur ki, Günəş qızıl tozu şəklində sarı buğda zəmiləri üstünə səpələnmişdi.. Onda adamlar qəm-qüssədən tamam uzaq idilər. Bəxtəvər günlər yaşamiş, qədir-qiymətini bilməmişikmiş. Onda ölüm-itim o qədər az, o qədər gec-gec baş verərdi, bəzən ölüm tamam yaddan çixardı. Keçmişdən, o gözəl günlərdən doymamiş qayidiram indiki günlərə. Bu günlərin biri də budur ki, qarşimda Elektron var. İkinci “evimdir”. Nə vaxt içəri girsəm, o xanim burada yolumu gözləyir. Ah, bu Elektron nə yaxşi şeymiş? İnan, kim nə deyir desin, Allah, əstafürullah , Elektronu peyğəmbər əvəzinə göndərib bizə.
Mən qabağımda axan çayı reallıqdakı kimi görürəm. Elə bilirəm, indicə keçirdiyim hislərdən, duyğulardan, bulanıq suyun üstündə oynaşan əlvan köpüklərdən o xanımın da xəbəri var. Mətləbə keçərək bunları yaziram:”Sakit axan, dolu bir çayi canlandir xəyalinda .. Səni dalima götürmüşəm. Ayaqların qollarımın üstündən sallanmışdır. Su qurşağımızdan gəlir. Su istəyir öpsün yirğalanan ayaqlarınızın altindan. Mən qoymuram. Cay bizi yixmaq, qabağina qatib aparmaq istəyir, amma bacarmir, gücü çatmir. Artiq sahilə çıxmışıq. Bir-birimizdən aralı durub bir-birimizə maraqla tamaşa eləyirik. Sən balaqları qıçlarıma yapışmış şalvarıma, ayaqlarım ucundan şırımlanan və sənə tərəf yeriyən sulara baxıb qəhqəhə çəkirsən. Sonra naqəfil üstümə tullanib məni öpürsən”.Qızdan gözlədiyim və almaq istədiyim öpüşü belə qazanıram. Məktubu bu sözlərlə bitirirəm:” Ilahi səmimiyyətlə:-- İbrahim.”

DÖRDÜNCÜ FƏSİL


Çayın sahilindəyəm. Yenə bir parça qoyun dərisi üstündə oturub tilovu suya buraxmişam. Əyri-üyrü sahillərin arasında ilan kimi qivrilan, gecə-gündüz hərəkətindən qalmayan,iti axmağiyla harasa tələsən çay mənimçin sirli, sehirli bir aləmdir. O falçı qiz bir stakan suyun köməyilə falima baxdı, təzə dünyaya apardı məni. Su lal axmağı ilə, göllərdə, gölməçəlrdə, nohurlarda ölü kimi yatmağıyla aldadıbmış bizi. Suda təkcə əksimiz yox, qəlbimiz də yatırmış. Mənə görə o qaraçı qızı suyu kəşf eləyən ilk insandir. O, su ilə onun öz dilində danışmağı bacarırdı. Suallar verir, cavablar alırdi.
Bu dünya mənimçin qəmli olub həmişə. Yalniz baliq ovunda köpüklənən, diri kimi görünən suya baxarkən bulaniq su kimi durulur, böyük bir rahatlıq tapıram. Suyun bir kəraməti də budur ki, onun qırağında his-pasımız gedir, duruluruq. Bunun da sirri hələ ki, bəlli deyil bizə.
Dünənki məktubumda Qərənfilə yazdıqlarımiı suya danışmışam. O qaraçı qiz kimi mən sudan cavablar almışam.
--Ah, sənin nə boyda eşqin varmış!—Su nə deyirdi, ürəyimə damızdırmaqla deyirdi. Su elə bil ürəyimdən keçənləri eşidirdi.
--Ey su , məni aldatmırsan?—Soruşdum. Bu dəm möcüzə baş verdi. Gözlərim məni aldatmir, kor-kor, gör-gör, su dayanmişdi, su axmirdi. Şirilti səsi də kəsilmişdi. Əlimdəki tilov dartinib yellənərkən çay ölü vəziyyətindən diri vəziyyətinə qayitdi. Tilovun ucunu qaldiranda gördüm gümüşü, gözəl bir baliq çabalayir havada. Onu yaxina gətirib tutdum.—“ Ay yaziq, mənim eşqim çəkdi, gətirdi səni, aldanmisan.”-deyə danişdim baliqla.—“Səni yemək günahdir”- deyib qarmaği çixardim boğazindan, qaytardim onu öz dünyasina.
Məndə suyun kəramətlərinə inam yarandiğından başladım su falına baxmağa:
-- Ey su,-- deyə başladım.—Yaxından görmədiyim, yaxından tanmadığım, ancaq yazılarına və şəkillərinə görə xoşuma gələn bir xanima vurulmuşam. Məndən çox balacadir. Vəzifəsi də var. Özü də subaydir.. O böyük şəhərdə,mən isə əyalətdə yaşayıram. Ahıl pensiyaçiyam. Bilmək istəyirəm, alınarmı bizimki, gələrmi mənə o?
Su gözümün tuşlandiği nöqtədə ağ köpüklərini oynatdi, atdi, tutdu, firlatdi, bir qədər durularaq cavabimi verdi:
-- Bambaşqa adamlarsiz, -dedi.—Amma ruhlariniz əkizdir.
Suyun dedikləri batmadi ağlima. O, məni naümüd buraxmadi.
-- Ruhlarınızın ekiz olması qismətinizdən xəbər verir. Əl çəkmə!
Çayın suyu məni beləcə ruhlandırdı, beləcə cəsarətləndirdi. Sonra mənə elə gəldi, çay daha nələrləsə başa salmaq istəyir cavabını. Çayın ortasında meşə tərəfdən gələn iki yarpaq balaca bir burulğanda firlana-firlana qaldi. Yuxarıdan daha iki yarpaq yırğalana-yırğalana gəldi, burulğanın ətəyindən düz getdi, ilişmədi. Gözdən itinəcən baxdım dallarınca. Çay axırıncı sualıma iki başlı cavab verdi. Biri yarı yolda ilişib qalmış qoşa yarpaq, biri də yoluna davam eləyən qoşa yarpaq. Bunladan hansi mənim cavabımdır?
Deyəsən , çayin da xoşu gəlmədi fal oxlari açmağımdan. O məndən bezib, yaxasini qurtarmaq istəyirmiş kimi göründü. Sanki bu səbəbdən iti axmağa başlamışdı ...

