Yaşar Süleymanlı: "ƏSARƏT"

Tarix:16-10-2017, 12:46 Baxış Sayı:241

  Yaşar Süleymanlı: "ƏSARƏT"
Uzaqdan atılan top mərmilərinin gurultulu səsini eşitdikcə Xallı başını pəncələrinə sıxaraq zingildəyir, ara sakitləşən kimi ayağa durub var gücü ilə dartınaraq boğazındakı zəncirdən qurtulmaq istəyirdi. Günlərdir zənciri qırmağa, bu əsarətdən qurtulub azad olmağa cəhd etsə də bütün cəhdləri boşa çıxır, əvəzində büsbütün taqətdən düşərək yenə uzanıb yazıq-yazıq zingildəyirdi. Bir zamanlar ona atılan sümük parçalarını yuvasının ətrafında qazıb basdırdığı yerlərdən bir-bir çıxarıb yemış və beləcə bir müddət aclığını dəf etmişdi. Amma susuzluq ona əzab verdiyindən get-gedə daha aclığını da hiss eləmirdi.

Onun bir tək istəyi vardı, bu zəncirlərdən qurtulmaq, azadlığa qovuşmaq.

Yenə top mərmisinin gurultusu canına vəlvələ saldığından qaçıb yuvasının bir küncünə sığınaraq titrəməyə başladı.

Xallı bir türlü olub keçənləri dərk edə, anlaya bilmirdi. Nələr baş verirdi?!

İlk öncə çox sevdiyi sahibi bir səhər ala-bula bir geyimdə əlində silah ona yaxınlaşıb başını sığallamış və ərklə: - Bax, Xallı, bu ev-eşik sənə əmanətdir, buraları yaxşı qoru,- deyərək hətta ilk dəfə onu qucaqlayıb öpmüşdü. Bir neçə gün sonra elə bil göylə yer birləşmiş, tufan qopmuş, dəhşətli gurultu, partlayış səsləri, qışqırıq, qadın, uşaq ağlaşması bütün kəndi başına götürmüş, sahibəsi iki körpə balasını köksünə sıxaraq başı açıq, ayağı yalın harasa qaçıb getmişdi. O gündən elə bil ev-eşik kimi kənd də boş qalmış, insan ayağı bu yerlərdən kəsilmişdi. Bütün günü eşidilən atəş səsləri kəsilən kimi həyətlərdən itlərin ulaşma səsi ərşə qalxırdı. Bu digər itlər də onun kimi qəfil hücumdan canlarını qurtaran insanların onları azad etməyə, özləri ilə aparmağa macalları olmadığından elə zəncirdəcə tərk edilib qalmışdılar. Bir yandan aclıq, bir yandan isti, bir yandan da əzablı susuzluq Xallını tamamən haldan salmışdı. Göydən elə bil od yağırdı. Dilini bayıra çıxardıb ləhlədikcə boğazı daha da quruyur, susuzluqdan udquna belə bilmirdi. Yenə yuvasının bir küncünə sıxılıb başını pəncələrinə söykədi. Saatlarla tərpənmədən heykəl kimi donub bir nöqtəyə baxır, elə bil nəyi isə, kimi isə gözləyirdi. İtlərin ulaşması yenə kəndi başına götürmüşdü. Onun kimi ac, susuz itlər fəryad edir, bəlkə bu fəryadlarına bir hay verən, onları eşidib xilas etməyə gələn olar ümidi ilə dayanmadan ulaşırdılar. Xallı həvəssizcə qalxıb yuvasından bayıra çıxdı. Dolun ay çıxmışdı, göydə ulduzlar bərq vurur, elə bil bu zülmət dünyanı işıqlandırmaq üçün bir-biri ilə bəhsə girib kim daha çox işıq saçar deyə bu qan-qadalı, əzab və ölüm qoxuyan dünyaya rişxənd ilə tamaşa edirdilər.

