Mənim səndən uzaqlarda yamandı halım, necəsən?

Tarix:16-10-2017, 13:07 Baxış Sayı:915

Mənim səndən uzaqlarda yamandı halım, necəsən?
Manera.az tanınmış şair İbrahim İlyaslının şeirlərini təqdim edir:

NECƏSƏN

Mənim səndən uzaqlarda
Yamandı halım, necəsən?
Özgəsinə qismət olan
Cahı-cəlalım, necəsən?

Yalana döndü gerçəyim,
Ay gözəlim, ay göyçəyim.
Çəmənim, çölüm, çiçəyim,
Pətəyim, balım, necəsən?

Daşam yolun üstə bitən,
Nə sirdi anlamaz yetən.
Gözü, könlü dil-dil ötən,
Dilləri lalım, necəsən?

Zər-zibam, ləlim, gövhərim,
Yaqut-yəmən, simu-zərim,
Barmaqları bəxtəvərim,
Başı bəlalım, necəsən?

Üzün dönməz mənə sarı,
Yarı öz ömründən, yarı.
İbrahimin sitəmkarı,
Necəsən, zalım, necəsən?

HARDASAN DÜNYANIN HALAL ADAMI

Hardasan dünyanın halal Adamı,
Hardasan, varmısan?–Səsimə səs ver.
Məndən o tərəfə sən tükənirsən,
Səndən bu tərəfə mənə nəfəs ver.

Məndən o tərəfə, səndən bu yana,
Nə kökdədi dünya, xəbərin varmı?
Tapşırıb yellərə, büküb al-qana,
Bir ürək yollasam sənə çatarmı?

Bilərmisən hankı məmləkətdənəm,
Hansı millətdənəm bilərmisən sən?
Bu aciz halıma ucalığından,
Baxıb acı-acı gülərmisən sən?

Vurnuxub qalmışam dünya içində,
Mənə bir yol salğa özünə doğru.
Qurtulum bəşərin adiliyindən,
Sürünüm mübarək izinə doğru.

Hardasan dünyanın halal Adamı?–
Sən haqsan, sən varsan!–Səsimə səs ver.
Qapında ən sadiq nökərin ollam,
Mənə bu Şahlığı, nolar, tələs ver.

MƏNİ BU QƏLƏMDƏN QORU,İLAHİ

Küfr mənlik deyil… Əstəğfürullah! –
Sənə can atıram, sənə, İlahi!
Şeytan bardaş qurub kürəyimizdə,
Aman vermir gələk dinə, İlahi!

Burdan daşlayırsan, o yandan çıxır,
Ordan təpinirsən, burda hazırdı.
Dünən gözlərimlə gördüm, masamda
Əyləşib yerimə şeir yazırdı.

İşə yüyürürsən – iş yerindədi,
Dükana girirsən – vitrindən baxır.
Meyxanadan qovub rədd eləyirsən,
Məscidin önündə qarşına çıxır.

Gah əziz dost kimi girir qollara,
Gah qarşı səngərdə top dalındadı.
Gah dilənçimisal çıxır yollara,
Gah milyonermisal qul halındadı.

Bir əli göydələn saraylar tikir,
Bir əli ehmalca qazır altını.
Söyürəm, əlimdən özgə nə gəlir,
Hərçi – pətərinin yeddi qatını.

Elə qucaqlayıb Yer kürəsini,
Bir küncü – bucağı çıxmır yadından.
Şərqdə müharibə alovlandırır,
Qərbdə dil – dil ötür “barış” adından.

Yerdə sahibidi küll-ixtiyarın,
Mahuyət-ül iblis, surət-ül cindi.
Şahlar ən sevimli oyuncaqları,
Rəiyyət əlində plastilindi.

Yoxmu bu gedişin dönüşü, yoxmu,
Yoxmu bu gərdişin sonu, İlahi?!
Bu şeirdə şeytan barmağı varsa,
Məni bu qələmdən qoru, İlahi!

O SEVDALI ÇAĞLAR YADINDADIRMI?

O sevdalı çağlar yadındadırmı?-
Bir mən igidiydim, bir də sən gözəl.
Dünyada mənə tay dəli yoxuydu,
Yoxuydu dünyada sənə tən gözəl.

