Gözəlin busəsi könül doyurar - Şeirlər

Tarix:13-10-2017, 13:48 Baxış Sayı:107

Gözəlin busəsi könül doyurar - Şeirlər
Manera.az tanınmış şair Elnur Astanbəylinin şeirlərini təqdim edir:

***
söyləməyə
dilim yox,
həqiqətlər
çox acı.
nə qardaş var,
nə bacı,
qar, mənim
qardaşım ol

ağca daş,
qaraca daş.
yekə daş,
balaca daş.
həm cavan,
həm qoca daş,
daş, mənim
başdaşım ol

tanrının
yeri uca,
əl uzatmaqla
yetməz.
kimsə
mənimlə getməz,
yol, mənim
yoldaşım ol…

PƏRİM

bilməmişəm dərdmiş başdan ayağa
sənnən mutlu keçən zamanlar pərim
əsincə arada firqət yelləri
aşiq sevdasını yamanlar pərim

ölüm dedikləri keşk olmayaydı
gül qucağı sara köşk olmayaydı
başımda bu dəli eşq olmayaydı
dilimdə bu ahlar amanlar pərim

dərd döndü ləşkərə qoşuna gəldi
getdin gedişin də xoşuma gəldi
ağlıma gəlməzdi başıma gəldi
səndən ürəyimə damanlar pərim

NEYLƏR

get-get qannı fələk bu çəkdirdiyin
zulum mənə neylər zor mənə neylər?
canımı çıxacaq canan can desə
deyir heç də desin çor, mənə neylər?

saçımda ayların illərin dəni
doydurammadı bir bala sərçəni
ölüm ölüm deyib qorxutma məni
əgər ölmüşəmsə gor mənə neylər?

aşiq dost gülünü dərmədi keçdi
dərib pünhanlara sərmədi keçdi
gəldi xoş gün məni görmədi keçdi
ya hu, innən belə kor mənə neylər?

BOY-BOY

ötər qərib-qərib üçtelli durnam
car olar gözümün selləri boy-boy
xiffəti bağrımın başında oynar
əsdikcə qürbətin yelləri boy-boy

o qədər ağladım peymanam doldu
saraldı gül gibi irəngim soldu
tərifli gözəllər gəlhagəl oldu
bəy tək bəzədilər yolları boy-boy

nə yazdım üstündən qara çəkdilər
yoxsulun ağzını vara çəkdilər
beçərə aşiqi dara çəkdilər
kəsildi dost deyən dilləri boy-boy

AĞLAR

məğribdən məşriqə karvanım işlər
heydən düşən canım yol deyü ağlar
gəl gör də qəfəsdən baxan aslanı
sağ deyü inillər sol deyü ağlar

bir sonam perikmiş gölə də gəlməz
dolanar zalım baxt belə də gəlməz
gedər ərdəmliyim ələ də gəlməz
miskin aşiqi gör dil deyü ağlar

dərdi bizə məhkum dərman onundu
əkən o biçən o xırman onundu
şahlar şahı odu fərman onundu
ağam bəndəsini qul deyü ağlar

QƏRİB YERİN ADAMI

yeri yeri qərib yerin adamı
bizim dağlar sizin gülü bitirməz
sizin dərdlər bizim dildə oxunmaz
bizim göllər sizin suyu götürməz

bizə derlər ağır ərlər obası
bizə düşməz sizin yerin havası
qansızların qəbul olmaz duası
arsızların dili tövbə gətirməz

sizin çaylar axıb axıb durulur
bizim gözlər baxıb baxıb vurulur
bir gün gəlir tüm hesablar sorulur
hax divanı bircəciyin ötürməz

ŞİKAYƏTNAMƏ

fələk yanıxlıyam sənin əlindən
lalənin bağrında xal bitirirsən
ömür iki rəngdi - ağdı, qaradı
dərd hər rəng - qırmızı, al bitirirsən

başımda qapazdı belimdə kötək
gedək bu dünyanın gözündən itək
tapılır dərilir bənövşə tək-tək
qaratikanları kol bitirirsən

nə qədər oynayım nazınnan belə
çoxun heç qayiləm azınnan belə
torpağınnan belə, tozunnan belə
gözümün içinə yol bitirirsən

NƏ GÖZƏL-GÖZƏL

bir vecsiz bəndəyəm ağalar bəylər
yox könül umanım, nə gözəl-gözəl
qırılıb əhədim qalmayıb heyim
kəsilib amanım, nə gözəl-gözəl

bizə də bir qədəm bas asta-asta
bizdə ki bir olur toy ilən yasda
küsdüm innən belə qohuma dosta
heç gəlməz gümanım, nə gözəl-gözəl

necə ağlamayım halım xoş isə
könül durulmazmı gözüm yaş isə?
a tövbə darılmam cibim boş isə
dolusa imanım nə gözəl-gözəl

DAŞLARA DOĞRU

əsər dan üzündən haqqın yelləri
könül yazdan qalxar qışlara doğru
gələr burum burum dağın dumanı
çökər ətəklərdən qaşlara doğru

qannı köynəyini al bilən canım
qaradinməz dostu lal bilən canım
gəzmə adamlarda halbilən, canım,
qaç, qaç ağaclara, quşlara doğru

özünü bilirsən gəl yavaş-yavaş
özü qul olana nə qul-qaravaş?!
dünyada ən ulu haqq - bu qara daş,
könlün varsa yürü daşlara doğru