Xallı başını göyə qaldırıb bir müddət aya və ulduzlara tamaşa elədi. Zəncirdən dartınıb bir az da göyə sarı dikəldi. Sanki, bu cəhənnəm əzabı ilə dolu, qan-qadalı dünyadan ayrılıb göydə bəxtəvərcəsinə parlayan o uzaq ulduzlara getmək isəyirmiş kimi elə hey göyə sarı dartındı. Taqəti kəsilən kimi geri- öz yerinə qaytdı. Ləhləmək istədi, ağzında susuzluqdan qurumuş dili odun parçası kimi olmuşdu. Yenə ulduzlara, yenə aya baxıb, kədər, hüzün, nifrət dolu bir hayqırtıyla ulamağa başladı. Elə bil bu hayqırtıyla onu dilsiz, ağıssız yaradıb bu zəncirlərə məhkum etmiş tanrıya "axı mənim günahım nədir" deyərək üsyan eləyirdi. Xallının ulamasına bənd imiş kimi kəndin bayaqdan susmuş bütün itləri bir ağızdan ulamağa, fəryad dolu səslər çıxarmağa başladılar.

Xallı susuzluğun od vurub yandırdığı boğazından qopan bu nalədən elə bil özü də qorxmuş kimi kənara sıçrayıb bir müddət tir-tir əsdi və yenə yerə çöküb başını ayaqları arasına alaraq dolun aya və saysız-hesabsız ulduzlara baxmağa başladı.
Bir neçə dəqiqə sonra göy üzündən bir gurultu, bir həngamə qopdu ki, gəl görəsən. Başqa vaxt bu cür səslərdən qorxub yuvasının bir küncünə qısılan Xalının bu dəfə heç tükü də tərpənmədi. Eləcə gözlərini göyə zilləyib baxırdı. Burnunun ucuna nə isə düşdü, sonra yenə, sonra yenə və qəflətən ucsuz-bucaqsız göylərin göbəyi yırtılıbmış kimi leysan yağışı yağmaga başladı. Yay vaxtı axı heç vaxt buralara belə yağış yağmazdı. Sanki möcüzə idi.

Xallı torpağın üzərindəki göllənmiş yağış suyunu qurumuş dili ilə elə acgözlüklə yalayırdı ki, görən olsaydı bu mənzərədən dəhşətə gələrdi. Yağış gölməçəsinin içində sevinclə o yan-bu yana yumalanıb özünü büsbütün suya və palçığa bulamışdı.

Bir müddət bu oyuna başı qarışdığından elə bil hər şeyi, hətta zəncirdə unudulduğunu belə unutmuşdu. O indi qayğısız körpə uşaq kimi atılıb düşür, günlərdir onu üzən, az qala sonuna çıxan susuzluğunun əvəzini çıxırdı. Az sonra bu şıltaqlıqdan yorulub yağışın altındaca uzanıb başını pəncələrinə söykədi, yenə göyə tamaşa eləməyə başladı. Amma indi onun gözlərində qəm-qüssə yox idi. Elə bil qəfil yağan yağış onun gözlərindəki qəm-qüssəni də yuyub aparmışdı. O, qalxıb üzünü göyə tutaraq yenə səsi gəldikcə ulamağa başladı. Amma bu səfər səsində kədər notları yox, daha çox təşəkkür notları var idi. O elə bil, bu yolla onun səsini duymuş, onu susuzluqdan ölməkdən xilas edərək ona bu qəfil yağışı bəxş edən Tanrısına təşəkkür edirdi.
Digər itlər də səs səsə verib göydən yagan bu xilas yağışına sevinməkdəydilər...

***
Bir müddət ötüşdü. Xallı yerə çöküb başını pəncəsinə söykədi. Artıq yağış da kəsmişdi. Dan sökülürdü. Qarnından əcaib qurultu səslərini eşidib qulaqlarını şəklədi. Elə bil qarnında ac bir əjdaha kükrəyir, hər dəfə də kükrədikcə içini od vurub yandırır, onu üzərək taqətdən salırdı. Yalnız indi, o, susuzluğunu dəf edəndən sonra içində dəhşətlə kükrəyən yatmış əjdahanın oyandırdığını, aclıq hissinin bütün vücuduna hakim kəsildiyini anlamışdı. Yenə yazıq-yazıq zingildədi. Yenə gözlərindəki sevinc yuyulub gedib, yerinə qəm-qüssə gəlmişdi. Bu keçən neçə gündə elə bil Xallını iki yerə bölmüşdülər. Yarı canı qalmamış, şam kimi əriyib getmişdi. Elə bil heç neçə gün əvvəlki aslan kimi kükrəyən həmin Xallı deyildi. İndi aslandan çox arıq, çəlimsiz bir pişiyə dönmüşdü. Aclıq, susuzluq, əsarət necə dəhşətli bir şey imiş...
Xallı burnunu yerə dikərək bir müddət yuvasının ətrafını iyləyib gah oranı, gah buranı eşərək lağım atmağa başladı. Ancaq nə qədər eşələndisə bir şey tapa bilmirdi. Bir yandan da qarnındakı ac əjdaha kükrəyərək onu elə bil tələsdirir, elə bil qamçılayaraq daha dərin lağım atmağa, bir şey çıxmayanda başqa yeri qazmağa məcbur edirdi. Torpaq da o qədər bərk idi ki.

