manera.az
manera.az

İdrakın gücü və gücsüzlüyü

İdrakın gücü və gücsüzlüyü
Bu gün XX əsr ədəbiyyatını və Azərbaycan romantizmini Hüseyn Cavidsiz təsəvvür etmək mümkün deyil. Hüseyn Cavidsiz bu ədəbiyyat və romantizm ya yarımçıq görünər, ya məhdud meyil və təşəbbüslər içərisində boğular, ya da ən yaxşı halda ədəbi hərəkatdan kənarda qalan birxətli, birtipli, hətta yeknəsəq mənzərəyə çevrilər. Yeni janr, mövzu, yeni qəhrəman və bütövlükdə yeni poetikanın yaradıcısı olan Hüseyn Cavid XX əsr Azərbaycan romantizminin tarixi taleyi, daha geniş mənada isə Azərbaycan ədəbiyyatı tarixinin əvəzsiz mütəfəkkir şəxsiyyətidir.


Hüseyn Cavidin həyat və yaradıcılığı Azərbaycan ədəbiyyatı və mədəniyyəti salnaməsinə əbədiyyət qələmi ilə həkk olunmuşdur. Şair, dramaturq, publisist, müəllim, ən başlıcası, bitkin dünyagörüşünə və düşüncəyə malik ziyalı kimi tanınan və ömrü boyu öz sənətkarlıq və vətəndaşlıq məsuliyyətini dərk edən H.Cavid həmişə məsləyinə və ideallarına sadiq qalmış, bədii əsərləri ilə öz əqidəsinin daşıyıcısına çevrilmişdir.
Hüseyn Cavid çoxəsrlik Azərbaycan ədəbiyyatının mövcud janr strukturunu kifayət qədər zənginləşdirmişdi: ilk dəfə olaraq əruz vəzni ilə şeirin vəhdətini dramaturgiya nümunələrinə hopdurmuş, mənzum dramaturgiyanın əsasını qoymuş, teatr tariximizə və aktyorluq sənətinə yeni pafos və vüsət gətirmişdi. Azərbaycan ədəbiyyatının yeni qəhrəmanlarını kəşf etmiş, bu qəhrəmanların adını ardıcıl və sistemli şəkildə əsərlərin sərlövhəsinə çıxarmışdı: “Maral”, “Şeyx Sənan”, “Şeyda”, “Afət”, “Peyğəmbər”, “Topal Teymur”, “Knyaz”, “Səyavuş”, “Xəyyam”. H.Cavid maarifçini, islahatçını, inqilabçını, sosial təşəbbüs sahibini deyil, şəxsiyyəti qəhrəmana çevirmişdi və Azərbaycan bədii fikrinin yeni silsilə qəhrəmanlar qalereyasını yaratmışdı. XX əsrin əvvəllərinə qədər bu qəhrəmanlar Azərbaycan ədəbiyyatına və Azərbaycan oxucusuna tanış deyildi. Əslində ədəbiyyatın və oxucunun H.Cavidin yaratdığı bu qəhrəmanları mənimsəməsi də xeyli çətin başa gəlmişdi, hətta təəssüflə bildirmək olar ki, bu çətinlik bəziləri üçün bu gün də qalmaqdadır. Amma dünyanın mütəfəkkir sənətkarları öz əsərlərini bəşəriyyət və nəsillər üçün yazırlar, H.Cavidin əsərləri də bəşəriyyət və nəsillər üçündür.

Hüseyn Cavid insan haqqında, onun keçmişi, bugünü və gələcəyi barədə yazmağı özünün yaradıcılıq qayəsi hesab etmişdir. Çünki o, yaxşı bilirdi ki, insanlığa xidmət göstərən sənət öz mövzusunu da məhz insanların həyatından almalıdır; oxucuları xoş və işıqlı gələcəyə səsləyən bədii əsərlərin sətirləri arxasında da məhz insanların özü dayanmalıdır.

