Tamara qarşımda şərt qoydu: gecələr ona Dostoyevskinin...

Tarix:5-07-2016, 10:55 Baxış Sayı:774

Tamara qarşımda şərt qoydu: gecələr ona Dostoyevskinin...
Manera.az Azər Qismətin "Toyuq korluğu" hekayəsini təqdim edir:

***

Bakıda mənzili olmayanlar çoxdur. Onlardan bəziləri aldıqları məvacibin çox hissəsini kirayə qaldıqları evin sahibi və ya sahibəsinə verir. Bəzilərisə kimsəsiz, yəni heç kimi qalmayan yaşlı qadın və ya qoca kişi axtarır. Niyə? Bu biçarələri yeməklə, az miqdarda pulla təmin edib, əsası etibarlarını qazanmaq olardı ki, bundan sonra ev sahibi və ya sahibəsi yazığı gəlib yaşadığı mənzili zavallıların adına keçirsin. Belə yazığı gələnlər də, əvvəlcədən heç yardım etməyib ev yiyəsi ilə şərt kəsib tez notariusa aparıb “etibarnamə” alanlar da vardı. Əvvəlcədən deyilən şərt hardasa sərf edir. Ev yiyəsinə sədaqətlə qulluq edirsən, bilirsən ki, Allahın dərgahına gedəndən sonra ev sənindir. Bəzilərinin isə ev yiyəsinin Tanrının hüzuruna tez getməsinə səbri çatmırdı. Məsələn, Q. adlı birisi ev yiyəsinin tez ölməsini istəyərək məşhur şirkətin istehsal etdiyi məşhur şirəyə şprisə doldurulan siçan zəhəri yeridərək, ezamiyyətə getdiyini söyləmiş və elə həmin gecə kimsəsiz qarı şübhələnmədən şirəni içərək canını tapşırmışdı. “Məgər, belə vəhşiliyi, qaddarlığı Allah götürər? Bu dünya dağılmasın neyləsin?”.
Yuxarıdakı qarğışa oxşar sözlər mənimdir. Kartof qızartmasından sonra dişlərimin arasında qalanları təmizləyə-təmizləyə, nırçıldaya-nırçıldaya divana uzanıb ayağımı ayağımın üstünə aşırıb kirayə qaldığım evin dammasına baxa-baxa belə düşündüm. Hətta ağlamaq istədim. Doğrudan da Allah bu qəddarlığı götürərmi? Mənim də evim yoxdur. Mən də belə kimsəsiz qocalardan axtarıram. İndi evim yoxdur deyə, o cür vəhşilik, qəddarlıq törətməliyəm? Heç vaxt, heç vədə. Bir cansız evə görə heç kimə qıymaram. Bu yerdə isə qışqırdım: QIY-MA-RAAAAM. Sahibənin “kimdir orda eşşək kimi anqıran” sözlərindən sonra səsimi içimə saldım. Çünki, bu gün kirayə haqqı ödəməliydim.
Ertəsi gün Hüseyn Cavid prospektindəki binaların birinin yanından keçəndə qəribə görüntünün şahidi oldum. Bir qadın yamaqlı kürkünə bərk-bərk bürünərək zibil qutularının yanından guya ötəri və həm də qürurla keçib dayandı. Tək-tük adamlar görünəndə özünü elə göstərdi ki, guya zibilin iyindən iyrənir, əllərilə burnunu tutaraq “fu” dedi. Adamlar yola çıxanda isə deyinməyə başladı ki, “oyy, zibilə bax”. Adamlar uzaqlaşandan sonra tez zibilləri ələk-vələk edib kiflənən çörək tikələrini kürkünün altına dürtdü. Sonra oradan aralanıb yaşına uyğun olmayan yerişlə qaçmağa başladı.
Maraq güc gəldiyindən arxasınca qaçdım. O, binanın 4-cü mərtəbəsinə qalxıb ağ rəngli qapıdan içəri girib qapını bağladı.
Qapını döydüm. Səs eşidildi: “Poşyol von”.
