Tanpınar məmləkətində unudulmaz beş gün - REPORTAJ

Tarix:28-04-2017, 14:23 Baxış Sayı:320


Tanpınar məmləkətində unudulmaz beş gün -   REPORTAJ
Gözəl başlanğıc gözəl sonluqla başa çatanda daha gözəl olur...

Düzü, aylar öncə böyük türk yazıçısı Ahmet Hamdi Tanpınarla bağlı tanıtım layihəsinin gerçəkləşəcəyindən xəbər tutanda görüləcək işlərin bu qədər geniş miqyasda olacağını düşünməmişdim...

Amma oldu, az qala bir ədəbi mühitimizdə Tanpınar ruzigarı əsdi...
Tanpınar məmləkətində unudulmaz beş gün -   REPORTAJ
Yunus Əmrə İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzinin araya-ərsəyə gətirdiyi, Bakı Dövlət Universiteti, Azərbaycan Yazıçılar Birliyinin iştirak etdiyi və “Manera.az” ədəbi-mədəni portalının media dəstəyi verdiyi “Tanpınarı kəşf edirəm” adlı layihəyə yazıçının dilimizdə nəşr olunmuş əsərlərinin təqdimatı, kitablarının pulsuz paylanması, esse müsabiqəsinin keçirilməsi, mətbuatda həyatı və yaradıcılığı ilə bağlı yazıların dərc edilməsi, müsabiqə iştirakçılarının yazılarından ibarət toplunun çap edilməsi, qaliblərin diplomla təltifi və ədibim məmləkətinə gəzintiyə göndərilməsi, səfər müddətində müxtəlif qurumlarla görüşlərin keçirilməsi, üstəlik, təəssüratların ictimaiyyətə çatdırılması... daxil idi.

Gərgin zəhmət tələb edən, amma zövq verən işdi. Məncə, bu işi görənlər də, tədbirlərdə iştirak eləyənlər də yanılmadılar...

Nəticədə böyük yazıçı və düşüncə adamı Ahmet Hamdi Tanpınar yaradıcılığı ilə Azərbaycanda da vətəndaşlıq hüququ qazandı...

Şübhəsiz, bu möhtəşəm layihənin gerçəkləşməsində Mərkəzin rəhbəri, Türkiyəni, türk məmləkərlərini, Azərbaycanı və Tanpınarı könüldən sevən İbrahim Yıldırımın danılmaz əməyi var. Türkiyənin Bakıdakı Böyükelçiliyinin sabiq Kültür və Tanıtım müşavirləri unudulmaz Fəthi Gəddikli və Melda

Arazın fəaliyyəti dövründə həyata keçirilən gözəl layihələri günümüzdə Yunus Əmrə İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzi davam etdirdi...

Bir də, əlbəttə ki, layihənin əlaqələndiricisi, “Manera.az” saytının baş redaktoru, yazıçı Şəhla Aslanın çəkdiyi böyük zəhməti danmaq olmaz...

***

Layihə rəhbərinin və əlaqələndiricinin qatıldığı səfərdə qaliblər – Bakı Dövlər Universitetinin professoru Yeganə İsmayılova, “Ulduz” jurnalının baş redaktor müavini, yazıçı Təranə Vahid, AzərTac-ın əməkdaşı Zərəngiz Mənsurova, BDU-nun kimya fakültəsinin tələbəsi Lamiyə Qurbanlı və bu sətirlərin müəllifi – təkcə Tanpınarı yox, həm də onun gözüylə çox sevdiyi, əsərlərində, xüsusilə, bənzərsiz “Beş şəhər” kitabında sonsuz məhəbbətlə söz açdığı Türkiyəni bir daha kəşf eləməyi umurdular.

Məncə kimsə gümanında yanılmadı...

Səfər günlərində gəzintilər də, görüşlər də, söhbətlər də təəssüratların bolluğu sarıdan unudulmaz oldu...

İbrahim Yıldırım təkcə təşkilatçılığı deyil, sürücülüyü və bələdçiliyi də öz üzərinə götürmüşdü. Onun heyrətamiz səbri, insanlarla dil tapmaq qabiliyyəti və müsbət aurası bütün çətilnlikləri aradan qaldırmaqda yardımçı oldu...

İstanbul hava limanında enib Yeniqapı dəniz limanından bərəylə Yalovaya keçəndə artıq onun söylədiklərindən bu kiçik liman şəhəri haqqında təsəvvürə malik idik.

