“Bir qadın, bir kişi soruşur”- Ortaq layihədə Vüsal Məmmədov/ MANERA.AZ

Tarix:9-01-2017, 11:00 Baxış Sayı:572

“Bir qadın, bir kişi soruşur”- Ortaq layihədə Vüsal Məmmədov/ MANERA.AZ


Manera.az və Birifinq.az birgə “Bir qadın, bir kişi soruşur” layihəsində ölkə ədəbiyyatının və ictimai mühitinin tanınan simalarını fərqli suallarla tanımağa çalışacaq. Nərgiz Nənə və Tural İsmayılovun suallarına Azvision.az-ın baş redaktoru Vüsal Məmmədov cavab verir.

“Bir qadın, bir kişi soruşur”- Ortaq layihədə Vüsal Məmmədov/ MANERA.AZ


Nərgiz soruşur:

- Jurnalistlər hərdən günlərlə susur, hərdən də saatlarla danışırlar. Düz-əməlli jurnalistləri deyirəm. Bunu kişi edirsə, kosmosdakı qara dəliyin cazibəsi qədər dözülməz olur. Niyə belə edirsiniz ki?

- Kaş ki, biz susanda içimizdə qışqıran səsi eşidən, danışanda isə içimizdəki sükutu duya bilən olaydı...

- Sizcə niyə həmişə "yandı qızın atası" deyirlər? Kişinin atası yanmır ki?

- Oğlanın atası istəyən, qızın atası isə qərar verən tərəfdir. Həmişə istəyən tərəfə mərhəmətlə, anlayışla, verməyən tərəfə isə ikrahla yanaşırıq. Məsələn, niyə istəyənin bir üzü qaradır, verməyənin iki? Qərar verən olmaq – hakimiyyət əlamətidir. Toya qədər qızın atası iqtidardır, toydan sonra konstruktiv müxalifətə çevrilir. “Yandı qızın dədəsi” söhbəti elçilik mərhələsinə aiddir, həmin dövrdə oğlanın atasının əlində elə bir səlahiyyət yoxdur ki, kimsə onu yandırmaqda maraqlı olsun. Toydan sonra isə yandrılması istənilən tərəf adətən oğlanın anası olur. Ona görə də, hesab edə bilərik ki, bütün bu haqq-hesabdan mənəvi qazancla çıxan tərəf elə oğlanın atasıdır.


- Sizin qədər çox mütaliəsi olan insanlar hər vəziyyətdən çıxış yolu tapırlar. Demək olar ki, hər şey haqqında anlayışları olur. Bəzən az qala biznesi biznesmendən, şeiri şairdən, qanunu vəkildən daha yaxşı bilirlər. Amma heç vaxt varlana bilmirlər. Heç məşhurlaşmırlar da. Pis deyilmi? Bu bir az da generalın arvadının "Ay Allah, ərim tez gizir olsun" şilləsinə bənzəmirmi?

- Sizin kimi bir xanımdan belə komplimenti yəqin ki, heç bir general, biznesmen, şair, vəkil eşitməyib. Bu boyda qazancın qabağında yox, pis deyil.
Hərə bir şeydən zövq alır. Mənim üçün çox oxumaq sadəcə, mənəvi ehtiyacdır. Lap bu yaxınların söhbətidir: 2016-cı ilin fizika üzrə Nobel mükafatını qazanan işin – maddənin aqreqat halı dəyişərkən faza keçidlərinin mahiyyətini özümü qane edəcək səviyyədə başa düşə bilmirdim. Gecə o haqda fikirləşəndə yuxum qaçdı, nə qədər əlləşsəm də, yata bilmədim. Durub iki saat o haqda oxudum. Halbuki, soruşmaq olardı: Ay axmaq, sənə bu lazımdır? Yıxıl yat da! Bir tərəfdən baxanda, lazım deyil. Amma o biri tərəfdən baxanda, Bakıda hansı ictimai hamama getsək, bir neçə ton sizin dediyiniz o varlı kişilərdən var, özlərini massaj etdirib, oturub pivə içirlər. Onlara da bu zövq verir. Biz nədən zövq alırıqsa, oyuq. Sadəcə olaraq, zövqlərimiz fərqlidir.


- Desəniz ki, eləməmişəm, səmimi olmadığınızı hamı biləcək. Yəni sualdan əvvəl, bunu bilsəniz deyə, xatırladım dedim. Baxdığınız filmlər, oxuduğunuz kitablar, mütaliənin verdiyi məntiqlə hansısa qadını aldatmısnızmı? Və indi ona nə deyərsiniz?

