Ahmet Yıldız: “Yaradılış gecəsi”

Tarix:25-10-2017, 11:03 Baxış Sayı:350

Ahmet Yıldız:  “Yaradılış gecəsi”
MANERA.AZ tanınmış türk yazarı Ahmet Yıldızın “Yaradılış gecəsi” hekayəsini təqdim edir.

Nazim Hikmət Ran bu gün həmişəkinin tərsinə yalnız yürüməyi tərcih etmişdi. Ütüsüz, torbaya dönmüş şalvarını köhnəlib ip kimi olmuş bir kəmərlə bağlamışdı. Kəmərin ucu qabaqdan sallanırdı. Çiyninə qara xət-xət jaketini atmışdı. Əlləri cibindəydi. Tornaçı Şəfiq yanına yanaşmış, bir-iki addım atdıqdan sonra şairin heç danışmadığını görüb aradan sivişmişdi. Şair bir şeyi yazmağı ağlına gətirəndə, yaxud yazma damarı atdığında bax belə kefsiz, tikan üstdə oturmuş kimi olur, öz içinə dalardı.

Beton həyətdə kiçik su damcıları qabarırdı. Gecə boyu payızın ilk yağışları yağmış, həbsxana künclərinin yaydan qalma istiliyi bir gecədə çəkilmiş, qışın indidən necə soyuq keçəcəyini bildirən soyuq dişlərini göstərmiş, yaxşıca yorğana bürünmək zorunda qalmışdılar.

Şair başını bomboz göy üzünə doğru qaldırdı. Amma hirsli qara buludlarla deyil, üst qatdakı hücrənin pəncərəsindən baxan edama məhkum edilmiş quldurla göz-gözə gəldi. Üç nəfərdilər. Bir ay olmuşdu bura gəldikləri. Bayıra çıxmaları qadağan idi. Qarşıdan dənizi çox rahat görə bilirdilər. Amma onlar daim həyəti seyr edirdilər. İkisi sağdakı pəncərənin qabağında oturub düşüncədən batmış gözləri ilə həyətə baxa-baxa siqaret çəkirdilər. Daha gənc olanı digər pəncərədə əyləşmişdi. Gözlərində bir aşığın xəyalı varmış kimiydi. Ən çox siqaret çəkən də oydu. “Daim təkbaşına orda durduğuna görə ilk yaxalanıb yoldaşlarını ələ verən odur “ – düşündü şair. Yenidən başını qaldırınca gəncin onun düşündüklərini oxuyurmuş kimi üzünə baxdığını gördü. Kefi tamam qaçdı.

Göydə qara buludlar yığın-yığın bir yerə toplaşmağa çalışırdılar. Hava qaralmış, axşam düşmüş kimiydi. Bəlkə də rütubətin isti ilə qarışmasından yaranan boğucu durum şairi sıxırdı. Amma nə edama məhkum olunan quldurların baxışları, nə ləyəndə ağ köynəyini yumağa başlamış tornaçı Şəfiq, nə də göy üzü idi onu düşüncələrə salan. Keçən gün Pirayənin göndərdiyi kitabı oxumağa başlamasından doğan sıxıntı idi əsl səbəb.

Kitabı əlinə almasıyla qəribə bir ruhsal duruma girdiyini anlamışdı. Bu təkcə yaratma duyğusu deyildi. Bundan da ötəsi, həyacanverici, amma bir o qədər də çiyinlərindən tonlarca yük kimi ağır basan kitabdakı mövzunu yaza bilmə cavabdehliyini anlamasıydı.

Dənizi görmək istədi. İçindəki sıxıntını ancaq üfüqə baxaraq çıxarda bilirdi. Var-gəl etməyi yarıda buraxıb hücrəsinə girdi. Pəncərəyə yanaşdı. Dəmir barmaqlıqlardan yapışdı. Dəniz də göy üzü kimiydi. Fırtınadan öncəki çalxalanma anındaydı. Kiçik ləpələr milyonlarla məxluqat kimi dənizi ağuşuna almışdı. Amma dustaqxananın divarlarına çırpılan dalğaların səsi şiddətliydi. Görməyəcəyini bildiyi halda, pəncərədən başını uzatmağa çalışdı. Başı iki barmaqlığın arasına sığmadı. Nə illah etsə də dalğaların çırpıldığı divarı görə bilmirdi. Yalnızca üfüqü görürdü. Dənizin dibində yaşamaq, amma dənizin yanında yaşanmamış olmaq buna deyərlər. Gedib çarpayısına arxası üstdə uzandı. Əlləri başının arxasında tavana dikdi gözlərini. Heç bir şey düşünmədən axşam yeməyinədək o cür qaldı. İllərin dustaqlığı bəzən saatlarla bu cür uzanıb qalmağı öyrətmişdi ona. Danışmasına, dodaqlarının qımıldanmasına belə macal verməyən bu ağır durum, yaratma vədəsinin başlanğıcı idi əslində.