Hüseyn Cavidin ən böyük yaradıcılıq idealları öz başlanğıcını insanların həyatından və taleyindən, onların azadlıq çarpışmalarından götürmüşdür. Həyatı boyu təqib və təzyiqlərə məruz qalan şair insanların əzab-əziyyətli məişətinin şahidi olmuş, sarı gül rəngi alan “vərəmli qız”ı, toz-torpaq içərisində uyuyub qalan “kiçik sərsəri”ni, anasını itirib dalğın vəziyyətdə yaşayan “öksüz Ənvər”i və neçə-neçə belə kimsəsizləri öz gözləri ilə görmüş, zindan guşəsindən ucalan son fəryadları qovrula-qovrula dinləmişdir. Elə buna görə də “acı-acı həqiqətlər”i, bu həqiqətlərin məna və məzmununu bədii yaradıcılığa gətirmək - H.Cavid sənətinin əsas məqsədinə çevrilmişdir. İlk kitabına “Keçmiş günlər” adı verib bu cür ağrı və acıların keçmişdə qalmasını arzulasa da, ikinci kitabını “Bahar şəbnəmləri” adlandırmaqla güllü-çiçəkli həyat barədə istəyini bildirsə də, bu, sadəcə mümkün olmamış, əzablı həyat sona qədər davam etmiş, nə qədər təəssüfedici olsa da, şairin repressiyası ilə nəticələnmişdir.
Statistik bir mənzərəyə nəzər salmış olsaq, H.Cavidin mənzum dram və faciələrində 100-dən çox obraz və bu obrazlarla yanaşı, sayı-hesabı bilinməyən şeyxlər, müridlər, dəliqanlılar, cəngavərlər, zabitlər, əsgərlər, haydutlar, musiqiçilər, rəqqasələr, cariyələr, milislər, məmurlar, işçilər, xidmətçilər, müsafirlər, alverçilər, müştərilər, çadırçılar, çölməkçilər, mələklər, teyflər, qızlar, çocuqlar iştirak edir. Bununla belə, H.Cavid yaradıcılığında müxtəlif zümrələrə mənsub insanları, ayrı-ayrı hökmdarların padşahlıq etdiyi məmləkətləri, tarixin dönüş nöqtələri olan dövrləri arayıb tapmaq o qədər də çətin deyil. Lakin şair-dramaturqu hər hansı insan, hər hansı məmləkət, hər hansı dövr deyil, bütövlükdə bəşər, dövlət və zaman düşündürür. H.Caviddə salnamələrdə olan tarix yeni bir tarix kimi görünür, oxucunun elmi və bədii kitablardan tanıdığı hökmdarlar yeni simaları ilə canlanır.
Romantik sənətkarın yaradıcılığında ağla sığınmaq və ağla söykənmək baş və aparıcı qəhrəmanların əksəriyyətinə xas keyfiyyətdir. Şeyx Sənanın göylərə yüksəlmək eşqi, həm həyat adamı, həm də bədii qəhrəman kimi Peyğəmbərin “ulu, dahi” olması, Teymurun hökmü, Səyavuşun şücaəti, İblisin mənəmlik iddiası idrakdan süzülüb gəlir. Hətta “İblis” əsərində Rəna da ağlına və düşüncəsinə şübhə edilən Arifi “huşyar” bir adam kimi tanıdır.

Hüseyn Cavid kimdən, nədən yazmağın, necə yazmağın sirrini bilirdi və öz arzularının bədii formada fəlsəfi traktatını yaradırdı. Həyatda heç nəyə ötəri hal kimi baxmayan, heç bir mövzunu təsadüfən qələmə almayan H.Caviddə insanın fiziki-cismani əlamətlərinin və mənəvi-ruhi keyfiyyətlərinin inikası da təsadüfi və epizodik məzmun daşımır, ardıcıllıq qazanır və sistem təşkil edir. İnsanın daxili dünyası ilə xarici aləminin vəhdətdə olmasının bir sistem halında H.Cavid yaradıcılığına gəlişi ilk böyük və möhtəşəm əsəri olan “Şeyx Sənan” faciəsindən başlayır. Bu problem faciədəki iki kor ərəbin timsalında özünün ilk bədii həllini tapır. Qarşıya qoyulan ideyanın açılışında gözləri görməsə belə kor ərəblər əsərin strukturunda müəyyən mövqe tuturlar, H.Cavid fəlsəfəsinin çözülməsində digər obrazlardan heç də az rol oynamırlar, ən başlıcası, sözün möcüzəsinə inam yaradırlar.

