VARİASİYA – “Ulduz” jurnalı ilə artkaspi.az saytından yeni müsabiqə

Tarix:30-11-2017, 23:15 Baxış Sayı:198

VARİASİYA – “Ulduz” jurnalı ilə artkaspi.az saytından yeni müsabiqə
Dəyərli oxucuların rəylərini nəzərə alaraq, hekayə müsabiqəmizə yenidən start veririk. Məsələ çox sadədir: "Ulduz” jurnalında təqdim olunan hekayələrdən birinin finalı qəsdən çap olunmur. Yazıçılar və ədəbiyyatsevərlər həmin hekayənin sonluğunu özləri tamamlayıb dursul@mail.ru ünvanına yollayırlar. Əsərin orijinalı müsabiqə bitdikdən sonra "Ulduz” və artkaspi.az-da dərc edilir. Qalibə müəllifin və saytın hədiyyəsi təqdim olunacaq.
Variantlarınızı gözləyirik...


Elçin Hüseynbəyli "Qəfil getmək" (hekayə)

Qəfil çıxıb getmək elə qəfil də ağlına gəldi. Yataq xəstəsi deyildi, tam heydən də düşməmişdi, amma bilirdi ki, bir əvvəlin bir sonu da var. Düzdü, heç yeri ağrımırdı, amma hərdən-birdən harasısa sızıldayırdı. Ya da özünə arxayın olanda, sağlamlığını Tanrıya tapşıranda soyuqlayırdı və arvad-uşağı bir neçə gün öz zarıltılarıyla cırnadırdı. Qorxduğu birə şey vardısa, o da soyuq idi. Sümükləri üşüyürdü. Azarlayanda, insafən, ona yaxşı qulluq edirdilər, amma hərdən gəlinin dərindən ah çəkməyi, oğlunun giley-güzarı, arvadının onun qarasınca deyinməyi qulağından və nəzərindən yayınmırdı.
Evdə oturub darıxırdı. Kəndləri çoxdan düşmən tapdağı altındaydı. "Düşmən tapdağı” sözü onun ovqatıyla həmahəng olduğundan bu sözü xoşlayırdı. Nifrət edə-edə onu sevirdi.

Saatlarla evdə oturub, bir nöqtəyə baxırdı, keçmişi düşünürdü. Uşaqlığını asfalt yolların və daş binaların arasında axtarırdı. Gecənin çilçırağı da ovqatını açmırdı. Əksinə, onu cırnadırdı. Sanki kasıb daxmada toy-bayram idi.
Evi, ailəni çox sevirdi. Onlara bağlıydı. Gecə yatanda da yuxuda onları görürdü, oyaq olanda da başından çıxmırdı. Hərdən fikirləşirdi ki, bir gün yatağa yıxılsa, qalxa bilməsə, sevdiyi adamların üzünə necə baxacaq? Onların üzündəki kədəri, hüznü necə qarşılayacaq? Bu əzaba necə qatlaşacaq? Bəs onun yaxınları? Onlar yataq xəstəsinin, son günlərini yaşayan doğmalarının axır anlarına necə yanaşacaqlar? Əlbəttə, əzab çəkəcəklər, onu ölümün pəncəsindən xilas edə bilmədiklərinə görə xəcalətləri üz-gözlərindən töküləcək. "Xilas edə bilmədiklərinə görə…” Sonuncu cümləni öz-özünə təkrar-təkrar pıçıldadı. Elə bil, dənizdə batan adamdan danışırdı.

Elə də varlı-hallı deyildi ki, xarici ölkələrdən birinə getsin və qayıtmasın. Pulu qurtarana qədər orada yaşasın. Tükünün üstündə dolanan adam idi. Nəyi vardı, balalarının qarnında, əynindəydi.
Pəncərənin qarşısına gəldi. Gecənin bu vədəsində hələ də yatmayan taksi sürücülərini, alabəzək maşınları gördü, qulaqları deşən siqnalları eşitdi. Mağazaların rəngbərəng lövhələri xarici filmləri xatırladırdı.
Aşağı baxdı. On altıncı mərtəbənin çəkisizliyini hiss elədi. Bəlkə, qəfil intihar eləsin?! Onda aylarla onu incidən, yatmağa qoymayan, fikirlərini çulğayan əzabdan qurtulardı. "Çulğayan e…”

Aşağıda dəmir dirək ucalırdı. Özünü atsaydı, onun üstünə düşərdi. Sanki orta əsrlər şahı günahı ucbatından onu darvaza ucluqlarına keçirib. Əti çimçəşdi. Bir az kənara sürüşdü. Ora tamam asfalt idi. Hə, bax bu yaxşı oldu. Amma özünü atsa, qonum-qonşu nə deyər? Deməzlərmi ki, yəqin, ailədə bir narazılıq olub ki, bu qoca kişi intihar edib. Hələ polislər. Doğmalarını o tərəf-bu tərəfə o qədər çəkəcəklər ki, onun ölümü də yaddan çıxacaqdı, hələ, bəlkə, söyüş, nifrət yiyəsi olacaqdı. Yox, bu çox axmaq ideyaydı. Elə olsa, ailə də gərək burdan köçüb gedəydi. Qan izi nə gedir, nə də yuyulur. Onu hər gün görmək dəhşətdən də betərdi… Özü də asfalt, yəqin, sopsoyuqdur. Üşüdü.