Gecə şairi yuxu tutmadı. Üst hücrədə edama məhkum edilən quldurların tərpənərək çıxartdıqları zəncir səsi deyildi onu narahat edən. İsti bir avqust axşamında üzlərinə qərar oxunduqdan sonra hər axşam belə zəncirlərini şaqqıldadaraq səhərəcən gəzinirlər. Buna alışmışdı artıq. Zəncirlərin səsi bir sabah qaranlığında birdən-birə susarsa, həbsxanadakılar biləcək ki, şəhərin qələbəlik meydanında adı bəlli üç ağ köynəkli sallanmaqdadır.

Kefsizliyi bunlar deyildi. Universitetin ilahiyyat fakültəsinin tarix müəllimi Məhəmməd Şərəfəddin əfəndinin 1925-ci ildə Efkafi İslami mətbəəsində çap olunan “Simavne Kadısı oğlu Şeyx Bədrəddin” adlı risaləsində yazdığı olaylardı. Şair risalənin altmış beşinci səhifəsinə çatmışdı. Orada Dukas adlı bir Ceneviz* katibinin yazdıqları qaynaq kimi göstərilmişdi. Dukas: “O zamanlar Yanyon körfəzi başlanğıcında Karaburun deyilən dağlıq bir məmləkətdə adi bir türk kəndlisi meydana çıxdı. Adı çəkilən kəndli, qadınlar xaric, ərzaq, ərazi kimi şeylərin hamısının xalqın ortaq malı olmasını vəəz və nəsihət etmişdir” deyə yazırdı.

Şair əllərini başının altından götürüb qalxdı. Ondan başqa bütün hücrələrdəki iyirmi səkkiz nəfərin hamısı yatırdı. Hücrədən yağışla hərarətin qovuşmasından doğan rütubət qalxırdı. Tornaçı Şəfiqin üstü açıqdı. Yuxusunda nələrsə gumuldanıb çevrildi. Arvadının göndərdiyi cehizlik yorğan sürüşmüşdü. Gedib üstünü örtdü. Ceneviz katibi gözləri önündən getmirdi. Qara qədəhdən uzun bir geyimdəydi. Sivri saqqalı, sarı uzun mərasiməuyğun üzü ilə gözünün önündə dolaşırdı. Bədrəddinin ən böyük müridi Börklücə Mustafaya “adi” deməsi şairi gülümsətdi. Pəncərəni açıb üfüqə baxmağı və havasını içinə çəkməyi düşündü, amma yorğun olduğunu anladı. Davamlı düşünmə, yuxusuzluq gücsüz bədənini yormuşdu. Təkrar yerinə uzanıb əli ilə bəzəkli kağızlardan düzəltdiyi kiçik çilçırağını açdı. Risaləni oxumağa başladı.

Məhəmməd Şərafəddin bəy, Bədrəddinin təqiyyə* etdiyini önə sürür. Müridi Börklücə Mustafaya ərzaq və ərazi kimi şeylərin ortaqlığını vəəz edib, qadınları bunun içinə qatmamasını bir təqiyyə və təsəttür* olaraq dəyərləndirir.

Şair digər iki saqqallını düşündü və şaşırdı. Marks və Engels də burjuyların, ən dəyərli varlıqları olması gərəkən varlıqlarını adi bir mal kimi gördüklərini yazmışdı. Xüsusi mülkiyyətin aradan qalxacağı söylənincə geriçilər buraya həmişə qadınları da qatır, ortalığa vəlvələ salırdılar. Şair, ilahiyyat baxımından da qadının bir mal kimi qəbul edildiyini düşünüb yazara haq verdi.

Kitabda İbn Ərəbşahın, Aşıqpaşazadənin, Neşrinin, İdrisi Bitlisinin anlatdığı Bədrəddin hekayələrini su kimi içdi. Qarşısında asılmış sürücü saatına baxdı. Qurulmadığı üçün durmuşdu. Başına bir kuzə soyuq su tökülmüş kimi nə edəcəyini bilməyəcək halda idi. Kitabın günəşdən çürümüş gilənar rənginə oxaşayan qapağını örtdü. Gözlərini yumdu. Qapalı gözlərinin qaranlıq oyuqlarından parlaq işıqlar axırdı. Qüllələrdəki jandarmaların çıxardıqları düdük səsləri onu dəli edirdi bu gecə. Düdük səslərinə üst qatdakıların çıxardığı zəncir səsləri də qarışırdı. Sanki zəncir səsləri də çılğınlaşmışdı.

