Ədəbiyyata təsadüf nəticəsində gələn şair

Tarix:11-09-2017, 12:30 Baxış Sayı:384

Ədəbiyyata təsadüf nəticəsində gələn şair
Sözə ilahi varlıq kimi baxmaq...


Eldar Baxış ədəbiyyata təsadüf nəticəsində gəlmişdi. O zaman özündən böyük kənd uşaqlarından biri, sonralar Kitabxanaçılıq Texnikumunun müəllimi işləmiş Fazil Cəbrayılov maraqlı şeirlər yazır, ara-sıra mətbatda çap olunurdu. Bir gün mübahisə zəminində hər işdə, hər oyunda birinci olmağa cəhd göstərən, yaxşı voleybol oynayan Eldara Fazil deyir ki, bax, mən şeir yaza bilirəm, sən isə yaza bilmirsən. Bu söz Eldarın həyatının dönüş nöqtəsinə çevrilir. Eldar ilk şeirlərini yazıb məktubla mətbuata göndərsə də, onun yazıları çap olunmur. Hər dəfə standart cavablar alan (''Şeirləriniz bədii cəhətdən zəif olduğu üçün çap eləyə bilmədik'') Eldar acığa düşür. Bir gün məşhur şairlərdən birinin bir neçə şeirini konvertə qoyub redaksiyaya göndərir. Həmin şeirlərə də eyni cavab alan Eldar qarşısına məqsəd qoyur ki, mütləq ədəbiyyatın sirlərini, incəliklərini öyrənəcək, öz şeirlərini mətbuatda çap etdirəcək…

''Niyyətin hara, mənzilin ora'' deyiblər. Universitetdə tarix fakültəsində təhsil alsa da, Eldar şeir yazmaq fikrindən əl çəkmir, ədəbi dərnəklərin fəal iştirakçısına çevrilir. Ədəbiyyat, şeir-sənət haqqında söhbətlər, o dövrün tanınmış şair və yazıçıları ilə şəxsi ünsiyyət, mütaliə yavaş-yavaş Eldar Baxışın ədəbi zövqünün formalaşmasına səbəb olur…

Eldarın Baxışın təfəkkürün məhsulu olan yeni tipli şeirləri birmənalı qarşılanmırdı. Ona çox zaman ağız büzənlər də tapılırdı. Yaxşı yatımdadır, bir dəfə Yazıçılar İttifaqının Natəvan adına klubunda Eldar şeir oxuyurdu. Onun bütün oxuduqlarını tənqid eləyəndə Eldarın şaqqanaq çəkərək güldüyünü, bu şeirlərin bir neçəsinin özünə yox, Aşıq Ələsgərə mənsub olduğunu söyləməsi zalda çox qəribə bir ab-hava yaratmışdı…

Eldar Baxışın Yazıçılar İttifaqında oxuduğu şeirlərdən biri belə idi:

Dünya bir futbol topu ola,

Atasan onu Pelenin ayağına,

Vura həqiqətin qapısına…

O vaxt Yazıçılar İttifaqında poziya şöbəsinin müdiri işləyən ağsaqqal şairlərimizdən biri adam göndərdi ki, gedin aşağıdan bizim sürücünü – Ənvər kişini çağırın. Ənvər əlində bir top açarı fırlada-fırlada içəri girəndə Osman Sarıvəlli Eldara dedi:

-Bala, indi həmin şeirini oxu.

Eldar şeiri oxudu. Osman müəllim sürücüdən soruşdu:

-Ənvər, bu şeirdən bir şey anladın?

Ənvər dedi ki, yox, heç nə anlamadım.

Osman müəllim qalib bir əda ilə üzünü Eldara tutub dedi:

-Bala, bu şeiri ziyalı üçün yazmısansa, ziyalının biri də mənəm, heç nə anlamadım. Xalq üçün yazmısansa, Ənvər də xalqın nümayəndəsi kimi bir şey anlamadı…

Bu və ya buna bənzər hadisələr, söhbətlər Eldarı qətiyyən ruhdan salmır, o daim oxuyur, öyrənir yaradıcılıq eksperimentləri aparmaqda davam edirdi. Bütün bunlar isə onun ədəbi görüşlərinin formalaşmasına zəmin yaradırdı. Eldarda bir inkarçılıq meyli yaranmışdı. Görkəmli şairlərin şeirlərinin əksəriyyətini bəyənmirdi…

Eldar Baxış öz qəlbinin, öz taleyinin şairi idi və qələm dostlarından da umacağı bu idi ki, özlərinə yad olan mövzularda əsərlər yazmasınlar. ''Adaşlarım-qardaşlarım'' adlı şeirində Eldar Baxış üzünü adaşları olan qələm sahiblərinə – Eldar Nəsibə, Eldar Sadığa və Eldar İbrahimə tutub incə eyhamlarla, yumorla öz ədəbi məramını əks etdirməyə çalışırlı:

Tutun bayatını, tutun qoşmanı,

Tutun gəraylını çəkin ortaya.

