manera.az
manera.az

Alçaldılmış yalanlar- HEKAYƏ

Alçaldılmış yalanlar- HEKAYƏ


Tural İsmayılov
(hekayə)
***

Vüsal Gülayı 9 ay olardı tanıyırdı. Onunla tanışlığı təsadüf nəticəsində olmuşdu. 3 ildir ki, kredit mütəxəssisi kimi işlədiyi bankda fasilə vaxtı ağır iş gününün gərginliyini atmaq üçün nəfəs almaq ehtityacı duyub çölə çıxanda bankın yanındakı gözəllik salonunun qarşısında görmüşdü Gülayı. Vüsal ailəsinin təkidi ilə 23 yaşında hələ yenicə işə düzələndə evlənmişdi. İlk həyat yoldaşı Səbinə ilə heç nə qaydasında deyildi. Səbinə ondan 2 yaş balaca idi, axırıncı kursda oxuyurdu. Onların dünyagörüşləri və həyata baxışı tamam fərqli idi. Vüsalın atası ağır pnevmaniyadan sağalmış və həyatın faniliyi haqqında uzun-uzadı mülahizələrdən sonra oğlunu dostunun qızı Səbinə ilə evlənməyə razı salmışdı. Hər şey Vüsal üçün işıq sürətiylə baş verirdi elə bil.

Həmin vaxtlarda o, yeni başladığı işə köklənmiş, Səbinəylə olan evliliyini isə sanki ailəsinə olan öhdəlik və borc kimi qəbul etmişdi. Səbinə xasiyyət baxımdan yaxşı qız idi, onun valideynlərini öz valideynləri kimi qəbul edərək hörmətlərini saxlayır, evin işlərini görür və universitetə gedib-gəlirdi. Amma Vüsalda olduğu kimi Səbinədə də onların evliliyinə qarşı soyuq münasibət vardı. Çünki o da atasının sözündən çıxa bilməmişdi. Lakin hər şey ortada idi: onlar çox az vaxt keçirir, bir-biriləri ilə ortaq bir mövzu tapa bilmir, hətta ortaq gəzintiyə çıxanda da bir-birilərindən sıxılırdılar. Nəhayət, münasibətlərinin yolunda olmadığını anlayan Səbinə 8 ay sonra boşanmaq qərarına gəldi, onlar bir-biriləri ilə mehriban şəkildə sağollaşdılar və münasibətlərinə son qoyuldu.

Vüsal Gülayı görəndə içində bir gizilti hiss elədi. Son model lyuks maşınına minən Gülayın qamətli bədəni, təbii, gözəl dodaqları, uzun kirpikləri, qapqara saçları ağlını başından aldı. O, maşını ilə sürətlə bankın yanından uzaqlaşdı. Vüsal isə anlam verə bilmirdi ki, bu qadını o, bəyənir, yoxsa sadəcə içində ona qarşı nəsə qarşısıalınmaz başqa bir hiss keçirir. Vüsal gözəllik salonuna daxil olub gələn qadının kimliyi ilə maraqlandı. Salonun müdiri Sevda xanımla Vüsal bankla salon arasındakı yeməkxanada tez-tez rastlaşır, söhbətləşir, mehriban yoldaşlıq münasibətləri formalaşdırırdılar. Sevdadan Gülayın xarici neft şirkətlərindən birində işlədiyini duydu, o da daha əvvəl evli olmuş, bir il əvvəl isə ayrılmışdı. Gülayın bir oğlu vardı, bir həftə onda, bir həftə isə atasında qalırdı, Vüsal bütün bu məlumatları öyrənmişdi.

Gülaya zəng edəndə onunla necə danışacağını heç bilmirdi də. Sadəcə Sevda öncədən Gülaya Vüsal haqqında demiş, təsadüfən onu görəndə Gülayı bəyəndiyini danışmışdı. Vüsalın şəklini də atıb Gülaydan razılıq alandan sonra Vüsala nömrəsini vermişdi. Beləliklə, onların münasibəti başlamış və artıq aylardır ki bir yerdə idilər. Günün böyük qismində bir yerdə olurdular. Saatlarla gəzir, filmlərə gedir, teatra baxır, bərabər yaxşı vaxt keçirirdilər. Gülayın balaca, şirin oğlu Əhməd onlarla olanda onu da öz aralarına alırdılar. Təbii ki, onların münasibəti hamıya məlum idi. Əvvəllər Gülayın keçmiş əri uşağın onlarla vaxt keçirməsini qəbul etmirdi, sonralar bu da adi hal olmuş və onların sakit münasibətləri sevgi macərasına çevrilmişdi.

Gülayla Vüsal bir çox məsələdə ortaq düşünürdülər, zövqləri və maraqlı çox şeydə üst-üstə düşürdü. Onlar bir yerdə xoşbəxt idilər. Gülayın anası 5 il əvvəl öldüyü üçün atası başqa bir qadınla evlənib Ukraynaya köçmüşdü. Amma həmişə nəzərləri qızının yanında idi, ona maddi və mənəvi heç bir sıxıntı yaşatmırdı, qızının evliliklə bağlı aldığı ilk qərarda da onun yanında ola bilməmənin xəcalətini qızına dəstək olmaqla çıxmışdı. Vüsalın ailəsində isə vəziyyət fərqli idi, nə atası, nə də anası onun Gülayla münasibətini həzm edə bilmirdi. Atası tanımadığı bir qadınla evlənə bilməyəcəyini deyirdi, anası isə Gülayın maşınına, geyiminə irad tutur, mentalitet və sair bəhanələrlə oğlunun ikinci ailə həyatının daha uğurlu olmalı olduğunu söyləyərək, onlara görə daha uyğun biri ilə evlənməli olduğunu deyirdi. Vüsal Səbinə ilə uğursuz, monoton evliliklərini ailəsinə görə etdiyini deyib, bu dəfə onları dinləməyəcəyini qeyd edirdi.

