manera.az
manera.az

"Qorxunc meşə yolu" - Hekayə |MANERA.AZ

"Qorxunc meşə yolu" - Hekayə  |MANERA.AZ

Şəfiqə ŞƏFA

Kəndə getmək üçün hər dəfə meşədən keçməli oluram. Meşənin kənarı ilə keçən şosse də var, amma bu yol mənzil başına daha gec çatmaqdan başqa bir işə yaramır. Üstəlik, gələn-gedən maşınları aldadıb saxlayaraq pul qazanmaq istəyən dələduzların əlindən ağlı başında olan adam ordan keçməz. Odur ki, salamatı elə meşə yoludu. Həmişə elə saatda çıxıram ki, axşamüstünə kənddə olum. Bu dəfə özümdən asılı olmayan səbəblərdən meşəyə çatanda artıq axşamüstü idi. Bildim ki, gecəyə düşəcəm, amma kişilik qürurundandı, ya nə, qorxuma təslim olmaq istəmədim. “Əşşi, nə olasıdı ki, həmişə keçdiyim yollardı da...” – deyə özümü ovudaraq cəngəlliyə girdim. Nə qədər ki, narıncı günəş hələ dağların arxasında özünə yer eləməmişdi, istəyirdim heç olmasa yolu yarı edim. Amma bu gün deyəsən, günəş yatmağa tələsirdi, ya da mən tələsdiyimdən gözüm hər şeyi sürətli görürdü.

Həftədə bir neçə dəfə keçib getdiyim, hələ ki dovşandan, dələdən, həşəratlardan, quşlardan başqa bir canlıya rast gəlmədiyim bu sakit təbiətli meşə birdən-birə gözümə bədheybət kimi göründü. Adamda qürur qalar?.. Başım çiyinlərimin üstündə xarab kompas əqrəbi kimi sağa-sola dönürdü. Elə vahiməyə düşmüşdüm ki, qaranlıqda qarşıma çıxan hər ağac, yan-yörədən eşitdiyim hər çıqqıltı soyuq tərimi axıdıb bədənimdə su qoymamışdı.
“Bircə bu lənətəgəlmiş meşə qurtarsaydı...”
Hələ bu azmış kimi qəfil yağışa da düşdüm. Çətirli ağacların birinin altında məmnuniyyətlə dayanıb yağışın kəsməsini gözləyərdim, amma... onda gərək qorxudan gecəni səhərə sağ çıxmayaydım. İki-üç dəqiqəyə bütün bədənib islandı, suyun içində fırçıltı ilə ayaqlarımı yeyinlətməyə çalışır, bu gün məni gecikdirmiş bütün səbəbkarların var-yoxunu meşəyə basdırırdım.
Payızın hələ yaydan fərqlənməyən bu gecəsində qəfil havanın dəyişməsi lap kələyimi kəsmişdi. Yaman üşüyürdüm. Elə bir az da irəliləmişdim ki, arxadan önümə gur işıq düşdü. Diksinib arxaya baxdım: avtomobil! Bu gecə vaxtı məndən və ağac-uğacdan başqa heç bir cismin olmadığı meşədə maşın necə peyda oldu? Nə vaxt gəldi ki, görmədim, ya da səsini eşitmədim? Həə, axı qorxumdan meşə səslərini eşitməmək üçün qulaqlarımı möhkəm tutmuşdum...
Maşın yolun üstündəcə dayanmışdı. Sevincək yaxınlaşıb tərli şüşəsindən içinə boylanmağa çalışdım, bir şey sezəmmədim. Əlimi qapının dəstəyinə atanda gördüm ki, açıqdı. Ehtiyatla açıb maşının içinə baxdım – heç kim yox idi. Bütün bədənim uçundu. Bu nə idi? Qarabasma? Yox, axı əlim cismi hiss edirdi... Fakt odur ki, əllərim dəmirə, dəri oturacağa toxunurdu.
Fikirli halda əyləşib elə bunları düşünürdüm ki, maşın hərəkətə gəldi. Öz-özünə sürülməyə başladı. İlahi! Bədənimdəki tüklər tikan-tikan oldu. Titrəyən çənəmin ucbatından bildiyim duaları da oxuyammadım. Bərəlmiş gözlərimi sürücüsüz sükana zilləmişdim ki, birdən pəncərədən tüklü bir qol içəri girib sükanı tənzimlədi, sonra yenə də yox oldu. Yooox! Bu artıq qarabasmadan başqa bir şey ola bilməzdi. Bağırmaq istəsəm də səsim çıxmadı. Qurumuş boğazımı udqunaraq yaşlamağa başım qarışmışkən, birdən qapı açıldı. Üzündə saqqaldan barmaq basmağa yer olmayan domba gözlü bir kişi və ya kişiyəbənzər məxluq qapının ağzından diqqətlə mənə baxırdı. Elə bu dəqiqə ürəyimin partlayacağını düşünən zaman “məxluq” dilləndi:
– Sən kimsən? Maşında neynirsən?
– Mə... mən evə gedirəm... – deyə kəkələyərək cavab verdim.
– Necə yəni?
– Pi...piyada gedirdim, gördüm maşın dayanıb... O-oturmuşdum ki, maşın öz-özünə sürüldü...
– Əəə, nə öz-özünə? Mən bu maşının yiyəsiyəm. Andıra qalmış yolda söndü, işə düşmədi. İki saatdı, maşını itələyirəm, bir əlimlə də sükanı tutmağa çalışıram. Kişinin oğlu maşının içində bəy kimi oturub, deyir öz-özünə sürüldü. Əəə, dur bas bayıra!
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031