Buyurun, bu mənim yazdıqlarımdı,

Siz də nəyiniz var tökün ortaya…

Şair olan gərək qorxu bilməyə,

Ərən şair ola, ər şair ola.

Verək ki, əl-ələ, kürək-kürəyə,

Bəlkə dördümüzdən bir şair ola,

Yoxsa işlərimiz çətin olacaq.

Bu bədii parçada Eldar Baxışın ədəbi məramı incə ştrixlərlə verilmişdir. Əsl şairin necə olması məsələsi isə misraların sətiraltı mənasında ifadə olunmuşdur: ''öz sözünün ağası, qəlbinin, taleyinin şairi'' olmayan, onun-bunun diqtəsi ilə ütülü-sığallı şeirlər yazan insanlar bu işdən əl çəkməli, ağac əkməyə, başqa işlərlə məşğul olmağa getməlidirlər.''

Eldarın qələm dostlarına ünvanladığı başqa bir maraqlı şeiri də var: ''Şair dostlar''. Bu şeirin də mərkəzində Eldarın şeir-sənət haqqında düşüncələri, mülahizələri dayanır. Eldar qabaqcıl ədəbi ənənələrdən, xüsusən folklordan yaradıcı şəkildə bəhrələnmənin əleyhinə deyildi. Ancaq o kimisə yamsılamanı, kimisə təqlid etməni, kiməsə bənzəmə meylini qətiyyən qəbul edə bilmirdi. ''Özgəni yazan, özü qalan, öz pıçıltıları, öz düşüncələri'' arxa plana keçən qələm dostları Eldarın həmişə qınaq hədəfinə çevrilirdi:

Niyə söykəniblər özgə adına,

Bəs şair dostların hanı öz adı?

Biri elə bil ki, Səməd Vurğundu,

Biri elə bil ki, Rəsul Rzadı.



Birinin avazı bizim ölkədən,

Birininki başqa ölkədən gəlir.

Süfrəsi Rembodan, duzu Lorkadan,

Çörəyi Mariya Rilkedən gəlir.



Söz gərək şairin özündən gələ,

Öz ətindən gələ, qanından gələ.

Ruh kimi ayrılıb ruhundan gələ,

Can kimi ayrılıb canından gələ.



Eldar Baxışın ''Qələm'' şeirində də onun ədəbi görüşlərinin cizgiləri, konturları verilmişdir. Bir kimsədən asılı olmamaq, öz qəlbinin səsini söyləmək ideyası bu şeirin də başlıca motivinə çevrilmişdir:

Məni öz yolumdan döndərə bilməz

Beş adam, on adam, yüz adam, canım.

Uçan bulud kimi, axan su kimi,

Əsən külək kimi azadam, canım.



…Mənə qələm verib bu azadlığı,

Elə bu əlimdə tutduğum qələm.

Hərdən qadın kimi, hərdən qız kimi

Dizinə baş qoyub yatdığım qələm.

Sonra şair ''qələmin dizində yata-yata dürlü yuxular görməsindən'', ''ruhunun uçub Avara, Xəzərə, Huna, Oğuza qovuşmasından'' söhbət açır.

Daha sonra şair yazır:

Qələmim olanda güclü oluram,

Çaşmayan adamı mən çaşdırıram.

Bu gidi dünyanın pişiyini mən

Ağaca, divara dırmaşdırıram.



Qələmim olanda qorxu bilmirəm,

Niyə qorxmalıyam mən axı, niyə?

Olanım qələmdi vardan, dövlətdən,

Onun da qiyməti otuz qəpiyə…

Bu misraları oxuyanda ədəbi məramı, əqidəsi uğrunda döyüşlərdə yolundan dönməyən Xaqani Şirvani kimi bir şəxsiyyətin bədii obrazı gözlərimiz qarşısında canlanır. Hiss olunur ki, Eldar da ruhən məslək, əqidə yolunda mübarizədən çəkinməyən, heç kəsə əyilməyən qələm sahiblərinin sırasındadır… Eldar Baxışın dəfn günü anası Şeyda xanımın sözü adamın bütün varlığını titrədir: ''Qələmi ilə özünə gor qazan balam''…

Eldar Baxış sözə adi bir kəlmə kimi yox, ilahi bir varlıq kimi, canlı bir insan kimi baxırdı. ''Deyə bilmədiyi sözlər'' onu daim göynədirdi.