Bə heç demirsənmi hardadı görən
İpək tellərinə nərgizlər hörən?…
Səniydin onlara yaraşıq verən,
Nə çiçək gözəldi, nə çəmən gözəl.

Sevgi bir yol gələr adama haqdan,-
Sənin divanənəm elə o vaxtdan.
Gözümə ağ gəlib yola baxmaqdan,
Ürəyə xal düşüb, saça dən, gözəl.

Mən ömür sürmədim – vaxtdı, uzatdım,
Sənsizlik adıyla başımı qatdım…
Göynəyə-göynəyə əlliyə çatdım,-
Gülə-gülə ölləm “öl” desən, gözəl.

Gör mən nə saymışam, fələk nə sayıb –
Dönüb sənə baxmaq sayılar ayıb…
Aradan qırx igid ömrü adlayıb,-
Mən həmən dəliyəm, sən həmən gözəl!

ÖMRÜM

Nalədəndir ney kimi avazeyi-eşqim bülənd,
Nalə tərkin qılmaz eşqim doğransam da bəndi-bənd.

I

Dünən bir tənəli söz dedin mənə,-
Nə şirin səsləndi, yenə de, ömrüm!
Nə xoşuymuş SƏNin acını çəkmək,
Ən acı sözünü mənə de, ömrüm.

Ərkini görk elə – nə sədd, nə sərhəd,
Unut nə olandı insaf, mərhəmət…
Mahnıda deyir e… kəs, doğra bənd-bənd,
Canım ney deyil də, bə nədi, ömrüm?

Mən yaxşı bilirəm nədi bu yollar,
Yol içində otlar, yol üstə kollar…
Mənə bu zülümü çox görmə, nolar?-
İndi son ümidim SƏNədi, ömrüm!

II

Gecən xeyrə qalsın, yuxun bal olsun,
Xeyirnən açılsın sabahın, ömrüm.
Ömründə bu türlü gecə olmayıb,
Billah, nə dərvişin, nə şahın, ömrüm.

Sön dedin, göylərin çırağı söndü,
İtirdim qibləmi – bu hansı yöndü?
Ağzımdan çıxınca bülbülə döndü,-
Hanı bərabəri bu ahın, ömrüm?!

Olmazlar vardı ha… nəhayət, oldu,
Eşqin sirr üzünə səyahət… oldu!
Yanında gündüzlər xəcalət oldu,
Gecəsinə şükür Allahın, ömrüm!

III

Gözündən irağa qoyma, təngidim,-
Mənə hava göndər bir udum, ömrüm.
Sinədən sıyrılmış ürək kimidi,-
Gör necə çırpınır vücudum, ömrüm!

Gəl ya dəli elə, ya qandır məni,
Ya gizlət ovcunda, ya yandır məni.
Hər gün bir yalana inandır məni,-
Səndən üzülməsin umudum, ömrüm.

Həqiqət deyilən yalanım sən ol,
Mənə məhşərəcən qalanım sən ol.
Olanın mən olum, olanım sən ol,-
Hər şeyi, hamını unudum, ömrüm!

IV

Əvvəl sevirəm de,sonar at məni,
Ən dərin dərəyə at məni,ömrüm.
Od kimi yaşamaq borcum var mənim,
Şəhla gözlərində çat məni,ömrüm.

Divanə olanın məskəni çöldü,
Bir barmaq alovdu,bir ovuc küldü.
Mənim tək qulların yeri könüldü,
Gözündən könlünə sat məni,ömrüm.

Oydur gözlərimi,gözütox olum,
Bir az artır məni,bir az çox olum,
Səndə var olmuşam,səndə yox olum,
Əridib özünə qat məni,ömrüm.

BAŞINA DÖNDÜYÜM

Uca tanrım, ucalığın haqlandı,
Bir mətləbim var, başına döndüyüm:-
Məni qoymur öz ömrümü yaşayam,
Abır – həya, ar, başına döndüyüm.

