Ayrılıq bir dəniz imiş, sən uzaq yaşıl ada

Tarix:2-09-2017, 12:38 Baxış Sayı:1330

Ayrılıq bir dəniz imiş, sən uzaq yaşıl ada
Manera.az xalq şairi Vaqif Səmədoğlunun şeirlərini təqdim edir:

UZAQ YAŞIL ADA

Ürəyim yol çəkir bir gözə dönüb,
Yollar da tərs kimi uzanır, gülüm.
Yuxumdan hər gecə durnalar keçir,
Bilmirəm nə olub, haradan bilim?!
Belə getsə sınar quşların səsi,
Dənizin də səsi günbəgün batar.
Yubanma, əzizim, gəl qurtar məni,
Arxadan dərd çapır, qorxuram çata...

Halıma yanan gərək səsin düşəndə yada,
Ötən günləri qoru, yaxşı bax, vermə bada...
Ayrılıq bir dəniz imiş, sən uzaq yaşıl ada...

Tez ol xəbər ver, görüm necəsən,
Gözlərin necədi, yerişin necə?
Yaman darıxmışam, mən səndən ötrü,
Barı bir soraq ver özün gəlincə.
Yerini bilmirəm, bilsəm gələrəm,
Könlünü alaram, sevərəm yenə.
Xəzərin köksündən qalxan dumana,
Qara şanı büküb gətirrəm sənə...

Halıma yanan gərək səsin düşəndə yada,
Ötən günləri qoru, yaxşı bax, vermə bada...
Ayrılıq bir dəniz imiş, sən uzaq yaşıl ada...

GÜNAHA BATMAĞIM GƏLİB,AY ALLAH

Günaha batmağım gəlib, ay Allah,
Cəsarət dəmidir, saxlama məni,
Sənə inamdan da gözəl bir qız var,
Xəyanət dəmidir, saxlama məni.

Nə millət uğrunda, nə yurd uğrunda,
Nə türklük uğrunda, boz qurd uğrunda,
Sevdalı faciə, xoş dərd uğrunda
Fəlakət dəmidir, saxlama məni.

Özün bax, gör dünya nələrlə dolmuş.
Gör nələr olacaq, gör nələr olmuş,
Yalanla, şərabla, qəmlə yoğrulmuş
Həqiqət dəmidir, saxlama məni.

Qoy artsın dirimə, ölümə söyən.
Halıma ağlayıb dizinə döyən,
Baxtın şahə qalxan atı kişnəyən
Səadət dəmidir, saxlama məni.

Dəymə, qoy qəlbimə girsin bu ilan,
Onun zəhərinə indi can qurban,
Bütün qanunlara meydan oxuyan
Cinayət dəmidir, saxlama məni.

Qoy bu gün sevinim, utanım sabah
Yarımçıq çıxmasın sinəmdən bu ah,
Günaha batmağım gəlib, ay Allah,
Məhəbbət dəmidir, saxlama məni!
1996

POLYAK QIZI

Polyak qızı, mən sənə
Nəfəs deyim, ah deyim?
Çıxar xaçı sinəndən,
Mən bir bismillah deyim.

Əllərim bekar qalıb,
Saçlarını bəri ver,
Dodaqlarım sıyrılıb,
Sinən üstdən dəri ver.

Burnumdan əsirgəmə,
Duyacağım son ətri,
Bir eşq boyu yubansın,
Son şeirimin son sətri…

SEVGİLİM,MƏN ÖLƏNDƏ

Sevgilim, mən öləndə,
Bir küncdə xısın-xısın
Ağlayacaqsanmı sən?
Kimin xarabasında
Bir damla yaşa dönüb
Düşəcəyəm gözündən?

Ağla, qurbanım, ağla,
Ağla, һeyranım, ağla,
Evdə qonaqlar olsa,
Çıxıb eşikdə ağla.
Gözlə, gecə düşəndə
Yorğan-döşəkdə ağla.
Qulaq asma aləmin
Sözünə bircə kərə.
De, Vaqif ölməliydi,
Gəl öldü naһaq yerə…

Sevgilim, mən öləndə,
Soraq sənə gələndə,
Düşmən gözü güləndə,
Ağla, olanım, ağla,
Ağla, qalanım, ağla,
Ağla, mən ölüm, ağla…



***
Allah,
Nə var, nə yox?
Məndən nə xəbər var?
Gecələri özüm sayaram,
Üzümə açılacaq
neçə səhər var?
Bəyənəcəksənmi məni,
Bəndəni hansı gözlə görəcəksən?
Allah,
Özüm gəlim,
Ya kimisə göndərəcəksən?




***
İlahi,
Yatağın nə sağında
Nə solunda,
Nə bir gözəlin qolunda
Yatmaq istəmirəm.
İlahi,
Nə söyüd kölgəsində,
Nə dünyanın ən azad ölkəsində
Yatmaq istəmirəm.
İlahi,
Dar quyu dibində,
Qaranlıq nəm içində,
İşıqlı qəm içində,
Ağrısız
Bir az yatmaq istəyirəm...



