Ömrü ləyaqətlə yaşamaq /MANERA.AZ

Tarix:16-11-2016, 17:30 Baxış Sayı:672

 Ömrü ləyaqətlə yaşamaq  /MANERA.AZ
...Neçə illərdi ki, hər il noyabr ayının 20-si məndə iki fərqli ovqat yaradır...

Noyabrın 20-də çağdaş Azərbaycan tarixinin qara səhifələrindən biri olan Qarakənd faciəsi baş verib...

Noyabrın 20-də də görkəmli ziyalı, cəfakeş ədəbiyyatşünas, fəlsəfə doktoru Sabir Bəşirov dünyaya gəlib; bu payız da həmin ziyalı dostumuzun 60 yaşı tamam olur...

Əlbəttə, az qala, 40 ildi tanıdığım, bu müddətin, ən azı, 10 ilini yaxın dostluq və yaradıcılıq ünsiyyətində olduğum Sabir haqqında yazmaq üçün heç vaxt ad günü və ya yubiley bəhanəsinin yaranmasını gözləməmişəm. Amma 60 insan ömründə elə bir məqamdı ki, onu görməzliyə vurmaq olmaz...

Sabir Bəşirov barədə on il əvvəl – 50 yaşı münasibətilə qələmə aldığım yazıda qeyd eləmişdim ki, ola bilsin, Sabir bu yuvarlaq rəqəmin doğurduğu anlaşılmaz vahimənin fərqində deyil, bəlkə də əlli yaşa çatmasıyla həyatında, gün-güzəranında nəyinsə dəyişməyəcəyini yaşadığı illərin qazandırdığı müdrikliklə açıq-aydın dərk eləyir, amma çox güman, yaşam yükünə görə nə vaxtsa hesabat verməli olduğunu da yaxşı anlayır; Allahın verdiyi möhlətdə düzgün yaşayıb-yaşamadığını, hansı işləri görüb-görə bilmədiyini, ömrünün qalan illərini nəyə sərf eləyəcəyini qərarlaşdırmaq üçün ƏLLİ YAŞ bəhanəsinə söykənməkdən yaxşı nə ola bilər?!.
Şübhəsiz, çoxlarımızın iradəsizlik göstərib öhdəsindən gələ bilmədiyimiz bir maneəni asmış – dünyayla barışmış Sabir elə 60 yaş həddinin də onun artıq çoxdan formalaşmış ömür nizamını dəyişmək qüdrətində olmadığını da başa düşür: indiyəcən necə yaşayıbsa, bundan sonra eləcə yaşayacaq, gün-güzəran qayğısıyla yanaşı, ABIRLI SÖZÜN, ABIRLI ƏDƏBİYYATIN təəssübünü çəkəcək, məmləkətin əyalətində ömür sürə-sürə, SÖZÜN UCALIĞINI qorumağa can atacaq, üstəlik, məhdud imkanlarıyla qəlbinin diqtə elədiyi araşdırmalarını qələmə alacaq...
Ömür möhlət versə, on il sonra da bu sözləri təkrarlamağa hazıram, yəqin ki, bu həqiqətlə elə Sabirin özü də razılaşar.

***
On il əvvəlin yazısında bir də onu yazmışdım ki, ötüb-keçən illər Sabirin görkəminə bir azca əl gəzdirsə də (amma zaman da ona qarşı insaflı davranıb, görünür, DÜNYAYLA BARIŞDIĞINA görə, xətrinə çox dəyməyib) xasiyyətində köklü dəyişiklik eləyə bilməyib: yenə hər şeyə səbirlə, təmkinlə, yalnız öz düşüncəsinin süzgəcindən keçirə-keçirə yanaşır, dünyanı, adamları, hadisələri olduğu kimi QƏBUL ELƏMƏYİ bacarır, həyatda da, ədəbi prosesdə də baş verənləri kənardan, ayıq başla, soyuq ağılla izləməyə üstünlük verir, fərdləri, əsərləri, mövqeləri heç vaxt şəxsi marağı prizmasında mühakimə eləmir. Bəlkə elə buna görədi ki, Sabirin qələmindən çıxan yazılar arasında boğazdanyuxarı, məqsədli, təmənnalı, qərəzli... yazılara, hətta fikirlərə belə, rast gəlmək olmur...
Sabir Bəşirov universiteti (BDU-nun filologiya fakültəsini) bitirəndən sonra bir çox istedadlı və iddialı həmkursları kimi, Bakıda, ən azı, doğulub-böyüdüyü Yardımlı rayonunun mərkəzində iş tapa, bəlkə də karyerada xeyli irəli gedə, özünə şəhər güzəranı yarada bilərdi. Amma o, gənclik enerjisindən daha düzgün istifadə elədi, dədə-başa yurduna qayıdıb ev-eşik, oğul-uşaq sahibi oldu, vəzifəyə-filana iddia eləmədən orta məktəbdə dərs dedi, AMEA Fəlsəfə və Hüquq İnstitutunun qiyabi aspiranturada oxuyub fəlsəfədən elmi iş müdafiə elədi; hətta bundan sonra belə, nəfsinə qalib gəlməyi bacardı, kürsü eşqinə düşmədi, yaşam qayğılarından qənaət elədiyi enerjisini mütaliəyə və yaradıcılığa sərf elədi.
Əlbəttə, ucqar kənddə yaşayıb gün-güzəran qayğılarıyla əlbəyaxa olmaq, həm də YARADICILIQ DUYĞUSUNU SAXLAMAQ xüsusilə, indiki vaxtda çox çətindi: daim təzələnən, dəyişən ədəbi prosesi izləmək, çap olunan əsərləri oxumaq, yaxşı pisdən ayırmaq qələm sahibinə böyük çətinliklər bahasına başa gəlir. Bu səbəbdən, SÖZ DUYĞUSUNU HƏMİŞƏ DİRİ SAXLAMAĞI, yaxşıya sevinib, pisə kədərlənməyi bacaran Sabir Bəşirovun müstəqilliyimiz müddətində yazdığı monoqrafiyaları, tənqidi məqalələri, publisistik məqalələri sözün əsl mənasında qəhrəmanlıq adlandırmaq olar. Sabir ötən illər ərzində səbrlə, təmkinlə, dözümlə maneələri aradan qaldırmağı, özünə də, qələminə də hörmət oyatmağı bacarıb.