Əllərim ətəklərimdən uzun pilləkənləri endim. Qonşulardan öyrəndim ki, həmin qadının adı Tamaradır. İngilis dili müəlliməsi olub, avtomobil qəzası nəticəsində onurğa sütunu zədələnib, çətin cərrahiyyə əməliyyatından sonra yenidən yeriyə bilib. Son vaxtlar hava qaralarkən gözləri görmür, yəni xalq dili ilə desək “toyuq korluğu” yarandığından tez-tələsik evə qaçır.
Mənim üçün bir çətin məsələ qalırdı. Hansı yolla olursa-olsun Tamaranın mənzilinə daxil olub həyat şəraiti ilə maraqlanmaq. Çox düşünəndən sonra çarə tapdım. Bu, necə də ağlıma gəlməyib. Deməli belə. Tamaranın yaşadığı binanın altındakı zirzəmidə su kəmərləri bağlanır, yaxud açılırdı. Həmin krantı bağlayıram ki, mənzillərə su getməsin. Təbii ki, sakinlər narazı qalıb Mənzil İstismar Sahəsinə zəng edib şikayətlənəcək və usta göndərilməsini tələb edəcəkdilər. Mən də idarənin ustasından əvvəl özümü tez çatdıraram, köhnə paltar geyinib o biri mənzillərə də dəyərəm, həm də Tamaranın evinə də girərəm. Elə də etdim.
O, yenə də qapını açmaq istəmirdi. Üzbəüz qalan qonşu kişinin köməyilə Tamara qapını açdı. İçəri daxil olub mətbəxə keçdim. Stolun üstündə qadının zibil yeşiyindən götürdüyü kiflənən çörək tikələri vardı. Hiss etdim ki, Tamara başımın üstündə dayanıb. Yalandan su borularını qurdalamağa başladım. O, çəkilib qonaq otağına keçdi.
Yavaş-yavaş otaqları gəzməyə başladım. Nəinki kiflənən çörəkləri, rəngi solmayan, üstündə “1895” tarixi yazılan qara qrammofondan ətrafa yayılan Ştrausun melodiyalarının sədaları altında Tamaranın etdiyi bütün qeyri-adi hərəkətlərini görürdüm. Söhbətləşdik. Gülümsəməklə, bəzən söhbətinə təəccüblənməklə, qaşımı qaldırmaqla, hərdən irişməklə onu isinişdirdim özümə. Tamara atasının məşhur rəssam olduğunu, hekayə və şer yazdığını, üç otaqlı evdə təkcə bir şkaf, taxt, çarpayı, kiçik dairəvi stolunun yerləşdiyini, 53 yaşı olmasına baxmayaraq ərə getməyib qarıdığını, gözü pis görsə də pianoda çaldığını, yazdığı on beş şerində intihar etmək istədiyini, qəza nəticəsində onurğa sütünunun zədələndiyini, hətta pulu olmadığından hamamda sabunsuz çimdiyini, gecələr dəli-cinlilər kimi yuxudan ayılıb atasının çəkdiyi rəsmləri divardan çıxarıb öpüb, sonra sığallayıb yenidən mıxdan asmağını, axşamlar çarpayıda uzananda onurğa sümüyünün sancmağını, çığıraraq şeytanı söyməyini, zibilliklərdə eşələnib quruyub kif atan çörəkləri heç kim görməsin deyə kürkünün altına dürtməyini, oğurladığı çörəklərin kifini axşamlar səliqə ilə təmizləyib suxari edib şam etməyini, onu ərzaq və azuqə ilə təmin edəcək adam axtardığını, hər şeyi danışdı və mənim bu qədər mütəəssir, həyacan içində onu dinləməyimi gözləmirdi. Çünki bütün bunları kimə danışsaydı, ya ağlayar, ya da inanmazdı. Mənsə onun güzgü kimi aydın gözlərinə baxıb bütün bunlara inandım. Mənzilim olmadığından söz verdim ki, onu hər şeylə təmin edə bilərəm. Təki arxayın olum ki, yaşadığı mənzili adıma keçirəcək.