Eldar Baxış istedadlı şairlərin, yazıçıların dostu idi. Ancaq onun istedadsız adamlardan, miyanə şeir yazanlardan qətiyyən xoşu gəlmirdi. Onun ''Ütük yazıçılar, sürtük şairlər'' şeiri belələrinin əleyhinə yazılmışdı. ''Sözün başına min oyun açanlar'', ''sözü hörmətdən salanlar'', ''sözü qarışqaya yük eləynlər'', onu bir ''qoç kimi, qoyun kimi kəsib, soyub tikələyənlər'', ''sözün ətini yeyib onun sümüyünə əl aparanlar'' Eldarın gözünün düşməni idi.

Eldar Baxışın ədəbi görüşləri təkcə onun şeirlərində, poetik parçalarında deyil, verdiyi müsahibələrdə də özünü açıq-aydın şəkildə göstərir. Doğrudur, bu müsahibələr o qədər də çox deyil, ancaq onları oxuyanda Eldar Baxışın ədəbi məramı haqqında qaranlıq bir məqam qalmır. Bu baxımdan onun ''Söz vaxtına çəkər'' radio verilişinə verdiyi son müsahibə çox maraqlıdır:

''Mən poeziyaya möcüzə kimi baxsam, ancaq o dini kitablardakı möcüzə kimi baxaram. Mən poeziyadan çəkdiyimi heç nədən çəkmirəm. Mən şeir yazmıram, and olsun o bir olan Allaha, səmimi deyirəm bunu, mən öz rahatlığım üçün yazıram, canımı qurtarıram şeirdən, şeir məni qoymur yaşamağa, mən də istəyirəm kəpənək kimi atılıb-düşüm, ağac kimi tərpənim, su kimi axım.''

Əlbəttə, bu və ya buna bənzər fikirlər digər şairlərin müsahibələrində, şeirlərində də öz əksini tapmışdır. Görünür, Eldar Baxış da həmişə həmin hissləri keçirmiş, mənəvi rahatlıq tapmaq üçün içində tüğyan eləyən düşüncələr selini kağızın üzərinə köçürməklə dinclik tapmışdır.

Eldar Baxışla istedadlı şair Qulu Ağsəsin müsahibəsi də şairin ədəbiyyat, poeziya haqqında düşüncələrini öyrənmək baxımından çox böyük maraq doğurur. Eldarın ölümündən bir az əvvəl ''Suallar – avqustun, cavablar – dekabrındı…'' adı altında çap olunan bu müsahibə Eldar Baxışın bənzərsiz düşüncə tərzinə, intellektual səviyyəyə malik yetkin bir qələm sahibi olduğundan xəbər verir. Qulunun ''Eldar bəy, hazırda ədəbiyyatın dünyanı xilas edəcəyi ehtimalı, inancı günün, həyatın reallığında laxlayıb. Məlum olub ki, sözün və sənətkarın sehri, ovsunu uzaqbaşı özünü qoruyub saxlaya bilərmiş. Bu mənada şair Eldar Baxış xoşbəxt qələm sahibidir. Bax, bu xoşbəxtlik, yəni özünü qoruya bilmək bacarığı nələrisə qurban vermək ''bacarıqsızlığından yaranmayıb ki?'' sualına Eldarın verdiyi cavab fəlsəfi tutumu ilə diqqəti cəlb edir:

''Mənim alnıma qarışqa yox, fil yox, insan olmaq yazılıb. Buna görə də qarışqaya bəlli olan ilk qarışqa tanrısının, filə bəlli olan ilk fil tanrısının adının nə olduğunu deyə bilmərəm, bunu qarışqa bilər, fil bilər. Mən insanam, mənim bildiyim budur ki, insanlığa bəlli olan ilk Tanrının adı Dinqirdi. Dinqirdən sonra o biri Tanrı adları gəlir… Sözümün canı budur ki, Dinqirdən tutmuş Rayacan, Tanrıdan tutmuş Boqacan hələ heç bir göy kişisi dünyanı xilas eləyə bilməyib, yaxud belə deyək ki, xilas eləmək istəməyib. Bir göy kişisinin xilas eləmədiyini, yaxud xilas eləmək istəmədiyini isə heç bir yer kişisi xilas eləyə bilməz. Prezidentdən tutmuş balıqçıyacan – hamının adı ''yer kişisi'' deyilən siyahıdadı. Heyf ki, yazıçının da adı bu siyahıya salınıb… Yazıçı – yerlə, göylə əlləşən bu kişi yerdə yeri görüb, göydə göyü, yerdə yerlə yola gedə bilmir, göydə göylə. Buna görə də ömrü boyu qalıb yerlə göyün arasında. Yerdə yerin ağrısını çəkib, göydə göyün. Yazıçının əsl adı yazıçı deyil, ağrıçəkəndi. Özü də yazıçı ağrını tərəzidə çəkmir, ürəyində çəkir, könlündə çəkir.