***
Son gecədir bu gün yenə,
Sabah yenə son səhər.
Son yel dolur son yelkənə,
Qayıq üzür birtəhər...

Axırıncı ağacdır bu,
Əsir sonuncu külək.
Bağlayıb sonuncu yolu
Yenə sonuncu fələk...

İndi son küçə üstünə
Yağacaq son addımlar.
Yenə dönəcəklər tinə
Sapsarı son adamlar...

Doğulur sonuncu insan,
Sonuncu insan ölür.
Yenə son dəfə ağlayan
Son dəfə gülən olur...
1963



***
Nəyin istisindən yananlar
arzulayacaq kölgəmi?
Hansı rənglə çəkəcəklər
xəritələrdə ölkəmi?
Şeirlərimi sevəcəklərmi
divarlar arxasında?
Nə parlayıb sönəcək
son günümün yaxasında?
Bazarda
ətin qiyməti düşəcək,
yoxsa
meşə cəngəlliyinin
qoyduğu qiymətdə qalacaq?
Öpüşəcək,
öldürəcək,
düşünəcəklərmi yenə qaranlıqda?
İnsan xoşbəxt olacaqmı
məhəbbətin doğduğu bir anlıqda?
Qatarlarda
axşamüstü
çay paylayacaqlarmı içməyə?
Pasport, viza
gərək olacaqmı sərhədlərdən keçməyə?
Andersenin nağıllarını oxuyacaqlarmı?
Əlifba biləcəkmi hamı?
Kür daşacaq,
yoxsa bəndlər ovcundan
töküləcək Xəzərə?
İnsan bir ömrü boyu
öləcək neçə kərə?
Yol azacaqlarmı?
Məzar qazacaqlarmı?
Məsciddə yuyacaqlarmı meyidləri?
Kim sulayacaq
bulvardakı söyüdləri?..
1963



***
Məzarıma
nə başdaşı qoyun,
nə heykəl.
Bir cüt ayaqqabı qoyun,
ayağıyalın
geyib getsin...
1963



***
Batan
gəminin suya atılan
yükü kimi
kənara atıram ümidlərimi.
Ömrümün divarında
bir gün yenə
kəndir dayanıb
qapı yerinə...
1964



***
Qağayı, axtar məni,
Bu yerdən apar məni,
Ölüm köksümü döyür,
Qorxuram açar məni...

İçim qara gecədir.
Səkisiz dar küçədir.
Qağayı, dəniz üstdə
Söylə, saat neçədir?
1964



***
Anara

İçimə məhəbbət yazır,
içimə həsrət yazır,
yazır, yazır, yazır həyat.

Günəşli gündüzlər,
köksü məsafəylə dolu düzlər,
gecə tək qaranlıq,
gündüz kimi aydın üzlər,
yazılır içimə,
içimdə qalır...

Sevdiklərim də,
sevmədiklərim də
yazılır içimə,
qalır içimin
qalın səbr dəftərində...
Dostum,
mən öləndən sonra
basarsan bu maqnitofonun
səs qaytarmaq düyməsini,
bir dəfə də eşidərsən
artıq döyünməyən
qəlbimin səsini...
1964



***
Birlikdən və tənhalıqdan,
Ucuzluqdan, bahalıqdan.
Taxta oyuncaq ayıdan
Tək yatdığım çarpayıdan
Utanıram, utanıram...

Çağaların ilk səsindən,
köhnə daxma kölgəsindən,
Ölülərin daş qəbrindən,
Dirilərin daş səbrindən
Utanıram, utanıram...

Bütövlükdən, bölümdən də,
Yersiz, vaxtsız ölümdən də...
1964



***
Bu payız da başlandı,
Bu yağış da...
Ölülərim,
Dirilərim dolanır içimdə,
Xatirələr səyriyir gecəmdə,
Təkliyimi minib at tək
Yanır
sönür
ötür ömrüm...
Ekspreslər dayanmayan
Kiçik stansiyalar tək
1964



***
Eşidirsənmi?
Amma necə eşidəsən...
İki il,
yeddi ayın ayrılığıyla
tutulub qulaqlarımız,
Bir yandan da bu yağış...
Bu yağışda canavarlar da
adam olub yorğan-döşəyə
girmək istəyirlər.
Görürsənmi?
Amma necə görəsən...
Qurtarmayıb hələ də
aramızdan keçən qatarın vaqonları.
Bir yandan da bu yağış...
Bu yağışda qorxudan
səs-səsə verib bar-bar bağırır
Qobustan qayalarının öküzləri də!
Eşidirsənmi?
amma necə eşidəsən...
İki il,
yeddi ayın ayrılığıyla
tutulub qulaqlarımız
bir yandan da bu yağış...
1964