- Aldatmamışam, bütün bunların da təsirilə bir qızla gözəl, amma təəssüf ki, ağrılı münasibət yaşamışam. Hər iki tərəf üçün nə qədər ağrılı olsa da, ləzzətli idi. İndi o, ərdədir, amma arada bayramlarda, ad günündə - yəni ildə 3-4 dəfə SMS yaza bilirəm. Özünə də demişəm, bilir ki, onu hələ də çox istəyirəm, doğma insan sayıram. Deməsə də, bilirəm ki, o da belə düşünür. Olduqca səviyyəli, yüksək mədəniyyətli və savadlı bir qızdır. Heyif ki, bizim cəmiyyət ayrıldığımız insanlarla aramızda Çin səddi çəkir. Halbuki, nə qədər paradoksal da olsa, sevdiyimiz insanlara ayrılandan sonra daha çox ehtiyac duyuruq. Axı bir yerdə yaşananlar ömür olub, hisslər olub, sabun köpüyü olmayıb!



- Bu müsahibə yəqin ki, qiyamətə qədər internet məkanında qalacaq. Haradan bilirik, bəlkə nə vaxtsa Bum-Bum "google"da, ya da onun dövrünün axtarış sistemində nəsə axtardı və qarşılaşdı... Bum-Bum doğulandan sonra dünya necə oldu?

- Mən bir şeyi dərk elədim: Övladın valideynə heç vaxt borcu ola bilməz! Çünki nə etmisənsə, sən ona etmisən – sən onu bu dünyaya gətirmisən, bu isə xırda pislik deyil. Sən dünyaya gətirdiyin insana görə məsuliyyət daşıyırsan və bu etdiyin pisliyə görə həmişə ona borclu olacaqsan. O, yox idi, demək, heç bir problemi, qayğısı, ağrısı da yox idi; yox olmaq – sakitçilikdir, rahatlıqdır. Mən əminəm: dünyanın necə bir yer olduğunu bilsə və könüllü seçimi olsa, heç bir insan dünyaya gəlməzdi. Sən özünün nəsilartırma instinktini təmin etmək üçün onun rahatlığını pozdun, dartıb bu dünyaya gətirdin. Buna görə də, həmişə onun qarşısında məsuliyyət daşıyacaqsan!



Tural soruşur:

- Həmişə deyirsiniz ki, indi üzdə olan bir çox şair və yazardan daha keyfiyyətli mətnlər ortaya qoyaram yazsam. Ədəbiyyata bir Vüsal Məmmədov gəlişi gözlənilirmi?

- Qəti şəkildə “yox” demək istəmirəm. Amma ədəbiyyat daşımaq üçün çox ağır yükdür. “Səfillər”in artıq yazıldığı dünyada ədəbiyyata gəlmək iddiasına düşən adamda öküz ürəyi olmalıdır. Mən təsəvvür edirəm ki, əgər bədii mətn yazmağa qalxsam, hər cümlənin üstündə nə qədər əziyyət çəkməli olacağam. Ədəbiyyat - həm də cümlə yazmaq sənətidir. Əgər sənin cümləni oxuyan insan “Bax, bu, Vüsalın cümləsinə oxşayır...” deməyəcəksə, bu işə əlini bulamasan, yaxşıdır.


- Hərdən düşünürük ki, intellektual kişiləri anlamaq çox çətindir. Hətta o dərəcə anlaşılmaq problemi olur ki, bəzən həyat dəyərsizləşir, gözümüzdən düşür. Bütün savadlı və dünyagörüşlü kişilərin anlaşılmaq problemi varmı?

- Siz bu gün məni “intellektual” sözünün altında basdıracağınıza and içmisiniz, deyəsən?.. Səmimi sözümdür, mənə olduğumdan yüksək qiymət verirsiniz, buna görə də hədsiz minnətdaram!
Anlaşılmaq probleminə gəlincə, şəxsən mənim üçün çətinlik buradan ortaya çıxır ki, başqalaının nəyə görəsə olduqca vacib saydığı məsələləri kiçik görürəm. İşdə də, evdə də bu problem yaranır. Mənə elə gəlir ki, insanlar vacib olanla olmayanı düzgün fərqləndirə bilmirlər. Bəlkə də mənim səhvimdir; amma ya başqaları həddindən artıq dar sferada düşünürlər, ya da mən praktikliyə ziyan vuracaq dərəcədə geniş sferada düşünürəm. Görünür, bütün hallarda ümumi məxrəc tapmaq lazımdır. “Mən intellektualam, fərqli düşünürəm”,- deyib, başqalarını kiçik görmək axmaqlığın ən parlaq əlaməti olardı. Ən azından, intellekt yaşadığımız sosiumu anlamaqda da bizə kömək olmalıdır axı. Hətta bu, empatik yox, nəzəri anlayış olsa belə.


- Ata olmaq necə hissdir? Atalıq hissinin tərifini sıxıcı gözəl sözlər ilə yox, dost sözləri ilə deyin: Niyə ata olmalıyıq ki?