Yazıçının çəkdiyi ağrı öz çəkisinə görə Tanrının çəkdiyi ağrıya yaxındı. Ağrı ağrıya yaxındısa, onda belə çıxır ki, can da cana yaxındı. Amma yerin-göyün yiyəsi o bir kişi heç kəsi özünə yaxın buraxmaq istəmir:

Tanrıdan səda gəldi,

Tanrıdan nida gəldi…

124 min peyğəmbər var, o peyğəmbərlərin hamısı Tanrıdan aldıqqları bilgiləri bu adla çatırıblar. Nida, səda – bundan başqa heç nə. Əgər qurban olduğum öz peyğəmbərlərini o nidadan, sədadan o yana buraxmayıbsa, yazıçını oradan o yana buraxarmı? Əlbəttə, yox. Tanrı hər şeyi insanlara, o sıradan yazıçılara ölçüb-biçib verdiyi kimi, ağrını da ölçüb-biçib verib. Amma yazıçı əsl yazıçıdırsa, onda hər insan balası kimi yox, xüsusi insan balası kimi həmişə çalışmalıdır ki, bu ölçü-biçinin sərhədlərini dağıtsın, insanın ağrısını Tanrının ağrısına çevirsin…

Saray yazıçısı, bax, bu çevrilişin qarşısını almaq üçün yaradılıb. Saray yazıçısı yerlə - göylə əlləşməyi heç vaxt ağlına gətirmir. Saray yazıçısı əlləşsə-əlləşsə, öz qarnı ilə əlləşir. Mən isə öz sözümü həmişə qarnımdan gizləmişəm. Sözün gəldiyi yerlə yemək-içməyin getdiyi yer çox yaxındı. Ancaq bir şey var: sözün gəldiyi yer yuxarıdadı, yeməyin-içməyin getdiyi yer aşağıda. Mən yemək-içməyin getdiyi yerə görə sözün gəldiyi yerə divan eləməmişəm.

Ədəbiyyatın dünyanı xilas edəcəyi fikrinə gələndə, məncə, bu yenə saray yazıçılarının fikridi… Ədəbiyyatın öz iş yeri var. Ədəbiyyatın iş yeri can deyil, ruhdu…''

Bu fikirlərdə mübahisəli məqamlar olsa belə, şairin düşüncələri heç bir ənənəvi trafaretə sığmır, bu mülahizələrində də Eldar Baxış Eldar Baxış olaraq qalır. Onun düşüncələrinin yalnız üst qatı yox, sətiraltı mənaları da insanı düşündürür, bəzən onu üşəndirir də… Ancaq nə qədər mübahisəli məqamlar olsa belə, bu fikirlər Eldarın sözə, ədəbiyyata, sənətə nə qədər böyük önəm verdiyindən soraq gətirir…

Qulu Ağsəsin görkəmli adamla bağlı sualına Eldar Baxışın cavabı onun şəxsiyyətini, düşüncə tərzini, təvazökarlığını, dünyanı dərketmə səviyyəsini, eləcə də sənətə estetik münasibətin öyrənmək baxımından maraq doğurur.

Qulunun sualı budur: ''Adətən görkəmli adamlarla həmsöhbət olanda istər-istəməz onların hansı xarici ölkələrdə olmadığını xəbər alırlar. Bu sualı Sizə vermək mənə şəxsən mənim üçün bir az çətindir. Çünki mənə həmişə belə gəlib ki, E.Baxış heç vaxt içindən çölə çıxmayıb. Sizin çoxdan yazdığınız ''Məndən böyük şair olarmı?'' şeiriniz də fikrimə şahid durar.''

Eldar ona belə cavab verir: ''Səni and verirəm Tanrıya mənə görkəmli adam demə. İbtidai icma quruluşunun ilk görkəmli adamından tutmuş indiki dövrün son görkəmli adamınacan dünyanın bütün görkəmli adamları kainatın içində dünyanı, dünyanın içində insanı, insanın içində canı, canın içində ruhu elə günə salıblar ki, indi dünya dünyalığından bezib, insan insanlığından, can canlığından, ruh ruhluğundan. O xarici ölkə söhbətinə gəldikdə mənim içimdən qıraqda olanların hamısına – lap belə o günəşə, aya, ulduza, buluda, yağışa, damcıya, lap elə bu ağaca, quşa, kəpənəyə, cücəyə, lap elə sənə, sənin danışdığın dilə, dediyin sözə, çəkdiyin aha mən xarici ölkə kimi baxıram. Bir zaman mən başqa bir xarici ölkədə idim – anamın bətnində. Sonra bu xarici ölkəyə gəldim – bu dünyaya, sabah da tamam başqa bir xarici ölkəyə gedəcəyəm – o dünyaya…