BEŞİNCİ FƏSİL


Məgər insan ürəyinə yol tapib onun məhəbbətini qazanmaq asandir? Asan olsaydı
keçmişin əfsanəvi qəhrəmanı Fərhad sevdiyi Şirinin eşqinə külünglə o boyda Büsutun dağını niyə yarırdı ki? İndi zəman o zaman deyil. Sevənlərin işi xeyli asanlaşıb. İndi xanımlarımız qara çadraya bürünüb çuval kimi evin bir küncünə atılan, pəncərədən küçəyə baxmağa qorxan, əsir, yesir xanimlar deyillər. Qabaqlarında Elektron var. Düyməni basırsan, qapı düyməsini yox, Elektron düyməsini. İstədiyini gətirib oturdursan qabağında. Doyunca baxa bilirsən ona.
Mən o xanıma vurulmuşam.Bu vurulmağın necə vurulmaq olduğunu məndən yaxşı bilən yoxdur. Bilirsiz nədir vurulmaq? Sevdiyin adamın ruhu sənin ruhunla qoşalaşır. Onlar səndən xəbərsiz birgə həyat qururlar. Ruhunla qoşalaşan ruh səni səndən yaxşi görür, eşidir, o, sənin gedib gələn nəfəsindir. Onun xoşuna gəlməyən hər şeydən çəkinirsən. Deyirlər, filan kişi arvadindan qorxur. Qorxan ruhlar qoşalaşmış ruhlardir.
O, xanımla yazışmaqdayam hələlik. Məktublarımı oxuyur, cavab yazmır. Bilirsiz niyə? Səbrimi, sevgidə nə qədər qətiyyətli və iradəli olmağimi yoxlayir. Sonrasi da mən özümə hədsiz güvənirəm. Mən ki, böyük bir eşqi yaşayıram. Eşqdən güclü nə var dünyada? Eşqdir hər şeyi yaşadan, aparan. Hər varlıq eşqini neyləsə ifadə eləyir. Ağaclar yarpaqlarina əl çaldirmaqla. Dənizlər, okeanlar ləpələrini ard-ardina qoşub qovmaqla, quşlar nəğmələrini oxumaqla, bulutlar asimanı lərzəyə gətirən gurultuları ilə... daha nələr, nələriylə zühur eləyir. Eşqin qabağında hər şey acizdir. Böyük orduların qabağında baş əyməyən sərkərdələr qadın qarşısında baş əyib diz çöküblər.
İndiki aşiqlər sevgilərini keçmişdəki kimi bəyan eləmirlər. İzhar formaları dəyişmişdir. İndi təmtəraqli, pafoslu, bir neçə mərtəbəli cümlələrlə, Hamletvari monologlarla heç kimi nə inamdirmaq, nə də aldatmaq olar.—“Dağlar yerindən qopsa da, tufanlar üstümdən keçsə də, yenə səni sevəcəyəm, əmi qizi...” – Köhnə teatrların dialoglarından.
O, xanımı ələ almağın orijinal yolunu tapmışam. Gələcəkdə real görmək istədiklərini yaxınlaşdirmaq, bu günə gətirmək lazımdır. Məndə ki, bu boyda eşq var, ağzı nədir təslim olmasın? Ürəyi daşdan deyil ki!
O çayın təsvirindən başlayacağam. Birinci məktubumdan o çay tanişdir xanıma. İndi çayi elə təsvir eləməliyəm, xanım çayın sahilində hiss eləsin özünü. Suyun səsini eşitsin. Ağ köpüklü dalğalarin üstündə rəngbərəng kəpənəklərin necə rəqs elədiklərinə tamaşa eləsin. İnsanla təbiət arasinda böyük yaxinliq var. Bunları bir-birinə qovuşdurarkən insan təbiət qədər təmiz, saf, gözəl, həlim, sevimli olur. Sonra poeziyanin da gücündən istifadə eləyəsən gərək.—Sevgilim,-- deyə keçirsən mətləbə. – O kənd yolunda yenə qoşa gedəydik. Yenə o çay .çixaydı qarşımıza. Yenə sən kürəyimdə, ayaqların da qollarımın üstündən asılmış vəziyyətdə. Girəydik qurşağımdan gələn suya. Yıxılmayaydıq. Salamat keçəydik qarşı sahilə. Sonra aralıdan mənə baxaydın. Ayaqlarımın ucundan şırımlanıb sənə tərəf gələn suları görəydin. Mənim bu halıma güləydin. Sonra da tullanaraq üstümə məni öpəydin. Axırda da o nakam şairin sözlərini deyəydin:
-- Arzuya bax, sevgilIm!

Ardı var...

Sevgi quraqlığı - Romandan hissə

Naməddin Mirzəxanlı
MANERA.AZ

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