İl sonu pıçıltısı - Əbülfət MƏDƏTOĞLU yazır... | MANERA.AZ

Tarix:30-12-2016, 18:02 Baxış Sayı:245

İl sonu pıçıltısı - Əbülfət MƏDƏTOĞLU yazır... | MANERA.AZ



Onun baş qəhrəmanı Sən və bir də duyğularımdı...

Hə, 2016-cının sonuncu yazısını yazıram. Bu ilin, yəni 2016-nın nə üstdə təhvil olunduğu yadımdan çıxıb, heç xatırlamaq da istəmirəm. Ona görə ki, 2016 yadımda ancaq ağrı-acı, göz yaşıyla qaldı. Və deyilənə görə, 2017 qapımızı xoruz banıyla döyür. Səhərin açılmasını xoruz həmişə xəbər verir. Və xatırlayıram ki, Azərbaycan radiosunda bir veriliş də var idi. Rəhmətlik, hər kəsin qəlbinə yol tapmış Hüseynağa Sadıqov o verilişdə «Xoruz baba» obrazını yaradırdı. İndi də səsi qulaqlarımdadı. Bunu sözgəlişi dedim. Amma, əslində bu gün səsi qulaqlarımda az səslənən tək-tək sənətkarlarımız var. Bilmirəm, bu zamanın günahıdı, yoxsa qloballaşmanın? Amma hər nədisə, indi sənətdən daha çox şoumenlik təşkil edilir hər yerdə. Nə isə…


Bəli, mən 2016-dan narazı qalmağımın səbəbini dəfələrlə vurğulamışam və bildirmişəm ki, həyatımın iki məqamından başqa, mənə heç bir şirinlik bəxş etmədi. 365-in içərisində iki məqam azdı, çoxdu, onu siz deyin. Mən isə Naxçıvan səfərimlə Trabzon xatirələrimi yaşadığımı uzun müddətdə unutmayacam. Çalışacağım isə 2016-nın mənə vurduğu zərbələrdən, sarsıntılardan qaçmaq olacaq. Yazını bilgisayara diktə edərkən Gülər xanım öncədən şərt kəsdi. Dedi ki, müəllim, son yazının kədərini, nostalji duyğularını ya bir kənara qoyun, ya da azaldın, bəlkə düşərli oldu. 2017 özünün ilk banıyla həyatımıza nəsə səmimi, xoş bir şey gətirdi. Təbii ki, mən də Gülər xanımla razılaşdım və razılaşmaya bilməzdim də. Küsərdi, yazını yazmazdı. Ya da yazsa, elə əsəbi bir formada yazardı ki, onun könlünü xoş etmək üçün üç-dörd dəfə haldan-hala düşməli olardım. Axı, ilin sonudu. Bir-birimizdən küsüb ayrılmanın heç yeri deyil. Bax, bütün bunlardan sonra qərara gəldim ki, mövzunun damarını yumşaldım və belə də etdim…
Bəli, 2016-da həcmcə böyük, kiçik kitablar, yazılar oxudum, şeirlərlə baş-başa qaldım. Onların bir çoxu ruhumu oxşadı, könlümə istirahət bəxş etdi. Bəziləri haqqında fikirlərimi də oxucularla bölüşdüm. Uğurlarına sevindiyim qələm adamlarının təkcə mənə yox, həm də ədəbiyyatımıza, söz dünyamıza bəxş etdiyi yeni nümunələr mənim üçün həm xatirə oldu, həm yaşam oldu, həm də məni də düşünməyə, sözə bir az da acıq gözlə baxmağa vadar etdi. Mütaliə etdiyim kitablar arasında çox hörmətli Sona xanım Vəliyevanın mətbuatımızın banisi Həsən bəy Zərdabi haqqında yazdığı «İşığa gedən yol» romanı xüsusi yer tutur. Və düşünürəm ki, bu roman 2016-nın ədəbiyyatımıza hədiyyəsidir. Təbii ki, şeirlərinə dönə-dönə üz tutduğum, hətta fikirlərimi ifadə etmək üçün yararlandığım şeirlərə görə də Sona xanım Vəliyevaya minnətdaram. Bu il yadımda qalan kitablardan biri də «Məktub» oldu. Bu kitabın da müəllifi Yusif İldırımzadədi. Anaya yazılmış bu «Məktub»lar çox kövrək notları, duyğuları qabardır və insanın həssas nöqtələrinə toxuna bilirdi.
Şeir aləmində isə xüsusi olaraq Elçin Mirzəbəylinin, Əli Hacının, Dəyanət Osmanlının, Səhər Əhmədin, Rüstəm Beyrudinin kitabları stolumun üstündən əskik olmadı. Və bütün bu söz dünyasının içərisində mən də öz duyğularımı pıçıldağama çalışdım. İstədim ki, sözlərin yanında, sırasında mənim də sözüm görünsün. Bilmirəm necə alındı, ümumiyyətlə, sözüm yadda qaldı-qalmadı, amma bütün hallarda sözlə yaşamışam, yaşayıram və bundan sonra da ömür payım nə olsa, sözün qulluğunda dayanacam. Hətta gileyli, incik şeirlərimdə də, sevgi duyğularını ifadə edən misralarımda da.

