Oxunub : 598 | Tarix : 24-06-2016, 13:19 | Bölmə: Edebiyyat

"Tənqidçi yazardan mükəmməl olmalıdır" - MÜSAHİBƏ

Bakı Qızlar Universitetinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru Solmaz Məmmədovayla müsahibəni təqdim edirik:

Solmaz xanım, oxuculara haqqınızda daha geniş məlumat verərdiz...

Mənim özüm haqqında danışmağım o qədər də səmimi alınmaz, yaxşısı budur, sualları cavablandırım. Həm də mənim həyat yolum o qədər də rəngarəng, olaylarla zəngin deyil .... məktəb,universitet, aspirantura, ailə həyatı, daha sonra elmi fəaliyyətim, işim ..

Orta təhsili başa vurub, ali məktəbin astanasında olduğunuz anlarda yaşadığınız hissləri bu gün necə təsvir edərdiniz?

Bu, zamanında yaşanan çox gözəl, məsuliyyətli, özümə əminlik yaradan hisslər idi.

Tələbəlik illəri yadınızda necə qalıb?

Tələbəlik həyatımın ən unudulmaz illəridir. Mən o zaman yeganə universitet statusu olan elm ocağında təhsil almışam. Ölkənin intellektual, açıq düşünməyi bacaran ziyalılarının xeyli hissəsi bura toplaşmışdı. Çox maraqlı mühit idi.

Necə oldu ki, bir filoloq kimi məhz C. Cabbarlı yaradıcılığına üz tutdunuz?

Yəqin siz də fikir vermisiz ki, mən yazılarımda qadın problemlərinə, onun ictimai həyatda, sosial mühitdə, məişət müstəvisində fəaliyyətinə xüsusi diqqət ayırıram. Azərbaycan qadınının həyat fəaliyyəti, dünyası, arzu və istəkləri məni həmişə məşğul edir. Cəfər Cabbarlı Azərbaycan qadınının yeni obrazını yaratdı, ötən əsrin ən mürəkkəb dövründə cəsarətlə bu problemi ədəbiyyata gətirdi..Yalniz ,,Sevil” pyesinin rezonansı kifayət edirdi ki, Cabbarlı kino-teatr tarixində əbədi qalsın. Hələ hekayələri ..Cabbarlı yaradıcılığına hörmət və məhəbbətimi şərtləndirən amillərdən biri də budur. Bundan başqa mən, ümumiyyətlə, teatrı, dramaturgiyanı çox sevirəm.

Yəqin ki, heç bir zaman unutmayacağınız müəllimləriniz olub?

Əlbəttə, müəllimlərimin ,demək olar, hamısını tez-tez xatırlayıram.Ağamusa Axundov , Zinyət Əlizadə, Pənah Xəlilov, Tofiq Hacıyev, Əlyar Səfərli, Nizami Cəfərov, Nizaməddin Şəmsizadə, bədii tərcümə müəllimim, şair Ağa Laçınlı. Allah ona rəhmət etsin ! Gözəl insan idi. Rus ədəbiyyatı üzrə mütəxəssis prof.Əmirxan Xəlilovla bu gün də əməkdaşlıq edirik, ona yaradıcılıq uğurları arzulayıram!

Ümumiyyətlə, müəllim peşəsini seçməyə peşiman deyilsiniz ki?

Nəinki peşiman deyiləm, seçimimdən çox razıyam, bununla fəxr edirəm!

Bilirik ki, son dövrlərdə elektron dərs anlayışı son dərəcə aktuallaşmışdır. Siz özünüzü bu prosesə nə dərəcədə hazır hesab edirsiniz?

Bu gün biz özümüz də hiss etmədən həyatın bütün sferalarında internet mühitinə düşmüşük. Bunsuz mümkün deyil. Elektron dərs interaktivliyi azaltsa da təfəkkürün mütəhərrikliyini, çevikliyini şərtləndirir. Kiçik zaman kəsiyində daha çox informasiya əldə etmək imkanı yaradır. Təhsil göstəricisini yüksəldən hər nə varsa mən ona rəgbətlə yanaşıram.

Öz praktikanıza əsaslansanız müəllim dərs zamanı necə olmalıdır?

Müəllim eyni vaxtda ciddi, mülayim, səmimi, diqqətli olmağı bacarmalıdır.

Repititorluqla məşğul olursunuzmu və bu sahəyə münasibətiniz?

Xeyr, olmuram, buna vaxtım yoxdur, ancaq bu işə normal baxıram. Biliyini kiməsə öyrədirsənsə, burada pis nə var ki?..

Dünyəvi təhsillə müqayisədə hazırda azərbaycan təhsilinin səviyyəsi sizi qane edirmi?

Xeyr, qane etmir. Gənc nəslin sərbəst düşünmə , mühakimə qabiliyyətinin aşağı olması bunu sübut edir.. Dərsliklərdən başlayaraq bu sahədə işlər görülməlidir. Hər şey intellekt bazasının inkişafına xidmət göstərməlidir, əzbərçiliyə yox!

