Fəlsəfənin ədəbiyyatdan ciddi fərqi var... - MÜSAHİBƏ | MANERA.AZ

Tarix:17-09-2016, 14:39 Baxış Sayı:3672

Fəlsəfənin ədəbiyyatdan ciddi fərqi var...  - MÜSAHİBƏ | MANERA.AZ

Azərbaycan ədəbiyyatından, incəsənətindən çox danışmaq lazımdır. Ədəbiyyatı və kültürü sevdirmək həm də onları gündəmə gətirməklə mümkündür. Qərara aldıq ki, Azərbaycan ədəbiyyatı və jurnalistikasının, incəsənətinin tanınan insanları ilə ədəbi və kültür mühitindəki hər şey barədə danışaq.

MANERA.AZ-da hər həftə yayımlanacaq “Ədəbi Künc” silsiləsinin bu dəfəki müsahibi yazar Nərmin Kamaldır.

Fəlsəfənin ədəbiyyatdan ciddi fərqi var...  - MÜSAHİBƏ | MANERA.AZ
- Fəlsəfə üzrə məzunsuz və postmodernizmə dair ciddi bir kitab da yazmısız. Ədəbi çevrədə tanındız. Amma bir zaman öz ixtisasınızdan uzaq qalmışdız, indi yenə fəlsəfəyə dönmüsüz. Bu barədə bir az danışaq...

- Fəlsəfə və ədəbiyyatın ciddi bir fərqi var, fəlsəfənin tikinti materialı ümumilərdir, ədəbiyyatın tikinti materialı xüsusilər, təkcələr. Yadınızdadır da, “Ümumi, xüsusi, təkcə və onların nisbəti” adlı dərs keçirdilər bizə Dialektikadan, tələbə vaxtı. Ədəbiyyat rəfindən olan bir kitab, roman, hekayə, yaxud başqa bir janr, - bir insandan, bir insanın həyat hekayəsindən, təkcə hadisədən danışır, onu oxuyaraq ümumi nəticələrə özünüz gəlirsiniz. Məsələn, C.Məmmədquluzadənin “Usta Zeynal” hekayəsində təkcələrdən – konkret adlarıyla şəxslərdən söhbət gedir, amma oxuyub onun nə qədər ümumi problem olduğunu anlayırsınız. Fəlsəfə rəfindən olan bir kitabda isə ümumi, abstrakt mülahizələr olur, misal üçün, adı, xarici görünüşü, şəxsi həyatı bilinməyən İnsan, o insan haqda oxuyaraq ümumidən xüsusiyə, təkcəyə özünüz tətbiq edirsiniz. Mənə görə, bunlar bir-birini tamamlayır, ikisi bir-birinə güc verir, dayaq olur. Ancaq fəlsəfə bir çox yerlərdə gücsüz qalır. Elə bil evin üçün, ya maşının üçün bir tozsoran alırsan. Görürsən havaçəkən borunun ucuna taxmaq üçün onun iki və ya daha artıq başlığını qoyublar. İri başlıq geniş ərazinin tozları üçündür, amma o başlıq künc-bucağa girmir, kiçik başlıq məsələn, divanın altına girmək üçün. Mən indi ədəbiyyat başlığını üstün sayıram, çünki o, kiçik, gizlin yerlərə - təkcələrin həyatına girə bilir.

- Dünya ədəbiyyatında ən sevdiyiniz yazarlar və əsərlər hansılardır?

- Bu sual mənim yadıma Siamək Səbrini saldı. Bir dəfə onunla söhbət edirdik, Siamək bilirsiz ki, güneyli yazardır, vaxtsız həlak oldu, dedi ki, qadınların hərəsi bir başqa aləmdir, hər biri o birindən fərqlənir. Mən dedim, Siamək, kişilər də elədir də, kişilərin də hərəsi bir başqa aləmdir, dedi, yox, kişilər o qədər fərqli deyil, kişilər bir-birinə oxşayır, qadınlara bax, hərəsi bir başqa fərqlidir. Assossativ cavab olacaq bu cavabım indi, yazıçılar, əsərlər də Siaməkin qadınlar haqda dediyi kimidir, hərəsi bir başqa aləmdir, adam birini, ikisini, üçünü seçə bilmir.

