Eşqin dili də laldı ki - Şeirlər

Tarix:14-12-2017, 11:39 Baxış Sayı:163

Eşqin dili də laldı ki - Şeirlər
Əyyub Qiyasın şeirləri

* * *
Bu qədər adam içində
bu adam tənha yaşayır.
Yalandan alır nəfəsin,
alır, bir daha yaşayır.

Gözlərində qəm gəzdirir,
ovucunda dən gəzdirir,
əynində kəfən gəzdirir,
ağzında dua yaşayır.

Yaşayr yalquzaq kimi,
adamlıqdan uzaq kimi.
yaşayır, lap uşaq kimi
yaşayır, guya yaşayır.


* * *
Əlindən yarpaq tək düşdüm...
sən məni belə itirdin...
Kim nə söylədi inandın
fitnəyə- felə, itirdin...

Aramızda çox söz oldu,
Bizi yıxan bəd göz oldu...
Deyilənlər də düz oldu
İtirdin elə, itirdin...

Məndən sora nə qaldı ki?
Eşqin dili də laldı ki...
Bunun adı vüsal dı ki...
Gec deyil hələ... İtirdin...


* * *
Arzular tükənir, bitir,
Yerində umud doğulur.
Hər çəkilən ahla birgə
Göydə bir bulud doğulur...

Ruhumuz bizə qarışır,
Səsimiz səsə qarışır,
Toyumuz yasa qarışır
Beşikdən tabut doğulur...

Yanır- sonunda şam ölür,
Gecə düşür, axşam ölür.
Hardasa bir adam ölür...
Hardasa bir it doğulur...


* * *
Bir koman ola
ya da bir mağaran
amma sənin ola
gözdən-könüldən uzaq bir yerdə
telefonunu sonuncu qatarda
qəsdən unudub düşəsən
sonra piyada gedəsən yolun qalanını
səni qarşılamağa çıxa
Tanrının yaratdığı səslər
doyunca udasan insansızlğın havasını
Ya da Robinzon olasan Robinzon
darıxanda daş atasan qonşu adaya
kol dibindən yüzlərələ Cümə çıxıb
baxa sənin tənhalığına
azad olmaq nəymiş
dadasan adam kimi
vurulasan qara-qura qzıların birinə
uşaq gətirəsən dünyaya
mağara uşaqları doğula səndən
və bir gün hamı səni Adəm kimi xatırlaya
lap elə indiki kimi.



* * *
Yorulduq işdən, əməldən,
Qəbir qazmaqdan yorulduq.
Yatıb yuxular görməkdən
Durub yozmaqdan yorulduq.

Hərəmiz öz kefimizdə,
Məclis qurduq evimizdə,
Yenə əli cibimizdə
Bezib gəzməkdən yorulduq.

Biz də düşdük haya, küyə,
Heç bilmıdik nədən, niyə,
Gözümzü döyə-döyə
Baxıb dözməkdən yorulduq.

Çatdı dünyanın axırı,
Vurduq arağı,çaxırı...
Selləri üzü yuxarı
Qalxıb üzməkdən yorulduq.

Qatdıq gecəni gündüzə,
Baxdılar, güldülər bizə...
Özümüz öz dərdimizə
Şeir yazmaqdan yorulduq....



* * *
Əvvəl sevincimi basdırdım,
sonra boyumun ucalığını -
oyuncaqlarımın qocalığını basdırdığım torpağa.
Qolu, başı kəsilmiş,
ağlamaqdan göz yaşı kəsilmiş
yetim oyuncaqlarımı basdırdım sevincimin yanına...
Uşaqlığımın başıqapazlı günlərini basdırdım beşiyimin yanına..
Körpəliyimi basdırdım cavanlığımın yanına...
Sevincimi basdırdığım yerdən sevinc göyərmədi..
Göyərməz!
Ümidlərimi basdırdığım yerdən qayğılarım göyərdi..
Hayıf, dəfn elədiyim günlərə hayıf...
...Özümə hayıf.
Dizimi qoyub qazdığım torpaqlar..
dizimə hayıf..
Hayıf heyy...Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