Prof.Asif Hacılı: Artizm ədəbi cərəyanı

Tarix:10-07-2017, 11:51 Baxış Sayı:497

Prof.Asif Hacılı: Artizm ədəbi cərəyanı

Manera.az bu həftə üçün Prof.Asif Hacılının "Artizm ədəbi cərəyanı" məqaləsini təqdim edir:


Keçən əsrin 70-ci illərində İtaliyada meydana çıxmış artizm cərəyanı həmin dövr üçün səciyyəvi olan sənədlilik və mifolojiliyin əksinə olaraq, artizm poetikasını, yəni gerçəkliyin məhz sənət meyarları ilə bədii təcəssümünü irəli sürürdü. Həqiqi sənət meyarları isə keçmişin ədəbiyyatında axtarılır və bəzən ədəbi irslə əlaqə hərfi mənada birbaşa bağlılığa çevrilirdi. Artizmin əsas nümayəndələrindən olan italyan yazıçısı Alberto Arbazinonun yaradıcılığında da əsas bədii üsul digər yazıçıların və özünün keçmiş əsərlərindən birbaşa istifadə, təbdil, sitat, kinayə və sairədir. Arbazino 1978-ci ildə “Super – Helioqabal” romanına qeydlərdə artizm poetikasına əsaslanan öz yaradıcılığının digər mətnlərin təbdili olduğunu, bu sıraya antik tarixçilərin, Kalderon və digərlərinin əsərlərinin, tədqiqatların, filmlərin, hətta rus filoloqu və folklorçusu V.Y.Proppun metodologiyasının daxil olduğunu bildirir. Öz əvvəlki əsərlərinin kollajından geniş istifadə etdiyini qeyd edən Arbazino bu eksperimental yaradıcılığı ilə neoromantizmə, xüsusən neoromantik musiqiyə, – Rixard Ştraus, Anton Brukner, Qustav Malerə yaxınlaşır. Eyni zamanda artizm poetikasının müəyyən meyarlarını Arbazinonun özünün təşkilatçılarından biri olduğu neoavanqardçı “63 Qrupu”nun və eləcə də postmodernizmin bədii prinsipləri ilə tutuşdurmaq mümkündür.

Təqdim etdiyimiz material XX əsrin görkəmli ədibi, yazıçı, şair, jurnalist, publisist, teatrşünas, sənətşünas, beynəlxalq hüquq mütəxəssisi, artizm ədəbi cərəyanının yaradıcısı Alberto Arbazinonun ilk dəfə 1963-cü ildə dərc edilmiş, 1993-cü ildə iki dəfə artmış həcmlə son redaksiyası çap olunmuş, italiyalı ziyalıların istehlak cəmiyyətindəki ağır durumunu əks etdirən məşhur “İtalyan qardaşlar” romanına 1977-ci ilin son sözü və mahiyyət etibarilə, artizmin manifestidir. Qeyd edək ki, bu romanın adı da İtaliya Respublikası himninin adının və ilk misrasının ironik təkrarıdır.



Alberto Arbazino
“İtalyan qardaşlar”a 1977-ci ilin son sözü


“İtalyan qardaşlar”, daha doğrusu, onun ilk redaksiyası İtaliya gələcəyə ən işıqlı ümidlərlə dolu olduğu bir dövrdə meydana çıxmışdı. Bu elə də keçmişdə yox, 50-ci illərin sonu – 60-cı illərin əvvəllərində, “italyan iqtisadi möcüzəsi” zamanı baş vermişdi. Lakin indi o zamanlar uzaq keçmiş sayılır. Və indi o hadisələr haqqında o vaxtlar heç dünyaya gəlməmiş gənclərə nəsə bir şey anlatmaq çətin ki mümkün olsun. Bu son söz məhz oxucuların “yeni nəslinə” yönəlib... Və hər halda bizim bugünkü bütün bəlalarımızın səbəbi heç də 40-50-ci illərin hadisələri və hətta 68-ci ildən sonra baş verənlər deyil. Əsl səbəblər – məhz həmin illərdəki hadisələrdir.