Dindirirəm – qara daşlar ağlayır,
Dillənmirəm – dilim mamır bağlayır.
Dərələrdə sellər məni haqlayır,
Zirvələrdə qar, başına döndüyüm.

Bu yürüşnən bir mənzilə çatmazdım,-
Belə bilsəm, heç başımı qatmazdım.
Mənə qalsa, ipə – sapa yatmazdım…
Yatdım, oldum xar, başına döndüyüm.

Ətək – ətək üstümə od tökdü ki,
Kəlmə – kəlmə ürəyimi sökdü ki…
Ağ günümü göy əskiyə bükdü ki,
Bir nainsaf yar, başına döndüyüm.

Təmənnam yox kimlərdənsə baş olum,
İbrahiməm, İbrahim də kaş olum,
Ya bilmərrə daşa döndər, daş olum,
Ya neynirsən gör, başına döndüyüm!

GÖZƏLLƏMƏ

Gözəllik bəşərə görk olsun deyə,
Qıydı Yer üzünə fələklər səni.
Dayandı səcdənə ulduzlu Göylər,
Qısqandı Allaha mələklər səni.

Billah, belə sevda gəlməz hər başa-
Od suya calandı, alqış qarğışa.
Yanıb kül olunca qıldı tamaşa
Şövqündən əriyən bəbəklər səni.

Şimşəklər teyləndi qəfil üstümə,-
Döndü qəflətxanam altı-üstünə.
Susadı qanıma, durdu qəsdimə,
Öpüb oxşadıqca küləklər səni.

Qüdrətim çatmadı vəsfi-halına,
Pir deyib, əyildim gül camalına.
Belə çoxmu gördü qul misalına,
İblis yuvalanmış ürəklər səni?

VARsansa – varımsan, YOXsansa yoxum,
Ən halal zülmümsən, ən haram yuxum.
Sağ qalınca cismim, ölüncə ruhum
Müdam ayağına iməklər sənin.



* * *
Xalamoğlu, böyük şair Akif Səmədin
əziz xatirəsinə

Mənim xalamoğlu doğru kişiydi,
Yalanlar öldürdü Akif Səmədi.
Adı tutulmağa layiq deyillər,
Filanlar öldürdü Akif Səmədi.

Qorxu olmaz dedi türkün qanında,
Qılınctək sıyırdı qələmi qından.
Millətin ruhunda, yurdun canında
Talanlar öldürdü Akif Səmədi.

Şuşaya dönərik dedi gün gələr,
Qəhr olar yağılar – qalxar süngülər.
Qaçqınlı, köçkünlü tinlər, döngələr,
Dalanlar öldürdü Akif Səmədi.

Şairlər tanıdı – yaramaz, yaltaq,
Könlündə darğalıq, boynunda xalta.
Həqiqət deyənin dilinə balta
Çalanlar öldürdü Akif Səmədi.

«Tülkülər bəy oldu, dərələr xəlvət»,
Sözünə qulp qoydu hər yırtıqsəbət.
Tələbədən rüşvət, əsgərdən rüşvət
Alanlar öldürdü Akif Səmədi.

Qalxdı yamacların görkək yerinə,
Sindi bərələrin hürkək yerinə.
Bənövşə-nərgizi türpək yerinə
Yolanlar öldürdü Akif Səmədi.

Bildi dünyalıqdı dünyanın varı,-
Yarı yolluları, yarı yolları.
Gəzdi bu dünyada olmayanları,
Olanlar öldürdü Akif Səmədi.

BİLDİM

Dünyanın ikicə rəngi varıymış,-
Bildim qara nədi, ağ nədi, bildim.
Balamın dilindən bir söz eşitdim,
Dağ üstən çəkilən dağ nədi, bildim.

“Yox”dan yola çıxdım, yol məni getdi,
Kəm məni kəsdirdi, bol məni getdi.
Mən sağı getdikcə, sol məni getdi,
Axır ki sol nədi, sağ nədi, bildim.

Doldu piyalələr, boşaldı camlar,
Sərxoş damağımı dəyişdi tamlar…
Qaranlıq könlümdə yandıqca şamlar
Ürəkdən əriyən yağ nədi, bildim.