Tanpınar məmləkətində unudulmaz beş gün -   REPORTAJ

Səhəri gün Yalovadan İnegölə, oradan da Eskişehirə gedəndə də bölgənin tarixi, mədəniyyəti, əhalinin məşğuliyyəti barədə İbrahim bəyin söylədikləri və gördüklərimiz təsəvvürümüzün dolğunlaşmasına çox yardım elədi...

Təbii ki, hamı xəyallarında yaşatdığı, Səlcuqlu dövlətinin paytaxtı, Mövlananın məqamı olan qədim Konya ilə görüşünü səbirsizliklə gözləyirdi. Bir neçə il əvvəl Konyanı doyunca gəzmişdim, amma Tanpınarın beş şəhərindən biri olan bu heyrətamiz məkanın sehri məni də özünə çəkirdi.

Bizi Konyada türklüyə, eləcə də Azərbaycana böyük sevgilər bəsləyən iki işıqlı insan – Nəcməddin Ərbakan Universitetinin müəllimləri Ali Berat Alptəkin və Səlcuq Peker qarçıladılar. Ali bəy Azərbaycanda dəfələrlə olmuşdu, ədəbiyyatımız, xüsusilə folklorumuzla, üstəlik, bir çox ziyalılarımızla yaxından tanış idi. Səlcuq bəyin Azərbaycan poeziyasından, xüsusilə Bəxtiyar Vahabzadədən sonsuz sevgiylə şeirlər söyləməsi təəssüratlarımıza rəng qatdı...

Təbii ki, ötən illər, xüsusilə son iyirmi il ərzində Tanpınarın təsvir elədiyi Konya çox dəyişib. Bunu şəhərin yeni rayonlarını, Səlcuqlu və Nəcməddin Ərbakan Universitetləri şəhərciklərinin ərazisini gəzəndə aydın hiss eləmək olur. Tanpınarın Konyası Alaəddin təpəsindən, Alaəddin bulvarının dövrələdiyi qədim məhəllələrdən ibarətdi. Alaəddin köşkü də, Mövlananın məqamı da, Şəms Təbrizi camesi və türbəsi də, Karatay mədrəsəsi də, yeni tikilmiş Mövlana Kültür Mərkəsi və İstiqlal savaşı Muzeyi də o rayonda yerləşir.

Alaəddin təpəsindəki lalə (bizim zanbaq adlandırdığımız) şöləni havanın tez-tez dəyişdiyi yaz gününün təəssüratının daha dolğun saxlamağa yardımçı oldu...
Tanpınar məmləkətində unudulmaz beş gün -   REPORTAJ
Ali Berat Alptəkin və Səlcuq Pekerlə vidalaşmaq çətin idi. Amma bizi irəlidə Eskişehir gözləyirdi...

***
Eskişehir Tanpınarın beş şəhəri arasında yoxdu, amma iki şəhər – Konya və Bursa – arasında yerləşir müasir, bununla belə qədim məhəllələrini sevgiylə qoruyub saxlayan şəhərdi...

Tanpınar məmləkətində unudulmaz beş gün -   REPORTAJ

İbrahim Yıldırım əslən Yozqatlı olsa da Eskişehirdə böyüyüb, bizə şəhərin yeni rayonlarını da, bənzərsiz Anadolu Universieti şəhərciyini də, uşaqlığının və yeniyetməliyinin keçdiyi yerləri sonsuz sevgiylə göstərdi. Onun söylədiklərindən bildik ki, Eskişehirin indiki valisi Azmi Çelik qədimliklə modernliyin uzlaşdırılmasına xüsusi diqqət yetirir. Valinin heyətimizi böyük səmimiyyətlə qəbul eləməsi, hər kəslə ayrıca tanış olması, Azərbaycanla, ölkələrimiz arasındakı əlaqələrlə, mədəni məsələlərlə dərindən maraqlanması da deyilənləri təsdiqlədi. İbrahim Yıldırım Yunus Əmrə İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzinin gördüyü işlər, layihənin mahiyyəti barədə məlumat verdi...
Tanpınar məmləkətində unudulmaz beş gün -   REPORTAJ
Eskişehirdə yerləşən Türk Dünyası Vəqfində qurumun baş katibi Dr. Adnan Tekşenlə görüş də unudulmaz oldu. Ədəbiyyata və mədəniyyətə sonsuz sevgisiylə tanınan Adnan Tekşen Tanpınar yaradıcılığından da, Vəqfin gördüyü işlərdən də, Azərbaycanla qarşılıqlı əlaqələrdən də ətraflı söz açdı. Onun böyük türk mütəfəkkiri Cəmil Mericlə bağlı xatirələri, Bakıda sosioloji mühazirələr oxumağa hazırlaşması xüsusi marağa səbəb oldu.

