Türkiyədəki postmedern “əjdahalar” niyə bizdə yoxdur? - Tural Turan yazır

Tarix:21-08-2017, 12:20 Baxış Sayı:1337

Türkiyədəki postmedern “əjdahalar” niyə bizdə yoxdur? - Tural Turan yazır

Dünyanın postmodern bir faytonla getdiyi yolda biz niyə hələ də tuluğu dolu dəvə ölçülü şeirlərlə “qarğı at” səyirdirik? – deyə düşündüm öz özümə. Qınından başını çölə çıxarırıq, təzədən yerimizə qayıda bilmirik, çünki başımız tezcə böyüyür və qına girə bilmirik. İstəyirsiniz siz də yoxlayın. Bədən qında, baş çöldə - gözümüzün görüb, başımızın düşündüyünü qında qalmış əlimiz yazmağa imkan vermir. Sözümü kələkötür bir yolla hazırkı postmodern ədəbiyyatımıza gətirib çıxarıram. Bizdə postmodern quldarlıq quruluşunda qalıb deyə düşünürəm. Bəlkə də nahaqqam, üzrlü sayın.

Əlisəmid Kür, Ağşin Yenisey, Aqşin Evrən, Emin Piri... Hələ bu sizin tanıdıqlarınızdır. Bunlarla hazırki Türkiyə postmodernizmi ilə xəyali bir söz qarşıdurmasına çıxsaq, bizim əlimizdəki dayandoldurumdur. Çünki onların şeirində “TOS-1” raketi adlandıra biləcəyimiz – Murat Menteş var:

“Mən öz səsimin naləsiyəm tabut çiynində,
Ağzım poqquldayan bir dua qazanıdır sanki...
Və uşaqkən qulaqlarıma keçirdiyim bir vişnə küpəsi
Quran ayəsi kimi cingildədir qulaqlarımı” –

Bununla üz –üzə dayanmağa bizimkilərdən bir kimsənin uzaqmənzilli “raket”ini yadıma sala bilmədim. Siz bilirsinizsə, ehsanımda olsun- deyirəm. Murat Menteşin “Deplasmanda Plasebo” deyə bir şeiri var. Deyim fərqi o qədər qıvraqdır ki, künc zərbəsindən qapıya birbaşa gedən topu xatırladır. Sonluq dodaq qaçırır və gözlənilməzdir. Emin Pirinin “Sağ qalan varmı?” kitabında belə buna bab nəsə tapa bilmədim. Şeiri tərcümədə itirməmək üçün olduğu kimi verirəm:

“Allah'ım kaderimde anarşi ve protesto
antidepresanlar ve içi boş bir gardırop
ne de çok yer kaplıyor mesela al pacino
yardımın gerekiyor kadıköy'deyim stop”. –

Türkiyəlilərin “paçavra şiir” adlandırdığı bu cür “söz yığınları” bizimkilərdən – heç kim özünə götürməsin - fərqli olaraq “özünübəyənmiş” və iddialı deyil. Adamlar deyib keçirlər sadəcə olaraq. İlk baxışdan bədii yükü yüngül görünür. Təvazökarlıq etsək, zənbilini əlimizə götürəndə beynimizin beli bükülür.

Ayb.az-ın “ən yaxşı şeir” kimi təqdim etdiyi Emin Pirinin “Çətin keçib uşaqlığım” şeirinin cəmi deyəsən Murat Menteşin bir cümləlik “Mən öz səsimin naləsiyəm tabut çiynində” lövhəsindən geri qalır. Söhbət şeirdə lövhənin tamlıq baxımından qısa əksindən gedir. Emin Pirinin “Çətin keçən uşaqlığım”ı Menteşin misrası yanında “ayaqqabısı yırtıq” qalır:

Çətin keçib uşaqlığım,
ayaqqabım yırtılardı
Böyüyəndə ayağım.
ayağınız böyüməsin deyə
dua etmisinizmi heç?!
Uşaqlıq illərim asan keçməyib...
Bir az çətin olub uşaq illərim.

Sərhəddin

tikanlı məftilləri kimi görünərdi
kasıb uşaqlarının gözündə
məktəb bufetinin qapısı.
O sərhədi keçə bilmək
alın yazımıza qarşı
ən böyük üsyan idi.
bəlkə də həyatımızın
ən böyük inqilabı”.

Hələ İstanbulda bir Ah Muhsin Ünlü namlı bir yazar var. Əsl adı Onur Ünlüdür. Hər iki imza məhşurdur. Eyni adam olsalar da imzaların biri ssenari, o biri şeir cəbhəsində “döyüşür”:

Sən məni öpsən bəlkə də mən fransız olaram,
Şəhərə düşərəm, bir kino yağışa bənzəyər.
Avtomobil kəşf olunar, Zərifoğlu ölər.
Dünyadakı bütün zəncilər qırx yaşından böyükdür.
-Seneqallılar daxil deyil”.

Açığını desəm, bu misralardan sonra Aqşin Evrənin “Mənfi sənsiz dərəcə”si məni üşütmür:

“Hərdən boynunu üşüdər onun aldığı şərf də
barmaqların əllərindən sırsıra tək sallanar.
Boş küçədə öskürər xatirələr astaca
Cədvəllərdə yazılar: “mənfi sənsiz dərəcə”.