Adlayıb dünyanın Hun hasarından
Qopdu şah millətim şah damarından…
Sındı məmləkətim sınırlarından,-
Çəpəri pozulan bağ nədi, bildim.

İbrahim İlyaslı, budurmu qanmaq?-
İşin-peşən oldu tutuşub yanmaq.
Haqqı buluncaymış fələyi danmaq,-
Bildim nahaq nədi, haqq nədi, bildim.

AVTOPORTRET

Nə tez inadına daş dəydi belə,
Nə tez inamına dəyib qayıtdın?
Yenəmi ağlını ürəyin kəsdi?
Yenəmi baxtını söyüb qayıtdın?

Qoşulub getdinmi durna dəsinə,
Bir kimsə yolundan saxlamadı ki?
Buludlar üz qoydu Yer kürəsinə,
Göy üzü yerindən laxlamadı ki?

Hər şeyə ad varsa, ad qoyan da var,-
Bəlkə dağlar dərə, dərələr dağdır?
Bəlkə bu ağlardı elə qaralar,
Bəlkə bu qaralar elə dümağdır?

Gülürsən, gülməli burda nə var ki?-
Ancaq ağlamalı bir şey də yoxdur.
Görürəm, gözünü göynədir rəngi,-
Bir az bu söhbətin işığı çoxdur.

Hə, bir də azadlıq deyirdin axı,
Elə bir söz-söhbət gəzir arada.
Sənin azadlığın içindən axır,
İçindən axacaq bundan sonra da.

Əlində olsaydı öz ixtiyarın;
Çoxdan ilim-ilim itməliydi ki.
Axı, bu ürəklə. canım-ciyarım,
Sən hansı mənzilə yetməliydin ki?

Bu mizan-tərəzi düzələr çətin,
Yəni bu görklər də ağ yalandımı?
Ənəlhəqq! – çığıran bir məmləkətin,
Yenə səltənəti yağmalandımı?!

Nə bir kömək dilə, nə təsəlli um,
Ondan adamlarda yığın-yığındı.
Sənin qovuşmalı iki Yerin var,-
O sənin TANRIn və TƏNHALIĞINdı.

GETSİN

Gəl sənə bir yalan uydurum, könül,
Adına aldanıb yaşa da getsin.
Ən böyük yalanmış doğru deyilən,
Doğruçu olmağı boşla da getsin.

Dosta yalan danış, yara yalan de,
Dağa dərə söylə, quşa ilan de.
Baxıb olmazlara: budu olan,- de,
Oxunu daşlara tuşla da getsin.

Təpil yarğanlara, çəkil çallara…
Boylan məzə kimi qeylü-qallara.
Çürük matahını bürü şallara,
Bəh-bəhnən alınsın, xoşa da getsin.

Nə gözəl toxunub fələyin toru?-
Adam özü qaçır ağzına doğru.
İçində quldurdu, çölündə oğru,
İçini-çölünü xışla da getsin.

Ömür deyiləni qılıqla, yanla,
Fanidə oyun qur cisimlə, canla.
Bir zaman qapına gerçək yalanla
Qoşamı gəlmişdi? – Qoşa da getsin!

HAQQ SƏNƏ NƏ VERSİN…

Məni başa düşmək belə zülümmü,-
Mən nə deyirəm ki, haqdan savayı?!
İndi bu haqq sənə sərf eləmirsə,
Mən durub nə deyim “yox”dan savayı?

Sən köhnə zahidsən, qanımı iç, doy,-
Yenə bir “Ənəl-Həqq” aşiqini soy.
“Mən ölü – Sən diri”, axtarıb ad qoy,
Ağ baxtıqaraya ağdan savayı.

Faili-muxtarsan, budu yadında,
Boylanıb baxmırsan nədi zatında…
Haqq sənə nə versin iman adında
Qalxa bilmədiyin taxtdan savayı?!

SAZIMA

Üzündən,gözündən küsgünlük yağır,
Deyən küsdürmüşəm o ki var,səni.
Mənim ağuşuma qıymaq istəmir,
Mehrinə küsənən daş-divar səni.

