Yaşar Bünyad: "Qəlpə gəzdirən"

Tarix:19-10-2017, 12:52 Baxış Sayı:151

Yaşar Bünyad: "Qəlpə gəzdirən"
QƏLPƏ GƏZDİRƏN
(hekayə)



...Deməsəydilər də, həkimlərin qoyduğu diaqnozun nə olduğunu bilirdi. Həyata inamını itirmədən hospitaldan evə buraxılanda səhər təzəcə açılmışdı. Dəli bir rüzgar elədən-elə, belədən-belə vıyıldayır, qədim şəhərin küçələrində olan-qalan zir-zibili göyə sovururdu. Sanki həmən vıyıltının yarısı onun içindəydi və onun iç-çalatını, beynində olan-qalan nəyi vardısa, onu da bu zir-zibilə qarışdırıb havada oynadırdı...


Son zamanlar belə hallar tez-tez təkrar olduğundan , baş həkim onu tibb bacısıyla birgə, "Təcili yardım" maşınında evə yola salmağı özünə vəzifə borcu bilmişdi.
Evə dönəndən gözlərini boz tavana zilləyib lal-dinməz uzanmışdı...

Yuxusu yox idi - ərşə çəkilmişdi. Gözlərini qapayıb uzanir, nə illah edirdi, yata bilmirdi. Həkiminin baha qiymətə “tapdığı” dərmanlardan qəbul edir, elə bil arada, beş-on dəqiqə gözlərinin acısını alırdı, amma bu beş-on dəqiqədə gördüyü dəhşətli yuxular onu havalandırırdı. Tez ayağa qalxır, dəhlizdəki şkafın siyirtməsində köhnə pal-paltara büküb gizlətdiyi tapancasını götürür, "İrəli,irəli !..."deyə qışqırır, qışqırır, handan-hana, harda olduğunu anlayandan sonra sakitləşib silahını sinəsinə sıxaraq uşaq kimi ağlayırdı. Yaxşı ki, tapancanın darağı boş idi. Bu məqamda, bircə dənə patronu olsaydı, vurardı özünü. Gücü ağlamağa çatırdı. Ağlayanda, eyni sözləri pıçıldayırdı:
-İ-la-hiii.., niyə məni öldürmədinnn, ni-yəəə?!...
Özündə-sözündə olanda, yəni ağlı başına gələndə ,“o qədər ölməli adamlar var, amma ölmür, ölmək istəmir”- desə də ,onlara yox, özünə ölüm arzulayırdı. Əmin idi ki, bu halıyla həmən ölməli adamların gorbagor olacağı günü çətin görə.
Yox, o dəli deyildi. Dəli özünə ölüm arzulamaz axı? Dəli, hamıdan çox yaşamaq istəyər. Amma çoxları üzünə deməsə də , arxasınca söylənirdilər : ”Başdanxarab...”
Başa düşürdü ki, qəribəlikləriylə hamıdan fərqlənir.”Axı nəyimə gərəkdi?” deyə bilmirdi və onu da anlayırdı ki, dünya necə yaranıb, eləcə də qalır, dərd-sər, ölüm-itim olsa da həyat davam edir, ağlayıb-sıtqamağdan heç nəyi düzəltmək mümkün deyil, bir də, hamının dərdini qarnına doldurub tuluq kimi gəzdirmək ona qalıb?...
Yəqin dəli olmadığı üçün başa düşürdü bunu, amma onu da yaxşı dərk edirdi ki, həyat davam etsə də, nədənsə çox ədalətsiz, insafsız, yəni, “birinə hər şey, yüzünə heç nə “ prinsipiylə davam edir. Bax onda, beyin qapağının altında soyuq küləklər əsaməyə başlayardı, heç kefi olmurdu .
Tutmaları tutanda heç nəyin fərqində olmurdu. Əvvəllər aradabir tuturdu, yuxusu da pis deyildi, ən azından, şikayət etmirdi. Əsasən qarışıq yuxular görəndə, ya da televizorda müharibə filmlərinə baxandan sonra , son döyüş zamanı gizləndiyi səngərin beş addımlığında partlayan mərmilərin uğultusunu eşidir, döyüş yoldaşlarının yanıb qaralmış bədən hissələri gözünün qabağına gəlirib zarıyırdı.