Hətta “mənfi sənsiz dərəcə” ifadəsinin yanlış bir deyim olduğuna toxunmuram. Ramiz Rövşənin “başı kəsik gözəl kötük” ifadəsi kimi. Başı kəsilməsə kötük olmaz ki, Ramiz qağa. Aqşinin misrası beyninizi yormasın deyə “açar sual” verirəm: - “Müsbət sənsiz dərəcə” necə olur bəs?.. Amma adamın üstündə Allah var, Aqşin bir-iki istedalı gənc sayın deyəndə ağlımıza gələn üç-dörd imzadan biridir. Elə Emin Piri də, Ulucay Akif də.
Azərbaycan ədəbiyyatında dini şeir (əsasən qəzəl) yazanlar sırasında ən məşhur simalardan biri də Hacı Arif Buzovnalıdır. Üzlü sayın amma Arif Buzovnalıdan Ah Muhsin Ünlünün aşağıdakı şeirinə ağır çaplı atəşlə cavab verəcək misralar tapmadım:

“Resulullah süper bir insandı, ben o kadar değilim,
resulullah yolda ebu bekir’i görse ‘es selamu aleyküm ya sıddık’ derdi,
ben yolda ebu bekir’i görsem tanımam.
resulullah asla yalan söylemezdi; ben annem ölürken hiç ağlamadım.
ben annem ölürken çok ağladım çünkü annem
gırtlağından hırıltılar çıkarırken nasıl terliyordu, görmeliydiniz.
resulullah azrail’i yolda görse tanırdı;
ben azrail’i annemin yanında görseydim ona bir çift lafım olurdu,
derdim ki şimdi yani af edersin ama o sıktığın annemin gırtlağı”.

Hər şey ortadadır, mən qapan, siz tərəzi. Bizimkilərin əllərindəki “sivri oxlu misralar” Anadolu türklərin Sinem Salı boyutundadır:
“Geçtiğimiz altı ayda çok şey oldu

Arsalarda top koşturmayı bıraktım
Çünkü büyük binalar diktiler yerine
Ağaç yapraklarından dolma yapmayı
Ağaçların kendisine vakfettim”.

Ahmet Murat ölçülü və çaplı bir şair xatırlamağa çalışdım, ağlıma Aqşin Yenisey gəldi. Dərhal - əstağfurillah- dedim. Açığı Aqşin

“Qadın ilk növbədə sevgini sənədləşdirir
Allahı kağıza köçürür peyğəmbər
Əlinin qanını kağıza silir tarix,
və gələcək nəsillərə uzadır” –

deyəcək qədər istedadlı bir şairdir. Amma ən yeni söz demə forması baxımından Aqşin də yenilikçi deyil. Deyə bilərsiniz ki, hərənin öz nəfəsi var. Amma nəfəsdə də yenilik olması oxucunun “zövq dadını” dəyişməsi üçün vacibdir məncə. Məsələn, əvvəllər klassik dildə orijinal ifadələr səpələyən Ahmet Murat da yazı – şeir yazmaq stilini dəyişdi. Hətta yeni stillə oxucularının sayını da artırmış oldu. Tirajları artdı. Ədəbiyyatın yeniləşən, nəfəs alıb-verən bir meşəlik olduğunu nəzərə alsaq, dəst-xəttin də dəyişməsində bir gözəllik vardır. Bu gözəllik postmodernizmin gözəl yanlarından biridir - deyə düşünürəm. Niyə də bizdə olmasın:

“Seni düşünürken akşam namazı geçti iyi mi İkea,
Sen her şeyin en iyisine layıksın,
Prens, prenses ve kutu kutu pense sensin.
Sen de ezan okusan başka okurdun ama
Kısa keserdin kullanışlı bir ezan olurdu, ağlak olmazdı hiç,
İktisat olurdu o ezanda, Allahu ekber bir kere söylense yeterdi.
Üsküdar ezanları uzun oluyor, Ikea seni Üsküdar’da müezzin, seni müftü
Bir de Sirkeci çirkin oluyor Ikea, sen görmeni istemeyiz,
Belki de gör, doğulu çizgiler filan, İstanbul çok enerjik, çok yakıyor,
Bence İstanbul’u da al, lumpen bir yorum için, bir esin besin,
Lahmacun da yer misin, sana her şey yakışıyor akşamüstleri,
Sana sabahları ucuz poğaça ve sana kaçak çay,
Senin beyaz tenin, tinin, senin akıl sağlığın, beden sağlığın,
Gürbüz nesillerin, yıldan yıla serpilen kadınlığın”.
Ahmet Murat

Bütün bunlar bir yana, bizim şairlərin bir çoxu bu gün çayxana davasında misra boğuşdurur. “Mən”əmlik sindromundan qurtula bilməyib əksəriyyət. Deyəcəksiniz ki, Türkiyədə də çox zəif şairlər var. Mən də bilirəm bunu. Amma yaxşıları ilə müqayisə etdim ki, savaba girim.
Sözümün canı - Türkiyədəki postmedern “əjdahalar” niyə bizdə yoxdur? Sizi bilmirəm, mənə və mənimkimilərə əjdaha lazımdır. Gündə üç öynə pomidor qayğanağı yeməkdən diskinmişəm, öz adıma...

MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