Mən ölüb gedəcəyəm, amma içim qalacaq, içimin ölkəsi qalacaq. İçimin üç vətəndaşı var, o ölkə o üç vətəndaşın hesabına qalacaq. O vətəndaşlardan birinin adı Ağrıdı, birinin adı Düşüncə, o birinin adı Söz. Özü də elə-belə ağrı yox, yazılan Ağrı; elə-belə düşüncə yox, yazılan Düşüncə, elə-belə söz yox, yazılan Söz.''

Şairin yaradıcılığına yaxından bələd olanlar o saat anlayırlar ki, bu cavab Eldar Baxışın şəxsiyyəti üçün də, düşüncə tərzi üçün də, ədəbi üslubu üçün də çox xarakterikdir. Eldar müxtəlif həyati problemlərə, haqqında çox yazılan aktual, əbədi-əzəli problemlərə belə tamam başqa prizmadan, tamam başqa bir nəzər nöqtəsindən baxır ki, bu da onun fərdi yaradıcılıq üslubunu formalaşdıran ən başlıca amilə çevrilir. Doğrudan da, Eldarın poeziyası ağrısız, acısız, bədii, qeyri-adi sözsüz təsəvvürə gəlmir. Özü də bu ağrı-acı fərdilikdən çıxıb bəşəri mahiyyət daşıyır, elə buna görə də Eldarın müxtəlif mövzulu poetik nümunələri oxucu üçün həmişə maraqlıdır, onu həmişə düşündürür…

Eldar Baxış bütün hadisələrə fərdi yaradıcılıq, düşüncə prizimasından baxsa belə, son nəticədə onun poetik düşüncələri bəşəri mahiyyət daşıyır. Onun ədəbi görüşləri əyalət, ölkə çərçivəsinə sığmır. Eldar öz yaradıcılıq nümunələrinə də həmin meyarla yanaşır və başa düşür ki, ürəyi istəyən əsərləri hələ yaza bilməyib. Elə buna görə də müsahibinin ''Şair özünün bircə şeirini belə əzbər bilməsə də, yazdıqlarını heç vaxt unutmur. Amma söz yox ki, Sizin də yaradıcılığınızda ən böyük uğur saydığınız əsər olmamış olmaz. Bu sual həm də nasir E.Baxışa aiddir'' eyhamına belə cavab verir: ''Düşündüyüm, ancaq yazmadığım əsərləri mən ən uğurlu əsərlər hesab eləyirəm. O əsərləri yazmaq istəyirəm, di gəl qoymurlar yazmağa. Yuxarıda Tanrı qoymur, aşağıda adamlar. Ən çox adamlar. Dəxli yoxdu o adamların milləti nədi – rus, erməni, yaxud qadasın aldığım türk. Neçə ildi mən ağrının, düşüncənin, sözün yazıçılıq qatından enib jurnalistlik qatına gəlmişəm. Bu qatda durub adamlarla çarpışıram. Məni ağrının, düşüncənin, sözün yazıçılıq qatından jurnalistlik qatına endirən adamlarla həm də təkcə buna görə çarpışmıram, bir də ona görə çarpışıram ki, o adamlar Azərbaycanı da, mənim xalqımı da ağalıq qatından endirib, qulluq qatına endirmək istəyirlər.''

Tarix fakültəsinin müdvimi kimi tarixi hadisələri dərindən bilən şair Eldar Baxışı ən çox qayğılandıran da məhz ''xalqı ağalıq qatından qulluq qatına endirmək istəyənlərlə'' mübarizə aparmaq istəyi olmuşdur. O, bütün yaradıcılığı boyu məhz bu amal, əqidə uğrunda mübarizə aparmış, heç nədən, heç kimdən çəkinməmiş düşündüklərini söyləyə bilmişdir. Bu xasiyyət isə onun həm dostlarını, həm də düşmənlərini artırmışdır.