Sizin fikrinizcə, müəllim – tələbə, tələbə - müəllim münasibətləri hansı istiqamətdə inkişaf etdikdə daha səmərəli olur?

Qarşılıqlı anlaşma. Və bir də pedaqogika, psixologiyada bəzi incə məqamlar var ki, onları sadalamaqla vaxtınızı almaq istəmirəm.

Cəmiyyətdə müəllimin bu günkü nüfuzu sizi qane edirmi?

Məni qane edir. Müəllimin bütün dövrlərdə, cəmiyyətlərdə nüfuzu olub, bu gün də belədir. Hətta, başqa peşə sahiblərinə də bəzən ,,müəllim” deyə müraciət edirlər. Bu, müəllimlik peşəsinin artıq məhəkləşmiş ,,hörmət”, ,,ehtiram” anlamından irəli gəlir. Əyər, onun sosial vəziyyətini, həyat səviyyəsini nəzərdə tutursuzsa, bu, artıq başqa söhbətin mövzusudur.

Bir az da bu günkü ədəbi mühit haqqında... Sizə elə gəlmirmi ki, çağdaş ədəbiyyatımızda nə isə çatışmır?

Bəli, elədir. Orijinal yanaşma , orijinal düşüncə, orijinal ifadə. Bunu yaxşı anlamaq üçün yalnız Azərbaycan ədəbiyyatını deyi, ümumiyyətlə, dünya ədəbiyyatını yaxşı mütaliə etmək lazımdır. O zaman mənzərə daha aydın görünər.

Bu gün ədəbi tənqidin, tənqidçilərin durumu ədəbi prossesdə hansı yerdədir?

Çalışırlar...Tənqidçi yazardan daha mükəmməl olmalıdır. Xətib Təbrizi XI əsrdə yazırdı ki, şeiri təhlil etmək onu yazmaqdan daha çətindir. Məncə, bu fikir tənqidçinin məsuliyyət və missiyasını aydınlaşdırır.

Sizə görə bütün dövrlərin ən güclü yazıçısı kimdir?

Bir ad çəkə bilmərəm. Hər dövr öz yazarlarını yetişdirir. Şekspiri də,Tolstoyu da öz zəmanəsi yetişdirib tarixə verdi. Yazarın estetikası mükəmməldirsə, o, zamanın fövqündə duracaq , bütün dövrlərin yazarı olacaq.

Hazırda çağdaş Azərbaycan ədəbi mühitində sevərək oxuduğunuz şair(lər) və Yazıçı(lar) kimlərdir?

Hamını oxuyuram..gözümə nə sataşsa, vaxtım nəyə imkan versə..Tariximizin ən narahat səhifəsi kimi ,,Qarabağ müharibəsi” mövzusu məni çox maraqlandırır. Elçin Hüseynbəyli, Sabir Əhmədov, Aygün Həsənoğlu, Aqil Abbas, Hüseynbala Mirələmov, Kamil Əfsəroğlu, dramaturgiyada Ağarəhim Rəhimov, Firuz Mustafa kimi yazarların əsərlərini diqqətdə saxlayıram. Bu mövzunun ədəbiyyatda lazımınca əks olunmaması, kifayət qədər yaddaqalan əsərlərin yaradılmaması ədəbiyyat tariximizin problemidir.

İndi ədəbi mühit bütün azad cəmiyyətlərdə olduğu kimi, qaynayır: istedadlı, istedadsız, diletant, təsadüfi insanlarla doludur. Bəlkə də, bu, normal haldır. Məsəl var, deyərlər, su gərək bulansın ki, durulsun.

Bədii əsər kütlənin yoxsa, sadiq oxucunun zövqünə hesablanmalıdır. Yoxsa ümumiyyətlə yazar bu haqda düşünməməlidir?

Mən həmişə ,,sənət sənət üçündür" fikrinin tərəfdarı olmuşam. Yazar öz daxili səsinə qulaq asıb yaratmalıdır. Kamil əsər öz oxucusunu mütləq tapacaq. İndi ədəbiyyatımızda postmodernizm cərəyanının elementləri görünməyə başlayıb. Avropada modernizmin davamı və bəzi özəlliklərinin inkarı kimi meydana çıxan bu cərəyanın bu gün ədəbiyyatımızda da görmək təqdirəlayiq haldır, demək, ədəbi prossesdə canlanma var, axtarışdadır, inkişafdadır. Lakin yazar bilməlidir ki, postmodernizm yalnız perfomans ədəbiyyatı deyil , o həm də düşündürməyi, müstəqil analiz etməyi formalaşdırır. Postmodernizm adı ilə paradoks fikirlərlə, kalanbur təsvirlərlə yeni stil yaratmaq cəhdləri isə oxucunu çaş-baş salmaqdan başqa bir şey deyil.

Maraqlı və səmimi cavablarınıza görə təşəkkür edirəm!

Söhbətləşdi: VAHİD ASLAN
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников

Oxşar xəbərlər