Tamara qarşımda şərt qoydu. Onun şərti və ya tələbi nə idi? Deməli, mən onu yeməklə təmin etməli, etibarını qazanmalı, axşam saat 6-da evdə olmalı, gecələr ona Dostoyevskinin “Alçaldılmış və təhqir edilmiş insanlar” əsərindən 5-10 səhifə oxumalı, ayağının dincəlməsi üçün tasda isti su hazırlamalı, həftədə iki dəfə dırnaqlarını tutmalı, bel sümüyünü yüngülcə masaj etməli, rəssam atasının 1915-20-ci illərdə çəkdiyi rəsmlərini təmizləməli, ilin fəsillərindən asılı olmayaraq gündə bir dondurma və şokolad almalıydım. gər bunları edərəmsə və etibarını lazımi ana qədər qazanaramsa, bilərsə ki, sui-qəsd və təhlükə olmayacaq, onda ev mənimdir və bundan sonra evlənib ailəmi bura köçürə bilərəm.
Fikirləşdim və o dəqiqə qərara gələ bilmədim. Çünki onun şərt, yaxud tələbləri aylıq məvacibimlə uyğun gəlmirdi. Müvəqqəti də olsa təmin etmək olardı, amma sonrakı günlər yeni fikirlərə düşərdi. “Fikirləşərəm” deyib oradan uzaqlaşdım.
Günlər keçdi. Evləndim. Sonra həyat yoldaşımı Tamaranın evinə köçürdüm. Indi bir qızımız var. Tamara da yanımızdadır. O, xoşbəxtdir. Dünyadan xəbəri yoxdur. Əzab adlı nəsnə artıq ondan uzaqdır. Çünki neçə illər bundan əvvəl onun şərtlərini eşidəndən sonra çox mütəəssir olmuşdum. Fikirləşmişdim ki, bir ayağı burda, bir ayağı gorda olan, toyuq korluğundan qaranlıqda gözləri görməyən, kiflənən çörək yeyib sonra dondurma həvəsinə düşən kaftarın iştahası çox böyükmüş. O, məni görüb bir anlıq adam kimi yaşamaq istəmişdi. Bilmirəm, bəlkə alnıma “əfəl” sözü yazılmışdı. Sonra güzgüyə baxıb gördüm ki, alnıma elə söz yazılmayıb. Sadəcə qarşısındakını xam bilmişdi. Yox, bunu ona bağışlaya bilməzdim. Mütləq ona həyatı başa salmalıydım. Fikrimcə, hər bir insan dünyaya gəlməzdən əvvəl taleyi kodlaşdırılır. Və Tamaranın kodu daha gündə bir dondurma yemək yox, zibilliklərdə eşələnərək quru çörəkləri suya batırıb həzm-rabedən keçirmək idi. Yox, bunu ona bağışlaya bilməzdim.
Bir baytar həkim dostumun köməkliyi ilə bəzi tibbi prosedurları həyata keçirib onu iflic dərəcəsinə çatdırdım. Bilirsiz, onu öldürmək də olardı, amma bu, humanizmdən çox uzaq idi. Nə qədər olmasa da, mən də insanam və onu öldürmək nəyə lazım. Eləcə iflic etdim. Bu, sadəcə ona bir mükafat idi. Bəs necə? Bayaq dediyim kimi əsas koddur.
İndi o, bizim yanımızdadır və necə də gülməlidir. Hərəkətsizlik və ölü baxışlar. Hərdənbir 5 yaşlı qızım onu təpikləyir, o isə lal və kardır. Arvadım ona baxıb qəhqəhə çəkir, mən də az aşın duzu deyiləm – qarşısında Tvist oynayıram. Əşi, anam lap itoynadandır, gedib qabağında göbək rəqsi də oynayır. Qızımla mən qarnımızı tutub doyunca gülürük. Əvvəllər qızım onun tez ölməyini istəyirdi, ona açıqlandım, dedim “axı niyə ölsün...evdə bir ağbirçək olmalıdır, ya yox?”. Beləcə, arvadım dedi ki, “cəhənnəmə, qoy, sən deyən olsun”. Yoxsa, bir dəfə qızımın əlindən ütünü güclə almışam, yazıq arvadın başına geydirəcəkdi.
Tamara bizə sevinc gətirmişdi. Hər gün onun vücudu ilə oynamaqdan həzz alırıq, dadına baxılası həzz. Hətta ona görə ailəmiz adından həyat şüarı da fikirləşmişik:

“KAŞ, HAMI LAL-KAR OLAYDI”.

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