“İtalyan iqtisadi möcüzəsi” adlandırılan hadisə, məlum olduğu kimi, istehlak əhvalını kəskin şəkildə yüksəltdi. İndi kimi desən hamı – siyasi xadimlər, iqtisadçılar, həmkarlar fəalları, işbazlar, qəzetçilər, statistlər, hər cür falçılar, qeybdən söyləyənlər, danışan parabüzənlər – bizi israfçılıqda, “dünyanın bütün günahlarında”, imkanlarımıza görə yaşamamaqda ittiham edirlər. Onlar bizi “xərcləri kəskin azaltmağa”, “artıma hədd qoymağa”, “uçuruma yuvarlanmamağa” çağırırlar. O vaxt isə onlar üçün hər şey qaydasında idi və ağıllarına başqa şey gəlmirdi. Onlar o vaxt bizi tamam başqa şeyə çağırırdılar: xərcləməyə, “pulu sağa-sola səpələməyə”, möhlətə, borca, almağa, istehlak etməyə. – “Keynsi İtaliyaya” (C.M.Keyns – ingilis iqtisadçısı, keynsçilik adı almış makroiqtisadi cərəyanın banisi)! Pulu “dövriyyəyə buraxmaq” və “iş yerləri açmaq”! Bu, sənayenin bütün sahələrində və ticarətdə əmək məhsuldarlığının və deməli, vətənin rifahının və zənginliyinin keçilməz şərtidir, – irəli, yalnız irəli, Keynsin ardınca və bir addım da geriləmədən...

Və çətin ki, İtaliyada kimsə gerçək anlayırdı ki, başımıza tökülən bu var-dövlət uzunömürlü deyil, ötəridir. Bizdə, sıx əhalili dilənçi ölkədə, dələduzluq, hakimiyyətin satqınlığının, məqsədlərin və onlara çatılması vasitələrinin müəyyənləşməsində əfəlliyin çiçəkləndiyi bir yerdə belə ola bilməzdi (buna bizim bütün Tariximiz, Antropologiyamız, İqtisadiyyatımız dəlalət edir; bu haqda bizə daim xaricilər söyləyib). Bəlkə qısa müddətdə bizi zahiri görüntülər – müasir şosse yolları, çoxlu maşın, hər yerdə avtoturistlər üçün restoranlar aldadıb. Ancaq bizim dədə-baba mədəniyyətimizdə də nəsə dəyişilməyə başlayıb. Bu haqda hamıya “məsul şəxslər” bəyan edirdi, o vaxt onların hələ nüfuzu vardı... Hər nə isə, bütün bunlar yenə də İtaliyanın tarixən təşəkkül tapmış xarakteridir – vecsiz, sərsəm, volage (qui est changeant et léger, Littre lüğətinə görə, yəni “səbatsız və yüngül”) və lağlağı, folâtre (“həmin Littreyə görə, “zarafat və sərsəmlik xoşlayan”). Və bu, zahiri qaş-qabaq, ciddiyyət və qaraqabaqlığa rəğmən. Bu haqda bütöv kitab yazmaq olardı – axı elə bu bizim mədəniyyət və antropologiyamız və həm də tariximizdir.
İndi italyanlara xas digər hallar da yenidən peyda olub: kütlük, cinayətkarlıq, banditizm, oğurluq. Ancaq bunlara fikir verməsək, onda 60-cı illər, o vaxtkı bütün xəyallar və sərsəmlik (buradan da bizim bütün sonrakı bədbəxtliklərimiz) – bütün bunlar, əlbəttə, yuxu kimi gələcək. Bu mərhələ, İtaliyanın birləşməsindən sonrakı tariximizdən və eləcə də milli özünüdərkimizdən heç bir başqa dövrdə olmadığı qədər ayrılıb...

