Mən payız adamam - Əlizadə Nurinin şeirləri

Tarix:28-12-2017, 16:38 Baxış Sayı:196

Mən payız adamam - Əlizadə Nurinin şeirləri
Manera.az tanınmış şair Əlizadə Nurinin şeirlərini təqdim edir:

***
Əlli beş nədir ki...yoruldum amma,
Girdim lil sulara,- duruldum amma...
Qaldım budağımda...qırıldım amma,-
Məni payız doğub anamdan qabaq.

İçimdə üşüyən xəzələ neynim?
Qəlibə düşməyən qəzələ neynim?
Payızı sevməyən gözələ neynim,-
Məni payız doğub anamdan qabaq...

İlahi, o bulud nə ağlağandı,
Buludun xətrinə dəymə, amandı!
Bəlkə bu yağış da məndən yağandı?-
Məni payız doğub, anamdan qabaq.

Mən payız adamam, sən gənc bir bahar,
Getsən, gözlərimi özünlə apar.
...Sən bir nar çiçəyi, mən çatlamış nar...
Məni payız doğub anamdan qabaq.

Bu ömür- əlli beş ağaclıq meşəm,
Küncdə durduğundan darıxır köşəm...
Payızın bətninə necə düşmüşəm?-
Məni payız doğub anamdan qabaq..

Dünya yaranandan payızdı elə...

Elə mən görəndən durnalar uçur,-
Elə mən olandan payızmış, allah.
Demə , misra- misra məni izləyən
Məndən şeir uman o qızmış, allah..

Canım şirin -şirin acını çəkir.
Ölümdü- kəfənin ucunu çəkir...
...Bu söyüd nə yaman içini çəkir,
O da mənim kimi yalqızmış, allah.

Qəmin özümündü, sevincin yadın.
Yanım- bir az isin, üşüyən qadın!..
...Çərpələng düzəltdim, o da uçmadı,-
Bu ömür islanmış kağızmış, allah...

Saçlarını ovutmağa gəlmişəm...

Kim dəyib ki, bu qələmin xətrinə,-
Bir şairin varağında ağlayır?
O qadın da gözlərini gizləyib...
Göz yaşları yanağında ağlayır.

Bu dünyaya axa- axa gəlmişəm...
Sənin üçün darıxmağa gəlmişəm.
...Saçlarını ovutmağa gəlmişəm,-
Eşitmişəm darağında ağlayır?..

...Düşən gündü, yoxsa göydən yar baxır?!
Bəlkə cənnət dedikləri Yar bağı?!..
...Payız dəyıb xətrinə o yarpağın,-
Bu ağacın budağında ağlayır?

Bu ümid də göyərmədi, dərəsən,
O qadının yollarına sərəsən...
...Bu pərvanə nə istəyir görəsən,-
Ürəyimin çırağında ağlayır?..

Yoxdusa

Hər nəğməyə qucaq açmaz göy üzü,
Bir sözünün yüz məcazı yoxdusa.
Son hecası əsir düşüb "vətən"in,-
" Vətən" olmur bir hecası yoxdusa...

Əlim hər gün oynayırdı ələmnən...
Bir ləl tapıb böldüm onu Lələmnən.
...O, özünü bir gün vurdu qələmnən,-
Neynəyəydi tapançası yoxdusa?!

Məndən ağır bu minnəti, neynirəm?
Əl yandıran əmanəti neynirəm?
...Dünya boyda imarəti neynirəm,-
Sənə baxan bir bacası yoxdusa...

Yaxşı ki o göylər çox hündürdədi

Yaxşı ki doğulur təzə sevdalar-
Bu köhnə dünyanı təzə bilirsən.
Yaxşı ki o göylər çox hündürdədi-
Başını dik tutub gəzə bilirsən!

Yol yormaz - eşq adlı bu başmaq ki var,
Gözün öpüşüdü-baxışmaq ki var...
Küsməyin sonunda barışmaq ki var-
Küs məndən, nə qədər küsə bilirsən.

Səndə hal qalmadı, ay halal adam,
Havan çatmasa, bir hava çal, adam...
...Dinə bilməsən də, sən, ey "lal" adam,
Sən də bu dünyada nəsə bilirsən...

Nə yaman dadlıdı bu yağış belə...

Başımı dizimə qoyub ağladım, -
göz yaşım dizimdə soyudu Allah.
Məni Yer üzünə niyə atmısan, -
bu ki, bir çıxılmaz “quyu”du, Allah?!