Kənardan baxan olsaydı elə düşünərdi, Xallı döyüşə hazırlaşan əsgərlər kimi yuvasının ətrafında səngər qazır və bu dəqiqə ona hücum edəcək düşmənin qarşısını kəsmək üçün son döyüş hazırlıqlarını görürdü.

Xallı əslində, doğrudan da döyüşə hazırlaşırdı, içini gəmirən bu dəhşətli aclıq hissi ilə bir ölüm-dirim savaşına girmişdi. Bütün ümüdləri puç olsa da o elə hey usanmadan, yorulmadan qazır, bir tikə sümük, bir tikə yaşamaq ümüdü axarırdı.

Uzun axtarışdan sonra nəhayət iri bir sümük parçası tapdı. Bəlkə də bir vaxtlar bəyənib yeməyərək basdırdığı bu sümük parçası indi onun həyatını xilas edəcəkdi...
Xallı yenə də üzünü göyə tutub sevinc dolu səslə uladı. Elə bil bu gün ikinci dəfə onun həyatını xilas edən Tanrısına yenə də təşəkkür edirdi.
O yenə də dartındı, bircə onu bu bir neçə metirlik yerə məhkum edən zəncirlərdən də qurtula bilsəydi... Onun ulamasını eşidən kəndin itləri yenidən ağız-ağıza verib ulaşmağa başladılar. Bu səfər təkcə itlər deyil, tövlələrdə unudulmuş mal-qaralar da dəhşətli bir səslə böyrüşməyə başlamışdılar. Elə bil kənddə cəhənnəm zəbaniləri nərə çəkirdilər.

Top mərmisinin gurultusu bütün bu hayqırtını bir andaca kəsdi.

Qonşu həyətin damından tüstü qalxırdı. Top mərmisi lap yaxınlığa, Xallının beş-on metirliyinə düşdüyündən bu dəhşətli səsdən qulaqları cingildədi. O, qorxusundan yerindən neçə sıçradısa az qala boğazındakı xaltası başını bədənindən ayıracaqdı. Əriyib çöpə dönmüş boğazı yaxşı ki, bu qəfil sıçrayışdan cücə boğazı kimi üzülməmişdi.

Qaçıb yuvasının bir küncünə qısılıb bu dəfə pəncələri ilə başını örtərək elə bil özünü bu cəhənnəm odundan qorumağa çalışdı. Bütün vücudu əsirdi. Necə də dəhşətli bir şey imiş müharibə... O, insanları anlamaq istəyirdi yenə. Nəyə gərək idi bu savaş, nəyi bölə bilmirlər bu insanlar, nə üçündür bu əzablar, bu zülümlər, bu qanlar?! Bu dilsiz-ağızsız heyvanların, od tutub yanan meşələrin, qətl olunan təbiətin nə günahı var axı?! Kim nə qazanacaq bu savaşlardan, kim nə aparacaq bu milyon-milyon illər yaşı olan qara torpaqdan?! İnsanların belə cavab tapa bilmədiyi bu suallara çətin ki, Xallının bir cavabı olaydı...
Az keçmiş qulağına insan səsləri dəydi. Tez sıçrayıb yuvasından çıxdı, qulaqlarını şəklədi. Yox yanılmamışdı, bu, günlərdir eşitməyə həsrət qaldığı insan səsləri idi.
Xallının sevincinin həddi-hüdudu yox idi. Atılıb- düşür, dayanmadan zingildəyir, nəhayət ki, onu aclığa, susuzluğa məhkum edən, azadlığını əlindən almış bu zəncirlərdən qurtaracaq olan xilaskarlarının, xeyirxah, nəcib insanların gəlişini səbirsizliklə gözləyir, hey vurnuxurdu. Qonşu həyətdən, lap yaxından gəlirdi səslər. Xallı qulaqlarını şəklədi. Əvvələr duymadığı yad dildə danışan bu insanların səsində bir qəzəb, bir kin, bir nifrət hiss elədi nədənsə. Qəflətən qonşudakı itin hürməsi və yad dildə bağırtı eşıdıldı.

