"Xaçmaz ədəbi mühiti" - 6 imza

Tarix:11-11-2017, 20:49 Baxış Sayı:308

"Xaçmaz ədəbi mühiti" - 6 imza
Manera.az "Bölgələrdə ədəbi mühit" layihəsini uğurla davam etdirir.Layihənin növbəti ünvanı "Xaçmaz ədəbi mühiti"dir.Xaçmaz ədəbi mühitini təmsil edən 6 imzanı təqdim edirik:


"Xaçmaz ədəbi mühiti" - 6 imza
Murad QUDYALÇAYLI

ÇƏTİNDİR

Yarın daş ürəyi daşdan betərmiş,
İnsafı binadan-başdan betərmiş,
Hicranı bilmirdim qışdan betərmiş,
Mən çıxa bilmirəm ay yaza, yaza.

Olsa da bu yolda inamım qəti,
Saralmır yarpağı zalım həsrətin,
Eşqin əlifbası çətinmiş, çətin,
Qalmışam nə vaxtdır “A” yaza-yaza.

Güvənib hökmünə üç gün, ya beş gün,
Şeirin sarayına girməsin heç kim,
Zəhmətin hədərdi, yoxdursa eşqin,
Bir şey çıxan deyil, ha yaz a, yaz a…

YAZ DUYĞUSU

Bir əlində şəlalə,
Bahar üsyan eləyib
Fışqırır lalə-lalə.
Açılır çiçək-çiçək,
Boylanır ağac-ağac.
Yaşıl otlar içində
Az qala göyərir daş.

Məcrasını daraldan
Sular qabarıb gəlir,
Dağ çayı dərya boyda
Haray qoparıb gəlir.

Tumurcuqlar çırtlayıb
Yarpaq-yarpaq dil açır.
Yaxa yırtan qızılgül
Bu rəngarəng dünyaya
Gör nə qəşəng yaraşır!

Tünlüyündə bu yazın
İşi-gücü qurtarıb,
Vallah bu gözəlin də;
Soyunub paltosunu,-
Gözüm gülür,
Ürəyim
Qan ağlayır əlindən…



"Xaçmaz ədəbi mühiti" - 6 imza
Fərzalı ZİYANUR

İKİ KƏLMƏ SÖZ

Dedin:"Unut məni !"
Dilindən qopan
Bu iki kəlmə söz,
Ürəyimə atılan iki güllə.
Dəlib-keçməyən,
İlişib qalan,
İki qurğuşun,iki köz.
Yandırır məni.

Ay ürəyim,
Bir ömür boyu
Bu ağrıya
Dözə bilərsənsə,döz.

İki kəlmə söz!
Sevgi uğrunda döyüşdən
Yadigar qalan,
İki qəlpə,iki iz.

PAYIZ LÖVHƏLƏRİ

Əyilir budaqlar dartınan yay tək,
Çəkilir tarıma,üzü küləyə.
Misri qılınc təki parlayır şimşək,
Hərdən nərə çəkir dağa,dərəyə.

Yağış elə yağır...Yola,cığıra,
Düşən ləpirlərdə gölməçə bitir.
Yağış elə yağır...İslanır hər yan,
Üşüyən quşlara hər kol bir çətir.

Hava alatoran,hava buludlu,
Duman ağ donunu yerlə sürüyür.
Gəlsə də hərdənbir itlərin səsi,
Ətrafı səssizlik,sükut bürüyür.

Saralmış yarpaqlar sapsarı xalı,
Sərilib bağçaya,sərilib bağa.
Saralmış yarpaqlar can verən sevgi,
Gah qalxır,gah enir,düşür torpağa.


"Xaçmaz ədəbi mühiti" - 6 imza
Məmməd QƏDİR

***
Sən eşitmək istəmədin,
Bircə anlıq ürəyimi.
Kəsdim ayağın altında,
Bu qurbanlıq ürəyimi.

Şəhid oldum gözlərinlə,
Könül çox da sızlar, inlər.
Soyutdun buz əllərinlə,
İsti, ilıq ürəyimi.

Sənin könlün kiçik çilə,
Bir könül sərt olmaz belə,
Tutub könlündən sahilə,
Atdın balıq ürəyimi.



ADAMLARI

Sizə söykənmişik, nə yaxşı varsız,
Ay tufan dünyanın meh adamları!
Sevgi yetişdirib, çiçək bitirən,
Yağış adamları, şeh adamları!

Bir elin silahı, süngüləridi,
Sinəsi Vətənin səngərləridi,
Bir tikə çörəyin nökərləridi,
Evinin, içinin şah adamları!