Şənbə günləri "Şəhidlər xiyabanı"nı ziyarət edirdi. Hamı kimi təqvimə əbədi qara yazılmış günlərdə yox, hər şənbə günü!. Hər məzarın qarşısında dəqiqələrlə dayanıb, sakitcə nəsə pıçıldayırdı. Kənardan baxana elə gələrdi ki,o , dua edir. Tanışlığımızdan sonra bir dəfə onunla ziyarətə gedəndə onun sükuta qərq olmuş məzarlara nə pıçıldadığını öz qulaqlarımla eşitdim və tüklərim biz-biz oldu! Təsəvvür edirsən, hər məzarın qarşısında dayanıb ehmalca səcdə qılır, sonra da məzara tərəf əyilir, sanki şəhidin diri ruhuyla danışırmış kimi deyirdi:
-Sənin yerində olaydım!
-Sənin yerində olaydım!..
-Sənin yerində...
-Sənin.......
Bir dəfə soruşdum :-Niyə ölmək istəyirsən? O mənə fikirləşmədən cavab verdi ki, mən çoxdan ölmüşəm. Sənin gözünə görükürəm. Ha-ha-haaa!
...Gec də olsa, 20 yanvar meydanında abidə qoyulanda uşaq kimi sevinirdi. Amma çox keçmədi, abidənin yan-yörəsini kafelər, çayxanalar, pivəxanalar dövrəyə aldı, isti yay axşamları hava qaralanda, çayxanalarda, pivəxanalarda gün keçirən, əksəriyyəti, sidik kisəsi qaynayanda pullu tualetə getməkdənsə abidənin arxasına boşalıb rahatlıq tapanda, gecikmiş sevincini acı bir kədər yuyub apardı, başa düşdü ki, yox, biz düzələn deyilik, biz ölümüzə, ən uzağı qırx gün hörmət etməyi bacarırıq, qurtardı getdi!...
Deyə bilmirdi ki, bığıburma cavanların əlləri pivə bokalı yox, avtomat, barmaqları duzlu noxud yox, tətik sıxmalı, sinəsiylə küçə fahişələrinin dalını yox, səngəri qucaqlamalıdı. Axı kimə deyəydi, haramı dadıb nakam şəhid abidəsinin arxasına işəyənlərəmi?!.. Bir dəfə yox, yüz dəfə demişdi...və cavabını da almışdı:
-Döyüşmüsən, əcəb eləmisən, (“əcəb eləmisən” yox, başqa cürə demişdi, özün başa düşərsən ) minnət qoyma boynumuza... Sağ qalmısan, Allahına şükür elə!..
Belə biganəliyə dözə bilmirdi və içində elə fırtınalar qalxırdı ki, az qala dünyanı başına çevirə.
Daha, nə ölüsünü yerdən götürmək üçün qohum-əqrabasına borclu, minnətli qalıb dəbdəbəli, çil-çıraqlı, yeri xalça , tül pərdəli, ofisiantlı, mikrofonlu molla kürsüsü olan-yas mərasimi keçirənləri, nə də ki, 250 manat məvacib aldığını halda, qaytaracağına ümidi olmadan banklardan külli miqdarda kredit götürüb uşaqlarına maşın, bahalı telefonlar, brend geyim-keçim alan axmaq adamları qınamırdı. Başı çevrilsə də qınamırdı; qanı zəhərləmiş , illər uzunu öz işini görmüş mikrob - paxıllıq, təkəbbür, quru lovğalıq - milli xəstəlik simptomuna çevrildiyindən bu barədə mülahizə yürütmək belə, onu gülüş obyektinə çevirərdi, çünki bu dünyanın adamı deyildi . Bu dünyaya yamaq idi...
***
Ağır döyüşdən beyin travmasıyla hospitala yerləşdiriləndən, düşmən tərəfindən işğal olmuş şəhər və kəndlərin, şəhid dostlarının yasını saxlayır, saqqalını təraş etmirdi. Beləcə iki-üç il saqqallı gəzib-dolandı. Çoxları onu rişğəndlə “patriot” adlandırırdısa da, bundan incimir, camaat arasına çıxanda onu barmaqla göstərənləri vecinə də almırdı. Amma şəhərdə saqqallıların sayı getdikcə çoxalanda fikirləşdi ki, görürsən, patriotlar hələ ölməyib-yaşayır, çoxalır!.. Sonradan dərk edəndə ki, bu saqqal o saqqaldan deyilmiş, onun özgə məramı, məqsədi var və patriotluqla da heç bir əlaqəsi-zadı yoxdu, onda ürəyi göynəmişdi, bir də, başında gəzdirdiyi düşmən qəlpəsi. Əlqərəz, yas saxlamağı özünəməxsus borc bilirdi, o vaxtacan ki, təsadüfən, Şamaxinka tərəflərdə yay kafesinə çay içməyə girdi.