Dalbadal açılan atəş səsi və qonşu itin dəhşətli, tükürpədən zingiltisi bütün kəndi bürüdü. Yenə atəş və itin səsi kəsildi... Xallı dəhşət içində yuvasına qısılıb əsim-əsim əsməyə başladı.
An da keçmədi, onların da həyət qapısı cırıltı ilə açıldı. Getdikcə yaxınlaşan ayaq səsləri Xallıya ölümünün addım-addım ona yaxınlaşdığını pıçıldayırdı sanki. O indi necə titrəyirdisə çənəsinin taqıltısı on metrdən eşidilirdi. Ayaq səsləri gəlib yuvasının qarşısında kəsildi. Xallı dəhşətlə yuvasının qarşısında dayanan bu bədheybət varlığa baxırdı. Əynində sahibinin əynindəkinə bənzər ala-bula paltar olan, amma sahibindən fərqli olaraq gözlərindən xeyrxaqlıq yox, kin-küdurət, nifrət və qəzəb yağan, əli silahlı, şəvə kimi qara qalın saqqalı olan pəzəvəng varlığın onu heç də xilas etmək üçün gəlmədiyini, əslində onu elə indicə o dünyaya vasil edəcəyini Xallı ürəyinin dərinliklərində duymuşdu artıq. Saqqalı pəzəvəng Xallıya baxaraq öz dilində nə isə deyərək qəh-qəhə çəkib güldü. Xallıya elə gəldi ki, o bu gülüşü və qəribə danışığı ilə "Görürsənmi necə çarəsiz, necə köməksiz, necə yazıq bir halda tərk edilmisən, indicə səni cəhənnəmə vasil edəcəyəm" deyirdi ona. Saqqalı pəzəvəng əlindəki silahı Xallıya tərəf tuşlayaraq şaqqıldatdı və silahı hazır vəziyyətə gətirdi. Xallı bir anlıq yalvarış dolu nəzərlərlə ona baxaraq elə bil imdad dilədi, elə bil "mənim bir suçum, bir günahım yoxdur" dedi ona. Lakin qarşısındakı adamın iyrənc sifətindən, ilan gözlərinə bənzəyən gözlərindən yalnız və yalnız qəddarlıq və zalımlıq oxunurdu. Xallı dikəlib ayağa durdu. Ölümün də üstünə mərd və qorxusuz yerimək üçün dişlərini qıcayıb bu bədheybətə hücuma keçmək üçün qabaq ayaqlarını yerə bir az daha möhkəm dirəyib hazır dayandı.

Qəflətən açılan atəş səsi elə bil onu qaldırıb yerə çırpdı. Bütün vücudu gizildədi. Qulaqlarındakı cingilti, beynindəki uğultu onu necə sardısa bir anlıq bütün dünyanın belə var olduğunu unutdu. Ona elə gəldi ki, vücudu bir boşluqdan asılıb. O, indi gecələr tamaşa elədiyi bu cəhənnəm əzablı, qan-qadalı, qəddar və zalım insanların məskunlaşdığı dünyadan uzaqda bərq vuran bəxtəvər ulduzların bir addımlığında hiss etdi özünü. İkinci atəş də açıld. Üçüncü atəş səsindən sonra saqqalı məxluqun şən qəh-qəhəsi aləmi bürüdü. Xallı başının üzərində, yuvasında açılan üç iri deşiyə, güllələrin açdığı deşiyə baxdı. Yox, yox, o hələ sağ idi... Saqqallı pəzəvəng onunla əylənməyə qərar vermiş, onsuz da aclıqdan və susuzluqdan üzülən canını tez və ağrısız almağı belə çox görmüşdü ona, demək.
Xallı dişlərini qıcayaraq yuvasının qarşısını kəsmiş bu bədheybətə hücüm etdi, bütün nifrəti ilə hücüm etdi. Bir anda bütün faciələrinin - sahiblərinin çıxıb gedib onu zəncirdə qoymasının da, qulaq yoldaşından, nəvazişdən məhrum olmasının da, ac-susuz qalmasının da günahkarının məhz bu saqqalı pəzəvəng olması hissiyyatı sardı onu. Pəzəvəng bu dəfə silahi düz ona tuşlayaraq nişan aldı və tətiyi basdı.

