"Quba ədəbi mühiti" - 5 imza

Tarix:20-10-2017, 00:35 Baxış Sayı:409

"Quba ədəbi mühiti" - 5 imza
Manera.az "Bölgələrdə ədəbi mühit" layihəsinə başlayır.Layihənin məqsədi bölgələrdə yaşayan tanınan və yaxud tanınmayan imzaları ədəbi ictimaiyyətə tanıtmaqdır,ədəbiyyatın inkişafına dəstəkdir.Layihənin ilk ünvanı hər zaman öz adıyla söz etdirməyi bacaran "Quba ədəbi mühiti"dir.Quba ədəbi mühitini təmsil edən 5 imzanı təqdim edirik:


"Quba ədəbi mühiti" - 5 imza
Ələkbər SALAHZADƏ

BİR DƏ GÖRDÜN

Bir də gördün beşikdi adam,
bir də gördün bəbədi.
Bir də gördün uşaqdı adam,
bir də gördün babadı.

Bir də gördün oğuldu adın,
bir də gördün atadı.
Bir də gördün yox oldu adam,
bir də gördün fotodu.

Bir də gördün oddu adam,
bir də gördün ot oldu
Bir də gördün adamdı adam,
bir də gördün ad oldu

DÜZƏLMƏDİ

Gözlədim –
Bu dünya düzələ bəlkə,
Otuzumda düzəlmədi.
Otuz yazı otuz qışa
Uduzdum da düzəlmədi…
Döz, dedim,
Bu dünya bəlkə düzələ;
Yolum boyu düz getməyə
Bir yerində düzəlmədi.
Qırxımda düzəlmədi,
Qırx birimdə düzəlmədi.
Yüz dedim,
Bircə gün düzələ bəlkə,
Düz ilə, doğruyla düz gələ bəlkə;
əyildi ki, əyildi,
əllimdə də düzəlmədi.
Bildim, bala, düzəlmədi,
Qaldım, baba, düzəlmədi,
Öldüm, dədə, düzəlmədi!..


"Quba ədəbi mühiti" - 5 imza
Ramiz QUSARÇAYLI

AZƏRBAYCAN BAYRAĞI

Şənini vəsf etməyə yetər, qüdrətim yetər,
Ulduzunu, ayını göydə mələklər öpər,
Hər rəngində “ya qazı, ya şəhid” bir mən bitər,
Sən ey İstiqlalımın əbədiyyət sancağı, –
Azərbaycan bayrağı !

Yağının min hiyləsi küydən, kələkdən keçər,
Sən sancılan ucalıq min-min ürəkdən keçər,
Dağlar yerindən oynar, daşlar ələkdən keçər,
Göylərin nur yağmuru, yerlərin göy qurşağı,-
Azərbaycan bayrağı!

Sən Arazın, Samurun umuduna bələndin,
Çəni ağlar Göyçənin buluduna bələndin,
Dərbəndin dərd hıçqıran sükutuna bələndin
O tayımda Savalan, bu tayımda Şah dağı,
Azərbaycan bayrağı !

Cəngidə cövlan yerim, cövlanda can yerimsən,
Barışda gül çələngim, savaşda qan yerimsən,
Sən mənim and yerimsən, mənim iman yerimsən,
Dalğalı ləngərlərin yelpiklənən yarpağı,-
Azərbaycan bayrağı !

Sənsən Azadlıq eşqim, sənsən Hürr,- deyəcəyəm,
Ən son nəfəsimdə də sənə şeir deyəcəyəm,
Şuşada sən qonduğun daşa pir deyəcəyəm,
Çəkəcəyəm gözümə kölgən düşən torpağı
Azərbaycan bayrağı !
Azərbaycan bayrağı !

MƏN KƏNDDƏN ÇIXANDA GECƏ YARIYDI

Mən kənddən çıxanda gecə yarıydı
Söyüdlər yol üstdə tellənirdilər.
Coşan ürəyimin duyğularıydı,
Sinəmdən süzülüb sellənirdilər.

Enib dərələrin, düzlərin üstə,
Gecə öz diliylə layla deyirdi.
Baş qoyub dağların dizləri üstə
Yollar şirin-şirin mürgüləyirdi.

Mehlə sığallanıb nazilən otlar,
Şehli nəvazişə bükülürdülər.
Ayağım altında əzilən otlar,
Torpaqdan yapışıb dikəlirdilər.

Qönçələr çəmənə pıçıltı salıb,
Yuxulu-yuxulu çiçəkləyirdi.
Yumru evlərini çiyninə alıb
İlbizlər izimlə iməkləyirdi.

Gedirdim, gecənin haysız, haraysız,
Həzin nəğməsindən doyammamışdım.
Qəlbimdə sübhədək oyaq qalan qız …
Hələ yuxusundan oyanmamışdı …

Mən kənddən çıxanda gecə yarıydı,
Ay örpək çəkmişdi çöllərin üstə.
Heyrətim yolunu azan arıydı,-
Uyuyub qalmışdı güllərin üstə …




"Quba ədəbi mühiti" - 5 imza
Tofiq NURƏLİ

* * *
Kəndə enən zaman azan durnalar-
İşıq tellərinə dəyib öləndə,
Bir anlıq qəlbindən keçir sən məni-
Bəlkə o durnanın biriyəm mən də...

