Bir az şairanədir dünyanın işləri - Şeirlər

Tarix:6-12-2017, 21:56 Baxış Sayı:597

Bir az şairanədir dünyanın işləri - Şeirlər
Zakir Məmmədin şeirləri

***
Bir kənd ordan
əlini qoyub gözünün üstünə
süzür məni hey, süzür məni hey!
Bir quş kimi
gedib qonam daşına,
bir toz kimi yollarına töküləm,
bir daş olub hasarına hörüləm...



***
Rənglə çox işləmişəm,
rəng sevən günlərim olub
altı-yeddi yaşında…
ən yaxşı sirdaşım olub rəng –
qırmızı, yaşıl, sarı…
Sonra rənglər tündləşdi, qalınlaşdı,
ağardı, bozardı;
gah da
rəngdən-rəngə düşdü dünya, adamlar,
öz rəngini də dəyişdi aləm;
görən deyirdi bəzən:
üzündə rəng qalmayıb.
Altı, yeddi yaşımda da deyiblər mənə
çox rəng işlətdiyimi,
onda rəngi yeyirdim, elə bil…
Sonralar, çox sonralar
dünya yenidən rəngləndi gözümdə;
Rənglər çox idi, lap çox…
Onda xəritə rəngləyən vaxtlarım idi…
Rənglə çox işlədim, bir sözlə.
Rəng bilən adam kimi deyirəm,
bir rəng axtarıram, nə vaxtdır,
tapmıram – “qalmayıb, -- deyirlər, --
adamın üzündə adam rəngi”.




Nisbilik nəzəriyyəsi

Günlər qısırdı, elə bil,
həyat bir küncə qısılmış kimidir;
saat da eyni cür tərcümə edir
ötüb keçən vaxtın davamlı sükutunu.
Yer-göy inadkar heyvan kimi
eyni cür qarşılayır
bir-birinin axşam-sabahını;
küçənin eni-uzunu eynidir hələ də...
çöldəki tələdə eyni cür çapalayır
allahın canavarı, tülküsü, dovşanı...
qar hələ də ağappaq yağır
qara damlara;
qara üzlə gəzir ağüz adamlar...
qarşı tərəf gec susdurulur hər gün
arxa və ön cəbhədə.
Qonşuluqdakı məmur səssiz-səmirsiz
eyni qapıdan daxil olur səsli-küylü binaya.
Zavodun qara tüstüsü
hər gün eyni istiqamətdə qoşulur
hərəkət edən buludlara...
Mən hərəkətsizəm.



***
Hər cümlənin əvvəlindəki hərfləri
böyük yazıb neynirsən?
Vaxtımızı alır,
başımızı qarışdırır bu hərflər.
Müəlliminə söylə,
qırmızı qələminə güvənməsin nahaq.
Çünki indi hərfə yox,
hərfi yazana baxırlar.
Belə çıxır ki, cümlə əvvəlində
“kiçiy”i böyük yazmalısan.
Yaxşısı budur,
hər sözü cümlənin əvvəlinə yazmayın.
Cümləni düzgün qursanız,
hərflər üsyan qaldırmaz.



***
Kağız-dəftər qaralaya-qaralaya
özünə gün ağlayırdı qaragün...
qara bir maşını da vardı,
özünə bir ev də qaralamışdı.
Onun gözündə hər yer qara idi,
qapqara.
Əlindəki
kağız qoyduğu qabı,
başında papağı,
ayağında ayaqqabısı və
ayaqqabının bağı qara.
Özüylə ata-babasından qalma
qara rəng gəzdirirdi.
Eynəyi qara rəngdə,
Ağappaq yağdıqca qar,
görürdü qabağı qara...
Eynək gəzdirən qutunun
qapağı qara,
əynində köynəyi qara;
Gözündə sevinc yaşları,
qəlbində göynəyi qara...
O gün baxıb gördüm, indi
kağızdan, dəftərdən keçib,
adam qaralayır bu qaragün.




***
Lap Nuhun zamanından şair
bir əli yerdə, bir əli göydə yaşayır.
Yerdəki əli
allahın ən fağır bəndəsinə,
bir də şaha çatır;
Göydəki əli
göydəki mələklərə, allaha çatır...
Lap Nuhun zamanından bəri
bir az şairanədir dünyanın işləri.

İşğalda qalan yerlər

Səsli-küylü küləklər
elə bil köhnə bir ələklə
gözümüzə kül ələr...

Bu yağışdan sonra da
kef çəkəcək göbələklər...
Canımda bir nəmin, rütubətin kifi,
bir göbələk xəstəliyi ayaqlarımda,
biri də... elə bir yerdədir ki,
... gah qarnımızı qaşıyırıq,
gah boynumuzun ardını...