... Və bu da son, artıq Xallı üçün bu həyatdakı son saniyələr demək idi bu...

Ancaq növbəti möcüzə baş verdi, silah açılmadı. Saqqalı yenə tətiyə basdı, yenə də bir şey alınmadı. Xallı bu fürsətdən istifadə edib saqqalıya elə hücum çəkdi ki, elə bil günlərdir ac qalmış aslan nəhayət ki, ələ keçirdiyi şikarına hücum çəkib parçalamağa hazırlaşır. Saqqalıdan dəhşət dolu bir bağırtı qopdu. İndi əsl ölüm-dirim savaşı gedirdi. Xallı saqqalının əllərini və ayaqlarını gəmirdikcə o da Xallının başına və kürəyinə gah əlindəki silahla, gah da təpiklə zərbələr endirirdi. Hər ikisi qan içində idi. Xallı saqqalının o nifrət və kin yağan üzündən qapanda ondan elə bir bağırtı qopdu ki, bu bağırtıdan Xallı səksənib kənara atıldı və qaçmağa başladı. Yalnız indi o, anladı ki, günlərdir onu ölümə məhkum edən zəncirlərdən qurtulub: Boynu aclıqdan əriyib çöpə döndüyündən döyüş zamanı necəsə xaltası onun başından çıxıb və beləcə o nəhayət ki, azadlığına qovuşub.

Saqqalı əlindəki silaha nə isə taxaraq şaqıldatdı və bağıra-bağıra Xallının arxasıyca qaçaraq atəş açmağa başladı. Gülələr vıyhavıyla qulağının dibindən keçdikcə Xallı da güllə sürəti ilə oradan uzaqlaşırdı. Nə qədər dayanmadan qaçdığını belə bilmirdi. Yalnız indi taqətinin kəsildiyini, ağzından köpük axdığını, ürəyinin az qala sinəsini yarıb çıxacaq qədər sürətlə döyündüyünü duyub dayandı. Qorxa-qorxa çönüb geri baxdı. Kənd artıq görünmürdü. Demək, kənddən bir xeyli uzaqlaşmışdı.
Bir ağacın kölgəsinə çəkilərək ağaca qısılıb başını pəncələrinin üzərinə qoyaraq yazıq-yazıq doğulub böyüdüyü kənd səmtə baxaraq zingildədi.

