Alın yazımla barışmaq zorundayam...| MANERA.AZ

Tarix:24-06-2016, 14:35 Baxış Sayı:681

Alın yazımla barışmaq zorundayam...| MANERA.AZ
MANERA.AZ Abulfət Mədətoğlunun "SƏNDƏN ÖTƏN DAŞ" yazısını təqdim edir:

Bütün hallarda nə yazıram yazım, nə düşünürəm düşünüm fərqi yoxdur, eləcə gözümün qarşısında Sən dayanırsan. Və mən Səni - yaratmaq, "ol!" demək gücündə olan o böyük varlığı bir an da olsun ürəyimdən, fikrimdən çıxarmıram. Və hətta yuxulamaq istəyəndə də gözümü Sənə sancıram, yönümü Sənə çevirirəm. Bilirəm ki, bütün bunların nədən qaynaqlandığını, nədən baş verdiyini Sən ovcunun içi kimi bilirsən. Çünki bütün bunların zərrələri Səndən qopub, səndən ələnibdi içimə, üstümə. Mən əgər bir iynə ucu boyda hansısa bir hərəkətimdə, hansısa bir sözümdə səni unutsam, mütləq cəzasını çəkirəm, mütləq acısını yaşayıram. Ona görə də təkcə əllərimlə deyil, ruhumla da, varlığımla da, ürəyimlə də tutmuşam, sarılmışam ətəyinə. Nə qədər ki, ruhum bədənimdədi, nə qədər ki, ağlım başımdadı, elə belə də olacaq. Amma...

Bəli, hərdən sığındığım içimdə ürəyimlə söhbət edirəm. Elə bil ki, iki dost kimi, iki qardaş kimi, iki doğma adam ki, otururam onunla diz-dizə və suallarıma cavab istəyirəm ürəyimdən. Lakin etiraf edim ki, bəzən ya tam cavab almıram, ya da cavablardan razı qalmıram. Çünki ürəyimin dediyi ilə, gözümün gördüyü, qulağımın eşitdiyi birdən elə fərqlənir, elə bir-birindən uzaq dayanır ki, heç olmayan kimi. Bax onda ürəyimdən küsürəm də, inciyirəm də. Az qala çat da verir ürəyim. Üstündən bir az keçir, təzədən başımı alıram ovcumun içinə və düşünürəm. O düşündüyüm məqamda ürəyimin pıçıltısı özünü çatdırır köməyimə. Çox həlim, çox təmkinli bir səslə mənə deyir ki, gördüyün, eşitdiyin hərəkətinin əksidi, onu mənsiz eləmisən. Ona görə də mən ona cavabdeh deyiləm!..

Hə, bu pıçıltı məni silkələyib özümə qaytarır. Və təzədən otururam ürəyimlə üz-üzə, günahımı etiraf edirəm. Hətta yadıma böyük Məmməd Arazın misrası da düşür: "Nə qədər ki, öz əlimdi yazanım, ürəyimsiz kəlmə yazan deyiləm". Həqiqətən ürəksiz, ürəyimin iştirakı olmadan, ürəyimin şirəsi qana hopmadan yazılan yazılarımın nə demək olduğunu bax, bu yerdə dərk edirəm. Amma neyləyim, zaman və məkan elədir ki, burda bəzən sümüyünə düşməyən havanı da oynamalı olursan. Özü də yenə böyük Səməd Vurğunun dediyi kimi, "ehtiyac qul edir qəhrəmanı da"...

Bütün bunları ürəyimlə etdiyim söhbətlərdən sonra fikrimdən də təkrar-təkrar keçirib bu nəticəyə gəlirəm ki, həyatım, yaşamım heç də kənardan göründüyü kimi deyil, izləndiyi kimi deyil. Mən içimdə çəkdiyimlə, həyatda görünən yaşamım köklü şəkildə fərqlənir. Necə deyərlər, içim özümə yükdü, çölüm özgələrə. Bax, bu yükün səbəbini, nədən baş verdiyini tapmaq, araşdırmaq, ortadan qaldırmaq üçün təkbaşına nə qədər çabalasam da, heç nəyə nail ola bilmirəm. Çünki son ucu gəlib Sənə söykənir, Sənin qapına çatır. Və məni tanıyan, mənə dəyər verən hər kəs də bircə kəlmə söyləyir:

- Allah, yəni Sən, sevdiyini sınayır, dərdi çəkənə verir!!!