...Bəs o vaxt mədəniyyətdə nələr baş verirdi! Bizim əyalətçiliyimiz hara getmişdi? Doğrudur, bütün bunlar xeyli əvvəl, müharibədən və faşizmin süqutundan sonra baş verməli idi. Hamı belə fikirləşirdi. Əvvəllər, İtaliyanın rəsmi mədəniyyəti üçün, boyat adların qısır siyahısından başqa bir şey yox idi. Ancaq “Politexnik” dərgisi sayəsində xatırlanmağa layiq daha on-on iki yazıçı meydana çıxdı. Amma müasirlərimizdən yüzlərlə şanlı ad və kitab lazım idi, onlar yaxşıca reklam olunmalı idi, alınan mala çevrilib münasib qiymətə satılmalıydı. Həm də bu yazıçıların yaradıcılığını “elmi” şəkildə öyrənmək üçün tamamilə yeni ədəbiyyatşünaslıq lazım idi. Belə şey məhz 50-60-cı illərin kəsiyində başladı və bütün bunlar silinməz iz qoydu.

Və məhz bu dövrdə, – nə vaxt ki hər şey sanki yenidən başlayırdı və hər nəyi desən sınaqdan çıxarmaq olardı, nə vaxt ki yaxşı reklam yox idi, populyar ədəbi məhsulun kütləvi nəşri yox idi, nə yeni ədəbiyyatşünaslıq vardı, nə uyğun qiymətə satış vardı, – xoşbəxtlikdən belə bir vaxtda bizə rus formalistlərinin və fransız strukturalistlərinin ixtiraları və tənqid metodları bəlli oldu. Müxtəlif təhkiyə tiplərinin formal araşdırmaları bir sıra geniş plan və layihələr törətdi. Lakin ilk dəfə söhbət tənqidçinin “əsərin necə qurulduğunu” aşkarlamaq üçün istifadə etdiyi üsulların yaradıcılıqda, romanın niyyətinin formalaşması prosesində şüurlu istifadəsindən getdi (Ah, ətrafda hər şeyin qaynadığı bir vaxtda sənətkar və tənqidçi üçün bu oyuncağı söküb yenidən yığmaq necə şirin və maraqlı idi... Çoxlu gizli mexanizmləri olan bütün bu sandıqçalar... bir “açar” o birinin dalınca və “qıfıl” qəfil açılır...).

Başqa sözlə, artıq uzaqlarda qalmış o illərdə “İtalyan qardaşlar”ın meydana çıxması ilk növbədə Müasir Klassikanın müəyyən əsərlərinə və dövrlərinə məhəbbət və heyranlığın təzahürü idi. Bunlar həm də “İtirilmiş zamanın axtarışında”, “Əlamətsiz adam”, “Doktor Faustus” kimi “qlobal” roman –tədqiqatlar idi. Bu həm də “sənətdə və bədii tənqiddə mümkün olmayan heç nə yoxdur” qaydasıydı. Və həm də bu qaydanın köhnə janr olan operanın ən çağdaş səviyyədə möcüzəli tərzdə yenidən dirilməsində təsdiqi idi (Stravinskinin Odenin librettosuna bəstələdiyi “Yelbeyinin sərgüzəştləri”, daha əvvəl Ştrausun Qofmanstalın librettosuna “Qızılgüllər kavaleri”). Bura güclü tənqidi qabiliyyətə malik yazıçı və şairlərin (Ceyms, Konrad, Forster, Eliot kimi) öz peşələri və onun texniki üsulları haqqında düşüncələri də daxildir. Bu düşüncələr rus formalistlərinin və strukturalistlərin ədəbi məhsulun formal tərəfinə həsr olunmuş tədqiqatları ilə tutuşdurulurdu (və çox vaxt nəticələr üst-üstə düşürdü). Və əlbəttə, Böyük Mimezis formasında ədəbi tənqid, hər hansı yazıçıya uyuşmaq, uyğunlaşmaq və hətta pastiche – Prust kimi yazıçı-tənqidçinin ifasında onun mövzularına parodiya – fantaziya...