Duman bürüyəndə bom-boz çölləri,
Solğun çəmənləri döyəndə yağış
Qəhərdən doluxmuş bir cüt göz axtar-
O mənim gözümdür; qəmgin, yaşarmış...

Gecələr uzanıb həddin aşanda,
Payız köynəyini geyəndə dağlar
Anla ki, ömrümə payızlar çökür-
Ağla, məni ağla, qəlbində ağla...

Qoşulub payıza gedirəm mən də
Yaxşı ki, dünyada hələ sən varsan...
...Payızlar gələndə düşsəm yadına
O kənddə bir daşı sığallayarsan...


* * *
Gözlə ən uğursuz təsadüfü də
Sənə yalvarıram,gözlə,görməyim...
Rastlaşsaq dağılsın bu yer kürəsi,
Nişan üzüyünü gizlə görməyim.

Rəqibin qələbə bayrağıdır o,
Mənliyim,vüqarım basılıb orda.
Üzükdə sıxılan barmağım deyil,
Mənim səadətim asılıb orda.

Ey ürək,ey dünya,mən niyə yandım?!
Bir üzük səni də bölə bilərmiş...
Bölündün,özümə baxıb inandım,
İnsan diri-diri ölə bilərmiş.

Qızlara baxıram subay qızlara,
Hərənin başında bir qan yaşayır.
Kimin barmağında üzük görürəm
Deyirəm hardasa hicran yaşayır.



"Quba ədəbi mühiti" - 5 imza
Zakir MƏMMƏD

***
Bu, Allahın qismətidir,
Yazılanlar ta yazılıb.
Sevənlərin ayağına
Həmişə xəta yazılıb.

Yaza nə var, qışa nə var!
Ya yel əsər, ya gilavar.
Ürəyimdə qabar-qabar
Bütün qan-qada yazılıb.

Bu dağda ki dağdı hələ.
Köhnə bağlar bağdı hələ.
Zakir Məmməd sağdı hələ –
Bir yerdə bu da yazılıb.


İŞIQ

Bu işıq azalan deyil,
Daşı apar ürəyinə.
İşıqlar asılan deyil,
Açsan qapı ürəyinə.

Bu, bir alın yazısıdır,
Hər işıqda söz oxunmaz.
Allahın rəyi olmasa,
Yazılanlar düz oxunmaz.

Bir az ağlasan, gülsən,
Ürəklər yuyular, bəlkə,
Yerinə düşməyən şeylər
Yerinə qoyular, bəlkə.

Bu şələni daşımağa
Qoşul, adamlara qoşul.
Adam kimi yaşamağa
Yaşı çatanlara qoşul.

Ağlayanda adamlara
Güləndə tək özünə gül.
Baxıb işıq udanlara
İşıq udub özünə gəl.

İşıq düşdü bu şeirə də,
Bir söz yatdı ürəyimə.
Bir ağ işıq yandırmağa
Əlim çatdı ürəyimə.



"Quba ədəbi mühiti" - 5 imza
Firuzə MƏMMƏDLİ

İLLƏRİN

Birdən-birə nə düşmüşdü yadına,
Vərəqlədin keçmişini illərin?!
Saydın, seçdin, seçmələdin nə yaxşı
Əllisini, yetmişini illərin?!

Bu seçdiyin ürəyincə deyilsə,
Ələ gələn gərəyincə deyilsə,
Donluq olub, çörəyincə deyilsə,
Nə gəzirsən itmişini illərin?!

Nəyi vardı, xəlbirlədin, ələdin,
Acısını şirininə caladın.
Çağaydımı, – laylaladın, bələdin,
Daha vaxtı ötmüşünü illərin?

Söz gəlişi dedim bunu, incimə,
Hövüllənmə savaşına, dincinə.
At zamanın sənə düşən küncünə
Gəlmişini, getmişini illərin.

Nə qədər ki, yerişinlə dirisən,
Canım-gözüm, beş adamdan birisən.
Çəkmə, çəkmə... Çəkəməzsən geri sən
Ömrü talan etmişini illərin.

Eh, il vardı, vaxt əlində saz idin,
Bir sarışın, bir alagöz qız idin.
Gərək onda arayaydın, gəzəydin
Düzü əyri bitmişini illərin.

Karvan gedib, izi qalıb yollarda,
Zaman adda tozu qalıb yollarda.
Qaytar geri, gözü qalıb yollarda,
Qəfil yada düşmüşünü illərin.

MƏQAM

Nə yerə sığıram, nə göyə indi,
Yerlə Göy arası bölgüyəm indi.
Gələmmir mizana, ölçüyə indi,
Yerimiz olmadı Yer məqamında.

Bir bağlı qapıya açar olmadıq,
Bir əcəl sevgiyə düçar olmadıq.
Tale yoxluğunda naçar olmadıq,-
Dayandıq dözümün şir məqamında.

Gələnə-gedənə əl verdik elə,
Bir isti salama yalvardıq elə.
Demə bir məqamda alverdi elə,
Dünya səxavətdi bir məqamında.

Gileydi, güzardı, gəl unudaq ta,
Yaxşı da, yaman da bizdən uzaq ta.
Hansı günümüzü bəxtə yozaq ta?!
Gömüldük dünyanın sirr məqamında.


Hazırladı:Tural Adışirin
MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