"Fatimə ilə Şəkərin nağılı"- Uşaq Hekayəsi

Tarix:21-11-2017, 13:08 Baxış Sayı:136

"Fatimə ilə Şəkərin nağılı"- Uşaq Hekayəsi


Tural İsmayılov


Fatimə ilə Şəkər eyni sinifdə, eyni partada otururdular. İki xala qızı əsl bacı idilər. Həmişə bir-birinə kömək edirdilər. Şəkərin qiymətləri daha yaxşı idi. Beçinci sinifdə oxuyurdular. Fatimə digər fənnlərdə Şəkərdən zəif olsa da, riyaziyyatı ondan yaxşı bilirdi. Onların məhlələri də yan-yana idi. İki xala qızı qapı bir qonşu idilər. Bir yerdə dərs oxuyar, dərsə gedər-gələr, bir yerdə həyətdə oynayardılar. Hər ikisi ya Fatiməgildə, ya da Şəkərin evində qucaqlaşıb yatardılar. Həyətə oynamağa çıxanda bir-birini müdafiə edər, məhlədəki və məktəbdəki digər qızlarla hansısa birinin problemi yaransa bir-birini müdafiə edərdilər.

3 ay əvvəl, müəllim Fatiməni ayağa qaldıraraq sual-cavab edəndə Fatimə suala cavab verə bilmədi. Müəllim də ona dedi ki, eybi yox, get evdə bilmədiyin mövzuları bir də təkrarla. Bu, Fatiməni üzdü. Müəllim onun başına sığal çəkərək bu sözləri söyləsə də, o, dərsi yaxşı təkrarlamadığı üçün ağlamağa başladı. Bu Şəkəri əsəbləşdirdi, müəllimə acıqlndı ki, bacıma çətin suallar verirsiz. Müəllim isə bu qızların bir-birini qorumağa çalışmasını çox sevirdi, ona görə gülümsəyərək gələn dəfə ona daha asan suallar verəcəyini söylədi.

Fatimə də Şəkərə qarşı eyni həssaslığa malik idi. Bədən Tərbiyəsi dərsində sinif yoldaşları Vahid Şəkəri itələmiş və barmağıyla Şəkəri göstərərək gülümsəmişdi. Şəkər qızararaq idman zalından bufetə qaçmışdı. Fatimə bunu görən kimi Vahidin yanına gəlib bütün oğlanların içində saçını dartmışdı. Bu, hər ikisinin valideynləri arasında söz-söhbətə səbəb olmuşdu. Amma Vahid Şəkərdən üzr istəyəndən sonra, Fatimə də Vahiddən üzr istəmiş və söz vermişdilər ki, bir də belə şeylər etməyəcəklər.

Ümumiyyətlə, Fatimə daha emosional idi. Şəkər isə ona baxanda sakit sayılırdı. Buna baxmayaraq, hər iki xala uşağı bir-biriləri çox sevirdilər və həmişə müdafiə edirdilər. Fatimənin atası hələ o, kiçik olanda xaricə işləməyə getmişdi. Şəkərin atası onu da öz qızından ayırmırdı. Hər ikisi evlərinin tək uşağı idi. Biri xəstələnəndə digıəri onun yatağının başında saatlar durardı. Analar isə onlar arasındakı bu doğmalığa heyranlıqla tamaşa edərdi. Fatimə yıxılıb dizi qanayanda Şəkər onun ayağını sarıyardı, Şəkər qrip olanda Fatimə ona isti dıərman və yemək aparardı.

Fatimənin musiqi bacarığı vardı. Nənəsindən qalma köhnə pianoda tez-tez nəsə çalardı. Anası da qərara gəlmişdi ki, onu iki il sonra musiqi məktəbinə yazdırsın. Şəkər isə şahmat kurslarına getmək istəyirdi, amma Fatimə ilə bir yerdə olsunlar deyə o da pianoya gedəcəyini söyləyirdi.

Bir gün Fatimə bərk qızdırması qalxdı deyə məktəbə getmədi. Həmin gün Şəkər imtahan var idi deyə məcbur dərsə getdi. Amma bütün gün məktəbdə kefsiz oturdu. Həyəcanla ürəyi döyünürdü ki, dərs tez bitsin və Şəkərin yanına qayıtsın. Son dərs zəngi çalınan kimi Şəkər evə qaçdı. Amma bibisi evdə idi. Ona dedi ki, anası və Fatiməgil həkimə gedib. Şəkər ağlamağa başladı. Bibisi onu qucaqladı və dedi ki, narahat olmasın, Fatimə bərk soyuqlayıb, həkimə aparıblar ki, tez sağalsın və onlar yenə bir yerdə dərsə gedib oynaya bilsinlər. Şəkərin gözü yollarda idi. Düz əməlli yemək də yemədi. Hər beş dəqiqədən bir bibisindən souşurdu ki, onlar niyə qayıtmır?