- Bir çoxları qeyd edir ki, Azərbaycan xalqı poeziyaya daha doğma olduğu üçün fəlsəfəni və düşünməni sevmir. Şeir yazan bir fəlsəfə mütəxəssisi kimi bu fikrə münasibətiniz necədi?

- Xalq niyə fəlsəfəni sevməlidir?Dünyanın hansı xalqı fəlsəfəni sevir ki, bizimki də sevməlidir. Hindlilərin minillərlə necə nəhəng fəlsəfə irsi olduğunu bilirsiniz. Londonda çox, lap çox sayda hindli gəlmələr vardı. Mən harada hindliylə həmsöhbət olurdumsa, ona hörmət etdiyimi hiss edirdim, elə bilirdim ki, bizə fəlsəfə dərslərində Aranyaklar, Upanişadlar, Buddizm, Zen deyilib danışılan məsələlər bunlar üçün uşaqlıqda nənələrinin danışdığı folklor kimi bir şeydir, elə bilirdim hər hindlinin fəlsəfi söhbətlərə meyli-marağı var. Ancaq hər dəfə görürdüm elə deyil. Heç maraq dairələrində deyil. Bir çox sadə ingilislər Bertrand Russelli tanımırlar. Bankda işləyir, otuz il hər gün eyni şeyi edir, pul qazanır, məzuniyyətə çıxır, həyatını yaşayır. Heç kəs də onlara yuxarıdan aşağı, düşüncəsiz kimi baxmır buna görə. Biz də baxmamalıyıq. Başa düşürəm, adam öz məşğul olduğu işin dəyərli, vacib bir şey olduğunu hiss etmək ehtiyacı hiss edir, bəlkə buna görə xalqdan fəlsəfə marağı umuruq. Şeirə gəlincə, Azərbaycanda “rhymester”lik geniş yayılıb, raymesterlik. Sözlərlə yüngül ritmlər qoşub yazmaq və ya demək bacarığı. Azərbaycanda çoxlu – minlərlə adam da var ki, bunlar kirli deyil, fikirli adamlardır, dünyanın, insanın böyük dərdi-səri onları maraqlandırır, amma onlar “mənalı şeir” vasitəsilə bir gülləylə iki dovşan vururlar: fəlsəfi sualları varsa, cavabını tezbazar bir “mənalı şeirin” içində qəbul etməyi üstün tuturlar. Belə, asan xidmət. Daha filosof traktatı oxumağa ehtiyac qalmır. Ona görə son vaxtlar psevdo-aforizm kimi misralardan qurulan şeirlər populyardır.

Ancaq Azərbaycan xalqına böyük, fəlsəfi məsələlər haqda düşünməyə mane olan şeir deyil, xırda məsələlər haqda düşünməsidir. Bu yaxınlarda rayonları gəzməyə çıxmışdım, nə qədər yerlərə getdik, görürdün, uzaqdan dağların arasından gözəl nağılvari bir kənd görünürdü, bacasından tüstü çıxır, kənd yayılıb dağın ətəyinə. O adamların fəlsəfi düşünmək üçün geniş səması var, ulduzları var, yemək-içmək dərdi də yoxdur, təndiri, pendiri, əti, yumurtası, bulaq suyu. Amma gedib o kəndə lap yaxınlaşsaq, girib o ailələrlə birlikdə bir həftə yaşasaq, görəcəyik xırda-xırda söz-söhbətlər, dedi-qodular.Kim kimin anasına baxmayıb öləndə, kim kimin oğlunun işinə qarışıb, kim filan vaxt kimi məclisinə çağırmayıb. İnsanı fəlsəfədən ayıran onun gün-güzərana çox ürəkdən bağlanmasıdır.

- Qadın yazarlar niyə ədəbi gündəmdə çox görünmür?