Bir boğanaqlı iyul axşamıydı. Beşmərtəbəli binaların arasında, şam ağaclarının altındakı kafeyə daxil olub , çətinliklə bir boş yer tapıb oturdu. İlk baxışdan hiss olurdu ki, kafe , yay sezonunda qaz vurub-qazan doldurmaq üçün nəzərdə tutulub; ucuz plastmas stol-stul, kohnə-külə qab-qacaq, qəzet parçasından kəsilmiş dəsmallar, lap arxada taxta budkanın yanında tüstülənən köhnə dəmir manqal da “bugün-sabahlıq”dan xəbər verirdi. Açıq havada olmasına baxmayaraq pivə içib çığıra-çığıra danışan müştərilərin səsindən ağız deyəni qulaq eşitmirdi. Ağlına birinci gələn o oldu ki, ayə, bu binalarda yaşayanlar bu vur-haraya necə dözür görəsən? Bir də ağlına gələn bu oldu ki, bir-iki il əvvəl, dava başlayanda bu qədər cavan-cuvanı gündüz də çıraqla tapa bilməzdin.
Ən diqqəti çəkən isə müştərilərə qulluq edən cavan qız-gəlinlər idi, onlar da özlərini elə aparırdılar ki, bura , pivəxanadan çox , başqa “xana”ya bənzəyirdi.
Çay sifariş verəndə ofisiant qız ağız büzüb dedi ki, kişi, ünvanı səhv salmısan, burada kabab, pivəylə noxud verilir. Üzr istəyib güclə tutduğu yerdən qalxıb çıxmaq istəyəndə , əlində pivə bakallarıyla dolu podnos, məsti-xumar olmuş cavanlara dalını sürtə-sürtə cərgələrin arasıyla keçib axırıncı şam ağacının kölgəsində oturan kişilərə yaxınlaşan qonşusu Vaqifin arvadı Şəhlanı görəndə duruxdu. Başındakı qəlpə gizildədi. Özünü güclə saxladı.”Əşi, mənə nə, özü bilər, əri bilər...Əri oğraş bilmir ki, arvadı harda işləyir?”- dedi ürəyində və aralıdan keçib getmək istəyirdi ki, yekəpər kişi stolun üstünə pivələri düzən Şəhlanın yumru dalına əlini qoyub qulağına nəsə pıçıldadığını gördü. Şəhla da qaqqanağ çəkib güldü. Kişi hələ də əlini onun dalında gəzdirir, Şəhla da xoşallanıb əndamını yellədirdi. Onu elə bil tok vurdu. İstədi stolu çevirsin kişinin başına, amma arvadın öyrəncəli olduğunu görəndən sonra fikrindən vaz keçdi. Öz-özünə: ”Görəsən qeyrətdə-namusdan danışıb məhlədə hamıya vedrə bağlayan Vaqifin xəbəri var ki, arvadı sərxoş kişilərlə küçənin ortasında mırt vurur?!.. Əlbəttə var...” fikirləşib ötüşəndə , Şəhla onu saqqalından tanımışdı.
O gündən Vaqiflə salam-kəlamı kəsdi, gördüklərindən elə təsirlənmişdi ki, saqqalını da ülgüclə qırxmışdı. ”Kül mənim təpəmə! Millət kefindən qalmır, mən yas saxlayıram. Kimin, nəyin yasını, a başı küllüü?!...”
Bu hadisədən Vaqifin xəbəri yox idi. Şəhla onu dəfələrlə binanın tinində yaxalayıb aralarındakı sirrin batması təqdirində, utanmadan, özünü ona təslim etməyi də təklif etmişdi . O :- Mən, - demişdi, - kantujenni olsam da , sənin ərin kimi cındır deyiləm, həm də sən ... mənim zövqümdə deyilsən, ha-ha-haa!..