Heyətimizin xatirə hədiyyələrini minnətdarlıqla qəbul eləyən Adnan bəy hər birimizə nəfis “Türk Kültür Atlası” və Mehmet Akif Ərsoyun Qurani-Kərimin şərhi nəşrlərini bağışladı...

Sonra İbrahim Yıldırımın gözüylə Eskişəhərin qədim məhəlləsini dolaşdıq, onun sevdiyi yeməklərdən daddıq, xatirə hədiyyələri almaq üçün dükanlara baş çəkdik.
Tanpınar məmləkətində unudulmaz beş gün -   REPORTAJ
Anadolu Universiteti Türk Dünyası Təlim, Kültür və Sənət Mərkəzində tarix boyu türk mədəniyyətinin keçdiyi zəngin yol, nəhəng şəxsiyyətlər, nadir abidələr və “Nağıl” parkında təbiət möcüzələri Eskişehirin təsəvvürümüzdəki simasını tamamlamağa yardım elədi...

Sonra yolumuz Osmanlının ilk paytaxtı olan qədim, eyni zamanda da modern Bursaya idi...

***
Bursa məni bir daha yoldan çıxardı...

Bir neçə il əvvəl Ankaraya səfərimdə qəfildən Konyanı və Bursanı görmək istəmişdim, bütün planlarımı təxirə salıb ruhumu tərpədən bu iki şəhərə yollanmışdım...

Onda Ahmet Hamdi Tanpınarın “Beş şəhər”ni oxumamışdım...

Bu dəfə Bursanı Tanpınarın gözüylə görmək istədim...
Tanpınar məmləkətində unudulmaz beş gün -   REPORTAJ
Amansız istək də məni əsir elədi, başımı götürüb şəhərin küçələrinə daldım. Qaldığımız “Karvansaray” oteliylə Kitab Mərkəzi arasında yoluma məşhur şəlalə, Ulu came, İvaz Paşa çarşısı, Kayhan camesi, Bursa Bələdiyyə Teatrı, Atatürkün heykəli çıxdı, Kitab Mərkəzindən yükümü tutub çıxdın, sonra yönümü Topxanadan saldım, Orxan Qazinin, Osman Qazinin, şahzadələrin türbələrini ziyarət elədim, türbələrin yerləşdiyi yüksəklikdən Yaşıl Bursaya, başı həmişə qarlı olan Uludağa baxdım, yüzillərin izlərini hələ də saxlamış küçələri dolaşdım, qədim qala divarlarını, bənzərsiz Bursa evlərini, məzarlıqları gəzdim, ötən səfərimdən tanıdığım “Romantik” kafesində qəlyanaltı elədim...

Amma Bursa bununla bitib-tükənmir ki...

Ayaqlarımın dəymədiyi yerləri ruhumla dolaşdım...

Otelə qayıdanda bildim ki, gün ərzində 23 kilometr piyada gəzmişəm. Qəribəsi bu idi ki, bir o qədər də yorğunluq duymurdum...
Duyduğum ruhi sərxoşluğa bənzər hiss idi...
Tanpınar məmləkətində unudulmaz beş gün -   REPORTAJ
Yalnız sonra bildim ki, heyətimizi Bursa Osmanqazi Bələdiyyəsinin başçısı Mustafa Dündar qəbul eləyib, səmimi görüşdən sonra Tanpınarla bağlı nəşr etdirdikləri kitablardan ibarət bağlama hədiyyə veriblər. Sağ olsunlar, mənim payımı da unutmamışdılar. Sonra Osmanqazi bələdiyyəsinin əməkdaşları Kənan Kıl və Mehmet Uzun heyətimizi gəzintidə müşayiət eləyiblər. Təbii ki, belə bir görüşü buraxdığıma görə təəssüfləndim. Amma qəlbimin çağırışına qulaq asdığıma görə, Bursanın və Tanpınarın ruhu qarşısında gözükölgəli deyildim...

***
Ayrılıq həmişə çətin olur...

Amma insanın ruhu doğma yerlərdən heç vaxt ayrılmır...

Bu layihə və səfərlə Tanpınar adlı aləmə daxil olduq...

Şübhəsiz, Tanpınar aləmində səfərimiz uzun illər davam eləyəcək...

Bizə isə yalnız layihəni gerçəkləşdirənlərə minnətdarlıq eləmək qalır...

Bakı-İstanbul-Yalova-İnegöl-
Eskişehir-Konya-Eskişehir-
Bursa-Yalova- İstanbul-Bakı
21-26 aprel 2017


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