- Əvvəl ümumiyyətlə bir şey deyim, mən subay olanda evimizdə uşaqlıqdan pişik olub, cürbəcür pişiklər. Elə pişik olurdu, beş il qalırdı, eləsi olurdu, elə bir qab süd içib gedirdi. Eləsi olurdu, küçədən gətirirdik, qışı çıxarırdı, yayda buraxırdıq ki, daha ölməz. Və bu vaxt bizə gələn qonaqlar sual verirdilər ki, erkək pişikdi, ya dişi? Onlara elə qəribə gəlirdi heyvanın cinsini bilmədiyimizi görmək. Biz bu sualı eşidən kimi yumrulanıb pişiyi qaldırırdıq ki baxaq bunun cinsi nədir.Bizim üçün pişik cinssiz sevimli bir varlıq idi. İndi mən də “qadın yazarlar” eşidəndə elə bir hiss olur ki məndə, o pişiklərin cinsi haqda sualı eşidəndə elə olurdum.Bu sualı eşidənə qədər özümün qadın, ya kişi yazar olmağımın fərqində olmuram.Və birdən mənə “siz bir qadın yazar kimi”deyəndə, səmimi sözümdü, özümü qaldırılıb ayağının arasına baxılan bir heyvan kimi hiss edirəm. Suala qayıdım, siyasi gündəmdə də qadınlar yoxdur. Bir ara ədəbi tənqid yazanlar arasında qadın tənqidçilər çox görünürdü, ardınca biz nə gördük? Gördük ki, ədəbi mətbuatda onların haqqında ayrı-ayrı müəlliflər kimi yox, topayla danışmağa başladılar, “axır vaxtlar qadın tənqidçilər çoxalıb”. Yüz əlli ildi kişilər yazır, “kişi tənqidçilər, kişi yazıçılar çoxalıb” demək heç kəsin ağlına gəlməmişdi. Çünki elə “tənqidçi kişi olar da”, “yazıçı kişi olar da” fikirləşirlər... Vyananın Schonbrunn zooparkında quşların bir fotosunu çəkmişdim, indiyəcən o foto mənim desktopumdadır, deməli, fotoda eyni quş növünün ağları ayrı topalaşıb, qaraları ayrı. Arada barmaqlıq yoxdu, eyni bir məkanda, özləri elə yığışıblar. Şəklə hər baxan deyir, təbii rasizm. Mən o şəkildəki kimi indi gedib ağ quşların yanında durub gender-sosioloji düşüncələrə dalanda özümü pis hiss edirəm.

- Gənclərdən kimləri oxuyursuz?

- Bu suala heç cavab verməyim. Gənclər arasında seçim etməyi sevmirəm.

- Sizcə Azərbaycan düşüncə və fəlsəfi sistemində kişimərkəzçilik hansı həddədir?

- Azərbaycan düşüncəsində kişimərkəzçilik var, bu, tək bizim xalqın problemi deyil, tarixdən dünyaya miras qalan problemdir. Yaxşı ki, bu gün hüquq var, qanun var, ağıllı adamlar var. Bir əsr əvvəlkinə baxanda irəlidəyik.Kişimərkəzçilikdə təkcə kişilər təqsirkar deyil, bu, həm də bir çox qadınlara sərf edir, çünki onlara müstəqil olmaq qorxusu aşılanıb. Sinderella kompleksi də deyirlər buna. Azərbaycan dilinə tərcümə etsək, Zoluşka kompleksi. Elə bu səhər zəhmətkeş xalqın bir nümayəndəsi - bir qadın deyir ki, uşağın sənədləri hazır deyil məktəbə, yoldaşım ziyarətə gedib. Deyirəm, nə sənədlər. Deyir, həkimdən arayış, yaşayış yerindən arayış. Ali təhsilli də qadındır, gözləyir ki, kişi gəlsin bütün bu sənədləri yığsın. Kişi də ziyarətə getdiyi yerdən telefonla deyir, nə olar, bir işi də sən gör də, yüküm azalsın. Bizlərdə qızlara təkcə ev işlərində zirəklik öyrədirlər,qızları düzgün tərbiyə etmirlər. Qız uşaqlarını görən kimi “ay nə gözəldi bu”, gözəl, gözəl, gözəl, qız da elə bilir elə bunun əsas təriflənəsi xüsusiyyəti gözəl olmaqdır.

- Ruh və materiya anlayışını siz necə izah edirsiz?