Vüsal qəti idi ki, Gülayla ailə həyatı quracaq. İlk aylarda hər şey çox yaxşı idi. Sonralar isə yavaş-yavaş problemlər ortaya çıxmağa başladı. Belə ki, Gülay bir çox məsələdə Vüsala yalanlar danışmışdı. Vüsal sonralar bütün bunlardan xəbərdar olduğu üçün ilk etirazlar və didişmələr də peyda olmuşdu. Gülay durmadan ona yalanlar danışırdı və Vüsal sevgi torunun gözünü örtməsinə imkan verdiyi üçün özünü qınayırdı.Çünki Gülay artıq ən adi və primitiv şeylərdə də onu borclu çıxarır, ona yalanlar danışır və ən dəhşətlisi isə yalanlarını anlayan Vüsalı uşaq yerinə qoyub, öz yalanının həqiqiliyi məsələsində israr edirdi.

Vüsal Gülayı sevirdi, anlayırdı ki, sevgisi üçün ailəsinə qarşı çıxmağı da haqlı qərardır. Amma bağlandıqları üçün görmədiyi bəzi şeylər get-gedə ona bəlli olduqca qıcıq olurdu. Bir gün öyrəndi ki, Gülayın atası ona maşın alsa da, Gülayın evini atası yox, o, özü alıb. Ona SMS yazdı ki,səni həmişə görüşdüyümüz yerdə gözləyirəm.

Vüsal Gülayla hirsli və soyuq görüşdü. Və bir müddət sakit qaldıqdan sonra dedi:
- Gülay, sən mənə durmadan yalanlar demisən. İlk başlarda nələrisə yalan deməni hardasa anlaya bilərəm, amma çox primitiv və dəxlisiz şeylərdə niyə məni aldadırsan ki?

- Vüsal, bəsdir. Yenə başlama da. Yalan, yalan, yalan... Öz eyforiyandasan.

- Xeyr, sən öz havandasan yenə. Mən səni saf sevdim e, sən israrla yalanlar deyirsən və sonra da öz yalanlarına həqiqət donu geyindirməkdən zövq alırsan. Artıq neçənci dəfədir ki, mən sənin anlamsız yalanlar danışdığını görürəm. Tutaq ki, mənlə tanış olmadan əvvəl evini sənə atan yox, işlədiyin şirkətin kredit xətti və öz yığdığın pullar vasitəsilə almısansa, bunu mənə niyə yalan demisən ki?

- Vüsal, mənə atam daim robot kimi yanaşıb. Onun işi sadəcə pul göndərmək idi. Mən illərdir onun üzünü görmürəm. Təhsilim uğurlu olub, imtahanla xarici neft şirkətində işə başlamışam, üstəlik, nəyə nail olmuşamsa, öz qətiyyətim sayəsində nail olmuşam. Məncə, o, çox məsum yalandır. Sən bunu görmüsənsə, anlamalısan ki, mnənim ata sevgisini şişirtməyə ehtiyacım var, artıq yəqin həm də bilirsən ki, atam heç də məni hər il yanına çağırmır.

- Məsələ tək bu deyil, Gülay. Sən başqa şeylərdə də mənə yalanlar demisən. Keçmiş həyat yoldaşının içdiyini və səni döydüyünü deyirdin. Amma elə deyilmiş, sırf sənin müstəqil və həddən artıq saymazyana hərəkətlərindən sonra boşanmısan. Və o nə içmir, nə də başqa bir şey.

- İnana bilmirəm, yəni sən onunla da görüşdün, hə?

- Təfərrüatlar önəmli deyil. Sadəcə bildiyim odur ki, sən ona dayanmadan hörmətsizliklər etmisən və sonra ona xəyanət faktorunu bəhanə edib boşanmısan.

- Bəs sən bilirsənmi ki, mən ona qarşı saymaz davranmağıma görə heç də fəxr eləmirəm və mənə evli qaldığımız müddətdə 10 dəfədən artıq xəyanət edib?

- Bunu deyə bilərdin.

- Yaxşı da, Vüsal. Deyəsən həmcinslərimin ortaq qərarı olan “bütün kişilər eynidir” fikrini məndə sən də möhkəmlətdin. Halbuki, mən səni fərqli bilib sevdim, bağlandım.

- Mən də sənin övladına öz uşağım kimi yanaşdım, səni sevdim. Niyə mənə deməmisən ki, sən bundan öncə işlədiyin şirkətlərdən də özün çıxmamısan, səni qovublar?

- Artıq bəsdir, Vüsal. Sən özün də istəmədiyin halda bir qızla sırf ailən deyib deyə evlənmisən. Sən və sənin kimilər qadın azadlığı və qadın hüquqlarını sadəcə boğazdan yuxarı danışırsız. Mən təssüf edirəm ki, hamıya bizim münasibət yayılandan sonra, el-aləm duyandan sonra mən bunu anladım.

- Sən istənilən halda yalan danışmamalı idin. Bu, bizim sehrimizi pozdu.

- Daim qayğı axtaran və həmişə alçalan bir qadının yalanlarını onun üzünə vumaq yalan danışmaqdan da betərdir. Biz ayrılmalıyıq.

Ondan sonra nə Vüsal Gülayı axtardı, nə də Gülay Vüsalı.

Uzun aylar sonra Gülay saytlarda oxudu ki, bankların birindəki gənc mütəxəssis rəhbərliyə yalanlar uyduraraq böyük maliyyə maxinasiyaları edib və həbs olunub.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
1234567
891011121314
15161718192021
22232425262728
2930