***
Mühit içində
təpədən dırnağa kimi
ümid içindəyəm.
Dalamır indi məni
nə illərin başıyuxarı axarı,
nə də ömrün
üzüqoylu axırı.
Bilirəm,
yer üzündə bütün izlər
ömürdən gedir,
dəniz belə gözdən itir.
Bilirəm
yer üzündə
bir yol da salınmadı
insan gözündən.
Tapılmadı itənlər.
Mənsə gah həyata,
gah ölümə səbəb gəzirəm.
Yaşayıram, dözürəm
Bir misra da, bir gecə də...
Çünki mühit içində
təpədən dırnağa kimi
ümid içindəyəm.
1964



***
Salam
qaranlıqda rastlaşdığım,
ədalarından çaşdığım
qadın,
İri,
zövqsüz saatın
gündüzlər kölgə saldığı yerdə
dayanmışdım.
Kölgə qadın.
kölgə insan,
Yadındamı?
Yadındamı əlini sıxdığım o gecənin adı?
Sarılma həvəsi,
taksi,
konyak qoxuyan insan nəfəsi.
1965



***
Ev.
Özgə otağının kiri,
Divarda Stalin,
Bir də köhnə saatın
veyillənən kəfgiri...
Bakıya baxdım
dönərkən geri
Tamam başqa şəhər
evlər birtəhər
Mənə baxır hamı...
Köksümə saldım başımı
Ayaqlarımın altda
"Kilka v masle" -
- köhnə. paslı dəmir qutu.
Sol-saq insanla dolu.
Arxadasa
yenə taksiyə minir
övladımın meyidiylə
fahişə bətninin tabutu...
1965



***
Dənizdən ayrılmış qupquru qaya,
Qədim xatirə tək əyib başını,
Ayrılıq illərin indi kim saya,
Kim bilir kədərin qoca yaşını?

Bəlkə yer altına qaçan Xəzərdən,
Yer üzündə qalan daş izdir qaya?
Bəlkə də fırtına içindən qopmuş
Bir parça qurumuş dənizdir qaya?

Birdaş-birdaş illər düşür üstündən,
Kiçilir hey yaşa dolduqca qaya,
Bostandan quşları qovacaq bir gün
Xırdaca daş qalıb bu uca qaya...
1965



***
Əyrin-üyrün,
dar küçələrin,
gündüzlər
otaqlarındakı bəyaz gecələrin,
damlarının yastısı,
içinin astası
küçələrini
dolanan addımların
həmişə tənha səsi,
Gecələrinin
dünyada itən tarix tikəsi.
İçindən
Kommunist küçəsinə çıxan təəccübüm,
oğrularından qorxan cibim,
ölüm ayağındadır indi
Biçarə şəhər,
İçəri şəhər...
1965



***
Doğuldum 1939-da,
1937-də tutuldum.
48-də nənəm öldü,
ömrümdə ilk dəfə
ölüyə ağladım.
Balıqlar saxladım
akvariumda.
Açıq qaldı pəncərəm
bir qış gecəsi.
Dondu balıqlar...
İndi 1965-in
yanvar gecəsidir.
Deyəsən yaşamaq istəyirəm.
1965



***
Uşaqkən ölənlərin
fotosuna yapışan
qara retuşlu təbəssüm tək
gördüklərim solur,
yox olur.
Gözlərim sanki
bütün köçəri ocaqlarının
tüstüsüylə dolur...
Büdrədir məni
insan yolunun səkisizliyi,
insan ömrünün bəlkəsizliyi.
Titrədir məni
gündüzlərin seyrək yuxusu,
gecələrin aptek qoxusu...
1965



***
Sən mənim
doğma anamsan, Azadlıq,
mən sənin
yad qapısında böyümüş balan...
Sən son ümidimin qaldırdığı
ağ bayraqsan, Azadlıq,
mən səni
yellədən külək...
1969



***
Mən ölən gün
bir külək əsəcək küçələrdə.
Və yellədəcək
ipdən asılı, quruyan
sarı çiçəkli bir uşaq paltarını.
Matəm bayrağıtək dalğalanacaq
uşaq paltarı
mən ölən gün...
1982



***
İlahi,
hansı dildə yalvarım sənə?
Bir dua yetər
yoxsa sənə də
ağız açmaq gərəkdir dönə-dönə?
Sənə yox, dünyaya yox,
özümə gülürəm.
çünki yaratdığın neçə min dildən
cəmi ikisini bilirəm.
Bunların birindən
yer də, göy də xəbərsiz...
Odur o birində
yalvarıram sənə indi:
Qospodi, pomoqi, Qospodi...
1982



***
Salam, ata, salam.
Bilirəm,
arxamdasan.
Məzarından cəmi əlli-altmış
addım bu yanda dayanıb
trolleybus gözləyirəm.
Trolleybusa minib,
sənin yanına
gələnə qədər
yaşamağa gedəcəyəm.
Ömür bu imiş, ata?
Gəldi...
Salam trolleybus,
əlvida ata...
1982
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