***
Sabir Bəşirov müraciət elədiyi mövzulardə çətin terminləri yeri gəldi-gəlmədi işlədən, müəllifə də, oxucuya da öz savadlılığını göstərməyə çalışan bir para tənqidçilər kimi yox, yazıçının istedad səviyyəsini, yaxud əsərin əsl dəyərini müəyyənləşdirməyə, müəllifin yaradıcılığında və bütövlükdə ədəbi prosesdə yerini tapmağa can atan ədəbiyyatşünas mövqeyindən araşdırır, daha çox mövzunun, obrazın, hadisənin fəlsəfi anlamını açmağa can atır. Bəlkə elə buna görə də onun həcmcə iri monoqrafiyaları oxucunu yormur, əksinə, haqqında söhbət açılan yazıçının yaradıcılığını, araşdırılan əsəri bir daha oxumaq üçün təkan verir.
Sabir Bəşirovun "Anar" (1994), "Əlabbas: Sözün köhnə kişisi" (2005), "Sabir Rüstəmхanlı: Sərhədsiz ruhumuzun yolçusu" (2006), "60-cılar nəsrinin etik problemləri" (2006), "Yaradıcılıq şəхsiyyətlə üst-üstə düşəndə..." (2010), "Nizami Cəfərov: Şəхsiyyət və yaradıcılıq fenomeni" (2010), "Nəriman Əbdülrəhmanlı: işıq adamı" (2010), "Xanəli Kərimli: Bir ömrün nağılı" (2011), "Firuz Mustafa: İdrakla hissin vəhdəti" (2012), "Əjdər Ol: nəsrin imkanları" (2014) “Yunus Oğuz: Elmi təfəkkürlə bədii təfəkkürün vəhdəti” (2015) monoqrafiyaları məhz bu cəhətdən diqqəti çəkir.
Onun “60-cılar nəsrinin etik problemləri” mübaliğəsiz desək, son illər ədəbiyyatşünaslığımızın dəyərli nümunələrindəndi. Monoqrafiya, bütün fərqli fikirlərə baxmayaraq, ədəbiyyatımıza yeni nəfəs, yeni obrazlar, yeni təhkiyə gətirmiş bütöv bir nəslin yaradıcılığına uğurlu baxışdı. Sabir Əhmədovun, Anarın, Əkrəm Əylislinin, Elçinin, İsi Məlikzadənin... hekayə, povest və romanlarını ədəbi-fəlsəfi təxəyyülün süzgəcindən keçirən Sabir Bəşirov ideallarşdırmaya da yol vermir, hər bir qələm sahibinin öz yaradıcılıq yolunda rastlaşdığı büdrəmələrə belə münasibətini bildirir. O 60-cılara məxsus üslub, forma, dil, təhkiyə tərzi, obrazları, təcrid olunmuş məkanda yox, dünya ədəbiyyatı kontekstində araşdırır, bununla da bədii sözün hüdudlarının nə qədər geniş olduğunu göstərir.
İndi də Sabirin nəyə görə bu sanballı monoqrafiyanı doktorluq dissertasiyası kimi müdafiə eləmədiyini başa düşməkdə çətinlik çəkirəm. Halalca haqqı idi, elmi hazırlığı da, yaradıcı nüfuzu da buna tamamilə imkan verirdi. Görünür, bürokratik maneələri aşmaq üçün güc və vaxt sərf eləmək, meşin qapılar ağzında gözləmək istəmədi.
Həmişə demişəm: əyalətdə, üstəlik, ucqar dağ kəndində yaşayan Sabir Bəşirovun ƏDƏBİ TƏƏSSÜBKEŞLİYİ qibtə olunası xüsusiyyətdi. O, çağdaş ədəbi prosesi diqqətlə izləyir, ayrı-ayrı qələm adamları və əsərlər barədə yazır. Sabirin qələmində müxtəlif ədəbi nəsillərə və fərqli yaradıcılıq üslublarına malik olan Fikrət Qocanın, Elçinin, Sara Oğuzun, Əsgər Rəsulun, Aqil Abbasın, Sahib Əliyevin, Aslan Quliyevin, Əbülfət Mədətoğlunun, Vahid Məmmədlinin, Azad Qaradərəlinin, Eyvaz Zeynalovun, Əlirza Xələflinin, Gülnarə Cəmaləddinin... təkcə ədəbi deyil, həm də mənəvi dünyası oxucuların gözləri qarşısında canlanır.
Sabirin planında 80-ci illər ədəbi nəsli haqqında monoqrafiya da var. İnanıram ki, bu istəyini də özünəməxsus təmkinlə gerçəkləşdirəcək...