Şair də dəlilər kimiydi. Bir siqaret yandırdı və nə zaman bitdiyini anlamadan söndürdü. Ovucları yanırdı. “Bir aspirin verən olsaydı”, - deyə düşündü. Amma yatdığı yerdən qımıldayammadı. Ağlındakı Bədrəddin və Börklücə Mustafa idi. İçində bir Anadolu türküsü dinləmək arzusu baş qaldırdı. Yolkəsənlərdən biri oyanıb hər gün söylədikləri bir-birindən fərqli və təsirli türkülərindən söyləsəydilər, aspirindən ötə olacaqdı. Başı belə gözlərini bulandıracaq qədər ağrımasa, çox uzaq illərin qılınc şaqqıltılarını, at kişnəmələrini, qırmanc səslərini, başları kəsilən qadın və uşaq qışqırıqlarını duya biləcəkdi. İki işıqlı ümid dolu söz kimi Bədrəddin və Mustafanın üzlərini görə biləcəkdi.

Betonun üzərinə qoyduğu kitaba baxdı. Qapağın içindən saralmış səhifələrin cırıq kənarları görünürdü. “Bu ilahiyyat fakültəsi müəlliminin qamış qələmindən, ruhundan Bədrəddinimi qurtarmaq lazımdır”, - deyə düşündü.

Bayırda külək qalxmışdı. Pəncərənin altında guruldayan dəniz, düdük səslərini, zəncir şaqqıltılarını eşidilməz etmişdi. Şair baş ağrısını unutmaq üçün kitabı yenidən əlinə alınca, qalın, özündən əmin, əmr edirmiş kimi bir səs eşitdi:

“Şair Nazim Hikmət! Gurultu etmədən dənizin dalğalarını aşaraq yanına gəldim!”

Səsin gəldiyi yerə döndü. Dənizin üstündəki pəncərənin arxasında kimsə vardı.

“Cenevizli Dukasın yazdıqlarını anla. Orada kritli bir keşişdən bəhs edir! Börklücə Mustafanın müridlərindən birindən. Yəni məndən!”

Şair yatağından dikəldi. Başmaqlarını geymədən pəncərənin kənarına gəldi. Dəmirlərin arxasında, bir yerdə gizlənmədən beləcə boşluqda durub danışan adama baxdı. Gerçəkdən uzun, ağ libasdaydı.

Şairin başının ağrısı birdən durdu. Şüşəni açdı. Ağ libasdakı adam onun əlini tutdu. Özündən başqa iyirmi səkkiz insanı və tərli sement qoxusuyla yatan hücrələri arxada qoydu. Məhbus günləri boyunca heç görmədiyi dənizlə həbsxana divarlarının birləşdiyi islaq, sürüşkən, yosun basmış qayaların üstündə gördü özünü. Börklücənin müridiylə əl-ələ dənizin üstü ilə quş kimi uçub qaranlıq dənizin dalğalarını səssizcə aşaraq, yüz illərin əvvəlinə, Çələbi Sultan Mehmet dövrünə getdi.

***

Çələbi Mehmet öz qardaşı Musanı ox kirişi ilə boğmuş, qızıl bir ləyəndə qardaş qanı ilə abdəst almışdı. Ali Osmanda yoxsulluq boy verirdi. Torpaq insansız, insan torpaqsızdı. Subaşların* içində bığıburma sipahilər* vardı.

Qadınların məmələri qurudulmuş balığa bənzəyən İznik qəsəbəsində boyu gödək, uzun saqqallı bir qocanın evinə getdilər. Bədrəddinin uşaq gözü kimi qıyıq, amma tədbirli gözləri və qamış kimi sarı barmaqları vardı. Bir ağ qoyun dərisinin üstündə əyləşmişdi. Uzun boylu Börklücə Mustafa və qartal baxışlı Torlaq Kamal qarşısında dayanaraq ona baxırdılar. Baxır, amma baxmaqdan doymurdular. Bədrəddin bu iki müridinə yenicə yazıb tamamladığı kitabı “Varidat”ın nüsxələrini verib birini Aydına, birini Manisaya göndərdi.

Şair də keşişlə birlikdə arxalarından səyirtdi. Bu iki müridin şeyxlərinin öyrətdiyi üzərinə qurduqları ortaq bir yaşam bölgəsinə gəldilər. Yollarını kəsənlər:

-Dostmusunuz, düşmanmı? Dost isəniz, xoş gəldiniz, düşmən isəniz, boynunuz qıldan incədir! – dedilər.