Birdən düşündü ki, ən yaxşısı itməkdir. Qəfil getmək. Evdən çıxıb qayıtmamaq…
Qayıdıb yerində oturdu. Gödəkcəsini çiyninə atdı. Soyuqlamasa yaxşıdı.
Arvadı qonşu otaqda nəvələrilə yatmışdı. Nənələri hər gecə onlara nağıl danışmasaydı, köpək uşaqlarının gözlərinə yuxu getməzdi… Nəvələr yatandan sonra da qarısının geri dönmək fikri yoxuydu.
Son zamanlar arxivinə yaman dadanmışdı. Arxivi də nə arxiv! Müxtəlif vaxtlarda çəkdirdiyi şəkillər, köhnənin məktubları, əsgərlik albomu, bir də qəzet-jurnallardan, təqvimlərdən kəsdiyi maraqlı məqalələr və karikaturalar.

Təqvim məqalələrinə baxdı. Onlardan biri fillər haqqındaydı. Yazmışdılar ki, fillər ölümlərini hiss edəndə fil qəbiristanlığına gedirlər. Hə, bax bu onun ovqatıyla tam üst-üstə düşürdü. Başqa bir məqalə göy balinalar haqdaydı. İşə bax, göy balinanın təzə doğulan körpəsi, nə az, nə çox, 3 ton olur. Sonrakı qeydlər maraqlı təqvim günlərilə bağlıydı. Hansı millət hansı günü müqəddəs hesab edir və s. Arılar barədə məqalə diqqətini çəkdi. Ona görə ki, bəzi cümlələrin altından xətt çəkmişdi. Öz əlilə. Dərhal tanıdı. Pis xətti vardı. Sən demə, dişi arı erkəkdən beçə tutduqdan sonra missiyasını başa vurur. Ana arılar və cavanlar onu yuvadan atırlar bayıra. Ağıllı erkək arılar isə başqa arı ailəsinə qoşulurlar. Hə, bu da ona oxşayırdı. Amma onun başqa ailəyə qoşulmağa imkanları yoxuydu. Beçə tutuzduran vaxtı çoxdan ötmüşdü. Deməli, ən yaxşısı sakit itmək idi…

Karikaturalarla əyləndi. Xüsusən də, hamam vannasında oturub balıq tutan papaqlı kişiyə gülməyi tutdu. Arvadı qapının ağzında durub deyirdi: "Yaxşı, gələn dəfə balığa getməyə icazə verəcəm…” Elə bu ovqatla da yerinə uzandı. Səhər açılan kimi nə edəcəyini fikirləşdi. Yerinin içində o tərəf-bu tərəfə çevrilə-çevrilə, qıvrıla-qıvrıla yuxulamaq istədi, amma faydası olmadı. Şeytanlar yuxusunu oğurlayıb aparmışdılar…

VARİASİYA – “Ulduz” jurnalı ilə artkaspi.az saytından yeni müsabiqə
Maşınların cır siqnalları başlayan kimi yerindən durdu, əynini geyinib, ehmalca mənzildən çıxdı. Şəhərdə xoruzları maşınlar əvəz edirdi.
Balaca parkda oturdu. Parkın ətrafı zeytunluq idi. Nə əcəb burada şadlıq evindən-zaddan tikməyiblər? Sözü havaya atdı. Təəccübləndi. Ağlına gəldi ki, uzaq rayonlardan birinə getsin və özünü versin meşəliyə. Ac-susuz oraları dolansın. Ya öz əcəlilə ölər, ya da qurd-quşa yem olar. Meşələr, yəqin, qarla örtülüb, özü də soyuqdur. Titrətdi… Amma indi meşədə meşəlik qalıb ki, ağacların hamısını qırıblar. Dağlara da qalxa bilməz. Birdən kimsə onu gördü, bəs onda necə olsun? Deməzmi ki, bu qoca kişinin buralarda nə iti azıb? Onda nə cavab versin? Çətin məsələydi. Ona qurd-quşa yem olmağa da imkan verməzdilər…