Bu uzun həsrəti qısa bilmişəm,
Necolub bu qədər susa bilmişəm,
Nə özüm bağrıma basa bilmişəm,
Nə gəlib dindirib Şəhriyar səni.

Dəryalar sinirməz bu boyda ahı,
Duyunca dağılar göylərin tağı,
Buyur fərmanını,könüllər şahı,
Cəza mənim olsun,ixtiyar sənin

NƏ OLUR MƏNƏ HAQQ OLUR

Nə olur mənə haqq olur,
Mənim işim haqq iləndi.
Şah kimdi? – Allahın qulu,
Hökmü-fərma taxt iləndi.

Dünya qananla doludur,
Sağ yenə sağın soludur.
Yol olan yoxluq yoludur,
Varlıq olan vaxt iləndi.

Eşq nədi – işığın səsi,
Eşq nədi – sözün nəfəsi.
Eşqdi Allahın kölgəsi,
Eşqə düşmək baxt iləndi.

HARDASAN

Məni doğmalar təkləyib,
Ən yaxın yadım, hardasan?
Qırılıb düşüb yanıma
Qolum-qanadım, hardasan?

Sevincinə sallanır “ah”,
Kədərə bax – Allah, Allah!
Ya İbrahim-Xəlilüllah,
Sınır inadım, hardasan?

Lənət qarana, ağına,
Lənət dostuna, yağına…
Axır gəldim ayağına
Dadi-bidadım, hardasan?!

GƏL,KÖNLÜNƏ BİR SÖZ DEYİM

Mənim yüküm ağırdı, dost,
Mənnən yola varamazsan.
Mənim göyüm sağırdı, dost,
Sən altında duramazsan.

Mən həm yoxam, mən həm varam,
Qarda odam, odda qaram.
Quluna aciz hünkaram,
Niyə, nədən – soramazsan.

Nədir əyrində düz – deyim,
Nədir birində yüz – deyim.
Gəl, könlünə bir söz deyim:
Bir də məni aramazsan!

SƏNƏ HEYRAN

Səfərə çıxırsan – uğurlar olsun,
Özündən muğayat ol, sənə heyran.
Qoy öpsün mübarək qədəmlərini
Bəxtəvər-bəxtəvər yol, sənə heyran.

Sayənə sərilən yerlər sayıldı,
Ətrini duyunca güllər bayıldı…
Göylər başın üstə hayıl-mayıldı,
Sağ sənə heyrandı, sol sənə heyran.

Həsrət gözlərini oyub, gözləyir,
Qurbanlıq qəlbini soyub, gözləyir.
Qanını qaşığa qoyub gözləyir,
İbrahim dediyin qul, sənə heyran.

GƏL

Nerələrdə qaldın, gözümün nuru,
Bir anlıq həsrətin bir il oldu, gəl.
Sırsıra bağladı ocağım-odam,
Sənsiz Sumqayıtım Sibir oldu, gəl.

Gözəllər xasından sevib-seçdiyim,
Keç desə yolunda candan keçdiyim.
Oturub-durduğum, yeyib-içdiyim.
Yatıb-oyandığım səbir oldu, gəl.

Allahdan aşağı nə var unutdum,
Tutiya ətrinlə könlüm ovutdum.
Hər kəlmə başında adını tutdum,
Hər kəlmə canıma cəbir oldu, gəl.

İSTƏYİR

Bilirsənmi, səni, ömrüm,
Ürəyim necə istəyir…
Elə SƏN deyib döyünür,
Hər gün, hər gecə istəyir.

Kürləşib uşaq sayağı,
Dinc durmur əli, ayağı.
Bu qədər qoruq-qaytağı
Almır da vecə, istəyir.

Nə işarət, nə söz qanır,
Nə “səbr elə”, nə “döz” qanır.
Alov tanıyır, köz qanır,-
Tezcə, lap tezcə istəyir!

BARIŞIR

Nə sirdi, bu xalq deyilən,
Susub, ünüynən barışır?
Yeddi yerə parçalanır,
Yeddi yönüynən barışır!

Odlara düşür, buzlayır,
Dərya içir, susuzlayır.
Yağı gönünü duzlayır,
Duzlu gönüynən barışır.