***
Bəzən şəxsiyyətlə yaradıcılıq arasında ziddiyyətlərin olduğu kimsəyə sirr deyil...
Yaradıcılığından təsirlənib, şəxsiyyətini bəyənmədiyimiz (ya da əksinə) qələm adamlarla az rastlaşmamışıq...
Neçə illərin müşahidəsindən sonra bir daha tam əminliklə deyirəm ki, Sabir Bəşirovun şəxsiyyətilə yaradıcılığı arasında heyrətamiz (əslində, heyrət olunmamalıdı, hər yazı müəllifin xarakterini göz önünə sərir) oxşarlıq var – yazıları da özü kimi bütöv, səmimi, bənzərsizdi. O, yazacağı yazıları dönə-dönə götür-qoy eləməmiş, mülahizələrini həqiqətin məhək daşından keçirməmiş qələmə almır, heç düşüncələrinin ehkam kimi qəbul olunmasına da can atmır. Sabir hər hansı ictimai hadisəyə, şəxsiyyətə, ədəbi-bədii mətnə münasibətdə axına qoşulub getməyi xoşlamır, gördüklərinə, bildiklərinə, oxuduqlarına hissinin yox, ağlının gözüylə yanaşmağı bacarır. Elə buna görə də onun məhək daşından keçirdiyi bir məsələ barədə fikrini dəyişdirmək, demək olar, mümkün deyil. Həmişə mübahisə məqamlarında gətirdiyi dəlil-sübutlarla opponentini inandırmağı, əslində, həqiqətin nədən ibarət olduğunu aydınlaşdırmağı bacarır. Xüsusilə, ədəbi söhbətlərimizdə Sabirin zövqü, mövqeyi, mülahizələrilə əksər vaxtlar razılaşmağımın bir səbəbi də budu.
Sabirdə əsl ədəbiyyatşünasa xas olan bir gözəl xüsusiyyət də var: həmişə ədəbi yeniliklərdən xəbər tutmağa, ucqarda yaşasa, internet məkanından, sosial şəbəkələrdən uzaq olsa da, lazımi ədəbi-bədii nəşrləri əldə eləməyə can atır. Paytaxtda yaşaya-yaşaya yaradıcılıq faktlarından xəbərsiz qalan bir çox ədəbiyyatşünas-tənqidçilərdən fərqli olaraq, onun ədəbi hadisələrə fəal, özünəxas münasibəti həmişə hörmət doğurur.
Ola bilsin, bu məsələdə “hər şey uzaqdan daha aydın görünür” fəlsəfəsinə söykənmək daha məqbuldu...
Amma bunu daha çox Sabirin taleyini bağladığı məqsəd yolunda ÖZ ABRINI SAXLAMAQ kimi qiymətləndirmək olar...

***
...Beləcə, fakt faktlığında qalır – bu payız günlərinin birində Sabir Bəşirovun 60 yaşı tamam olur...

Hələ də Sabirin həyatında elə bir ciddi dəyişiklik olmayıb: yenə Yardımlıda, dağlar qoynundakı Peştəsərdə müəllimlik eləyir, ailə, gün-güzəran qayğıları çəkir, böyük ədəbiyyatla nəfəs alır, dostlarından ötrü darıxır. İldə cəmi iki-üç dəfə yön çevirdiyi Bakıya gələndə aylarla yığılmış duyğularını könlündə yer tutan kəslərə gen-bol paylamağa can atır...

Belə vaxtlarda onun DÜNYAYLA BARIŞMAĞINA, sakit, amma mənalı həyatına, Allahın bəxş elədiyini ömür möhlətini daimi qaçhaqaçda keçirmədiyinə görə, ona yaxşı mənada həsəd aparıram. Düzdü, haqsızlıqla üzləşəndə, həqiqətin tapındığını görəndə, riyakarlıqla rastlaşanda çox əzab çəkir. Bu, dünyanı nizamda görmək istəyindəndi...

Sabir Bəşirovun qismətinə LƏYAQƏTLƏ YAŞAMAQ XOŞBƏXTLİYİ düşüb, bu illər ərzində SÖZə və HƏQİQƏTə arxa çevirməyib...
Şübhəsiz, bundan sonra da beləcə yaşayacaq...

Nəriman Əbdülrəhmanlı

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