Sən qəmli oxuma qaranquş, belə,
neylər Göy sevənə yüz qarğış belə?!
...Nə yaman dadlıdı bu yağış belə, -
yoxsa gözlərinin suyudu, Allah?!

Şah kimi saxlama, saxla məni şax!
Sevdim dönüb oldu o daş da yumşaq...
Yüz nağıl desəm də yatmayan uşaq,
adını çəkəntək uyudu, Allah...

Günü görmək üçün oyanmışam mən,
dan üzü rənginə boyanmışam mən...
Boyunu görməyə boylanmışam mən, -
boyun bu dünyanın boyudu, Allah!

Bəlkə buludlar da gizlicə sözdü

İlahi, ruhumun təknəsi boşdu,-
İlahi, ruhumun acan yeridi.
Göy üzü quşların məskənidirsə,
söz də-şairlərin uçan yeridi.

Uduzduq-bu ağlı kəmlərin üstə,
getdik şikayətə kimlərin üstə?
Tanrı göndərdiyi qəmlərin üstə,
hamıdan qabaqda bu can yeridi...

Canım qəm biçirdi, biçində idi,
qəm də bu qiymətdə, bu çində idi...
O ulduz ovcumun içində idi,
o ulduz göylərə haçan yeridi?

Şairin qanadı ikicə sözdü,
sözdü gün işığı, bu gecə sözdü...
Bəlkə buludlar da gizlicə sözdü,-
yağışlar bu sirrə açar yeridi?!

Ağlayan əlləri ovutmaq olmur

Kim çəkə bilərsə dərdin rəsmini
O yetim uşağın əlini çəksin…
O yetim uşağın əlini çəksin, -
Ancaq elə çəksin, əllərindəki
O xırda pulları utandırmasın.

Bu uşaq haçandı küncə qısılıb,
Tərs kimi günəş də küncə düşməyir.
Elə ağalyır ki, solğun əlləri -
Qoyulan pula da ovunan deyil.

Kim çəkə bilirsə dərdin rəsmini,
Qırılmış eynəyin rəsmini çəksin,
Cırılmış köynəyin rəsmini çəksin…

Saçını oxşasın bir əli ilə,
Uşağın rəsmini bir əllə çəksin.
Sonra da fələyi tapıb, danlasın,
Fələyin üzünə bir sillə çəksin!..

…Kim çəkə bildisə, dərdin rəsmini,
Versin, canımdakı sərgiyə qoyum…

SEVGİ

1.
SEVGİ -
Bir yastığa baş qoymaq yox,
Bir EŞQ üçün- baş qoymaqmış.
Sevgi - səhra içində də
Cərəyana qoşulmaqmış...

...SEVGİ - iki ürəyin
bir ürək döyüntüsü...

Əqrəb dayananda da SAATımız işləyir
Ürek dayananda da gərəkdi EŞQ DÖYÜNƏ...

... SEVGİ!
Biz sənin varisinik... -
Səndən qalan ən böyük Miras xatirələrdi...

SEVGİ!
Sən göydən gəlmisən.
Ancaq
Həm də mənim göyə açılmış əllərimsən...

SEVGİ!
Mən sənsiz
İçində bayquşlar ulayan bir xarabayam,
aynası qırılmış ayam...

Sənsiz - təkadamlıq xoram
Sənsiz doğma elimdə də qürbət nəğmələri oxuyaram...

SEVGİ!
Sən əbədi yol yoldaşısan,-
Nə olsun ki, bu dünyadan hamı əliboş gedir,
Hər kəs ürəyində SƏNİ aparır...

2.
Sənin də adın SEVGİdi, qadın,
Milyon ildi unuda bilmirəm səni,-
Əzbərdən yadımdasan...

Sənə günəş demirəm mən,-
Sənin günəşdən ferqin
Her gün DOĞMAĞINDADI...

Mən indi bilmişəm ki,
Sən mənim ərazisi minalanmış həqiqətimsən,-
Sənə can atmaq
minalanmış sahəyə girmək qədər qorxuludu.

Mən indi bilmişəm ki,
min üzü var imiş qoca dünyanın
bir üzü EŞQ imiş - üz qoymaq üçün...

Elə o EŞQ idi - düşüb qabağa,
Dünyanın siyasi xəritəsində,
Sizin evi küçə-küçə gəzmişəm...

... İndi bildin SEVGİ nədir?-
Sevgi ayrı-ayrı şəhərlərdə
Eyni vaxtda darıxmaqdı...Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