- Əgər lap səmimi, lap ürəkdən desəm, düşünürəm ki, olmalı deyilik. Mən 37 yaşıma qədər buna əmin idim, hələ də fikrim tam dəyişməyib. Sadəcə, müəyyən anda həyatın planlaşdırılması nəzarətimdən çıxdı. Amma bir halda ki, artıq olmuşam, bunun gözəlliyi nədədir sualına cavab verməyə çalışım. Yəqin, uşağın insana yaşatdığı elə hisslər var ki, başqa heç nə onları sənə dadızdıra bilməz. Amma həmin hissləri yaşmaq üçün dünyaya bir insan gətirmək kimi azman məsuliyyətin altına girmək nə qədər doğrudur – burasını bilmirəm.
Mən ölümə həmişə çox sakit, hətta xoş yanaşmışam, onunla barışmışam və qəbul etmişəm – o dərəcədə ki, istənilən an həyatdan gedə bilərəm. Amma düşünəndə ki, bəs dünyaya gətirdiyin insanın məsuliyyəti necə olsun, başa düşürsən ki, ölmək kişilikdən deyil. Oysa indiyə qədər ölməyin kişilikdən olduğunu sanırdım. Dünyagörüşümdə belə bir xoşagəlməz metamorfoz yaşanmaqdadır.

- Ədəbiyyat indi hansı mərhələyə qədəm qoyub? Və xilasedici obrazınız olsa, ədəbiyyatı nələrdən və kimlərdən xilas edərsiniz?


- Ədəbiyyat Eurovision mərhələsinə qədəm qoyub – heç vaxt ciddi musiqidə qalmayacaq, əsl sənətdə yeri olmayacaq adamlar ora axışıblar, nəticələri isə kütlənin səsverməsi – “layk”lar müəyyən edir. Siz Eurovisiona baxıb, orada əsl musiqi görə bilməzsiniz. Vaxt vardı, bir kitabın çıxması cəmiyyətilərin həyatında hadisə olurdu. Ömür qısadır axı, bizə çox az zaman ayrılıb. Mən zay bir filmə baxanda istəyirəm rejissorun yaxasından yapışım və silkələyə-silkələyə soruşum ki, ay heyvərə, mənim ömrümün iki saatını niyə sənin bu zibilinə həsr eləməli idim? O iki saatda daha gözəl işlər görmək olardı axı. Bir kitabı rahat, dərk edərək oxumaq ortalama bir həftə vaxt alır. O kitab mənə heç nə verməyəcəksə, niyə mən ömrümün bir həftəsini ona sərf etməliyəm? Lap 3 gün olsun. Niyə etməliyəm?! Mənim elə bir imkanım olsa, insanlara heç nə verməyən kitabları və onların yazarlarını ədəbiyyat aləmindən yox edərdim.

- Elm bizim gündəlik yaşamımızda hansı mərhələdə dayanır?

- Biz elmsiz cəmiyyətik. Çox maraqlı, elmi təfəkkürlü gənclərimiz var, amma azdırlar. Savadsızlar və dindarlar daha çoxdur. Bunlar bir mahiyyətin iki fərqli təzahür formasıdır. Bir də problem budur ki, biz elmin nə olduğunu bilmirik. Nəyisə bilmək ayrı şeydir, elmli olmaq ayrı şeydir. Məsələn, indi Big-Bang nəzəiyyəsi haqqında demək olar ki, hamı eşdib. Nə olsun? Əgər bu bilik sənə dünyanı düzgün qavramaqda kömək etməyəcəksə, nə mənası var? Əgər sənin astrofizika və kosmoqoniya haqqında kifayət qədər məlumatın yoxdursa, Big-Bang barədə informasiya səni ancaq çaşdıra bilər. O cür də olur: insanlarımızın əldə etdiyi adda-budda elmi informasiyalar onları çaşdırır, daha da savadsız edir. Paradoksdur: insanlar guya elmə maraq göstərir, amma daha da savadsız olurlar. Halbuki, elm sistemli şəkildə öyrənilməli, sadə dillə izah olunmalı, təbliğ edilməlidir. Hamı genetikadan danışır, amma heç kim genin nə olduğunu izah edə bilməz. Niyə bizdə insanlar Təkamül Təlimini qəbul etmirlər? Sadə səbəb var: 11-ci sinfin biologiya kursunu oxumayıblar. Orda hər şey çox gözəl izah olunub, sadəcə, bizim camaatın xəbəri də yoxdur ki, o kitabda nə yazılıbmış! Və indi də gəlib soruşurlar ki, “Hər şeyi su isladırsa, suyun özünü isladan nədir?”

- Xəyanət sizə görə nədir? Ümumiyyətlə, xəyanətsiz bir dünya düşünülə bilərmi?

- Əsl kişi ancaq arvadına xəyanət edə bilər. Vətəninə, dostuna və sədaqət borcu olan digər insanlara isə xəyanət etməməlidir! Çünki arvada edilən xəyanətin sadəcə olaraq, adı səhv qoyulub. Demək, əsl kişi xəyanət etmir. Xəyanət – kişi ilə nakişini ayıran keyfiyyətdir.

MANERA.AZ,
BRİFİNQ.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