Kor ərəb üsyan edir. O, ədalət axtara-axtara eşqə və aşiqə, dərdə və dərmana, nura və zülmətə, hətta xəlqə və Xaliqə (Tanrıya!) qarşıdır. Dünya və kainat ünvanında nə varsa, kor ərəb tərəfindən ağına-bozuna baxmadan rədd olunur. Bu məqamda onu başa düşmək də çətin deyil, çünki kor ərəb bir fərd kimi öz etirazı ilə dünyada yaşayıb dünya işığından məhrum olmağın əzabını və qəzəbini təcəssüm etdirir.
Lakin daha əhəmiyyətlisi budur ki, kor ərəb Şeyx Sənan üçün möcüzə obyektinə çevrilir. İnsanlar möcüzə göstərənlərə daha tez inanırlar və onların ardınca getməyi özlərinə böyük şərafət hesab edirlər. Peyğəmbərlər də müxtəlif dövrlərdə yığın-yığın adamı elə beləcə - möcüzələri ilə inandırıb öz ümmətlərini təşkil edə bilmişlər.
H.Cavid qələmində korların görmək eşqi və ümidi dünyanı görməməyin daha böyük məziyyət olması qənaəti ilə əvəzlənir. Beləliklə, Şeyx Sənan möcüzəsi idrakın üstündən aşaraq duyğu və düşüncəyə yol tapır. Bu fəlsəfə “Uçurum” pyesində Uluğ bəyin dediyi “Görməkdən daha dadlıdır eşitmək” fikriylə yeni təcəssüm forması taparaq əxlaqi müstəviyə keçir.

H.Cavid yaradıcılığında ağlın faciəsi idrakın gücsüzlüyündən, zəifliyindən - korafəhm və kəmağıl baxışdan, həyatı və cəmiyyəti, dünyanı və Tanrını dərk edə bilməməkdən doğulur, əql və idrakın zora və gücə dayandığı yerdən başlayır. H.Cavid dünya və Allah adından danışmağı da hər adamın ixtiyarına buraxmır. Ona görə də “Topal Teymur” əsərində bədii məkan kimi saraylarda və döyüş meydanlarında baş verən hadisələrə həyatda olduğu kimi, ədəbi qəhrəman səviyyəsində də Topal Teymur və Yıldırım Bəyazid nəzarət edir. Pyesdə qəzəbli Teymur məğlub olmuş Yıldırıma “kor bir abdal” ittihamı ilə yanaşıb onun fiziki qüsurunu xatırlatsa da, əslində, abdallığını, axmaq və səfehliyini önə çəkir və mənəvi-ruhi korluğunu ittiham edir. Deməli, Teymura görə, Yıldırımın yalnız gözü kor deyil, həm də qəlbi və düşüncəsi kordur. Əslində, Yıldırım haqqında bu fikri Teymur pyesin ilk pərdəsində də açıqca söyləmişdi: “Deyirlər; o, gözdən çox zəifdir, məgərsə qəlbi və düşüncəsi də kor imiş”.
Öz qəlbinin və vicdanının təmizliyini hər kəsdən yaxşı bilənlər, öz qəlbinin və vicdanının səsini hər kəsdən yaxşı eşidənlər, öz qəlbinin gözü ilə insanı və dünyanı hər kəsdən yaxşı görənlər sirli müəmmaları dərk etməkdə də hamıdan öndədirlər. Əksinə, qəlbi və vicdanı kor olanlar Tanrını və dünyanı dərk etməkdə çox acizdirlər. Ona görə də H.Cavid romantizminin filosof qəhrəmanı Dərviş Tanrını və dünyanı dərk etməyin yolunu və üsulunu kənarda deyil, insanda, insanın daxilində - qəlbin və vicdanın özündə axtarır, nadan şeyxləri və bütövlükdə dərk etməkdə aciz olanların hamısını ittiham edir:

Hər kimin korsa qəlbi, vicdanı,
Edəməz dərk nuri-yəzdanı.

H.Cavid təliminə görə, cəmiyyət miqyasında korluq öz səbəbini və nicatını cəmiyyətdən kənarda axtarır və axtardıqca da səbəbini mifdə, nicatını isə üfüqdə tapır.