- Ruh və materiya bölgüsü məlum olduğu kimi, mürəkkəb məsələdir. Hərənin özünə görə bir cavabı var, məndən soruşanda deyirəm, hələ o sirrin cavabını axtarıram. Əminəm ki, elm bir gün bu böyük məsələni açacaq. Kosmik tədqiqatlara xərclənən pullar bəşəriyyətin gördüyü ən yaxşı işdir. Arzum budur hərbi xərclər kəsilsin, hərbə, ordulara xərclənən vəsaitlər də kosmik tədqiqatlara yönəlsin və o böyük sirri biz insanlar aşkar edək. Bu suala bağlı ikinci bir məsələyə də toxunmaq istəyirəm. O məsələ bayaq danışdığımız şeir məsələsidir. Niyə insan şeir yazır və şeiri bir neçə adam oxuyarkən ortaq hüzn hiss edir. Bu mənada Şeir fenomeni fiziklərə 17-ci əsrin Elmi Texniki İnqilab vaxtından 20-ci əsrin sonlarına qədər mane olub, onlar insanın niyə bu duyğuları keçirməsini, niyə lirik şeirə ehtiyac hiss etməsini necə izah edəydilər ki, o izah kainat haqda mexaiki materialist nəzəriyyəyə uyğun olaydı.Ona görə şeiri idealizmə, ruhi başlanğıca müncər eləyiblər. Amma əslində şeir təkamülün sonucudur. Ötən həftələrdə ABŞ-da çalışan azərbaycanlı riyaziyyat professoru dostumuzla nə cürsə elə bu poetik duyğu haqda söhbət düşdü. Mən dedim ki, insanda olan poeziyanı duymaq bacarığı haradan qaynaqlanır? Bizi yaradan ruhi başlanğıc varsa, o bu duyğunu bizə niyə qoyub, təkamül yoluyla yaranmışıqsa, bu duyğu necə yaranıb? Heyvanlarda da poetik hiss varmı? Təkamul yolu ilə əldə etmişiksə, hansısa primitiv formada heyvanlar da – qorillalar, fillər və s. poeziyanı duymalıdır. Professor dostumuzun biologiyadan doktorluq oxuyan bir otaq yoldaşı olub Amerikada. Deyir, bir dəfə ondan soruşdum ki, at niyə şeir yaza bilmir? Deyir, əsl bioloq cavabı verdi mənə: "Çünki atın əli yoxdur şeir yaza!!!

- Ölümü düşünmək lazımdırmı?

- Ölümü düşünmək lazımdır. Qəbirstanlıqlara tez-tez getmək lazımdır.Hər gün “bəlkə bu gün öldüm”, işlərimi çatdırım fikirləşməyin xeyri var ki, ziyanı yoxdur. İnsanı müdrik edir, yaxşı insan edir, işlərini görməyə tələsdirir. Öləndən sonra əbədi həyata, o dünyaya qətiyyən inanmıram. Bəşəri əxlaqa inanıram.Öləcəyik deyə dünyaya fani, üçgünlük demək yaxşı deyil. Əksinə, ölümü düşündükcə özümdən sonra qalacaq hər şeyə məhəbbət hiss eləyirəm.Elə bil səhər alaqaranlıqda evdən çıxıb vacib yerə gedirsən,evdəkilər hələ yatıb, sən onlar üçün çay da qoymusan, yumurtalar qaynatmısan, səhər yeməyi üçün süfrəni bəzəmisən, arxayın qapını örtüb çıxırsan. Nə qədər gözəldi. İnsana ziyan vurmaq olmaz, təbiətə ziyan vurmaq olmaz, canlını incitmək olmaz. Yay bitdi, payız gəlir, qoy insan buna sevinsin, ağaclar rəngini dəyişir, bunlara mütləq hər gün fikir ver, payızın qışa, qışın yaza necə keçid etməsi heyrətamiz bir şeydir. Külək xəritəsi görmüsünüz, orada isti və soyuq küəkləri şərti olaraq qırmızı, göy rənglərlə göstərirlər, mən həmişə külək əsəndə onları görməyə çalışıram. Yeni fəslin ilk əlaməti nə oldu, bizim şəhərdə bu payız ilk saralan, ilk düşən yarpaq şəhərin hansı tərəfində oldu.İnsan təbiətin bir parçasıdı, ölüb öz əbədi yerimizə, təbiətə qarışmaq gözəldi.

Hazırladı: Tural İsmayılov,
MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