...Hə, dedim axı, donuq gözlərini tavana zilləyib uzanmışdı ki, divar qonşusu Səmayənin cır bağırtısına diksinib ayağa durdu.”Yəqin yenə əri kefli gəlib.” Hava bürkülü olduğundan , tibb bacısı gedərkən eyvanın qapısını açıq qoymuşdu. Ona görə də həyacan siqnalına bənzər səs otağı başına götürdü.
-Yenə başlandı,-deyib, eyvana çıxdı Səmayədən xahiş eləsin ki, səsi başına düşür, bir az yavaşca qışqırsın. Səmayəyə də elə bunu gözləyirmiş ,ətəyini aldı əlinə:
-Nə olub, adə, yenə pis yuxu görmüsən? Bissimillah!...Adə, cəftə suyundan-zaddan iç, özüvə gəl...İşə düşmədüyy?!...
Arvadın tikanlı sözləri iynə olub gicgahına dirəndi.
-Ay Səmayə xala, hansı yuxudan danışırsan? Səsindən divarlar lərzəyə gəlir, binanın özülü tərpənir, bu səsdə yatmaq olar?... O kişini bundan sonra adam eləyə bilməyəcəksən ee, başa düş, qan ki, zəhərləndi, daha faydası yoxdu, qozbel-qəbir məsələsi...başa düşdün?! Qoymazsan xarabamızda rahatca ölək?!...
Səmayə səsinin gur yerinə saldı. Arvad qışqırdıqca elə bil səsi açılırdı:
-Adə, yenə nə gijdəmisən, başün çörülüb? Təzə çıxmısan ki?!...-Daha dalısını gətirmədi dilinə, köhnə ənənəsinə sadiq qalaraq başladı qarabasdıya. -Axşam indi düşüb ki, balam, nə şüvən qopardırsan?...Yox bir ,bina uçdu, məhlə qaçdı... Mənim heç səsim çıxıb?... Ay camaat, kişi bir az içib... içib da... Mən yazığın görəcəyi var eee, ay başuza dönüm, İçim özümü yandırır, çölüm də bu başdan qrijanı!...-Ayaqüstə güclə dayanan Ağakişi eyvanın qapısında görünəndə Səmayə qapıqarışıq onu içəri itələdi. -Sən də əl-ayağıma dolaşma görüüüm !... Külü qoyum təpənə, sənə görə hər başdanxarabla ağız-ağıza gəlirəm... Al-kaş !...
Xasiyyətinə bələd olan qonşular onsuz da səsə çıxan deyildi, çünki bilirdilər ki, həndəvərində çoxlu adam görən Səmayə daha da qudurur, dil boğaza qoymur. Ağakişini içəri itələyəndən sonra , onu təzədən qaralamaq istəyən Səmayənin arzusunu ürəyində qoydu; eyvanın qapısını bərk-bərk bağlayıb vanna otağına keçdi, üzünə soyuq su çəkib qurulandı.
Hələ də Səmayənin cır səsi cingildəyirdi: ”Səni heç sağ yatmayasan!... Bəxtəvər başıma, mənə başdan qrijalar ağıl öyrədir... Dağıl, a dünya!...”
İyirmibeş illik qonşusu Səmayənin vay-şüvənliyinə vərdiş etdiyindən daha əsəbiləşmədi, nə də baş qoşmadı bu qancığa. Pencəyini çiyninə atıb həyətə düşdü ki, bir az sakitləşsin. Səmayənin qulaqbatıran cır səsi hələ də gəlirdi, deyəsən yatmamışdan qabaq ərinin "aşını-suyunu" verirdi ləçər...
Əvvəllər Səmayənin səs-küyü ona lap ana laylası kimi şirin gələrdi. Heç Ağakişi də əvvəllər çox içməzdi; bayramdan-bayrama, toydan-toya yüz-yüz əlli qram gillədərdi. Sərdarov zavodunda yaxşı işi, hörməti vardı. Qızlarını köçürəndən bir il sonra zavod bağlandı, qaldı işsiz və hər gün , gül kimi dövləti dağıtdığına görə Qorbaçovu söyə-söyə içməyə başladı. Bir tərəfdən də arvad ona göz verir, işıq vermirdi...
***
Müharibədən qabaq əməlli- başlı adam idi; universiteti fərqlənmə diplomuyla bitirib elmi-tədqiqat institutunda işləyirdi. Amma arzuları bircə anın içində puça döndü , özü də təkcə onun yox, çoxlarının.

