Asif Hacılı: Avanqard ədəbi hərəkatı

Tarix:12-06-2017, 08:33 Baxış Sayı:706

Asif Hacılı: Avanqard ədəbi hərəkatı

MANERA.AZ professor Asif Hacılının təqdimat və tərcüməsində manifestləri təqdim edir:

Klassik ənənədən fərqlənən, yeni ictimai şüuru, sosial münasibətləri əks etdirən ədəbi cərəyanları birləşdirən avanqard keçən əsrin ilk onilliklərində təşəkkül tapmış ümumavropa mədəni və bədii-estetik hərəkatıdır.

Bir anlayış kimi tarixən hərb sənətində ön dəstəni bildirən hərbi, XVIII əsrin axırlarından isə inqilabi ideyalara və qüvvələrə aid siyasi mənaları ifadə edib. XIX əsrin əvvəllərində utopik sosialistlər cəmiyyəti tərəqqi və ədalətə aparan sosial zümrə kimi məhz sənət adamlarını avanqard qrup adlandırıblar. Bu anlamda bədii yaradıcılıq siyasi hərəkatın öncül qüvvəsi kimi qəbul edilib, sənətin mənəvi, ictimai, eləcə də poetik aspektləri arxa plana keçib. Beləliklə avanqard anlayışı XIX əsrin sonlarına – XX əsrin əvvəllərinə doğru siyasi hərəkatı, yəni həmin dövr üçün səciyyəvi olan inqilabi təbəddülatı və anarxist meylləri ifadə edib. Tədricən avanqard anlayışı inqilabi ruhlu siyasətçiləri və ədibləri birləşdirib. Beləliklə, bu anlayış ümumən cəmiyyətdəki ətalətə qarşı çıxan, daşlaşmış ənənədən uzaqlaşmağa can atan, buxova çevrilmiş “varislikdən” qurtarmağa çalışan qabaqcıl qüvvələrə müncər edilib. Bədii yaradıcılıqda da avanqard ilk növbədə ictimai inqilabilikdə, siyasi anarxizmdə və ədəbi radikallıqda təzahür edib. Maraqlıdır ki, avanqard termini konkret bir ədəbi qrupa aid edilməyib və uzun müddət hər hansı bir ədəbi cərəyana aid ifadə kimi işlənməyib. Keçən əsrin 20-30-cu illərində siyasi avanqard bədii modernizmlə eyniləşdirilib. Müxtəlif ədəbi cərəyanları birləşdirən ədəbi-mədəni hərəkatın adı olaraq ədəbi tənqiddə XX əsrin ikinci yarısında geniş istifadə edilməyə başlayıb. Sovet ədəbiyyatşünaslığında digər modernist meyllər kimi, avanqard da sosialist realizminə və sovet dünyagörüşünə zidd, burjua mədəniyyətinə xas “qeyri-realist” cərəyanlar cərgəsində nəzərdən keçirilib. Müasir dövrdə avanqard klassik təqlidi sənət növlərindən fərqli, çağdaş insanın fərqli psixologiyasını və həyat tərzinə uyğun yaradıcılıq üsulu hesab edilir. Bir sıra radikal meylləri birləşdirən ədəbi-mədəni hərəkat, konkret ədəbi cərəyan və ya modernizmin ekvivalenti kimi təfsir edilir. Lakin modernizmə yaxın, bəzən onunla eyni cərəyan sayılsa da ədəbi və idraki özünəməxsusluğu ilə seçilən avanqardın (eləcə də modernizmin) nəzəri və metodoloji əsaslarının hələ də yetərli işlənməyib. Avanqardın tarixi və poetik sınırları da tam aydınlaşmayıb, – futurizm, dadaizm, konstruktivizm, kubizm, sürrealizm, ekspressionizm və digər modernist cərəyanlarla əlaqələndirilən avanqard bəzən bu gün də ədəbi prosesdə mövcud olan meyllərə aid edilir. Bu baxımdan müasir Azərbaycan ədəbiyyatına xas müəyyən modernist, postmodernist cərəyanları da avanqard kontekstində araşdırmaq olar.