YAR OBASI

bu gün gəşt elədim yolumu saldım
gözəl xanasından yar obasından
yalvarram xudama qoy aşıb daşsın
dövlət obasından, var obasından

gözəlin busəsi könül doyurar
qaşların oynadar telin ayırar
aşkarda öpüncə el söz qayırar
gərək eyləyəsən ar obasından

qurdum ucalarda, binə, ay aman
qayıtdım imana, dinə, ay aman
açılıb görünür sinə, ay aman
gəldim aparmağa qar obasından

İNŞALLAH

igid məramına çapır dünyada
aşiq sevdasına dolur inşallah
hərə öz tayını tapır dünyada
hərə öz-özünü bulur inşallah

bu yerlər ov yeri gözəl seyranı
gözlərdə aranmaz könül heyranı
dəmbədəm yetişir mərdin dövranı
namərdin irəngi solur inşallah

müxənnət boynuna sarılma belə
ərknən qapısına varılmaz belə
əmanət-əmanət darılma belə
bir gün də biz deyən olur inşallah

BİLMƏZ

gözəl xəta yapar dostun əlləri
çalar ciyərimə xəncəri bilməz
qiyamət qovğası var bu dünyanın
qarı bilər, sultan səncəri bilməz

mərd mərdanə deyər böylə qanundu
ya bir dəmirçoğlu, ya bir cünundu
çirmənib girəndə meydan onundu
sağ nədi, sol nədi incəli bilməz

aşiq sevib çəkər fələk cəbrini
pir bilib öpərlər mərdin qəbrini
əzəldən belədi - gözəl qədrini
igid qiymətini həncəri bilməz?

BİZİM

könül qanadarıq günah edərik
axar qırmızımız alımız bizim
bir söz deyərlər ki, mətləb kəsdirən
dəyməmiş tökülər kalımız bizim

gözlərik göylərdən gələr əmrimiz
nə səsimiz çıxar nə də səmrimiz
qovğalar içində keçər ömrümüz
heç əskilməz qeylü qalımız bizim

susarıq önündə suçlular kibi
sular lal axmasa görünməz dibi
şükür kərəminə, kərəm sahibi,
aşiqlər halıdır halımız bizim

O DAĞA NABƏLƏD BU DAĞIN QUŞU

nə sufat göstərib şahənşah bizə
halalı haramdan seç mənnik döyül
bağlanmış yollarım haqqa varamam
namərd körpüsündən keç mənnik döyül

yaxşıynan yamanın olurmu xoşu?
kim yozar yatmayıb gördüyüm duşu?
o dağa nabələd bu dağın quşu
bu dağdan o dağa köç mənnik döyül

əynimə otlardan libas geyincə
bağım əldən getdi barın yeyincə
talana çəkildim doğru deyincə
yannış söyləmək də heç mənnik döyül

GÖZÜMDƏN ƏLƏNİR KÖNLÜMÜN VARI

qadir mövlam, özün keç günahımdan
yalanı qəhr olan doğrulamazmı
bir fağır bəndənəm, bilirsən axı
bunca dərd-qəm çəkən fağırlamazmı

qulların düzülüb sağı-sollarda
kərəmini deyib gəlib ollar da
mən yorğun yolçuyam eşsiz yollarda
qəmini tək qoşan ağırlamazmı

gözümdən ələnir könlümün varı
yemişəm namusu, atmışam arı
gedirəm qürbətcik ellərə sarı
dost-düşmən arxamca uğurlamazmı

YARI XƏLVƏTDƏ ÖPDÜM BÜTÜN KÖY BİLDİ

girdim yar bağına, ağalar, bəylər,
güllərə yalvara-yalvara qaldım
əsdi badi-səba tərpəşdi otlar
yellərə yalvara-yalvara qaldım

pərim gəldi qırx incəbel qızınan
tərifini deyəm gərək sazınan
yarım mənə badə verdi nazınan
əllərə yalvara-yalvara qaldım

qaşını oynatdı gözündən güldü
qandı işarədən nə əhli-dildi
yarı xəlvət öpdüm bütün köy bildi
ellərə yalvara-yalvara qaldım

AZ DOLDUR...

az doldur, gözəl gözlüm,
az doldur içəmmirəm
yerüzüm var, vətənim yox ölməyə
qanadım var, göyüzüm yox – uçammıram
artıq məni ovutmaz nə siqaret nə şərab
çölüm xarabazardı içim çölümdən xarab

az doldur, gözəl gözlüm,
axı nə vecinədi bu araq şüşəsinin -
içilmir ha!… içini boşaldır badələrə
mənsə indi lalam lal… dərdimi deyəmmirəm
ürəyimi boşalda, könlümü açammıram
bir araq şüşəsicən də gətirmədi mənimki…
dünyada hər nə qədər bəxtsizlik var – mənimdi.

az doldur, gözəl gözlüm…
dərdimi deyəmmirəm, deyəmmirəm nə vaxtdı
məni necə qorxudur göylərin səssizliyi
suyun axarsızlığı otun nəfəssizliyi
və bir də gözəl gözlü sevgilinin yoxluğu!

qarşımda payız kimi dayanıb dəli sevdam
mən də durna deyiləm… yığışıb köçəmmirəm
sənin soyuqluğundan başqa, isti bir yerə…
az doldur, gözəl gözlüm,
az doldur, içəmmirəm!Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