Şair tam savaşın içinə düşdüyünü o zaman anladı. Amma halından məmnundu. Bütün bu olanları yazmağı qarşısına məqsəd qoymuş şair üçün bundan böyük imkanmı vardı?

İslaq və kədərli bir səhər çağı Bədrəddinlə İznik gölünün sahilində görüşdülər. Bədrəddinə şair olduğunu söyləmədi. Onu da müridi sanmışdı. Rumelinə birlikdə keçmək üçün yola çıxdılar. Gecə at sürüb gündüz gizləndilər. İsfəndiyara* çatdılar. Ulduzlu bir gecədə yalnız bir gəminin olduğu dənizə çıxdılar. Qaradənizi aşıb Dəliormana gəldilər. Dəliorman şeyxin ordusunun toplanış yeri idi. Şair ağ libaslı rəhbərilə Bədrəddini meşədə buraxıb geriyə, Gəliboluya endi. Dənizi üzərək keçdilər. İzmir yolu ilə Qaraburuna, şeyxdən Mustafaya xəbər aparmalıydılar. Aydın yolunda bir bağ içində, bir cəviz ağacı altında quyuya salladıqları qarpızların soyumasını gözlərkən tonqal ətrafında siyasətdən danışan adamlara qonaq oldular. Börklücəyə yetişmək üçün onları nalların tozuna basdılar.

Sapı qanlı bir kor bıçaq kimi isti bir gündə Börklücənin yanına çatdılar. Torpaq hamilə kimiydi. Şahzadə Muradın ordusu ilə savaş olacaqdı. Hər kəs ağ libaslı, başı açıq, ayaqyalın, yalın qılınclıydı.

Dəhşət döyüş oldu!

On minlər səkkiz minini vermişdi. Qalib gələnlər qılınclarının qanını məğyubların tikişsiz ağ köynəklərinə silirdi.

Şair Börklücənin yaralı əsgərlərinin iniltilərini eşidərək at sürərkən “Üzülməyəm gərək!” deyə düşündü. Çünki Bədrəddinin etdiyi tarixi, siyasi və iqtisadi baxımdan çoxt erkən bir hərəkat, çox erkən bir təşkilatlanmaydı. Qətər cəngavərləri də vatikana qarşı çıxmış və sonları belə olmuşdu. İnsanlıq hələ sənaye inqilabını həyata keçirməmişdi. Fransa inqilabı olmamışdı, Oktyabr inqilabı hələ üfüqdə belə görünmürdü, Anadolu inqilabının isə iysi-tozu belə yoxdu.

Amma bu şair ürəyidir. Çarmıxa çəkilmiş Mustafanın bir az ötəsində atıyla olub-bitənləri görən birisi “iqtisadi, sosial, tarixi” kimi soyuq sözlükləri düşünəcək halda deyildi. Ağrı çəkirdi və “Hey gidi dünya!” deyirdi. Cəlladlar iki min müridin başını kötük üstündə kəsməkdən əldən düşmüş halda çavuşdan azacıq dincəlməyi xahiş edirlər. Hər baş budaqdan düşən yaşıl almalar kimi yerə gələndə Mustafaya son dəfə baxırdı və “Yetiş, dədə sultanım, yetiş!” deyirdi.

Şair rəhbərilə bu dəfə Manisaya getdi. Bəyazid Paşa da onlardan qabaq Manisaya getmiş, Torlak Kamalı yerindəcə asmış, on vilayətə də öz adamlarını yerləşdirmişdi.

Şair bu on vilayətə də at sürdü. Dərələr, təpələr aşarkən göy üzündə dolaşan quzğunlardan aman diləmişlər gördü. Yollarda quşların qarınlarının necə tox olduğunu acı çəkərək duydular. Çünki qoca və cavan meyidlərə toxunmadan uşaq və qadın meyidləri ilə qarınlarını doyurmuşdular.

Yollarda padşah adamlarına mənsub rəngarəng tuğlara, davullara və digər savaş alaylarıan rast gəldilər. Bir qayıq tapıb təkrar Rumelinə keçdilər. Orada Çələbi Sultan Mehmedin Selanik qalasındakı mühasirəni buraxıb Serezə gəldiyini eşitdilər. Hər kəsdə bir narahatlıq və yorğunluq vardı. Haradan çıxdı bu Bədrəddin deyilən adam, hər şey belə bərabər necə olur? Beş barmağın beşi də birmi? Qadınlarımıza da ortaqlıq edəcəkmişlər kafirlər!” deyir, tezliklə yaxalanmaları üçün dua edirdilər.