Birdən qapının ağzında maşın siqnalının səsini eşitdi. Tez bayıra çıxdı. Fatimə də onu görən kimi gülümsədi, bir-birilərini qucaqladılar. Fatiməyə bərk soyuq olmuşdu. Bir həftə evdə yatdı. Şəkər hər gün dərsdən gələndən sonra ona qulluq edir, məktəbdə baş verənlərdən danışırdı. Bir gün ona sevdiyi cizgi filmi qəhrəmanının şəkli olan su qabı aldı, bir gün keks, bir gün də məktəb bufetində yeməyi sevdikləri balaca pizza dilimlərindən gətirdi.
Amma bir gün Fatimə Şəkərə qarşı çox pis hərəkət etdi. Bu hərəkətdən sonra Şəkər ondan soyudu və küsdü. Onların barışmağı çox uzun çəkdi. Bu, ilk dəfə idi ki, onlar arasında baş verirdi.

Həmin səhər anası Fatiməni yuxudan oyatdı:

- Qızım, bu gün Şəkəri əmisi gəzməyə aparıb. Çoxdandır əmisi onu görmürdü, dərsdən icazə alıb, məktəbə özün tək gedəcən.

- Bəs məni niyə aparmadılar? Şəkər mənsiz getdi:?

- Qızım, əmisi neçə ildir onu görmür. Aparıb gəzdirsin, mən də sənlə Şəkəri gəzdirərəm.

- Şəkər mənsiz getməyə razı oldu?

- Şəkər dedi ki, Fatimə də gəlsin, amma ikinizin birdən dərsdən qalmağı yaxşı deyildi.

- Yox, ana, məncə, o, məni yanlarında istəmədi. Əmisi ona indi qəşəng şeylər alacaq.

- Qızım, sən artıq böyümüsən, gələn il altıncı sinifə gedəcən. İndi əmisi onu gəzməyə apardı. Sonra da mən sizi apararam.

- Ana, küsdüm ee...

- Dur, ağıllı qızım, o, sənin bacındır. Sizə ikinizin də sevdiyi qoöaldan bişirirəm, sabah üçünü Fatiməyə verərsən, üçünü də özün yeyərsən.

Həmin gün Fatimə Şəkəri danışdırmadı. Şəkər də hiss elədi ki, ondan küsüb, amma bilirdi ki, əmisi onu tək gəzdirmək istəyir. Şəkərin günahı yox idi. O, sabah barışarlar deyə düşündü. Çünki gəzintidə maraqlı şeylər olmuşdu, Fatiməyə sevdiyi rəngləmə kitabından da almışdı.

Məktəbə bir gedirdilər. Şəkər onun könlünü almağa çalışsa da, Fatimə dindirmirdi onu. Amma Şəkər Fatimənin çantasından xalasının bişirdiyi qoğalın qoxusunu alırdı. Düşündü ki, yəqin, məktəbdə qoğalı onunla bölüşəndə dindirəcək və barışacaqlar. Dərs boyu Fatimə onun üzünə də baxmadı. Yemək tənəffüsündə Fatimə çantasını açdı, Şəkər də onun üçün aldığı kitabı əlinə alıb ona yaxınlaşdı. Birdən Fatimə çantasından qoğalı çıxardı və onun üzünə baxaraq dedi:

- Anam qoğalı sənin üçün bişirməyib. Bundan sonra heç nəyi sənlə bölüşməyəcəm, daha biz bacı deyilik.

Şəkər bu sözdən pərt oldu və çölə çıxdı.

Dərsin ortasında Şəkər hıçqıraraq ağlamağa başladı. Fatimənin ürəyi əsdi, tez küsülü olmaqlarını unudub yanına qaçdı, Şəkərin saçlarını sığalladı. Müəllim söruşdu ki, o, niyə birdən-birə ağlayır? Şəkər cavab verdi ki, daha Fatimə onunla xalasının bişirdiyi qoğalları bölüşmür və onunla bacı olmaq istəmir. Fatimə Şəkərdən utandı, yanağından öpdü və dedi ki, bağışla, mən sadəcə səndən incimişdim.

Müəllim isə bütün sinifə onları göstərərək söylədi:

- Baxın, uşaqlar. Bu, iki qız bir-birinə necə bağlıdırlar? Onların küsülü qalmağı da bir göz yaşının yanında heç nədir. Çalışın həmişə doğmalarınızı belə sevin, onlara canınız yansın, siz gələcəyin bəy və xaımlarısız, indidən mehriban olun ki, gələcəyimiz də daha işıqlı olsun...

"Fatimə ilə Şəkərin nağılı"- Uşaq Hekayəsi


MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