Eldar Baxışın poeziyasında fərdi hisslərin, duyğuların tərənnümü, təsviri sosial, tale yüklü problemlərlə müqayisədə arxa plandadır. Elə bunu nəzərdə tutan Qulu Ağsəs də Eldar Baxışın bu məsələyə münasibətinə aydınlıq gətirmək münasibətilə deyir:

''Dahi söz ustadı Folkner ''məhəbbət və şərəf, mərhəmət və qürur, canıyanalıq və fədakarlıq'' olmadan yaranan ədəbiyyatı ''ölümə və unudulmağa məhkum ədəbiyyat'' adlandırırdı. Yəqin ki, onun Nobel mükafatı alarkən dediyi bu məşhur fikri oxumusunuz. Əgər Sizin yaradıcılığınızı bu kəlamın işığına tutsaydılar, məncə, fədakarlıq məhəbbəti kölgədə qoyardı. Yəni Sizdə, ümumiyyətlə, lirik şeirlər çox az nəzərə çarpır. Bunun səbəbini nədə axtarmalı: fədakarlığın, şərəf və mərhəmətin, qürur və canıyanalığın gücündə, yoxsa elə gəncliyinizin uğursuz sevgisində?..''

Əlbəttə, bu sual gəlişi gözəl verilmiş bir sual deyil; Eldarın yaradıcılığına dərindən bələd olan, ona simpatiya göstərən istedadlı, çoxlarını bəyənməyən bir qələm sahibinin gəldiyi qənaətlərdir. Hiss olunur ki, Qulu Eldarın zəif və qüvvətli cəhətlərini yaxşı bilir, söhbətin yönünü hansı istiqamətə yönəltməyi bacarır. Məhz bunun nəticəsindədir ki, Eldar Baxışın onun sualına verdiyi cavab çox qaranlıq mətləblərə işıq salır, şairin ədəbi məramı haqqında dolğun təsəvvür yaradır.

Eldar deyir: ''Yazıçının işi çıxış eləmək deyil, yazıçının işi lap belə sadəcə desək, söz yazmaqdı, bədii söz yazmaqdı. Di gəl bunu bizim bir çox yazıçılara başa sal görüm, necə başa salırsan. Bizim bir çox yazıçılar sözü yazmırlar, sözü qusurlar. Özü də burada – Bakıda durub qussalar, yenə dərd yarıdı, eləsi var gedib Ankarada, Pekində, Tehranda qusur sözü. Folkner – o şotland qartalı məni bağışlasın ki, ounun adı olan yerdə bu cür sözlər deyirəm. Amma neyləmək olar, sözü söyləyənlərdən yox, sözü qusanlardan qorumaq lazımdı. İstər Amerikada, istər Çində, mən indiyəcən buna çalışmışam, bundan sonra da çalışacağam. Gözümü dünyaya – otağa, pəncərəyə, südə, çörəyə, işığa, qaranlığa yox, gözümü ədəbiyyata açandan görmüşəm ki, ədəbiyyatın başında bir papaq var – ideoloji papaq, əynində bir paltar var – ideoloji paltar, ayağında bir başmaq var – ideoloji başmaq. Mən həmişə bu papağı ədəbiyyatın başından götürmək, bu paltarı ədəbiyyatın əynindən soyundurmaq, o başmağı ədəbiyyatın ayağından çıxarmaq istəmişəm.

Mən əsl ədəbiyyatın tərəfdarı olmuşam – papaqsız, paltarsız, başmaqsız. Ədəbiyyat ideologiya deyil, ədəbiyyat ideologiya olsa-olsa, yazıçının şəxsi ideologiyası ola bilər. Yəni bunu mən bu cür deyərdim. Mənim ədəbiyyatım – mənim ideologiyamdı.

Əgər Sizin fikrinizcə, mənim fədakarlığım mənim məhəbbətimi kölgədə qoyubsa, bax buna görə qoyub. Mən özümü dünyanın o şairlərindən hesab eləyirəm ki, o şairlər sözün xətrinə məhəbbətlərini fədakarlıqlarına qurban verirlər.

Venesualada Sessar Valexonun sözünün başına döyürdülər, Fransada özünün başına. Amma Sessar Valexo sözünün başına döyülən yerdən qaçıb, özünün başına döyüldüyü yerdə yaşayıb… Şair özünün başına döyüldüyü yerdə yaşaya bilər, sözünün başına döyüldüyü yerdə yox. Mənim fikrimcə, sözüqıpıq olmaqdansa, gözüqıpıq olmaq yaxşıdı…''

Əlbəttə, Eldarın mülahizələri də, onun ifadə tərzi də çox maraqlıdır. Ancaq burada mübahisə ediləsi məqamlar da yox deyildir. Əvvələn, yaradıcılıq şəxsiyyətdən başlayır. Gözüqıpıq adamın sərbəst fikir söyləmək bacarığına adamın inanmağı gəlmir. Digər tərəfdən, sözünə, hərəkətinə görə adamın başına döyür, yaxud onu sığallayırlar. Həmişə başına döyülən adamın ''dikbaş sözlər'' yazmağı da absurddur. Baş sözün yox, söz başın məhsuludur…

