İllər boyu səni gəzdim, ay gecikən məhəbbətim

Tarix:17-12-2017, 23:12 Baxış Sayı:263

İllər boyu səni gəzdim, ay gecikən məhəbbətim
Tofiq Bayramın şeirləri

AY GECİKƏN MƏHƏBBƏTİM

İllər boyu səni gəzdim,
Ay gecikən məhəbbətim!
Sən yubandın, mən tələsdim,
Getdi gənclik təravətim,
Ay gecikən məhəbbətim!

Mən bir yanda sənə möhtac,
Sən bir yanda gəzdin əlac.
İki qəlbdə bir ehtiyac,
Övladıyıq bir həsrətin,
Ay gecikən məhəbbətim!

Saç ağartdım bu yollarda,
Harda idin, söylə harda?!
Bir yarpağam son baharda,
Saralıram yetim-yetim,
Ay gecikən məhəbbətim!

Sən əzabsan, göz yaşısan,
Bəxtimin son naxışısan,
Bəlkə tale qarğışısan,
Bəlkə də ilk səadətim,
Ay gecikən məhəbbətim!

Gəl ki, sənsiz ürək bir daş.
Poz qanunu, sədləri aş.
Sevə-sevə öləydim kaş,
Sən olaydın vəsiyyətim,
Ay gecikən məhəbbətim!

Bir könül var, əmanətdir,
Acısı da şirin dərddir.
Bir qadına xəyanətdir,
Bir gözələ sədaqətim,
Ay gecikən məhəbbətim!

Cəzan varsa, verən gəlsin,
Könlü hicran görən gəlsin.
Məcnun gəlsin, Kərəm gəlsin,
Desin, nədir qəbahətim,
Ay gecikən məhəbbətim!

Bir xəstəyəm, əlacım sən,
Bir koram, əl ağacım sən,
Görüşünə əl açım sən –
Gəl ol mənim son qismətim,
Ay gecikən məhəbbətim!

AZƏRBAYCAN DEYƏNDƏ

Vətən mənim bu günüm,
Sabahkı toy-düyünüm.
Haqqım var ki, öyünüm
Azərbaycan deyəndə.
Ürəklərdə döyünüm,
Azərbaycan deyəndə.

"Hər ölkəyə, hər elə,
Olsun hörmət", deyirəm.
"Vətənindir, vətənin,
İlk məhəbbət", deyirəm.
"Onun şöhrət tacıdır,
Şeir-sənət" deyirəm.
Mən vətənə, "Füzuli,
Abbas Səhhət" deyirəm!
Mən vətənə, "Sabiri
Doğan qeyrət", deyirəm!
Mən vətənə, "Üzeyir,
Müşfiq, Səməd", deyirəm!
"Günəş kimi müqəddəs
Bir həqiqət", deyirəm,
Azərbaycan deyəndə.
"Dünya məni dinləsin,
- Diqqət, diqqət!",
deyirəm.
Azərbaycan deyəndə!

Azərbaycan deyəndə,
Ləpələr şairləşir.
Anaların bətnində,
Qara gözlü körpələr
Pələngləşir şirləşir.
Azərbaycan deyəndə,
Müdrik qocalar kimi
Dağlar da fikirləşir.
Azərbaycan deyəndə
"Haralısan?" sualı,
Verənlərə ar olur.
Qeyrətlilər birləşir,
Qeyrətsizlər xar olur
Azərbaycan deyəndə!

Dostdan sovqat, muştuluq,
Düşməndən bac alaram,
Azərbaycan deyəndə!
İşıq sütunu kimi
Sabaha ucalaram,
Azərbaycan deyəndə!
Körpüləri, sədləri
Sinəmlə parçalaram.
Sərhəd məftillərində,
Bu kobud əllərimlə
Bir muğamat çalaram,
Azərbaycan deyəndə!

Azərbaycan! - Bu nida
Qayaları silkələr.
Sal daşların köksündə
Çiçək bitər, gül bitər.
Azərbaycan deyəndə,
Təbim coşar, sel gələr,
Sanma şöhrət pərdəsi,
Ürəyimi kölgələr,
Azərbaycan deyəndə.
Gözümdə doğmalaşar
Bütün xalqlar, ölkələr,
Azərbaycan deyəndə!

QADIN ÜRƏYİ

Necə rəhmlidir, necə amansız,
Necə mehribandır qadın ürəyi!
Sən onu sındırsan, bil ki, a qansız,
Ağlayan kamandır qadın ürəyi.

Güldürsən, ömürlük səadətindir,
Söndürsən, yanmağı bir də çətindir.
O, əsl qayğının, məhəbbətindir,
Sevgisiz zindandır qadın ürəyi.

Daşı da əridər, daş da olar o,
Əriyib gözlərdə yaş da olar o.
Bahar da olar o, qış da olar o,
Damladır, ümmandır qadın ürəyi.

