Yapış əlimdən gedək...-ŞEİRLƏR

Tarix:1-07-2016, 10:42 Baxış Sayı:1830

Yapış əlimdən gedək...-ŞEİRLƏR
Tanınmış telejurnalist, şairə, publisist, nasir Telli Pənahqızın şeirlərini manera.az-ın oxucularına təqdim edirik:

Yapış əlimdən...

Yapış əlimdən gedək...
Bir sən ol, bir mən, Allah!
Hara getdiyimizi,
Kimsəyə deməm, Allah!

Yerdə yaşadım yetər,
Zülm var bundan betər,
Bu çilə nə vaxt bitər,
Dərd nə ki... enməm, Allah!

Qoy üz tutum göylərə,
Bəlkə göy sevgi verə,
Bezdim, düzdə... düzlərə
Üfürsə...sönməm Allah!

Olmuşam Torpaq kimi,
Yelpiyim yarpaq kimi,
Möhkəm tut əllərimi,
Sən tutsan...ölməm, Allah!

Təkcə mən yorulmadım

Ay yoruldu baxmaqdan,
Çay yoruldu axmaqdan,
Günəş bezdi çıxmadqan,
Təkcə mən yorulmadım...

Çiçək donun dəyişdi,
Külək yönün dəyişdi,
Ürək mənlə döyüşdü,
Təkcə mən yorulmadım...

Səni sevdim, gözlədim,
Adını əzizlədim,
Səndən niyə gizlədim,
Təkcə mən yorulmadım...

Məni sevərsənmi?!

Qürurun şax taxtından enib gəlsən,
Taleyimin sərt yolundan dönüb gəlsən
Duman kimi dağa-daşa sinib gəlsən,
Məni sevərsənmi söylə yenidən?!

Ötən günlərimi anıb qayıtsam
Şam tək öz oduma yanıb qayıtsam
Təzə sevdaları danıb qayıtsam
Məni sevərsənmi söylə yenidən?!

Təzədən güzarım bu yerdən düşsə
İntizar baxışlar qəfil görüşsə,
Gözlərimiz bizdən xəlvət öpüşsə
Məni sevərsənmi söylə yenidən?!

İnadımın üst aynası qəfl sınsa
Sənsiz bumbuz xatirələr odda yansa
Bu son görüş taleyimdə son gümansa
Məni sevərsənmi söylə yenidən ?!

Bu yol hara aparır

Öz içimdə yol gedirəm,
Bilmirəm hara aparır,
Ayaqlarım öz içimdə,
Kölgəmi dara aparır.

Ruhum durub bir qıraqda,
Cismim qalıb ortalıqda,
Mafəm özümdən qabaqda
Üstündə qara aparır.

Bilən yox son düşərgəmi,
Göz yaşınla gəl yu, məni,
Mənim kimi divanənə
Məhəbbət tora aparır.

Olmaq da, ölmək oyun,
İnsan zülmə əyir boyun,
Çalınanda bir gün toyun,
Yol səni yara aparır.

Əcəl gözlə qaş arası,
Dodaqda Tanrı duası,
Getmə, gözümün qarası,
Xəyanət gora aparır.

Sinə gərdim qınağına
Dözürəm hər sınağına,
Düşmüşəm yolun ağına
Yol məni hara aparır?

Torpağın ağısı

Mən odu söndürüb küllə oynadım,
Çiçək yağışında... güllə oynadım,
Sinəmə sıxıldı güllə...oynadım,
Özüm öz bəxtimin qatili oldum.

Ümidlə boylandım hər gələn yaza,
Car çəkdim dərdimi mən yaza-yaza,
Əlim yetişmədi xışa, dəryaza
Dirrik yerlərinin şitili oldum.

Sarı zəmilərdə qızıl sünbüldüm,
Başaq kimi xırman üstə ütüldüm,
Ipəkdim, xaraydım, kətandım, tüldüm,
Axırda bir yorğan mitili oldum,

Başım göydən uca, ayağım odda,
Məni yandırmadı atəş də, od da.
Bu vətən tanındı gör neçə adda,
Mən onun bir küncü, bir tili oldum.

Kürəkçayda kürəyimdən vuruldum,
Gülüstanda sac üstündə qovruldum,
Türkmənçayda qanım ilə yoğruldum,
Bu biçarə yurdun tifili oldum.

Atın məni Sərdarabad qalasına,
Bəlkə onda Şuşa adlı qala sına,
Qılıncımız Qarabağı, İrəvanı ala,sına...
Mən də bu inamın kəfili oldum.