***
Yayın isti günləri bir birini əvəzləməkdə idi. Günlər idi ki, Xallı ac-yalavac dolanırdı. Hər tərəfdən yalnız silah səsləri və top gurultusu eşidilirdi. O, daha bu səslərdən hürkmür, qorxmurdu. Sadəcə baş alıb gedirdi. Elə bil bu yerlərdən qaçmaq, bu vəhşi, gözlərindən kin və nifrət yağan insanlardan daha uzağa qaçmaq istəyirdi.
Aclıq onu taqətdən salsa da o dayanmadan gedir, elə hey gedirdi. Arabir burnunu dikəldib havanı qoxlayır, istiqaməti müəyyən edib yenidən yoluna davam edirdi.
Uzaqdan qarğa qırıltısı eşitdi. Elə bil qarğalar nə üstəsə bir-bir ilə savaşa girmişdilər.
Xallı bir tikə yemək ümüdi ilə, heç olmasa qarğalardan birini yaxalayıb qarnını doyurdar ümidi ilə qarğaların qarıldaşdığı tərəfə yön aldı. Qarğalar qəfil peyda olan qonaqdan hürküb bir neçə addım kənara atıldılar və Xallıya baxaraq daha da gur səslə qarıldaşmağa başladılar. İlahi bu nə idi belə?! 3-4 yaşlarında iki körpə uşaq cəsədi yolun ortasınaca atılmışdı. Xallı cəsədlərə yaxınlaşaraq iylədi. Üzlərini görəndə isə dəhşət dolu səslə, az qala boğazı yırtılana qədər dayanmadan uzun müddət uladı.
Bunlar hər gün onu sığallayan, öpüb oxşayan , onunla oyun oynayan gözəl, mehriban uşaqlar - sahibinin balaları idi. Uşaqların üzlərini qarğalar dimdikləyib deşik-deşik eləmişdi.
Bədənləri güllə yarasından dəlmə-deşik idi yazıqların. Xallı ətrafı qoxladı. Yenə tanış bir iy hiss edib yolun kənarındakı otluğa sarı cumdu. Paltarı cırılaraq əynindən çıxarılmış sahibəsinin açıq qalmış gözlərində bir dəhşət donub qalmışdı. Xallı yaxınlaşıb onu qoxladı. Burnuna nifrət etdiyi bir qoxu, həmin o azman saqqalı alçağın qoxusu da gəldi. Deməli bütün bunları o alçaq, murdar məxluq eləyib. Bir anlıq Xallının içində bir hiss baş qaldırdı. Geri dönmək, o alçağı taparaq canını tapşırana qədər hülqumunu sıxmaq və gözlərini oymaq keçdi onun içindən. Sahibəsinin cəsədi tanınmaz hala düşmüşdü. Deməli yazıqlar canlarını qurtara bilməmiş, yolda alçaqlar onları haqlayıb dəhşətli işgəncələr verərək öldürmüşdülər. Qarğalar yenə də uşaq cəsədlərinin üstündə qarıldaşırdı. Yenə də bu lənətə gəlmiş qara dimdikləri ilə məsum, günahsız körpələrin üzlərini dimdikləyib ətlərini qoparırdılar. Nədənsə Xallı bu qara leş qarğalarının timsalında o saqqalı alçağı gördü və qəfil bir sıçrayışla qarğalara hücuma keçərək onları qovdu. Xallı növbə ilə gah ananın, gah da körpələrin başının üzərində qaraul çəksə də sırtıq qarğalar da gah anaya gah da körpələrə saldırıb dimdikləyirdilər.
Qarğalarla bu qaçdı-qovdu onu tamamən əldən salmışdı. Get -gedə sayı çoxalan qarğalar daha da quduzlaşırdılar. Xallı qarğaların əlində aciz qalaraq nə edəcəyini bilmirdi. Nəhayət sövq-təbii qərar verdi, körpələrdən birinə yaxınlaşıb dişləri ilə ayağından yapışdı və ehtiyatla sürüyə-sürüyə yolun o bir tərəfinə, sahibəsinin yanına apardı. Sonra dönüb ikinci körpəni də o qayda ilə anasının yanına gətirdi. İndi ana və körpələr yanaşı, daha doğrusu körpələr analarının qucağında idi. Necə ki, günlər əvvəl körpələrini bağrına basıb getmişdi, indi də o vəziyyətdə qucmuşdu körpələrini ana... Xallı onların yanında uzanaraq gözünü belə qırpmadan onlara baxırdı. Bir yandan da həyasız qarğaların sayı durmadan artırdı. İndi onlar demək olar ki, heç Xallını saya salmır, onun yanındaca cəsədlərə hücum edirdilər. Nə etsin? Yenə sövq-təbii qərar qəbul etdi Xallı. Hər üç cəsədin üzünü, gözünü yalayıb, yazıq bir səslə zingildədi. Elə bil o bu yolla onlara vida edirdi. Sonra var gücü ilə lağım atmağa başladı. O dayanmadan, ayağının altındakı torpağı eşərək dal pəncələri ilə ana və balalarının üzərinə atırdı. Bəlkə də saatlarla nəfəsin belə dərmədən gah, sağa, gah sola, gah arxaya, gah önə keçərək elə hey lağım ataraq torpağı onların üzərinə atırdı. Torpaq o qədər bərk idi ki... Ağzından köpük gələnə qədər o bu işi davam elədi. Artıq nə halı, nə də taqəti qalmışdı. Ana və balaları üstlərinə atılan torpağın altında çoxdan görünməz olmuşdular. İndi onların yerində heç də kiçik olmayan bir təpəcik var idi. Xallı sürünərək təpəciyin üzərinə qalxdı və əllərini qabaq pəncələrini üzərinə qoyaraq gözlərini yumdu. ...Körpələrin gülüşü yenə də həyəti bürümüşdü, Xallı yenə də atılıb-düşüb onları şənləndirir, qaçdı-tutdu oynayırdı.