Olsun! Mən bu sınağın, bu dərdin üzlərini görə-görə, yollarını ölçə-ölçə hələ ki, gəlirəm. Və bu gəlişimin məramı, məqsədi elə Sənin yazdığın qədərimdi, alın yazımdı. Ona görə də qədərimlə, alın yazımla barışmaq zorundayam. Başqa cür də mümkün deyil. Çünki mənə hakim olan güc birmənalı şəkildə ifadə edir ki, yazılanı pozmaq olmaz. Ona görə ki, bu yazının qələmi də, mürəkkəbi də, sözləri də, fikirləri də Sənin zərrələrindi, Sənə aiddi. Sadəcə, Sən özünün olanın mənə aid hissəsini mənim qədərimə çevirmisən. Mən də bu yerdə qədərimə söykənib sadəcə şeir yazmaq istəyirəm. Özü də heç kimə yox, ancaq özümə.

Yır-yığış et, dünyanın
Hər üzünü gördün ta...
Bir sevgi sarayını-
Yaddaşlara hördün ta!..

Haqdan idi dirəyin
Ümid idi gərəyin...
Bütöv idi ürəyin-
İki yerə böldün ta!..

Çox incitdin özün də
Öz odunda, közündə...
Sən o qızın gözündə-
Diri ikən öldün ta!..

***

Hər dəfə qələm-kağı zı bir araya gətirib bir-birinə calaq edəndə mənə elə gəlir ki, dünyaya gələcək söz mənim Sənə sonuncu müraciətim, sonuncu xitabım olacaq. Amma içimə səpilən söz toxumları deyəsən hələ çox göyərəcək... çox qollu-budaqlı ağac olacaq... çox bar verəcək. Bunu təxmini deyirəm, daha doğrusu, fəhmlə deyirəm. Alınmasa, elə bu yazı sonuncu xitabım olsa, hər halda günaha yazmazsınız. Axı, ürəyin gücü ruhdadı. Ruh əgər ürəyi tərk etməyibsə, əlini onun üstündən görüməyibsə, onda döyünəcək... onda səsi, pıçıltısı haralarasa gedib çatacaq, kimlərsə eşidəcək. Lap elə haralarasa gedib çatmasın, kimsə eşitməsin, amma Sən ki, eşidəcəksən... Sən ki, bu sözün, bu pıçıltının mayasını, hüceyrəsini özün əkmisən, özün səpmisən ürəyimə. Mən də sadəcə onun yumruq boyda ürək adlı münbit torpaqda göyərməsinə bir vasitə olmuşam. Deməli, bu vasitəçiliyin də müddəti yenə Sənə məlumdu, Səndən başqa heç kimə!..
Deyəsən fikirlərim, sözlərim çox kövrək, hüznlü, bir az da ümidsiz təsiri bağışlayıb. Amma inanın ki, mən bu sözləri seçmirəm. Heç onlar barəsində düşünmürəm də. Eləcə özləri ürəyimdən kağıza tərəf uçub gəlirlər. Sanki azadlıq qazanırlar, azadlığa çıxırlar. Onları da başa düşürəm. Ürəyimdəki sıxıntı onların da yerini dar edir... onların da əlini-qolunu bağlayır... onları da yol ayrıcında buraxır...
Hə, indi bütün bunların alt qatına enmək məqamıdı. O qata ki, orda daha böyük mahiyyət oturub gözləyir. Özü də təkcə məni yox, o qata enə biləcək hər kəsi. Mən də Sənin izninlə o qata enirəm. Qapını üzümə Ümid açır. Baxıram, nə qədər doğma, nə qədər tanış bir sima. Bunu mən hardasa görmüşəm, bununla mən hardasa qarşılaşmışam. Nə qədər düşünürəm, xatırlaya bilmirəm. Amma yenə deyirəm, yüzə-yüz and içə bilərəm ki, mən bu Ümidi tanıyıram. Mən onun əlini sıxmışam, mən onun ətəyindən tutub bir məsafə qət etmişəm. Sonra isə itirmişəm. Deyəsən itirdiyimi indi yenidən tapıram. Və bu qarşılaşma təsadüf deyil. Bu da Sənin hökmündü, Sənin yazdığın qədərdi. Deməli, alt qatda da, yəni mahiyyətdə də ümid olurmuş. Özü də əbədiyaşar Ümid. Mən isə bunun fərqinə varmamışam. Ona görə də özümə şeirlər yazanda bir az tələskənliyə, bir az özümə tərifə yol vermişəm. Unutmuşam ki, sözün alt qatı üst qatına işıq salmalıdı. Onda hər iki qat oxucuya bəlli olacaqdı...
Bəli, mənim yazılarımdakı sözlərin alt qatı çox vaxt mücərrəd olub. Konkret kiminsə bostanına atılan daş sayılmayıb. Görünür, ona görə də söz, daha doğrusu, mənim sözüm havada qalıb. İndi isə mən Sənə üz tutub demək istəyirəm ki, sınaqlar da, əzablar da, hətta yaxın-uzaq adamlarıma yaradılan şərait də hələ hər şey deyil... hələ mənim içimi ifadə etmir... hələ mənim sözümün alt qatını açmır... Ona görə ki, sözün qarşısında münasibətlər, ərklər, doğmalıqlar, sifarişlər, təmənnalar dayanır. Bu da sözü alt qatdan uzaq salır və ...
İndi yazmaq istəyirəm ki, Sən məni sınadıqca, məni imtahanlara çəkdikcə, məni yüklədikcə mən bir fərd olaraq, bir bəndə olaraq daşlaşmaq istəsəm də daşlaşa bilmirəm. Çünki ruhumda, varlığımda Sənə Sevgim bütöv və tükənməzdi! Elə ona görə də yenə özümə şeir yazıram:

Səhərə hələ ki, bir qarış yol var
Yuxunu qovmağa tələsmə, gözlə...
Hələ bir-birinə düyülmüş qol var-
Qəfil külək kimi gəl, əsmə, gözlə...

Ulduz çiçəklərin yağışı altda
Göylərin min cürə naxışı altda...
Bir gözəl xanımın baxışı altda-
Həyəcan keçirib, əl, əsmə, gözlə!

Əbülfət, içində dərd, qəm yuvalar
Həm soyuq, həm isti saysız yuva var....
Dildə də, gözdə də bircə dua var-
Ondan ümidini gəl, kəsmə, gözlə!..

***

Mən bütün yaşantılarımın qaranlıqdan işığa çıxacağına Sənə olan sevgimə və inamıma görə arxayınam. Bilirəm ki, hər gecənin səhəri olduğu kimi, hər kədərin də sevinc parası olur. İstər bir damla olsun, istər tən yarı. Elə ona görə də bu yazının mahiyyətinə varmaq istəyirəm. Alt qatını öz əlimlə üst qata qaldırıram. Qoy oxucu da, oxumayan da bilsin ki, Sənin verdiyini Səndən başqa kimsə ala bilməz... Sənin yazdığını Səndən başqa kimsə poza bilməz... Sənin sınaqlarını kimsə durdura bilməz... Çünki Sən Sənsən!!!
O ki qaldı mənə. Mən atılan daşların qarşısına zaman-zaman çıxmışam. Bu gün də elə o daşların önündəyəm. Onun dəydiyi yerlərin ağrısı yazımda, sözümdə az-çox hiss olunur. Bəzən özümə qapılıb bu ağrılardan söz açıram. İndi isə demək istəyirəm ki, mənim qədərim mənim həm sevincimdi, həm də kədərim... həm işığımdı, həm də qaranlığım. Amma bu paralellik sonda sevincin və işığın üstünlüyü ilə məni şərəfləndirəcək. Elə bu şeiri də özümə ona görə yazıram.

Qaranlıqda
şütüyən maşınlar
bir-birinin
işığından keçir...
təkərlər
altında
qalan yollar
doyunca
işıq içir!-
səhərə
qaranlıqdan
çıxmaq üçün!..
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