50-ci illərdə ağır, tələsmədən düşünülən bu roman 1961-1962-ci illərdə birnəfəsə cəmi bir-neçə aya yazıldı. Buna Şklovskidən “ədəbi əsərin quruluşu” ilə, Bartdan strukturalist fəaliyyətin ilk cücərtiləri ilə hayranedici tanışlıq, eləcə də artıq bu götür-qoy edilmiş romanın Pule, Russe, Rişar və Starobinskinin Prust və Floberdəki “modellər” haqqında tədqiqatları ilə böyük təəssürat doğurmuş dəqiq uyğunluğu təkan vermişdi. Bəli, bu, həqiqətən “yaradıcı epoxa” və eyni zamanda ədəbi məhsulun istehsalı barədə daim, bir-birinin ardınca yaranan plan və layihələr dövrü idi. Və yalnız formalizmlə strukturalizmin qovuşduğu çevrədə yox. Yeni tənqid qonaqpərvərliklə öz ağuşunu ən müxtəlif “fənlərarası” tədqiqatlara açdı, onların hamısını öz adı altında birləşdirib qovuşdurdu. Burada yeni adlar və əsərlər açılırdı (yalnız artıq xeyli əvvəl mənimsənilmiş Reymon, Beqen, Şpitser yox). Bütün bunların sayəsində bizim mədəniyyətimiz əslində öz “əyalətçiliyindən” necəsə qurtulmalıydı. Axı 30-50-ci illərdə o, bir yerdə ayaq döyürdü və gerçək həyatdan çox uzaq idi. Və bu, müharibə, Müqavimət hərəkatı, faşizmdən demokratiyaya və hermetizmdən “həyatda iştiraka” (Tolyatti) keçid kimi bir çox hadisələrə rəğmən baş verirdi. “Şirin həyat” və Borc və Həzz, İztirab və Həqiqət Axtarışları arasında artıq neçənci dəfə yaranan təzad.

Beləcə hər gün yeni kəşflər gətirirdi, heyranlıq sonsuz idi və irəliyə cəlb edirdi. Və heç cür görmək olmazdı ki, çox tezliklə bir çox gözəl Xarici Yazıçı biz italyanlar üçün adi olan səbatsızlıq hissi yaşayacaq. Burada həm müəyyən müəllifə böyük və ya kiçik maraq, eyni yerlərdən sonsuz sitatlar və üstəlik müəllifin simasının təhrif olunması, “dosentin malına” çevrilməsi, epiqonçuluq və həm də hər cür “məktəb” və cərəyanlara aludəlik var idi... Bütün bunların təsirilə mən onsuz da qalın olan romanı gündəlik kimi bir şey hesabına genişləndirməyi qərarlaşdırdım. Burada, yaxşı evlərdə olduğu kimi, günbəgün yeni oxuduqlarım qeyd oluna bilərdi. Ancaq bu gündəlik romana əlavə yox, onun mərkəzi hissəsi, belə desək “özəyi”, kitaba bu və ya digər “məna” verən son qeydlərin davamı, yaxud inkişafı kimi düşünülmüşdü. Və ən sərbəst formada...