Selində çöp saxlar, saman gətirər,
Ümidlər bəşləyər, güman gətirər,
Bir ilahi eşqə iman gətirər,
Aman adamları, ah adamları!

Tanrı yazısına lələkdi bəlkə,
Arzular gətirən leyləkdi bəlkə,
Qanadları sınmış mələkdi bəlkə,
Könül adamları, ruh adamları!

Bu ac zəmanənin yemisiz elə,
Hər dərdin əlacı, çəmisiz elə,
Hərəniz bir xilas, - gəmisiz elə,
Ay təzə dünyanın Nuh adamları...


"Xaçmaz ədəbi mühiti" - 6 imza
Telman TƏRAVƏT

DÜNYA VƏ SÖZDÜ QALAN

İllər ömrün,
Fəsillər illərin qonağı.
Gözəllik gözlərin,
Yağış suyu göllərin qonağı.

İnsana əqlindən,
əməlindən yaranan əyri və düzdü qalan.
Hamımız gəldi- gedərik,
Dünya və sözdü qalan...

QALIB ARALIQDA

Qarışıb hər şey bir-birinə,
Bilinmir üzü, astarı.
Görəsən kimdi düz,
Görəsən kimdi oğru?
Allahın qorxusundan yalan danışmaq olmur,
Bəndənin qorxusundan doğru.

Bir tərəfdə saflıq,
Bir tərəfdə şər.
Qalıb aralıqda,
Çarpışır bəşər...



"Xaçmaz ədəbi mühiti" - 6 imza
Aqşin DADAŞOĞLU

***
Məni satmaq çox çətindi,
Çünki, məni alan yoxdu..
Götür məni övladlığa..
Allah sənin balan yoxdu?

Hamının vardır ruzisi,
Bəxti, taleyi, yazısı..
Məndən gözəl əl quzusu,
Məndən əfi ilan yoxdu..

Nə gördüm ki, bu dünyada,
Şirin-şirin salım yada..
Gəlim gedimli dünyada..
Çolaq çıxıb qalan yoxdu..

Həqiqətdən don biçərəm,
Geyib Sriatdan keçərəm,
Son yalana and içirəm,
Sözlərimdə yalan yoxdu...



***
Köhnə kəndin yollarında,
Bir köhnə kişi yeriyir..
Ağır-ağır, ötkəm-ötkəm,
Kişi yerişi yeriyir..

Papağı basıb gözünə,
Doqqazı salıb sözünə,
Düşüb öz köhnə izinə,
Yox başqa işi, yeriyir..

Dərmanı yox azarına,
Şükr deyir yazarına,
Şəhid oğul məzarına,
Bağrının başı yeriyir..

Bir od gedir kürəyində,
Arzusunda, diləyində,
Ağlamayır, ürəyində,
Gözünün yaşı yeriyir..


"Xaçmaz ədəbi mühiti" - 6 imza
Habil RZANUR

BÜTÜN SEVGİLƏR SOLAXAY

Bütün sevgilər solaxay
Sevgi,sol yanı incidər.
Sağ əl ilə sağollaşıb,
Büs bütün canı incidər.

Eşq odu qızdırar canı,
İndi belə sevgi hanı?
Eşq nəyinki bir insanı....,
....bütün dünyanı incidər!

Kordu,gözümü danladım,
Sonra,özümü danladım,
Neynim,sevəndə anladım,
Nöqsan,nöqsanı incidər.

Nə evli,nə,dul tanımaz,
Sevgi asan yol tanımaz,
Şah tanımaz,qul tanımaz!
Sevsə,sultanı incidər.

Sevgi bu imiş deyəsən,
Sevgidir də,neyləyəsən?!
Gül qoxulum söyləyəsən,
Gül də,bağbanı incidər!!

PAYIZ ŞEİRLƏRİ AĞRISIZ OLMUR

Payızda xəzəllər ağladır məni,
Sanki bu yarpaqlar əlimdən düşür!
Ölən xəzəllərə bulud ağlayır,
Şairin göz yaşı qələmdən düşür!

Heyif xəzəllərdən ah çəkə bilmir,
Kimsə düşünmür heç bu ahsızları.
Bir dəcəl küləyə qurban olurlar,
Külək edam edir günahsızları.

Mən yağış görmüşəm güllədən betər,
Mən yarpaq görmüşəm,torpağı deşir!
Hər ölmüş insanın fatihəsi tək,
Hər ölən yarpağa bir şeir düşür.

Bir ağac gəzirəm,əlli,ayağlı,
Payız olsa belə,yarpağı solmur!
Yağışda od tutub yananlar bilir,
Payız şeirləri ağrısız olmur!!


Hazırladı: Tural AdışirinБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