Avanqardın yaradıcılıq səciyyəsinə gəldikdə isə, qeyd etməliyik ki, əsasən, normativ bədii üslubun, düzənli poetik sistemin və eyni zamanda ideoloji məzmunun inkarına yönələn avanqard ədəbiyyatla yanaşı, digər sənət növlərini (musiqi, rəngkarlıq, kinematoqraf və sairə) də əhatə edən geniş mədəni hərəkatdır. Və bu ictimai-mədəni hərəkat keçən əsrin əvvəllərində cəmiyyətdə gedən urbanizasiya və sənayeləşməyə, ictimai şüurda cücərməyə başlayan mexaniki təfəkkürə və texnoloji mühitə reaksiya idi. Dəyişkənlik və sürət əsrində klassik mənada ülvi gözəllik yox, gözəlliyin praqmatik anlamı avanqardçıların yaradıcılıq cəhdlərində əsas amil kimi aşkarlanırdı. Klassik bədiiyyatın, hələ Aristoteldən gələn mimetik-təqlidi sənət növlərinin müasir insanın dünya duyumunu və həyat tərzini ifadə etməyə qadir olmadığı fikrində olan avanqardçılar bütövlükdə bu bədiiyyatı və bəzən ümumən özlüyündə məqsədə çevrilən estetikanı və bədiiyyatı inkar edirdilər.

Avropanın müxtəlif yerlərində fərqli təzahür edən və bir çox müasir cərəyanlarda da aşkarlanan avanqard yaradıcılıq meyarları keçən əsrin ilk onilliklərində xüsusi emosional gərginliyi ilə seçilən Katalon ədəbi mühitində orijinal ifadəsini tapmışdır. Salvador Dali, Luis Montaya, Sebastyan Qaş kimi görkəmli sənətkarların imzaladığı “Katalon antibədii manifesti” avanqardçıların ətrafında cəmləşdiyi “L'amik de lez atrs” jurnalında 1928-ci ilin əvvəlində dərc edilib. Ümumavropa əhəmiyyətli bu manifest 1928-ci ildə Qranada jurnalı “Qalyo”da, xüsusi olaraq bu jurnal üçün F.Qarsia Lorkanın ispancaya tərcüməsində çap olunub. Fikrimizcə, dünya ədəbiyyatında, o cümlədən milli ədəbi prosesimizdə keçən əsrdə və bu gün də izlənən özünəməxsus yenilikçi meyllərin və sənətkarların yaradıcılıq axtarışlarını anlamaq baxımından avanqardçıların ədəbi irsinin müəyyən rolu var. Bu baxımdan avanqard hərəkatının qaynaqlarını və mahiyyətini dolğun ifadə edən “Katalon antibədii manifesti”nin və Sebastyan Qaşın “Sənətin ləğvinə dair” məqaləsinin tərcüməsinin əhəmiyyətli olacağını düşünürük.

Salvador Dali
Luis Montaya
Sebastyan Qaş


Katalon antibədii manifesti

Bu manifestdə nəzakət axtarmayın. Tapmayacaqsınız. Sənətə heç bir şey, ancaq başqa sahələrə az şey verməyən mədəniyyət yaradıcılarıyla mübahisə mənasızdır. Sazişçilik və ya yola gətirmək onunla nəticələnir ki, dəyərlər qarışır və ya tamam itir, hava çatışmır, xəstəlik yayılır. Nümunə: «Yeni dərgi». Barışmaz düşmənçilik, əksinə, dəyər və baxışları dəqiq müəyyənləşdirir və havanı təmizləyir.
biz dəlil gətirmirik
biz lirika gəlişdirmirik.
biz söz hörmürük.
biz əllaməlik etmirik.
İdeyalarımızın nəfinə
faktları obyektiv
ifadə edirik.
və başqa heç nə
biz xilas edirik hələ yoluxmamışları.
biz bilirik ki, yeni heç nə deməyəcəyik.
Ancaq əminik ki, məhz bizim
baxışlar – artıq mövcud olan və
hələ doğulacaq yeniliyin əsasıdır.
biz yaşayırıq qəfil gözəlliklə dolu yeni həyatda.
Texnika dünyanı yenidən qiyama qaldırdı
Adsız kütlə incəsənətə qarşı duran və öz dövrü
ilə ahəngdə yaşadığından öz gündəlik
əməliylə bizimlə birgə
yeni dövrü təsdiqləyən.
RUHUN POSTTEXNİKİ DURUMU FORMALAŞIR