Müsahibinin ''Sizi bəzi şeirlərinizə görə ''şairlər üçün şair'' adlandırırlar. Bunu ədəbi tənqidin tədqiqat obyektindən hələlik qədərincə qıraqda qalmış E.Baxış yaradıcılığına ən obyektiv qiymət saymaq olarmı?'' sualına şairin verdiyi cavab da onun səviyyəsi, düşüncə tərzi haqqında az söz demir:

''Xlebnikov haqqında olan o fikrin müəllifi, gərək ki, Mayakovskidi. Mənim fikrimcə dünya şairləri üç yerə bölünürlər: birinci – şairlərin şairləri, ikinci – dövlətlərin şairləri, üçüncü camaatın şairləri və ya toy şairləri.

Mənim özümə gələndə, indiyəcən çox şairlərin şairi olmuşam, bundan sonra da çox şairlərin şairi olaraq qalacağam. Amma bir dəfə demişəm, bir də deyirəm ki, hərdən özüm bilə-bilə camaat üçün də yazıram, xüsusilə o vaxt ki, görürəm camaatın mənim sözümə ehtiyacı var. Neynim axı, camaat məndən yazıqdı, mən də camaatdan yazıq.''

Əlbəttə, bu fikirlərdə də mübahisəli məqamlar var. Şairləri qiymətləndirməyin ən obyektiv meyarı onun isdedadının dərəcəsidir. Kim nə deyir desin, yaxşı, pis şeirin əsas meyarlarından biri də oxuculardır. Dünyanın ən gözəl şeiri əgər oxunmursa, başa düşülmürsə, o kimə və nəyə lazımdır?

Digər tərəfdən, ''şeirin başından ideoloji papağı, əynindən ideoloji paltarı, ayağından ideoloji başmağı'' çıxarmaqla iş bitmir. Əsas məsələ şeirin mayasında olan canlı fikrdə, Eldarın özünün də həmişə arzuladığı ''bədii'', ''diri'', ''namuslu'' , ''qeyrətli'', ''səfərbəredici''… sözdədir.

Lakin bu istedadlı qələm sahibinin həmin mülahizələri əslində göydəndüşmə deyildi; Eldar Baxışın nifrət etdiyi sosialist ideologiyasına üsyanının maraqlı şəkildə təzahürü idi. Ancaq Eldar unudurdu ki, onun müasir ruhlu şeirlərinin hamısının öz milli papağı, milli paltarı və milli ayaqqabıları vardır. Bütün yaradıcılığı boyu türkçülüyü, Azərbaycanın müstəqilliyini, şəxsiyyət, söz azadlığını, düşmənə nifrəti təbliğ eləməyin özü ideologiya deyildisə, bəs nə idi?

Yoxsa Eldar müsahibinin ''Bir gün bütün sevdikləriniz bir yerə cəm olub, Sizi kiməsə and içməyə vadar etsəydilər, hansına üz tutardınız?'' sualına belə cavab verərdimi:

''Mən ilk dünya Tanrısına and içərdim – Dinqirə, Denqirə, Tenqirə, Tenqiriyə, Tanrıya. Mən suya, torpağa, havaya, oda and içərdim. Camaat Qurana necə əl basırsa, mən də eləcə Orxon yazılarına əl basardım. Mən and içərdim Altaya, Urala, Huna, Oğuza, Bilgə xaqana, Ulus bəyə, öz doğulduğum Müskanlı kəndinə and içərdim. Rus-erməni soldatlarının başı üstündən əlimi uzadardım anadan olduğum Müskanlı kəndinə, deyərdim: and olsun o kəndə! Ancaq hanı o nələr, o kimlər?! Hanı? Yoxdu. Varsa da əlim çatmır.''

''Nə vaxtsa Sizə elə gəlibmi ki, dahisiniz?'' salını isə Eldar belə cavablandırıb: ''Ədəbiyyata gələndə Azərbaycan SSR Yazıçılar İttifaqının yanından gəldim. Gördüm Azərbaycanda dahilik növbəsinə o qədər yazıçı, şair dayanıb ki… Mən ta o növbədə dayanmadım. Yaxşı da elədim. Sonradan-sonraya bəlli oldu ki, əslində bu növbə dahiliyə deyil, xalq yazıçılığınadı, mükafatadı. Onlar xalq yazıçılığını, mükafatı aldılar, sonra isə sıradan çıxdılar…

Mən istərdim ki, günü bu gün Azərbaycanda söz sənətinin bir dahisi olsun, amma istəməzdim ki, o dahi mən olum. Tanrı sübut eləyib ki, Azərbaycan xalqının dahisi olmaq istəyən adam dahi olmamışdan qabaq, heç olmasa, Mirzə Ələkbər Sabir kimi sabun satmağı, Məhəmməd Hadi kimi köynək satmağı bacarmalıdı. Mən ömrüm boyu dahi olmaq istəmədiyimə görə belə-belə şeylər satmaq heç ağlıma da gəlməyib. Camaat maşın satır, adam satır, mən heç düymə də sata bilmirəm. Məndən dahi olarmı?''