Elan olunmamış müharibə məmləkətin altını üstünə çevirəndə, “zəmanə adamları” işbazlıq etmək üçün yaranan münbit şəraitdən səmərəli istifadə edib arxa cəbhədə və “zəmanədən geri qalanlar” silaha sarılıb müharibəyə, döyüşə getdi. Onların yarısı şəhid, çoxu da onun kimi yararsız, yəni şikəst oldu- ömürlük.
Döyüşdən , cəmiyyətə “yararsız” qayıtdığından , faciəsi də o gündən başladı; institutda , hansısa məmurun bacanağının oğlunu onun yerinə götürmüşdülər və “elm can verir, bala, akademiyada “sokraşeniya” gedir, oğul” deyib, hospitaldan verilmiş arayışdakı diaqnozu üzünə vurmadan, mədəni formada yola salmışdılar. Həmən arayışa görə, elə ilk baxışdan da, özündən ixtiyarsız xəstəliyini biruzə verdiyindən üzünə bütün qapılar bağlanmışdı. Ümidi, tanışlıqla düzəltdiyi əlillik pensiyasına qaldığından qəpik-quruşla dolanır, bəzən də məhəllədən uzaqlarda yerləşən marketlərdə, bazarlarda yük daşımaqla çörək pulu qazanırdı.