Serezə yaxınlaşdıqda bir yolun kənarında axşam alaqaranlığında dincəlmək üçün əyləşdilər. Yenicə oturmuşdular ki, üç atlı Dəliorman tərəfdən Serezə doğru yanlarından yel kimi ötdü. Birinin tərkində əl-ayağı bağlı kimsə vardı. Şairin tükləri biz-biz oldu.
-Bu, şübhəsiz Bədrəddindir...

-Yahu, nə bildin?

-Mən bu nal səslərini tanıyıram! – deyəcəkdi, amma ağzı açılmadı. Çünki hələ bu misraları yazmamışdı. Sonra öküz arabası ilə ot gətirən dişsiz bir kəndli “Bəyazid Paşa adamlarını mürid kimi şeyxin qərargahına salmış, onlar da şeyxi qaçırmışlar!” – dedi.

Serezə bir səhər alatoranında hava çiskinləyərkən girdilər. Kəndlinin dediyi doğruydu. Bazarın ortasında Bədrəddinin çılınçılpaq asılmış bədənini gördülər. Yanlarına uzun ağ libaslı üç atlı yaxınlaşmışdı. İkisi yerə düşməməsi üçün Bədrəddinin al tərəfində dayanmışdı, o biri isə ağaca çıxıb korş bir bıçaqla Bədrəddinin nazik boynundakı yağlı ipi kəsməyə çalışırdı. Bir ara əlindəki bıçaq düşdü. Bıçaq ölmüş Bədrəddinin donmuş boynuna saplandı.

***

-Qan belə çıxmadı! – deyə bağıraraq oyandı şair.

Bir əl yataqdan qalxmağa çalışan şairin çiyninə toxunub onu sakitləşdirirdi.

Dönüb baxdı. Tornaçı Şəfiqdi. Gözlərini gözlərinə dikmiş:

-Yatmadın heç, - dedi.

Şair heç bir şey söyləmədən sarsılmış halda barmaqlıqlardan tutub pəncərənin önündə dayandı. Dan sökülürdü. Bayırda yağış çisələyirdi. Dənizdə qatmaqarışıq bir hal vardı. Uzun zaman üfüqə baxmağa çalışdı. Birdən hiss etdi ki, üst qatdakı edama məhkumların zəncirlərinin səsi gəlmir. Alnını, qulaqlarını ovuşdurdu. Doğrudan səsləri gəlmirdi.

-Zəncir səsləri kəsilmiş, düşündüyüm doğrumu?

-Nə yazıq ki... İndi şəhərin bir meydanında ipdə fırlanır cansız bədənləri...

Hücrənin qapısı paslı bir açarla açıldı. Hücrədəki məhkumlar bir-bir oyanır, kimi gərnəşir, kimi xəyala dalırdı.

Şəfiq:

-Nə oldu, qəribə bir halın var sənin?

Şair getdikcə işıqlanan pəncərədən ayrılmadan gecə yaşadığı macəranı anlatdı:

-Bir xəyal bu pəncərənin arxasına gəldi. Ağ paltardaydı. Uzun bir yolçuluq etdi mənimlə.

Tornaçı Şəfiq güldü. Əli ilə dəmirləri göstərdi:

-Sən yolçuluğu Mustafanın müridləri ilə deyil, mənim köynəyimlə etmisən. Bax, yuduğum köynək hələ dəmirlərə asılıdır.

Şairin qoluna girərək onu yatağına apardı. Mələfəni üstünə örtdü. Yataqda şairin qara-qura xəttilə onlarca yazılmış vərəq vardı. Şəfiq yerdə ayağına ilişən üzü qaralmış gilənar rənginə çalan kitabı gördü. Topladığı şeir dolu vərəqləri kitabın arasına yığıb səssizcə şairin yaztığının yanına qoydu.

Çevirdi: Azad Qaradərəli

----------------------------------------------------------------------------------
*Ceneviz – Ortaçağ İtaliyasında Genuya şəhər dövlətinə Osmanlıların verdiyi ad (tərc. qeydi)
*Təkiyyə - Müxaliflər qarşısında məcburən dini inanc və əqidəsini gizləmək. Qurana söykənir. (tərc. qeydi)
*Təsəttür – Örtünmək (tərc. qeydi)
*Subaşlar – Osmanlı zamanında asayişi qoruyan zabitlər (tərc. qeydi)
*Sipahilər – atlı əsgərlər (tərc. qeydi)
*İsfəndiyar – Qaradəniz bölgəsində dağ silsiləsi (tərc. qeydi)

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