Mən
uydurduğum
hər cür bəhanəylə
özü də qəsdən
və billə-bilə
səsini
eşitmək istəyirəm…
sən isə
bilmirəm
nədənsə
ya da qəsdən
hər cür bəhanəsiz
səsini gizlədirsən!..
amma
hələ bu da
deyil son -
ortada
günahkar var
o da
zəng çatmayan
telefon!..

***
Bəli, 2016 ilə vidalaşdığım bir məqamda qapımızda banlamağa hazırlaşan xoruzun sədasını eşitməmiş könül pıçıltılarını ifadə etməyə çalışıram. İstəyirəm ki, bugünə qədər mənimlə olan, məni yaşadan, mənə qol-qanad verib oyaq saxlayan duyğularımın mövcudluğu üçün Tanrıma şükürlər edim. Əlimi açıb ondan bəxş etdiyi bu sevgiyə görə, yerdən göyün son nöqtəsinə qədər razı olduğumu dilə gətirim. Çünki həyatımın mənası sevgi, sevgimin mənası yaşadıqlarımdı. Deməli, hər iki halda böyük Allahın mənə çəkə biləcəyim qədər dərd, ürəyimin daşıya biləcəyi qədər sevgi verib. Bu, sonsuz bir mükafatdı… bu, dəyəri, qiyməti olmayan bir diqqətdi, ehtiramdı. Ona görə qarşısında baş əyib özümü bütün varlığımla borclu saydığım Allahımın məni köklədiyi notlar üstündə pıçıldayıram:

Mənim gizlinim yox, gizlənməyim yox
Qaçacam bəxtimdən mən hara qədər?!
Bütün bu dünyadan və hamıdan çox -
Mən sevdim, sən sevdin bəs hara qədər?!

Yeridim, yüyürdüm, durdum və baxdım,
Amma yarımadım nə mən, nə baxtım…
Könlümü üzük tək könlünə taxdın -
Üzatdım əlimi mən yara qədər!..

Gecəyə, gündüzə ruhum şam oldu,
Sevincim görüntü, qəmim tam oldu!..
Hər zaman umduğum vüsal - kam oldu -
Ağrısın duymadın sən, yara qədər…

Acını acıma qatıb bal etdim…
Dilmi önündə hər an lal etdim.
Gözü nurdan saldım, saçı çal etdim -
Ömrümün mənası sən - vara qədər!

Yaşamaq haqqından sevgim, yasaqsan
Yayın ortasında şaxta, sazaqsan…
Özün də bilirsən mənə uzaqsan -
Gözlə qaşda olan sən ara qədər!..

