“Allah, mənə bir az bəxt ver... yaşayım” - Rəbiqənin şeirləri

Tarix:23-12-2017, 16:22 Baxış Sayı:204

“Allah, mənə bir az bəxt ver... yaşayım” - Rəbiqənin şeirləri
Manera.az Rəbiqə Nazimqızının şeirlərini təqdim edir:

***
Allah, mənə bir az bəxt ver,
bir az da vaxt, yaşayım.
Bir az ömrümdən yaşayım,
Bir az sərvaxt yaşayım.

Mənə gecələr yuxu,
Səhərlər gümrahlıq ver.
Mənə bir damcı qorxu,
Bir damcı toxtaqlıq ver.

Bir az ümiddən yolla,
Bir az işıq at, bəsdi.
Bir az ağıl ver, seçim
Nə bəsdi, nə əbəsdi.

Bir az mərhəmət göndər,
Bir də, bol-bol məhəbbət.
Bircə sənə yazmağa
Bir yerim olsun xəlvət.

Bir tikə çörək tapım,
Bir parç su, yaşayaram.
Bir də, qızımı qoru,
Nə versən, daşıyaram.

AYNUR ÜÇÜN

Qızım, paltarını yığ, yığış gedək,
daha buralarda bir işimiz yox.
Bizim indimiz yox, keçmişimiz yox,
bircə yolumuz var, o da gələcək.

Biz güclü deyilik, zəifik, zəif,
gələr üstümüzə daşla adamlar.
Baş aça bilmərik nə istəyirlər
Bu cavan adamlar, yaşlı adamlar.

- Hara gedəcəyik? – Burdan uzağa.
- Orda məktəb varmı? – Əlbəttə ki, var.
- Bəs, təzə evimiz, orda qalmayaq?
- Bizsiz də o evdə qalan tapılar.

Daha sual vermə, cavabım yoxdur,
hər gün əsəblərim itir bu yerdə…
Darıxma, nənənə zəng eləyərsən,
dayına bir məktub yazarsan hərdən.

Bəsdi sözə tutdun, vaxt yoxdu, quzum,
uzun yolumuz var – üzü qüruba.
Qırmızı kərpicdən evimiz olsa,
bir də şimal qışı, balaca soba.

Niyə geyinmirsən, gözləmirəmmi?
Deyirsən, qaranlıq düşübdü artıq?
Eybi yox, bu gün də qalası olduq,
Səhər paltarları yığışdırarıq.

GECƏNİN NƏĞMƏSİ

Qapqara bir kağızın
Üstündə möhür - işıq...
Bu sirli tapmacanın
Cavabını tapmışıq.

ən mötəbər sənədə -
ulduzlar damğa vurub
yerə yaman baxırlar
göyün üzündə durub...

bayram var yuxarıda -
qonaqlar sağlıq deyir.
Gecənin yiyəsinə
Yaxın olmaq istəyir.

Aydı padşah seçilən
Qaranlığın üzünə...
hökm edib səhərədək
tacı verəcək Günə.

NAĞIL

Mənim ömrüm nağıldı -
nə gəzirsən içində?
Yoxdur bir qəhrəmanım
sən cilddə, sən biçimdə.

Sən bu dar küçələrdə
azarsan, karıxarsan.
Birdənəm, bu nağılda
özün də darıxarsan.

Axtarma almaları,
almalar əvvəl vardı.
Gecikdin, divlər gəldi,
gördü, aldı, apardı...

Sona çatır nağılım:
biri var, biri yoxdu.
Nə gəzirsən, qırxıncı
qapının sirri yoxdu.

Boylanma, baxma yola –
nə işıq var, nə də it.
Hələ ki görən yoxdu,
Gələn yoxdu, özün get.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