***
Doyunca sevmədilər bizi,
nə göydə quşları sevdi,
nə yerdə qarışqaları...
Adamlarımızın dili sevmədi bizi,
ağaclarımızın gülü;
bu dünyanın saatı sevmədi,
günü, ayı, ili sevmədi...
sevmədi bizdən öndə gedənlərin
təzə qar,
bir də köhnə xatirələr üzərində
qalmış izi;
Sevmədi bomboz olmuş hər şey:
lap işığında gəzdiyimiz ay, gün üzü.
Düzü, heç sevə bilmədik
özümüz özümüzü...



***
Nə yol qurtarır, nə hasar!
Nə qədər gedirsən, get!...
İnsan bir pəhləvan ki,
Onu yıxsa, yıxsa,
qəm yıxar, fikir basar...
Nə yol qurtarır, nə hasar!
Hasarın o tərəfi torpaqdı, bağdı...
insan o torpağa
dünən də həsrətlə baxdı,
bu gün də həsrətlə baxdı?!
Nə yol qurtarır, nə hasar!
Elə yol göstərirlər adama;
sağı çəpər, solu çəpər,
içində məmur çapar,
içində icra başçısının atı,
milli teatrın deputatı,
hazıra nazir,
lap bir ağıldan zır çapar...
Ürəkdə dərd olur amma
ağrılar dama-dama!

Layk

Bir layka bağlıdımı ürək də?
bir şərhə, bir layka?
Elə bil, açılıb düşür
bir vint, bir bolt, bir qayka...
Kim kimi axtarsa, tapsa görək də!
Hələ ki belədir, kim bilir, bəlkə,
Bir vintdən, bir laykdan qurtula
bu boyda ölkə?!
Bir laykın minnəti-sünnəti,
Töhməti, rəğbəti, rəhməti,
Bir laykın xətri, əməyi, zəhməti...
leyk
Bir laykdan gəlir dostluqlar indi,
başın altında yastıqlar indi.
İstər Lənkəran olsun, istər Yamayka,
Laykdan keçir salam-əleyk.
Layka layiq oldu, ya nalayiq,
işləri laykla ölçür xəlayiq.



***
Girdim bir bağından, bağçasından,
vətən alınmadı.
Yazından, qışından,
feysbukda bir paylaşımdan...
girdim, alınmadı,
alınmadı vətən...
bu torpağın xeyirindən, şərindən,
bir Azərbaycan şeirindən,
yana-yana qalmağımdan,
xəyala dalmağımdan,
qandan-qadadan, şahdan, gədadan...
kəndə girdim, kənddə,
şəhərə üz tutdum, şəhərdə alınmadı.
Şərbət içdim, şərbətdə,
zəhər içdim, zəhərdə alınmadı.
Ha qolaylandım, alınmadı.

getdim uzaqdan baxdım,
uzaqdan boylandım,
bax onda hər cəhətdən alındı,
vətənin içində yox,
çox uzaqlarda – həsrətdə,
hicrətdə alındı vətən.

Gözəllər gözəli

Döydüyüm qədim qapının
Ardında gözəllər gözəli.
Yardıma çox ehtiyacım var,
yardımda gözəllər gözəli.

Gözəllər gözəli, dünyada
iş aşırmaq nə gözəlmiş!
Fəsil-fəsil qışda-yayda
yaşamaq nə gözəlmiş!

Bir dəfə bir çöp yandırıb
keçərəm o işıqda burdan.
Adamlar işıq aparırlar
köçüb gedəndə yurddan.

Gözəllər gözəli həyat,
yatan könülləri oyat!



***
Lap sitat gətirək Bodenşteddən,
ya gedib yeni dünyaya
Azərbaycan boyda bir ştatda,
məsələn, Kaliforniyada manqalda şiş çəkə-çəkə,
ya qəlbimizi şişə çəkə-çəkə
bir sitat gətirək Şərqdən,
fon verə-verə sonra yenə fridrix fondan
keçək bu fonddan o biri fonda,
telefonda yan-yana gələk, ya bir araya gəlib
bir fenomeni dəyişək ayrı bir hofmana.
Beləliklə, bir faylda min bir feil olaq,
bir ştatdan bir sitata, ya əksinə hərəkətdə
fail olaq.


Adamlar

Bu yol uzaq yoldur,
Gecədən, gündüzdən keçir,
dolanıb düzə çıxır.
Bu yolun o düz yerində
adamlar üzə çıxır.

Bura nağıllar aləmidir,
adamların doğulmağı, ölməyi var.
Bura elə bir yerdi ki,
adamların zar-zar ağlamağı,
bic-bic gülməyi var.

Yenə də geyinib
yola düşür xalq,
başlarının üstündə
bir az əmniyyət,
ağıllarında çox şey,
damaqlarında söz,
ürəklərində niyyət
bax belə bir heyətlə
dallarınca sürünür
mədəniyyət.

Məxluqatın bir qismini özünə ram edirsən,
islamda, ya ayrı bir dində
bir qismini özünə haram edirsən.
Bəs sən kimsən,
hardan gəlib hara gedirsən?



***
Bu qumun üstündə qan izi var,
qəm gətirir küləklər də.
Ölçürəm,
vaxtı bir az qumla,
bir az qəmlə ölçürəm;
bir az da qanla...Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