“Bax elə bu Romanlar” belə meydana çıxdı. Burada “İtalyan qardaşlar”ın “beşiyi başında duran” həmin yazıçılardır (onun kompozisiyası daha müasirdir, up to date (burada: daha aktualdır – frans.), romanı təşkil edən qəhrəmanlar, sonsuz danışıqlardır. Qəhrəmanların özü isə – həmişə köhnəsayaq görünmək istəyən E.M.Forster ruhunda müəyyən tipciklərdir. Və mümkündür ki, bir-çox yaşıdları- mız onları ilk dəfə məhz burada gördülər, gördülər və artıq heç vaxt onlardan ayrılmazdırlar...
Nəhayət, gəlin indi son dəfə həmin planlar və layihələr dövrünün böyük xəyallarına boylanaq (artıq pedaqoji məqsədlərlə... nəsə öyrənmək üçün...). “İtalyan qardaşlar”ın ilkin planına görə, möhtəşəm Səyyahlıq mövzusu (kitablar arasında və eyni zamanda İtaliyada səyyahlıq) digər möhtəşəm mövzu – alman Bildungsroman – Tərbiyə haqqında roman ruhunda olan Öyrəncilik İlləri mövzusuna uyğun gəlməliydi. Belə şey həyatda yalnız bir dəfə, insanın təşəkkülü illərində baş verir və həlledici əhəmiyyət daşıyır. Ancaq indi (əksər halda) bu, illər deyil, ayrıca epizodlar, həftələrdir, insanın şövqlə və yeri gəldikcə nəsə öyrənməyə çalışdığı məqamlardır... Novalisdən Hesseyə qədər alman məktəbi ruhunda Öyrəncilik İllərinə bu Səyahətə – vahid mərkəzi olan, böyük bloklardan ibarət dairəvi qapalı kompozisiya uyğun gəlir. Özü də sonuncu blok birinci ilə birləşir, sən çıxdığın yerə qayıdırsan, ancaq əvvəlki kimi yox, artıq heç vaxt görüb anladığını unutmayacaqsan. Belə, “İtirilmiş zamanın axtarışları”nda yalnız əsərin sonu əvvəli ilə qovuşduqda və üst-üstə düşdükdə roman məna kəsb edir və bu məna açılır. (Ancaq, artıq deyildiyi kimi, burada məhz sonluğa görə bütövlükdə bütün roman barədə tərəddüd yaranır. Bu final nəyə – Real gerçəkliyə, Bədii ədəbiyyata, – Bekketin “Molloy”una və ya “Mavi qeydlər”ə aiddir?... Və artıq roman özü müxtəlif səmtlərə uçan yüzlərlə vərəqə parçalanır və qəfildən “öz-özünə” yaşamağı, “müəllif” niyyətini gerçəkləşdirməyi sınayır...).
Ancaq bu Səyahət və üstəgəl Öyrəncilik İlləri mövzusuna və onun dairəvi kompozisiyasına lap əvvəldən daha bir plan əlavə olunur: ədəbi nahar, dəstəbazlıq və ya hər tərəfdən yolunmuş ədəbi buket. Bu plan, belə desək, intellektualist, üləma və bəlkə də, hətta “epik”dir. Lakin Epika Səyyahlıqla bağlıdır, çünki Səyahət kələkbazlıq romanında nadir şey deyil. Bəs, demək olar ki, tamamilə söhbətdən ibarət olan, əsasən kitablar üzrə Səyahəti hansı janra aid edək? Və roman – tədqiqat, roman – esse beləliklə roman – söhbətə çevrilir; burada istisnasız olaraq bütün ideyalar “ideyalar romanı”ndandır – dırnaq arasında sitatlar. Burada “intellektual” qəhrəmanlar hələ İntibah dövründən və ya Sıçrayış dövründən, yaxud öz festivallarıyla məşhurlaşmış şəhərlərdən keçir. Ancaq onlar həm də İtaliyanın dörd fəslindən, bahardan qışa qədər, keçirlər – və bu, sanki Malerin çoxlu “dadlı” epizodları və təfərrüatları olan simfoniyalarının dörd hissəsi kimidir... və ya kompozisiya kimidir, amma dairəvi yox, şpil şəklində; bəlkə də, belə desək, bu kompozisiya – fəvvarəyə bənzər fokus-pokusdur... Və yenidən səhnəyə Frayın janr nəzəriyyəsinə uyğun menippeya satirası çıxır: və bu artıq Novel və ya Romance tipli az qala “janrdankənar” hansısa butaforiya, ekstravaqant oyunbazlıq deyil, böyük ənənəsi olan yüksək “forma”dır. Bunun nümunələrini hələ Petroni, Apuley, Lukian, Makrobi vermişdir. Sonradan Boetsi, Kastilyone, Erazm, Berton, Rable, Stern, “Buvar və Pekyuşe”, eləcə də Qulliverin, Kandidin, Alisanın səyahəti, lap “Finneqanın yası” ortaya çıxmışdır. Bu nəsr ənənəsini həmişə “yaxşı görünən tikiş”lər fərqləndirib: “insanlar deyil, əfkar haqqında” danışılıb, süjetsə “ideyalar, nəzəriyyələr və abstraksiyalar dramı”ndan ibarət olub. Anatomik teatr və ya ensiklopediyada olduğu kimi, qarşımızdan açıq-aşkar dialoqlar, düşüncələr, ricətlər, müxtəlif “janr”lara parodiyalar, eləcə də donkixotluq, kinayə keçir. Axı bu ədəbi ənənənin mövzusu həmişə bir şey olub – “sərsəmliyə çatan səfeh ciddiliyin” təcəssümü olan philosophus gloriosus, “həşəmətli filosofus”un məzhəkəyə qoyulması. Bütün bunların yalnız “Nəsr nəzəriyyəsinə dair” kitabı sayəsində sonradan tanış olduğum Şklovskinin işləri ilə deyil, həm də M.M.Baxtinin ciddi-gülməli üzrə müşahidələri ilə müqayisəsi çox maraqlıdır. Söhbət həm “Satirikon”dan, həm Səyahətdən, həm Söhbətdən, həm də Gülüşdən gedir; Frayla müəyyən uyğunluqlar maraqlıdır (Mətndə Frayın menippeya, gülüş haqqında mahiyyətcə M.M.Baxtinin mülahizələrinə yaxın olan fikirləri, eləcə də Şklovskinin mətnin “sökülüb-yığılması”, nahar masası kimi açılması barədə formalist düşüncələri və bunların roman – tədqiqat, roman – söhbətlə bağlılığı haqqında müəllifin qənaəti verilir – A.H.)...