Bəli, bilmirəm bu şeir ürəyinizcə olacaq, yoxsa yox, amma hər halda mən ürəyimin diktəsiylə yazmışam bu şeiri. Və düşünürəm ki, ürək pıçıltısı Allaha daha tez gedib çatır, nəinki yaxa cırıb, baş yolmaq, hay-həşir salmaq. Necə deyərlər, sevinci də, kədəri də pıçıltıyla söyləyəndə onun tutumu, onun təsiri daha çox olur. Çünki pıçıltı diqqəti çəkir. Mən bütün zamanlarda hər kəsdən diqqət ummuşam. Çünki gücüm, imkanım, qabiliyyətim daxilində kimsədən diqqət əsirgəməmişəm. İstəmişəm ki, bir salamla, bir əhval soruşmaqla qarşılaşdığım insanın, xatırladığım Allah bəndəsinin ruhunu sevindirim, könlünü səksəndirim. Bu nə qədər alınıb-alınmayıb, onu məni tanıyanlar bilir. Hər halda eni-boyu 4 saatlıq, təbii ki, avtomobilə, məsafə olan bu məmləkətdə gizlənmək də mümkün deyil, yalan danışmaq da!..
Bəli, indi içimdəki duyğuların kökləndiyi 2017 havası mənə ömrümün yeni ilinin başlanğıcını da pıçıldamağa başlayıb. Özüm özümü bəri başdan «dünyamıza xoş gəldin» təbrikinə hazırlayıram. Bilirəm ki, o təbriki beş-üç nəfər də olsa, deyəcək. Heç kim də deməsə, Sən deyəcəksən, Sən xatırlayacaqsan. Ən azından həyatında bir işartı kimi olduğum üçün. Və mən də o təbriki ən böyük mükafat, ən böyük dəyər kimi qarşılayacam. Çünki o, sənin dilindən qopacaq. Axı, sən həmişə məni hamıdan öncə dekabr ayının son gecəsinin, son saniyəsinin ötdüyü anda təbrik etmisən. Və mən də yeni ilin son saniyələrinə sənin təbrikinlə qədəm qoymuşam. Yəqin ki, bu il də belə olacaq. Amma sənə də, hər kəsə də tam etiraf edim ki, 2016 məndə 2017-ni, öncəki illəri qarşıladığım həvəsi qoymayıb. Ona görə də bu ilin son şeirlərindən biri olan misraları özüm özümə hədiyyə edirəm.

Çəkirəm başıma dərdi dərman tək
Elə bil acıma bal qatıram, bal…
Kirpiyin ucuna yapışıb qalan -
Damladan könlümə xal salıram, xal…

Anıram bir anlıq köhnə düzəni
Məstliyin içində qu tək üzəni.
Hər şeyə, hər kəsə gülüb gəzəni -
Xatirə kürkünə qal salıram, qal!..

İllər axarında nimdaşlaşan mən
Qırılan simlərlə simdaşlaşan mən…
Gəlib dərdləriylə sirdaşlaşan mən -
Budaqdan ümidi kal dərirəm, kal!..

***
Bəli, qarşıdan gələn ilin adını da bildik, həyatımıza daxil olacağı anlardan da xəbərdarıq. Ona görə də köhnənin ağrı-acısını yavaş-yavaş atılmalı olan nələrləsə bir yerdə toplayıb qapıdan kəndara qoymaq lazımdı. Dünyanın bir çox məmləkətlərində ilin sonunda həmişə nələrisə atırlar. Mən düşünürəm ki, bizdə də atılmalı, atmalı yox ha, həqiqətən atılmalı nələrsə var - hər birmizin həyatında, hər birimizin həyətində və bütövlükdə məmləkətimizin özündə. Ona görə də ilin son günündən düşünüb, daşınıb yaxşı istifadə etməliyik. Nəyi atacağıq? Niyə atacağıq! – qərarını verməliyik. Zənnimcə, verəcəyimiz qərar sonra bizə başağrısı, peşmançılıq gətirməyəcək. Mən də doğum günümlə başlayan 2017-nin hər birimizin ömrünə xoş anlar, uğurlar gətirməsini diləyirəm. İstəyirəm ki, tanıdığım, tanımdağım, sevdiyim, sevmədiyim hər kəsin, bütövlükdə Azərbaycanın yeni ili uğurlu, düşərli olsun. Və məni həmişə yazılarıma görə keçmişin adamı sayanlar da elə bundan sonra da öz fikirlərində qalsınlar. Çünki keçmiş gələcəyin bünövrəsidi. Yəqin ki, mənimlə razılaşarsınız. Və bir daha bayramınız mübarək olsun!
Son olaraq mən elə ilin sizlərə ünvanlanan son pıçıltısını
Sona Vəliyevanın misraları ilə cilalayır və deyirəm:
İtirdiklərimizdən əlimizi üzüb,
İtirmədiklərimizi gəzirik.

Deməli, doğrudan da biz yaşamağa ümidliyik, elə mən də o ümidlə öz misralarım ilə ilə nöqtə qoyuram.

Sürünür səhərə tərəf
Yolunu kəsə etmir ki!
Gecənin tərsliyi tutub,
Mənimlə yola getmir ki –
Açıl sabah!..

Kirpiklərim bir-birinə
Küsüb, baxmaq da istəmir...
Utanım gecə yerinə -
Səni səhər də səsləmir –
Açıl sabah!..

Yaramın qanı kəsmir ki,
Canımı alır canımdan...
Bir damcı meh də əsmir ki,
Səpəm gecəyə qanımdan –
Açıl sabah!..

Sabahlarımız xoruz banıyla hər birimizin üzünə xeyirlə açılsın!

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