H.Cavidin “İblis” faciəsində idrakın gücü və gücsüzlüyü bütün tərəfləri ilə ortaya çıxır. Eyni zamanda bu əsər mifik düşüncə ilə insanın düşüncəsinin qarşılaşdığı klassik bədii nümunədir. Şər ruhların mücəssəməsinə çevrilən İblis bütün gücü ilə insanı - Arifi öz təsiri altına salmaq, onu cinayətə sürükləmək istəyir. İblisin altun və qurşun təklifi Arif tərəfindən rədd edilir. Əgər bu, sona qədər davam eləsəydi, insana məxsus sağlam idrakın qələbəsi və təntənəsi baş tutardı. Amma Arifə məxsus idrakın gücsüzlüyü və zəifliyi özünü daha bariz şəkildə göstərir. “İblis” faciəsində Bədxah (Şər) ruhun diktəsi qalib gəlir, İblisin təklif etdiyi qurşunu, nəhayət, Arif götürür və elə bununla da onun psixosferasında ciddi dəyişiklik baş verir, Arif şər ruhun təsiri altına düşür. Arifin Xavəri və qardaşı Vasifi öldürməsi, bir növ, cinayətkara çevrilməsi şər ruhun verdiyi fasiləsiz əmrlərin nəticəsi kimi meydana çıxır. H.Cavid “İblis” faciəsi ilə insanları şər ruhlara qarşı mübarizəyə çağırır.
H.Cavid adının və H.Cavid yerinin harada, hansı mövqedə olduğunu bilmək istəyənlər onu yalnız Tanrının, Peyğəmbərin, mifik obrazların və tarixi şəxsiyyətlərin yanında tapa bilərlər. Romantik sənətkar bu mövqeni dünyanın yaradılışı və gedişi barədə əldə etdiyi təsəvvürlərlə, bu təsəvvürlərin Tanrıdan və Adəmdən (“Hübuti-Adəm” şeiri) başlamış Məhəmməd Peyğəmbərə (“Peyğəmbər” əsəri) qədər bütün müqəddəslərdən kənarda olmadığını əxz etməklə qazanmışdır. Ona görə də ədəbi-bədii düşüncədə keçmişə və gələcəyə baxış bucağının da istiqamətləri aydın və qaçılmazdır: hər hansı bir sənət adamının Tanrıya, Məhəmməd Peyğəmbərə, Alp Arslana, Əmir Teymura, Xəyyamlara və hətta İblisə müraciəti Hüseyn Cavid yaradıcılığı nəzərə alınmadan mümkün ola bilməz. Doğrudur, romantik sənətkar dünyanın yaradılışı və gedişi barədə olan tematikanın bədii təcəssümünə nöqtə qoymamışdır. Kainat kimi, bu tematika da sonsuzdur və H.Cavid də o qədər sadəlövh deyildir ki, onu bitmiş və tükənmiş hesab etsin. Amma bir qaçılmazlıq var: bu cür sirli mətləblərin yenidən bədii təcəssüm zərurəti yaranarsa, o zaman H.Caviddən yan keçmək, H.Cavidə göz yummaq sadəcə olaraq qeyri-mümkündür. H.Caviddən keçərək gedilən yolun yolçusunun isə xələf və mürid olmaqdan başqa çarəsi yoxdur.