İndi Səmayəyə baş qoşmaq , güclə tapıb aldığı bahalı dərmanları zibilliyə tullamaq, dərdinin üstünə dərd gətirmək demək idi. Həyətə düşüb qoca tut ağacının altında oturub sakitləşmək istədi, siqaret tüstülədə-tüstülədə tindən çıxan Vaqifi görəndə fikrindən daşındı, bu oğraşla üz-üzə gəlməməkçin cəld geri qayıtdı, evə girib soyuducudan ayran götürüb içdi, televizoru qoşub divana yayxandı.
Diktorun səsi , hələ də deyinən Səmayənin səsini batırdı. Məşhur müğənniylə müsahibə aparırdı.
-İndi də son layihələrinizdən danışın, xahiş edirəm.
“Sizin zatınıza lənət!...Onun da layihəsinə... Camaat , nə hayda...Tfu!...”
Deyəsən , əməkdar, ya da xalq artistiydi, əynindəki paltardan kişi olduğu bilinirdi, amma incə xanımlar dəstiri, barmağının ucunu təzəcə alınmış qaşlarının altında gəzdirdi, bir az nazlandı, qulağındakı sırğanı barmaqlarının arasında oynada-oynada gözlərini süzdürüb cavab verdi:
-Hamı yaxşı bilir ki, mən hərbi hissələrdə çoxlu konsertlər verir, hərbiçilərə döyüş ruhlu nəğmələr oxuyuram. Bu torpağın qeyrətli oğlu kimi...
“Bunun sırqalarına bir bax!... A səni əkənin!...”
- ...Qarabağ haqqında silsilə mahnılar üzərində işləyirəm. İstərdim ki, gələn Novruz bayramında , Şuşada konsert verəm . Mətbuat katibim Sema, prodyüsserim Kama...
Dəli kimi yerindən sıçradı, eyvanın qapısını açmağıyla televizorun üstünə cumdu, onu iki əlli qamarlayıb eyvandan eşiyə tullamağı bir oldu. Qonşu qarajının damına çırpılan televizor bomba kimi partlayanda, bağırdı:
-Hə, necədi?! ...Lənətə gələsiz!... Başınızı dik tutub necə gəzirsiz?!...Lənətə gələsiz!...
***
...Əvvəlcə damcılar ara –sıra yanağına düşdü,elə bildi yuxu görür, sonra su şırhaşırla axmağa başlayanda hövlnak yerindən qalxdı, daş kimi yatan ərini dümsükləməyə başladı:
-Qarabala, adə, Qarabala, ölmüsən?! Dur ee, evi su basıb, dur!... Belə qonşuluq olar, sən Allah?!...
Birinci mərtəbədə yaşayan Qarabala, arvadının səsinə ayılanda gözlərinə inanmadı; yarıqaranlıq otağın tavanından, divarlarından şırhaşırla su axırdı. İkisi də döyüküb bir-birinə baxırdılar ki, yuxarı mərtəbədən hay-harayı eşidib eşiyə çıxdılar.
-Vaxseyy!... Evimiz yıxıldı!... Biz indi haranın daşını tökəy başımıza?!... Kreditlə təzəcə təmir eləmişdik evi... Poxa döndüki?!...
Bu Qasımım arvadının çıqırtısıydı. Bütün bina hay-küyə yığışanda baxdım ki, su üçüncü mərtəbədən axır. Başqa vaxt cirəylə verilən su , sanki hikkəylə aşıb-daşır, üst-üstə iki mərtəbəni islahatdan çıxarmışdı.
Hiss elədim ki, nəsə olub, yuxarı cumub var-gücümlə qonşumun qapısını döyəclədim, hay verən olmadı. Bu vaxt , gecə köynəyində , əsnəyə-əsnəyə qapıdan çıxan Səmayə xala məndən soruşdu:
-Ay oğul,qapını niyə sındırırsan? Nolub ki? Aaa...
Üzbəüz qapının altından pilləkənlə süzülüb axan suyu görəndə arvadın rəngi ağardı.
-A başuva dönüm, bu nədi belə?! Suyun rəngi niyə qırmızıdı? Bıy, başıma xeyir!...
Mən heç fikir verməmişdim - doğrudan da su qırmızıya çalırdı. Qapını durmadan döyəcləyir, qonşumu haylayırdım. Səmayə dedi ki, gəl eyvandan keç içəri, gecələr qapını açıq qoyur o başdan qrija!...
Səmayəgilin eyvanından içəri keçib dəmir qapını açmağım beş dəqiqə çəkdi. Qonşular birotaqlı mənzilinə doluşdular. Kimsə boğuq səslə “vaxseyy!” deyə qışqırdı, kimsə su kranını bağladı. Səmayə də “A başı xərəb, niyə belə elədün, həə?!” deyib kişiləri köməyə çağıırdı...

Dəlisov külək şəhərin üzünü sığallayanda, səhərin təzəcə açılmasına baxmayaraq , 20 yanvar meydanının həndəvərindəki adamla dolu, səs-küylü pivəxanaların, ticarət köşklərinin yanından , on-onbeş nəfər, ətrafın qələbəliyində diqqət çəkməyən cənazəni Yasamal qəbristanlığına sarı aparırdı...
O, kefindən qalmayan dünyadan köçürdü . Kəlləsində ilişib qalmış balaca qəlpə onu bir daha incitməyəcəkdi...



MANERA.AZ






Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