Qalan şey yalandı, yalan,
Bir sualdı mənə qalan:-
Kölənin köləsi olan
Hansı günüynən barışır?!

HƏR İŞİN GÖZƏLDİ…

Hər işin gözəldi sənin, ay gözəl,
Sən mənə zülmü də gözəl verirsən.
Açılır ovucun ağ zambaq kimi,
Həsrəti vüsaldan əzəl verirsən.

Özüyün özündən xəbərin yoxdu,
Bu boyda dünyaya sığışmır ədan.
Düzlərdə pələsəng olub qalmışam,
Dağdan səsin gəlir, dəryadan sədan.

Yollar bihuş olur sən yeriyəndə,
Qarşına yüyürür güllü cığırlar.
Quşlar budaqlardan, balıqlar sudan,
Çiçəklər çəməndən sənə baxırlar.

Qəddinə küsənir sərv ağacları,
Dəli qızılgülün hirsi qındadı.
Yerindən tərpədir ətrin daşları,
Yer üzü heyranlıq məqamındadı.

Belə ovsunlayan olmayıb məni,
Sehir qızı sehir, sirr qızı sirsən.
Öyrətmən yaradıb yaradan səni,-
Bəşərə gözəllik dərsi verirsən.

MƏKTUB

Çəkildim qınıma, elə çəkildim,
Daha yollarında duman deyiləm.
Nə məndən mərhəmət gözləmə daha,
Nə səndən mərhəmət uman deyiləm.

Yığışdır yolumdan baxışlarını,
Bu yollar sənsiz də udacaq məni.
Mən sənin adını tuta bilmirəm,
Hardasa qarğışın tutacaq məni.

Çiçək ətri kimi uçub gedənmiş,
Bir çiçək ömrünü yaşayan çevgi.
Məni qıyma-qıyma doğradı keçdi,
Məni misra-misra daşıyan sevgi.

Demirəm bağışla, keç günahımdan,
Kim kimə bağışlar günahı bunca?
Özüm də keçmərəm heç günahımdan;–
Ya keçilən günah – ya alınan can.

Bir ulduz gözləyir göydə hərəni,
Hər adı bir ulduz çəkib aparır.
Bu gecə son dəfə aç pəncərəni,
Adımı pıçılda göylərə sarı.



***
Könül, bunca qəm eləmə,
Qalmarıq naçar, inşallah.
Yerdən umud gözləməyən,
Quş olub uçar, inşallah.

Ovcunda boğulur səsin,
Sızlama Allah bəndəsi.
Bu yerin, göyün yiyəsi,
Bir gün nur saçar, inşallah.

Haq deyib haqlayan Tanrı,
Haqqa gün ağlayan Tanrı.
Bir yandan bağlayan Tanrı,
Bir yandan açar, İnşallah.

BİR SƏNSƏN KÖNLÜMDƏ…

Qəlbində yerim yox, köksündə necə?...

Qəlbimin başında qurulu taxtın,
Köksümün üstündə yerin bəllidi.
Bir sənsən könlümdə, bu gecə haqqı,
Bir də sənsizliyin sitəmləridi.

Payız yarpağıtək saralıb-sollam,
Üstümü almağa qarlı qış gələr.
Qanlı qismətimin qurbanı ollam,-
Bəlalı sevdalar mənə tuş gələr.

Sən də xoş gəlibsən, buyur başa keç,
Könül ovçusunun yeri başdadı.
Mənim kimi şikar görübsənmi heç?-
Mənim tək şikarın yeri başqadı.

Aman ver, söküldü canımın tabı,
Ruhumun qalası baxışlarında.
Mələk “günah”ı var, şeytan “savab”ı
Zalımın balası, baxışlarında.

Mən eşq əsiriyəm, gül sevdalısı,
Bircə bülbüllərə həsədim qalır.
Mən eşqə düşəndə canla düşürəm,
Çıxanda quruca cəsədim qalır.

Qəlbimin başında qurulu taxtın,
Köksümün üstündə yerin bəllidi..
Bir sənsən könlümdə, bu gecə haqqı,
Bir də sənsizliyin sitəmləridi.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