Ətrafa göz gəzdirdi. Zeytunluğun arasında həmişəyaşıl ağac gördü. Kənd klubunun həyətində onlardan vardı. Vaxtı ilə birini dibindən çıxarıb evlərinə gətirmişdi və bunun üstündə məktəbdə danlanmış, evdə döyülmüşdü…
Metroya düşdü. Əlini cibinə atanda yadına düşdü ki, metro kartı evdə qalıb. İncəvarıdan cibində xırda pulları vardı. 20 qəpikliyi çıxarıb əlində tutdu, amma bir kimsəyə yaxınlaşmağa ürək eləmədi. Ona elə gəldi ki, hamı onun niyyətindən xəbərdardı. Bir müddət dəmir aparatların yanında dayandı. Axırda ürəyiyumşaq cavan bir oğlan onu öz kartına "qonaq elədi”, pul da almadı. Bu dünyada yaxşı adamların olması onu kövrəltdi. Qəlbi və vücudu eyni anda qızındı.

Qatar təzəcə getmişdi. Növbəti qatarın gəlməyini gözlədi. Fikirləşdi ki, bəlkə, özünü qatarın altına atsın. Elə biləcəklər ki, ehtiyatsızlıqdan təkərlərin altına düşüb. Hə, bax bu ağıllı iş olardı. Başını azca irəli uzadıb tunelə tərəf baxdı. Qatar gecikirdi. Hövsələsi daraldı. Belə getsə, qatardan da kar aşmayacaq. Birdən qatarın işığı göründü. O, işığa tərəf uzun-uzadı baxdı. Çox-çox illər əvvəl gün batandan sonra örüşdən gələn heyvanları dəmiryolun qırağına otarmağa aparardı, uşaqlar öz aralarında mərc gələrdilər ki, görək kim qatarın işığına daha çox baxacaq. Gur işığa baxmaq elə də asan deyildi. Sanki indi də uşaqlarla mərcləşmişdi və özünü qatarın altına atmaq yadından çıxdı. Qatar gəlib dayandı, amma o, istəyinə çata bilmədi. Niyyətinin baş tutmamasına görə şeytanı ürəyində xeyli söydü. Məcbur olub qatara mindi…

"İçərişəhər” stansiyasında çıxdı, yolunu köhnə şəhərdən saldı. Qız qalasının yanından keçəndə başını qaldırıb qalaya baxdı. Yadına düşdü ki, bir zamanlar kimsə özünü onun başından atıb. Ancaq ora çıxan kim idi? Bulvara tərəf getdi. Ən yaxşısı özünü dənizə atmaqdı. Amma adamların gəzişdiyi bir vaxtda, günün günorta çağı özünü dənizə atmaq ağılsızlığıydı. Onu dərhal çıxaracaqdılar və o, olsa-olsa soyuqlayacaqdı, amma yataqdan qalxa biləcəkdimi? Onu ən çox qorxudan da elə bu idi. Özünün və doğmalarının yazıq görkəmi, əlacsızlıqdan öləzimiş gözləri, sallanmış qulaqları kino lenti kimi nəzərində canlandı. Deməli, axşamı gözləmək lazımıydı. Sahilin lap qırağında yekə bir daş da varıydı. Onu belinə bağlayıb özünü dənizə atsa, bir də çıxa bilməzdi. Həm də çoxları onun intihar elədiyini yox, kimlərsə tərəfindən öldürüldüyünü güman eliyərdi. Ən ağlabatan variant bu idi. Evdəkilərin də canı sorğu-sualdan qurtulardı. Polis cinayət işi açsa da, nəticəsi olmayacaqdı. Deməli, onun ölümü bir sirr kimi qalacaqdı. Pəh, nə gözəl sonluq, nə gözəl ideya! Bu tapıntıdan vəcdə gəldi. Cibində qələm olsaydı, bəlkə, şeir də yazardı. Qoy, ölümündən sonra onun cibindən gözəl sətirlər çıxsın və həmin sətirlər baş daşına əbədi həkk olunsun…

Bu barədə bir xeyli fikirləşdi. Şeirin misralarını zümzümə elədi, amma fərli bir şey ortaya çıxmadı…
Hiss elədi ki, üşüyür. Soyuq, deyəsən, onu qarabaqara izləyirdi. Dəniz isti olar, yəqin. Deməli, orda – dənizin altında üşüməzdi.
Sahildə özü üçün yavaş-yavaş gəzişdi. Aranı dağa, dağı arana daşıdı. İncəvarıdan qaranlıq o gözlədiyindən də tez düşdü. İndi öz istəyini yerinə yetirə bilərdi. Amma dənizin qırağına necə düşsün? O, hasarı adlaya bilməzdi, adlasa da, daşı yerindən qaldırmağa gücü çatmazdı, qaldırsa da, belinə bağlaya bilməzdi, çünki kəndir yoxuydu. Kəndir götürmək necə də ağlına gəlməyib. Lənət şeytana, gül kimi ideya tapmışdı, tədbir tökmüşdü. Axırı da belə…

(sonluğu siz yazın və qalib olun)Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