H.Cavid poetikasının xarakteri, tərtib prinsipi heç kəsi təkrar etmir. Burada ortaqlıq kəsb edən cəhət yalnız xalq təfəkkürünə olan bağlılıqdır. Xalqına, torpağına, vətəninə bağlı olmamaqda ittiham edilən, həbslərə və sürgünlərə məruz qalan H.Cavid bu gün xalqına və dövlətinə daha ürəkdən bağlı olan sənətkar kimi tanınır və qəbul edilir. Heç bir şübhə yoxdur ki, H.Cavid dramaturgiyasına daxil olan əsərlərin baş qəhrəmanları əsl romantik qəhrəman kimi folklor qəhrəmanlarını yada salmaqla bütün ideyanı öz çiyinlərində daşıyırlar. Bu mənada H.Cavidin Şeyx Sənan, Elxan, Səyavuş kimi faciə qəhrəmanları folklorda olan Dəli Domrulu, Koroğlunu, Qaçaq Nəbini, Kərəmi (Qaçaq və Aşiq!) xatırladırlar. Folklor qəhrəmanları kimi, H.Cavidin də romantik qəhrəmanları qarşıya qoyduqları məqsədə doğru tərəddüdsüz və çox sürətlə irəliləyirlər. Bu qəhrəmanların qarşısında heç bir maneə dözə bilmir. Xalq tərəfindən yaradılan, xalq bədii düşüncəsinin məhsulu olan obraz və qəhrəmanlar kimi, H.Cavidin romantik qəhrəmanları da son məqsədə doğru getməkdə dözüm nümayiş etdirir və cismən olmasa da, mənən qalib gəlirlər.
H.Cavidin qəhrəmanları iş görüb sonra öz əməlindən utanan qəhrəmanlar deyil, qüvvətli və nəhəng şəxsiyyətlərdir. Səlma ana, Şeyx Sənan, Cəlal, Peyğəmbər, Teymur, Knyaz, Səyavuş, Xəyyam, hətta İblis xaraktercə geri çəkilməyən, işini, əməlini aydın bilən, sözünü, kəlamını hər şeydən uca tutan, daim irəliyə doğru yürüyən qəhrəmanlardır. Onların əksəriyyətinin qəlbində Tanrı eşqi yaşayır.
Hüseyn Cavidin baş qəhrəmanları yeni dünya axtarışındadırlar. Bu yeni dünya axtarışını yalnız mövcud cəmiyyətə etiraz aktı kimi şərh etmək son dərəcə qüsurlu və natamam görünür. Əslində mövcud cəmiyyətə etiraz motivinin özündə belə “mövcud cəmiyyət” - maddi kök və zəmin vardır. Amma romantik qəhrəmanlar üçün ən başlıcası və ən ümdəsi mənəvi aləmdir - insanların daxili dünyasıdır.
Şeyx Sənanın qarşısında Merac, Cəlalın qarşısında Olimp, Afətin qarşısında Gözəllik zirvəsi, Xəyyamın qarşısında eşq dolu Kainat var. Meraca yüksəlmək, Olimpə qalxmaq, Gözəllik zirvəsinə çıxmaq, eşq dolu Kainatı fəth etmək - bunlar mənəvi olanlardır.
Topal Teymur, Knyaz, Səyavuş da, sonda olsa belə, müqəddəs və gözəllik dünyasının astanasına gəlib çıxırlar.
İblis isə müqəddəs aləm və gözəllik dünyasından tamamilə uzaqdır.
Bu müqəddəs və gözəllik dünyasının canlı xəritəsini yaratmaq imkanı isə yalnız Peyğəmbərə xasdır, çünki o, buna daha çox səlahiyyətlidir.

Mən fəqət hüsnü Xuda şairiyəm,
Yerə enməm də, səma şairiyəm, -

deyən Peyğəmbərə görə, gözəllikdən ibarət cahanın bütün kainatı eşq olmalıdır, orada könül əngin səmalara uçaraq yüksəliş bulmalıdır.
Əslində, bunlar Peyğəmbərin idrakından süzülüb gələn işıqlı dünya haqqında olan düşüncələrdir. H.Cavid yaradıcılığında işıq axtarışı, işıq həsrəti müqəddəs idealın, arzu və ümidin həqiqi varlıq meyarına çevrilir. “Knyaz” əsərində “qarışıq təcrübələrdən” çıxış edən Solomon tərəfindən Knyaza verilən ən müdrik məsləhətin ünvanı “Hər qaranlıqda gülümsər bir işıq” deyimidir. “Xəyyam” pyesində də Sevda “başı çox qarışıq” olan Xəyyamın narahatlığının səbəbini onun “qaranlıqda işıq aramasında” görür.

İşığın kainatdakı mənbəyi Günəş, cisimdəki - bədəndəki dayaq nöqtəsi isə gözdür. İşıq insanın heç bir bədən üzvünə gözə yaraşdığı qədər yaraşmır. Bəlkə elə bu sirrin nəticəsidir ki, qəlbə, könülə gedən yol da məhz gözdən başlayır. Bu cür işıqlı düşüncələrin sahibi olan H.Cavid yaradıcılığı üçün hər hansı bir fəlsəfi konsepsiyanı başlanğıc, əsas hesab etmək olar və Şərq-Qərb fəlsəfi düşüncəsinə yaxşı bələd olan romantik sənətkarı həmin düşüncələrdən kənarda təsəvvür etmək də mümkün deyil. Amma H.Cavidin də dünya ədəbiyyatının dahi sənətkarları və Azərbaycan ədəbiyyatında N.Gəncəvi və M.Füzuli kimi öz fəlsəfəsi, fəlsəfi dünyası var, bu fəlsəfə onun bədii əsərləri ilə reallaşmış və bu gün olduğu kimi, sabah da millətin və bəşəriyyətin gələcəyinə xidmət edəcəkdir.

Kamran ƏLİYEV,
AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031