...Deməli, bu formanın, roman – söhbətin, öz məqsədləri olub: birincisi, mətni səthi də olsa oxumaq imkanını təmin etmək və eyni zamanda təhkiyəni daha çoxplanlı edərək imkanlarını genişləndirmək, hər cür psixologiyanı və onunla bərabər bir qalaq “müasir” üsulları kənara atmaq. İkincisi və bu, ən başlıcasıdır, bu günümüzün vacib problemlərini italyan romanının səhifələrinə çıxarmaq. İctimai həyatımızda biz bu problemlərlə tez-tez toqquşuruq, yorulmadan haqqında danışırıq, onlar bizi həyəcanlandırır (və hər dövrün öz problemləri var). Ədəbiyyatda isə bunlara demək olar ki, rast gəlmirik. Beləcə biz “ciddi” ədəbiyyatla məşğul olmağa cəhd edirik. Bu ədəbiyyat artıq çoxdan hər cür primitiv hisslərin, qaba ehtirasların, boşboğazlığın, məlum ehtiyacların fövqündədir. O artıq öz gecikmiş uşaqlığından çıxıb, daha gözünün yaşını axıtmır, Taleyi qınamır... Bir fikir beynimizdən çıxmır: artıq çoxdan dəfn edilmiş bu “tipik” İtalyan Temaları nə qədər səbatsız, ötəridir. Onlar yalnız müəyyən niyyətin gerçəkləşməsi üçün lazım idi. Niyyət bundan ibarət idi ki, romanda haqqında danışılan dövrdə “aktual” olan hər şeyi əbədiləşdirəsən və müəyyən dövrlə sınırlayasan. Elə roman özü də “təzə izlər”lə, isti-isti yaradılırdı. 60-cı illərin əvvəli, gur və xam dövr belə idi. İndi isə həmin dövr süqut, puç ümidlər və məhv dövrü kimi təsəvvür edilir...

MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