Bu sözlər də Eldarın ədəbi mövqeyi, ədəbiyyata, sənətə münasibəti haqqında çox söz deyir.Yalnız böyük sənət qayğıları ilə düşənən adam bu cür mülahizə yürüdə bilərdi… Onun mülahizələrinin təkcə zahiri qatı yox, kinayə ilə yoğrulmuş sətiraltı mənası da çox-çox dürlü mətləblərdən, Eldarın intellektindən xəbər verir…

Eldarın ''Şeir nədir?'' salına verdiyi cavabda onun ədəbi görüşlərinin çox mühüm, önəmli məqamları öz əksini tapmışdır:

''Şeir – sözdü, şeir- ağrıdı, şeir – fikirdi, şeir – buluddu, şeir – damcıdı…

Şeir – alındı, şeir – alın yazısıdı… Dünyanın ilk dərdindən doğan ilk şeirin müəllifindən tutmuş Füzuliyə, Orxan Vəliyə, mənə, sənə qədər şeir haqqında min cür fikir deyilib, deyilir, deyiləcək. Şeir haqqında ən çox deyilən fikirlərdən biri də budur ki, şeir şairin ölümüdü. Əgər şeir şairin həyatıdırsa, əgər şeir şairin ölümüdürsə, onda burdan belə nəticə çıxarmaq olar ki, şeir həm də şairin qəbridi, özü də bu qəbir elə bir qəbirdi ki, torpaqdan, qumdan, kərpicdən hörülmür, şeirdən hörülür. Ölən şeir yazan şairi eləcə də ölən şeirə dəfn eləyirlər, ölüb gedir, qalan şeir yazan şairi isə eləcə o qalan şeirə büküb dəfn eləyirlər, qalır.

Mən istərdim ki, mənim şeirim – mənim qəbrim olsun.''

Bir qədər nakam taleli şairimiz Mikayıl Müşfiqin düşüncələri ilə səsləşən bu qeyri-adi mülahizələr göstərir ki, Eldar Baxış dünya ədəbiyyatından, onun görkəmli nümayəndələrinin nəinki əsərlərindən, hətta onların ədəbi görüşlərindən də xəbərdardır. Başqa sözlə desək, Eldarın ədəbi görüşləri elə-belə formalaşmayıb. O, klassik ədəbiyyat, folklor və dünya ədəbiyyatı kimi zəngin qaynaqlardan bəhrələnib.

Bu bənzərsiz şairin düşüncələri onun təkcə həyata, kainata, insanlara estetik münasibətini öyrənmək baxımından maraq doğurmur. Bunlar həm də E.Baxışın öz yaradıcılığının sistemli şəkildə araşdırılmasında tədqiqatçının köməyinə çatır. Eldarın ədəbi görüşlərinə bələdlik onun poeziyasının, yaradıcılıq nümunələrinin ''qırxıncı qapısını'' oxucunun, eləcə də tədqiqatçının üzünə taybatay açır…

Eldar Baxışın ''Səndən şair olmayacaq'', ''İndinin böyük şairi'' şeirlərində də şairin yaradıcılıq prosesi ilə bağlı düşüncələri ön plandadır.

İndinin böyük şairi

başından keçər,

sözündən keçməz” –

qənaətinə gələn “məndən böyük şair olarmı?” sualı ilə təkcə oxuculara yox, əsərlərindən yaradıcı şəkildə bəhrələndiyi Sarı Aşığa, Nazim Hikmətə və Vlexxo Sessara müraciət edir. Onun fikrincə, əsl şair olmaq üçün yaradıcı insanda poetik duyum olmalıdır.

Gözün işləməyən torpağı görə bilməsən,

eşidə bilməsən qulağın eşitməyən səsi,

dilin deməyən sözü deyə bilməsən,

gedə bilməsən ayağın getməyən yerə,

səndən şair olmayacaq…

Eldarın bənzərsiz yaradıcılıq nümunələri onu deməyə əsas verir ki, əsl şairə məxsus olan bütün keyfiyyətlər elə onun özündə də varmış…



Rafiq Yusifoğlu,

şair, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor.

MANERA,AZ

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