Sahibəsi eyvanda çay dəmləyir, sahibi isə üzündə xoş bir təbəssüm övladlarının və Xallının bu şən oyununu izləyirdi... Qəfil gopan gurultu səsindən Xallı gördüyü bu şirin yuxudan hövlank ayılıb kənara sıçradı. Elə bil yerlə göy birləşmiş, göydəki o bəxtəvər ulduzlar da bir -bir yanaraq sürətlə yerə çırpılaraq sönürdülər. Rəngbərəng güllələr başının üzərindən keçdikcə Xallı öz pəncələri ilə qazdığı məzara daha da möhkəm qısılaraq titrəyirdi. Uzun müddət gurultu və partıltı səsləri, insan bağırtıları kəsmədi. Sonra birdən -birə araya dərin bir sükut çökdü. Xallı xeyli qulaqlarını şəkləyib ətrafı dinlədi. Birdən qulağına doğma, həsrətini çəkdiyi bir səs dəydi. Yenə qulağını şəklədi və yanılmadığın anlayıb səsi gəldikcə ulamağa başladı. Bir neçə dəqiqə sonra bir neçə adamın qaçaraq ona sarı gəldiyini gördü. Onlardan ən öndəki o idi, onun canı qədər sevdiyi sahibi idi. Sahibi ona yaxınlaşaraq onu möhkəm-möhkəm qucaqlayıb üz-gözündən öpməyə, Xallı isə eyni zamanda onun əl-ayağını yalayaraq zingildəməyə başladı.

- Xallı, mən sənin və ailəmin ardınca gizilcə kəndə gəlmişdim. Hər yan erməni dığaları ilə dolu olsa da birtəhər kəndə girib həyətimizə gəldim, amma nə səni, nə də ailəmi tapa bildim. Bütün kəndi boş gördüm. Hamı harasa qaçıb. Günlərdir sizi gəzirəm- deyə sahibi dilləndi və tez də əlavə etdi: - Xallı, hanı mənim can-ciyərlərim. Axı mən onları sənə əmanət etmişdim, axı sən mən gələnə qədər onları qorumalı idin. Hanı mənim körpələrim və əzizim?! Xallı, günahkar kimi başını aşağı salaraq zingildədi və özü lağım ataraq yaratdığı məzara yaxınlaşıb pəncələri ilə eşməyə başladı. Az sonra körpələrin və ananın cansız vücudu göründü. Sahibi necə dəli bir fəryad çəkdisə, Xallıya elə gəldi ki, yerlə göy birləşdi, dünyanın günəşi sönüb qaranlığa qərq oldu. O başını pəncələrinə söykəyərək sahibinin gözlərinə baxaraq səssiz-səmirsiz ağlayırdı. Gözlərindən gilənən yaşlar pəncələrinin üzərindən diyirləbib bir-bir torpağın üzərinə düşürdü.
Ətrafdakı adamlar bu mənzərəni dəhşət dolu nəzərlərə seyr edir, onlar da göz yaşlarına hakim ola bilmirdilər. Xallı qəfilətən ayağa qalxıb başını göyə dikəltdi və səsi gəldikcə aslan kimi kükrəyib, boz qurd kimi ulamağa başladı. Ancaq indi bu ulartıda yazıqlıq, yalqızlıq, çarəsizlik yox idi. Bu ulartı indi hər şeyə, yerə, göyə üsyan idi, bu ulartı indi qələbəyə səsləyirdi, bu ulartı İsrafilin suru kimi elə bil ətrafdakılar bir qəflət yuxusundan ayıtmışdı. Elə bil Xallı bu ulartı ilə "nə durmusunuz, gedək kəndimizi, elimizi, obamızı, evimizi bu alçaq məlun yaraqlıların əsarətindən xilas edək" deyirdi.
Xallı üzünü kəndə sarı tutaraq ildırım sürəti ilə yerindən götürüldü, onun ardınca isə sahibi və başqa əsgərlər qəzəbli nərilti ilə kəndə sarı götürüldülər.

MANERA.AZ


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