Onunla dünyadır sənə qəfəs də,
Onsuz heç yaşama bu torpaq üstə.
Sevən bir ürəyə axır nəfəsdə
Ən gözəl dərmandır qadın ürəyi.

Onu alçaldan da, ucaldan da biz,
Dərd verib, vədəsiz qocaldan da biz.
Qədrini biləndə bu cahanda biz,
Həmişə cavandır qadın ürəyi.

Bəzən gül tək solar acı bir sözdən,
Ağlayar xəlvəti, gülsə də üzdən
Bəzən uşaq kimi bir ürəksizdən
Məhəbbət umandır qadın ürəyi.

Bir namərd əlindən zəhər içəndə,
Keçirər ömrünü o, yas içində.
Bəzən ən qiymətli libas içində,
Nalədir, fəğandır qadın ürəyi.

Sənsiz əl çəkərəm arzudan, kamdan,
Nə çıxar sevgisiz-sənsiz ilhamdan?
İncitsən, dözərəm, Tofiq Bayramdan
İncimə, amandır, qadın ürəyi!

VALOKARDİN

Döş cibimdə valokardin
Gəzdirirəm valokardin.
Anam məndən hey soruşur:
"Axı nədir, bala dərdin?
Axı sənin nə yaşın var,
Bükülürsən yumaq kimi?
Səni görmək istəyirəm
Əyilməyən bir dağ kimi.
Ürəyindən ağrı qopur,
Sinəm olur para-para.
Söylə xəstə ürək hara,
Mən böyüdən oğul hara?
Qurban olum, at biryolluq
O zəhrimar papirosu.
Qurban olum, o masanın
Üstündəki yazı-pozu
Qoy yarımçıq qalsın.
Mənə gərək deyil adın-sanın.
Sən gərəksən mənə, oğul.
Ağrımasın təki canın"
Ağrımasın!
Kim istəyər
Öz canından gileylənə.

Yazıq anam ilhamı da
Qənim sayır indi mənə.
O, nə bilsin ürəyimi
Nə ağrıdır, nə göynədir.
Sevincimdən xəbəri var,
Xəbəri yox dərdim nədir?
Dərdim nədir?
Qoy özüm də
Cavab verim bu suala
Neştər olub sancır məni.
Dərd ürəkdə qala-qala:
Mənə ləkə vuran olsa,
Ürək dözər.
Mənə tələ quran olsa,
Ürək dözər.
Ürəyimi qıran olsa,
Ürək dözər.
Öz atamın silləsinə,
Bir dostun söz gülləsinə
Gərib sinə,
Ürək dözər.
Qaranəfəs ucalsam da
Şeirin çətin pilləsinə,
Ürək dözər.

Bir dostumun məzarını qucaqlasam,
Ürək dözər.
Ürəyimdə gizli-gizli
Mən ağlasam,
Ürək dözər.
Ürək dözər!
Bu ağrıya
Valokardin gərək deyil.
Bir ürək ki, əzab çəkmir,
Ürək deyil, ürək deyil!
Ürək dözmür, nadan sənə
Alim kimi dərs deyəndə.
Öz işinin xatirinə
Susub onu dinləyəndə.
Ürək dözmür bilə-bilə
İkiləyib özünü sən
Evdə bir cür danışasan,
İşdə bir cür
Ürək dözmür.
Ən müqəddəs duyğuların
Ürəyindən çıxıb köçür.
Ürək dözmür hiylələrə,
Ürək dözmür yalanlara.
Ürək dözmür həm sənətkar,
Həm diplomat olanlara.

Sən ürəyi aldadırsan,
Ürək səndən acıq alır,
Ürəyində sağalmayan
Ağrı qalır, acı qalır.
İnləyirsən, bükülürsən,
Sübhə kimi keşiyində
Ana qalır, bacı qalır.
Deyir:- Nədir, bala, dərdin?
-Valokardin verin mənə,
Valokardin!
-Gəl nəbzimi yoxla, ana!
-Oğul, nəbzin yaxşı vurur.
-Yuxla, ana, yuxla ana,
Dincəl barı.
Bəlkə mənim öz cəzamdır!-
Bu ağrıya,
Bu əzaba gərək düşəm.
Mən dilimlə ürəyimin
Arasına sədd çəkmişəm.
Dodağımdan çıxmasa da,
Ürəyimi üzə-üzə
Gizli qalan cəsarətim
Ağrı olub çıxır üzə.
İtirsə idim vicdanımı,
Bu ağrılar heç olmazdı.
Mən ürəksiz yaşasa idim,
Ürək belə sarsılmazdı.
Hər ürəyim ağrıyanda
Demə, nədir, bala, dərdin.
Valokardin gətir, ana,
Valokardin!Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