Söyləmə

Səba yeli, öp yarımın gözündən,
Məni dərdli gördüyünü söyləmə,
Qərib durnam, xeyir xəbərlər apar,
Qəmdən köynək hördüyümü, söyləmə.

Göz yaşımı çilə həsrət gözünə,
Ta gəlməsin, dönük çıxsın sözünə,
Həsrətimdən libas biçsin özünə,
Açılmayan kor düyünü söyləmə.

Mən dünyamı, o da məni unutsa,
Bu sözlərin şirin xəyal, umudsa
Çiçəklərin göz yaşını qurutsa
Bax, Məcnuna döndüyümü söyləmə.

Ay işığı, yollarına nur ələ,
Ey günəşim, sən qəlbinə qor çilə.
Qonşu qızı, sən də onu tut dilə
Amma mənim öldüyümü söyləmə.

Allah bilir

Araznan, Kürnən gəlmişəm,
Sevincnən, hürrnən gəlmişəm,
Dünyaya sirrnən gəlmişəm
Niyəsini Allah bilir!

Səsimdə ay işığı varmış,
Gözümü yay yağışı sarmuş,
Atalar da üç kəs varmış,
Yörəsini Allah bilir!

Səbir də Tanrının adıdır,
Arzu xəyal qanadıdır,
Kim doğması, kim yadıdır,
Törəsini Allah bilir!

Yolumuz yolunun yoludur,
Gözləri nurla doludur,
Özü yer kimi uludur,
Binəsini Allah bilir...

Üzümüz Haqqa gedirik,
Haqq deyib, haqqa gedirik.
Bıçaqla haqqı didirik

Yiyəsini Allah bilir

Bu qanda qan qoxusu var,
Bu canda an qorxusu var,
Canda Tanrı qorxusu var
Yiyəsini Allah bilir.

Bu can mənim canım deyil,
Bu can sənin hanın deyil,
Əbədi mehmanın deyil,
Niyəsini Allah bilir!

GƏLMİŞƏM

İlahi, bir nimdaş ömürüm qalıb,
Onu da əynimə geyib gəlmişəm,
Dünyanı adamlar gözümdən salıb
Odur ki, mən səni deyib gəlmişəm.

Sönmüş ocaqların köz havası var,
Alçaq nəfslərin göz havası var,
Qurdun da, quşun da öz yuvası var,
Gör neçə yuvayaya dəyib gəlmişəm.

Gecədən qan damar, o qan qap-qara.
Hər kəs yatağında çəkilər dara,
Göydən ay boylanır, o da ki, para
Parasın yuxuda qoyub gəlmişəm.

Günlər həftələrə olubdur darğa,
İl gəlir ömürdən il aparmağa,
Qocalıq gəncliyə qoyur qadağa,
Başıma, gözümə döyüb gəlmişəm.

Qurumuş ağacdan kimsə bar ummaz,
Vicdanı kəmlərdən namus-ar ummaz,
Aqillər dünyadan etibar ummaz,
Sonunda dünyanı söyüb gəlmişəm.

Nə Var...

Mən indi urvatsız torpaq kimiyəm,
Yazağzı saralan yarpaq kimiyəm,
Yazısı oxunmuş varaq kimiyəm
Məni unutmağa, atmağa nə var...

Qədərə nə deyim, yazdığı baxtdı,
Sevgi də qismətdir, lap baxta-baxtdır.
Ömrün qürub çağı, bata-bat vaxtı,
Məni unutmağa, atmağa nə var...

Ömür bir ovuc qum, sovuldu getdi,
Sel gəldi, yarğan da ovuldu getdi,
Qəlbindən sevgini qov, oldu, bitdi.
Üzümə bağlanıb bütün qapılar,
Məni unutmağa, atmağa nə var...

Mən üstü xınalı qurbanlıq quzu,
Başına fırlanıb kəsilməliydim.
Sayıl qazanında bir günlük ruzi,
Qapına gəlmişdim, yeyilməliydim.
Səsim öz içimdə boğulan havar,
Məni unutmağa, atmağa nə var...

Bu ömürdür, var ölümü, var zülümü,
Yandırmısan, neyləyirsən ta külümü?
Soldurmusan, niyə gəzirsən gülümü?
Solğun çiçəklərdən dəstə tutmazlar,
Məni aldatmağa, atmağa nə var...

Sən sevən saçlara yağan qara bax,
Qəlbimi göynədən intizara bax,
Ömrümə boylanan son bahara bax,
Vədə tamam oldu, gəl halallaşaq,
Geri dönməyəcək bir də bu anlar,
Məni unutmağa, atmağa nə var...

Təqdim etdi:
Turan Etibaroğlu
Manera.az

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