Günümüzün yazıcıları bu durum və öz dovrü ilə
və sənətkarları səsləşən yeni sənət yaratmışlar.


Ancaq burada girələndikləri kimi
girələnirlər və qaşınmırlar.

Bu günün Katalon günümüzün sevincinə heç cür
mədəniyyəti və heç nəylə qoşulmur. O, təhlükəli,
saxta və aldadıcıdır.

Biz Katalon intellektuallarından
Soruşuruq –
Əgər siz antik plastikanı balet klassikası ilə qarışdırırsınızsa, Bernat Metjenin adı verilmiş müəssisə sizə nə verib?

Biz təsdiqləyirik ki, idmançılar Yunanıstan ruhuna
bizim intellektuallardan daha
yaxındır, biliklə havalanmamış və
bədiiyyatı bilməyən idmançı müasir
sənəti lazımsız erudisiya ilə
ağırlaşmış kor çoxbilmişlərdən daha
yaxşı anlayır.

Bizim üçün Yunanıstan aviasiya mühərriki
layihəsində, gözəlliyə iddia etməyən
fabrik idman parçasında,
amerikan futbolunda yaşayır.

Biz xatırladırıq ki, teatr çoxları üçün ölüb, əgər
hamı üçün ölməyibsə

Biz şəhadət veririk ki, indiki konsertlər, disputlar
və tamaşalar getdikcə dava
çox üfunət və sıxıntı qoxur.

Ancaq gənclik baxışlarını güc və sevinc
verən yeniliyə yönəldir.

var kinematoqraf

var stadion, boks, reqbi, tennis,
bir sözlə – idman

var bugünkü xalq musiqisi, caz və
yeni rəqslər

var avtomobil və aeroplan sərgiləri

var çimərlik və top

var açıq səma altında gözəllik
müsabiqələri

var dəb nümayişləri, müzik-hollun
elektrik işığında lüt bədən



var müasir musiqi

var avto yarışlar

var müasir rəngkarlıq sərgiləri

var mühəndislərin cazibədar məhsulları
və əla laynerlər

var müasir memarlıq – rahat avadanlıq,
müasir mebel

var müasir ədəbiyyat

var yeni poeziya

var yeni teatr

var qrammofon – kiçik də olsa, maşın;

var fotoaparat, yenə kiçik maşın

var ən tam və son yeni xəbərlərlə
qəzetlər

var saysız sayda biliklərlə ensiklopediya

var oğlan çağında elm

var faktlara bələd və onlara əsaslanan
tənqid

var və s., və b., və i.

var nəhayət, sağdakı xışıltını eşitməyənin
tərpənməz qulağı.

Biz rədd edirik “Orfeo Katala”nın musiqiyə yad olanlar
üçün bayağılaşdırılmış xalq nəğmələri
və öz bəstələri şəklində təqdim etdiyi
cılız santimentləri (“Revellers”
amerikan xoru)


Biz rədd edirik cavanlarımızda cavanlığın
tam istisnasını
Biz rədd edirik cəsurluq və cəsarətin tam
istisnasını
Biz rədd edirik qeyri-adi davranış
və ya söz qorxusunu,
gülünc görünməkdən
ehtiyatlanmanı
Biz rədd edirik indiki və köhnə
sənət təfsirçilərinin
özbaşınalığını.

Biz rədd edirik köhnəsayaq yazan
gənc sənətkarları.

Biz rədd edirik köhnəsayaq yazan
gənc ədibləri
Biz rədd edirik nəfis memarlığı
Biz rədd edirik nəfis interyeri.
Biz rədd edirik cazibəli mənzərələri
rəsmə çəkənləri.
Biz rədd edirik Maraqalyo ruhunda
ən yayğın bayağılıqdan
yoğrulmuş müasir
Katalon poeziyasını.
Biz rədd edirik körpələr üçün nəzərdə tutulmuş
«Jordi» tipli bədii
zəhəri (uşaqlar Russo, Pikasso,
Şaqalı gözəl anlayıb sevərlər).
Biz rədd edirik şit mahnılar oxuyan
qızların psixologiyasını.
Biz rədd edirik şit mahnılar oxuyan
oğlanların psixologiyasını.

QOY BİZİ İNDİKİ İNCƏSƏNƏTİN ƏN MÜXTƏLİF MƏKTƏBLƏRİNƏ AİD ƏN YAXŞI ADAMLAR QORUSUN:
PİKASSO, QRİS, OZANFAN, KİRİKO, XOAN MİRO, LİPŞİK, BRANKUZİ, ARP, LE KORBÜZE, REVERDİ, TRİSTAN TSARA, POL ELUAR, LUİ ARAQON, ROBER DESNOS, JAN KOKTO, MARİTEN, REYNAL, ANDRE BRETON VƏ BAŞQALARI.


Sebastyan Qaş


Sənətin ləğvinə dair

Bizim dövr heyrətamiz dərəcədə antibədiidir. Bu gün möcüzəni fərdlər deyil, estetika haqqında kiçicik belə təsəvvürü olmayan, hər hansı bədii fikrə yad, lakin enerjisinə və nikbinliyinə istənilən sənətkarın həsəd aparacağı simasız kütlə yaradır. Mühəndislər və texniklər, avtomobil və təyyarə, qatar və paketbot konstruktorları təyinatından asılı olmayaraq əsl poeziya yaşayan yeni-yeni modellər yaradırlar. Əsl, çünki təbii poeziya: bu, öz-özünə, yaranıb, onu həmişə gerçəkliyi saxtalaşdıran hər hansı bədii ideya yetişdirməyib.

Bu qaynar fəaliyyətdən kənarda hələ də keçmişin qalıqları qurdalanır. Bizim ofislərin, fabrik və emalatxanaların təmkinli, zəruri sakit şərait yaradan interyerləri ilə bərabər, alabəzək, artıq detallarla yüklənmiş interyerlərə – artıq çoxdan dövrü keçmiş və bezikdirmiş barokko irsinə də rast gəlinir. İngilis kostyumunun dəqiq cizgilərinin hökm sürdüyü küçə kütləsində, hər gün taraş olmağa və yuyunmağa alışmış insanlar arasında hələ də cır-cındır içində olan şəxslər, bəzən də karabiner bığlı, italyansayağı kəkilli, sutenyor və ya daha pis – vitrindəki maneken sifətli subyektlər, bəzən də ümumən nə olduğu bilinməyən adamlar – vəhşilər kimi örtüklənmiş, əslində geyinməyən, – bəzənən, burnunda üzük, başında lələk, ağlasığmaz jiletləri olan adamlar mənasızca şütüyür. Öz natəmizliyi ilə təxəyyülümüzü heyrətləndirən, dahiyanə ideyası dişlərində olan sənət adamları, çirkab məhəllələrin sakinləri də onların tayıdır. Bu sənətçilər sərgilərin və emalatxanaların boğanaq zallarında sığınacaq tapır, pozğunların və fahişələrin sırasını tamamlayır və buna bahəm hələ bir mühəndis təfəkkürünün aydınlığı və təbiiliyi ilə rəqabətə də cəhd edirlər.

Bizim dövr bu cılız məxluqları “qanundankənar” elan edib: yalnız axmaq yerinə qoyulmuş, özünü “seçilmiş publika” adlandıran kiçik bir dəstə onları ciddi qəbul edir, əksəriyyət isə etinasız yanaşır. Onlar, deməli, zərərsizdir. Təhlükə başqa şeydədir – və onunla mübarizə gərəkdir, – təhlükə bundadır ki, incəsənət hələ də artıq qeyd etdiyimiz təbiətinə görə qeyri-bədii fəaliyyət növlərinə təsir edir; onlar bəzən sənətlə çulğaşır və gerçəkliklə əlaqəsini itirir. Mən kino və memarlıqdan danışıram – sənətçilərdən qurtula bilməmiş iki antibədii fəaliyyət növündən.

Kino Amerikada yaranmış və öz spesifik qanunları ilə inkişaf etmişdir, lakin fransız və ingilis gəmiləri Avropa kino məhsullarını Hollivud studiyalarına çatdıran kimi bu təbii proses dayanmışdır. Və indi dövranı keçmiş, qartlaşan millətlərin incəsənətinin əsiri olmuş Amerika kinosu getdikcə daha çox Berlin və Parisdən gətirilmiş mürəkkəb bədii trüklərə meyl edir. Çarli (Çarli Çaplin – tərc.) özü ilk müstəqil addımlarından, ilk lentlərin mexaniki baletindən (yalnız bunlar nəyəsə dəyər) sonra sentimentalizmə yoluxdu və böyük sənətkara çevrildi – köhnə məktəb intellektuallarının şadyanalığıyla. Hələ ki, Bester Kiton – adiliyin özü və Harri Lanqdon – kölgədə sadə gül qalıb. Və bir də “Vestpoynt kadetləri” kimi səfeh komediyalar. Qalan hər şey – incəsənətdir. Bu, Yanninqsdir. Bu, Albadadır. Yəni – yanki sənayesi (kino istehsalı – tərc.) çürüyən Avropa incəsənətinin hökmü altındadır. Sağ olsun. Bəs Avropa? Avropaya bir şey deyəmmərik. Avropa – Amerikanı kinoçəkilişin tezliyi və texniki trüklərlə heyrətləndirməyi qəsd etmiş Düpon, Murnau, Feyderdir. Bəs avanqard kino? Bəs Man Reyin sürrealist kinosu? Qəribə hibrid – Man Rey! Səsli kino kimi hibrid! Ancaq ən pisi yenə də incəsənət, incəsənət, incəsənətdir...

Memarliğa gəldikdə... Memarların təsdiqlədiyi kimi, ev – məskunluq üçün nəzərdə tutulmuş qurğudur. Təbii ki, bu, köhnə məktəb memarlarının deyil, iliklərinə qədər məntiqi olan müasir memarların fikridir. Əgər ev qurğu, maşındırsa, niyə evlə mühəndis məşğul olmasın? Axı saf memarlığa nə qədər can atsan da, o tamamən təmiz olmayacaq. Belə olduqda mühəndisin aydın və dəqiq niyyətini estetikayla – bu tamam faydasız bəzəklə ağırlaşdırmağa dəyərmi? Bəs Le Korbüzye? – sizdən soruşarlar. Estetika haqqında təsəvvürlərinə, “bədii” nəticələrinə (necə adlandırsan da, onlar bədii olaraq qalır) rəğmən, yaradıcılığında mühəndis və memar fikrinin qovuşmasına baxmayaraq, Le Korbüzye bəlanın ən azıdır: o, döyüş səflərini ayıran cərgəçi kimi, hələ hökm sürən eybəcər ənənəvi memarlığın hüdudlarını göstərir; o – köhnə, memarlıq dövrü ilə yeni, mühəndis dövrü arasında körpüdür. Le Korbüzyenin mövcudluğa haqqı var, Miro, Pikasso kimi – onların antirəngkarlığı digər fəaliyyət növünə, demək çətindir hansı növə, ancaq fikrimcə, dövrümüzün tələblərinə uyğun olacaq növə zəmin hazırlayaraq, rəngkarlığı öldürür.

Bizə gözəl antibədii dövrdə yaşamaq nəsib olub.





Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